Lətif Feyzullayev
Lətif Mirəbdülbaqi oğlu Feyzullayev (13 oktyabr 1918, Bakı – 25 mart 1987, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1977).
Lətif Feyzullayev | |
---|---|
Doğum tarixi | 13 oktyabr 1918 |
Doğum yeri | |
Vəfat tarixi | 25 mart 1987 (68 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Uşağı | |
Fəaliyyəti | rəssam |
Janr | portret |
Mükafatları |
Yaradıcılığı
1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olan Lətif Feyzullayev buranı bitirdikdən sonra təhsilini Moskvada – V. İ. Surikov adına Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq fakültəsində davam etdirmişdir. Bu illərdə o, müəllimləri Moçalski, Pokarjevski və Qrabardan təsviri sənətin incəliklərini böyük həvəslə öyrənir. Hələ tələbə ikən gələcək rəssam "Qaçaq Nəbi" və "Qatır Məmməd" kimi tarixi mövzulu əsərləri ilə respublika sərgilərində iştirak edir. Rəssam Böyük Vətən Müharibəsi illərində hərbi vətənpərvərlik ruhunda bir sıra əsərlər yaradır, hərbi hissələrdə təbliğat-təşviqat xarakterli plakatların müəllifi kimi tanınır. O, eyni zamanda Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda da dərs deyir.
1944-cü ildə Lətif Feyzullayev yarımçıq qalmış təhsilini davam etdirmək məqsədi ilə Moskvaya qayıdır. Elə həmin il Moskvada təhsil alan Vəcihə Səmədova ilə ailə qurur.
1949-cu ildə institutu uğurla bitirən gənc rəssam Lətif Feyzullayev Bakıya qayıdır. Müharibədən sonrakı illərdə qurub-yaradan insanların – müharibə qəhrəmanlarının, kənd zəhmətkeşlərinin, fəhlələrin əməyi rəssamın əsərlərinin əsas mövzusunu təşkil edir.
50-ci illərdən əfsanəvi Neft Daşlarının istismarına başlanılması ilə Lətif Feyzullayevin yaradıcılığında Xəzər neftçilərinə həsr olunmuş yeni, romantik mövzulu silsilə əsərlər dövrü başlanır. "Vaxta" (1951), "Küləkli gün" (1957), "Tufandan qabaq" (1959), "Fontan" (1962) bu silsiləyə aid olan əsərlərdəndir.
Abşeronun özünəməxsus, təkrarolunmaz təbiəti rəssamı klassik mənzərə janrından kənara çıxan, sərt kontrastları və parlaq rəng üslubu ilə seçilən bir sıra orijinal mənzərələr yaratmağa sövq edir. "Abşeronda bahar", "Buruqlar", "Yay", "Abşeron qumları", "Qayalar", "Abşeron bağları" əsərləri buna bariz nümunədir.
İstedadlı rəssam bir çox maraqlı portretlərin müəllifi kimi də tanınır. Buna misal olaraq "Rəssam Vəcihə Səmədovanın portreti", "Neftçi Gülbala Əliyev", "Fatimə", "Qoca", "Abşeronun qonağı" və "Güclü"nu göstərmək olar.
60-cı illərdə Lətif Feyzullayevin Bolqarıstana yaradıcılıq ezamiyyəti çox məhsuldar keçir. Rəssam bu ölkə haqqında maraqlı bir sərgi ilə sənətsevərlər qarşısında hesabat verir.
Lətif Feyzullayev 25 mart 1987-ci ildə Bakıda vəfat etmişdir.[1]
Sərgilər
Abşeron rəngkarlıq məktəbinin bənzərsiz nümayəndələrindən sayılan, pedaqoji fəaliyyəti dövrundə böyük bir rəssam nəsli yetişdirən Lətif Feyzullayevin əsərləri bu gün də bir çox muzeyləri bəzəyir və sərgilərdə tamaşaçıların böyük marağına səbəb olur.
14 iyul 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində baş tutan "Azərbaycan mədəniyyəti günləri" çərçivəsində Festivallar və Konqreslər Sarayında Lətif Feyzullayev və Vəcihə Səmədovanın əsərlərindən ibarət "Məhəbbət tandemi" sərgisi keçirilib.[2]
İstinadlar
- Feyzullayev Lətif // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. 598 səh.
- AzərTAc. "Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb" (az.). Youtube.com. 15.07.2018. 2019-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-16.