Lənkəran Dövlət Dram Teatrı
Lənkəran Dövlət Dram Teatrı – əsası XIX əsrin sonuncu 10 illiyində qoyulmuş Azərbaycan teatrı.
Lənkəran Dövlət Dram Teatrı | |
---|---|
Lənkəran Dövlət Dram Teatrı | |
Ümumi məlumatlar | |
Əvvəlki adı | H.Ərəblinski adına Lənkəran Musiqili Dövlət Dram Teatrı |
Teatrın tipi | Dram |
Əsası qoyulub | XIX əsrin 90-cı illəri |
Heyət | |
Direktor | Anar Babalı[1] |
Baş rejissor | Anar Babalı |
Yerləşməsi | |
Ünvan | Azərbaycan, Lənkəran şəhəri, Qala Xiyabanı,14 |
lenkeranteatr.az |
Tarixi
Azərbaycan milli teatrının inkişafında, əsası XIX əsrin sonuncu 10 illiyində qoyulmuş Lənkəran teatrının özünəməxsus yeri vardır. Hələ XIX əsrin əvvəllərində Lənkəranda qüvvətli teatr mühiti mövcud olmuşdur. Təsadüfü deyil ki, Həqiqət Rzayeva, Münəvvər Kələntərli, Haşım Kələntərli, İsmayıl Talışıniski, Cahan xanım Talışıniskaya kimi məşhur sənətkarlar Lənkəran teatrının yetişdirmələridir. XIX əsrin ortalarından başlayaraq Lənkəranda Rus və Azərbaycan dillərində məktəblər açılmışdır. Əsrin sonlarında Lənkəranda mütərəqqi fikirli ziyalılar maarifin, ədəbiyyatın inkişafında və xüsusən teatr sənətinin inkişafında böyük rol oynamışlar. Bu sahədə Mirzə Əziz Əliyevin, Teymur bəy Bayraməlibəyovun, Mir İbrahim bəy Talışinskinin böyük xidmətləri olmuşdur. Xüsusən Mirzə Əziz Əliyevin və oğlu Mirzə Ağəli Əliyevin teatrın inkişafında müstəsna xidmətləri olmuşdur. Bu ziyalılar öz dövrlərinin qabaqcıl ziyalıları olmuşlar. Onlar Bakıda, Naxçıvanda, Şamaxıda yaşayıb yaradan ziyalı dostları ilə sıx əlaqələr saxlayır və Lənkəranda yeniliyin, mütərəqqi meyillərin tərəfdarları kimi çıxış edirdilər. Hələ 1884-cü ildə Lənkəranda Teymur bəy Bayraməlibəyovun təşəbbüsü ilə müəllimlərin və şagirdlərin iştirakı ilə M. V. Qoqolun "Evlənmə" komediyası tamaşaya qoyulmuşdur. Moskova vilayətindən olan teatrşünas A. İvanov "119 il əvvəl Lənkəranda teatr tamaşası" (Bu məqalə "Leninçi" qəzetində çap olunmuşdur, 29 noyabr 1960-cı il) adlı məqaləsində yazır ki, "Lənkəranda ilk teatr tamaşası Lənkəran ziyalıları tərəfindən hazırlanmışdır. Onlar A. S. Qriboyedovun "Ağıldan bəla" komediyasından bir parçanı rus dilində tamaşaya hazırlamışdırlar. Baxmayaraq ki, bu əsərin Rusiya şəhərlərində oynanılması qadağan olunmuşdur." Qeyd etmək lazımdır ki, Lənkəranda tamaşaya hazırlanmış A. S. Qriboyedovun "Ağıldan bəla" komediyasının tamaşasında vaxtıilə Peterburqda təhsil almış bir neçə ziyalıda iştirak edirdilər. Bu haqda Peterburqda çıxan "Severnaya pçela" nın 91-ci nömrəsində Lənkəranlı müxbirin yazısı çap olnmuşdur. Lənkəranda işləmək, burada maarif və mədəniyyət toxumu yaymaq bir çox sənətkarların həyat amalı olmuşdur. Görkəmli Azərbaycan bəstəkarı M. Maqomayev 1905-ci ilin sentyabrından müəllimlik fəaliyyətinə başlamış və burada dörd sinifli məktəbdə təbiət, coğrafiya fənnlərini tədris etmişdir. Bununla yanaşı Lənkəran şəhərində dram, xor və nəfəsli orkestr dərnəkləri yaratmış, oğlanlarla yanaşı məktəbli qızları da bu dərnəklərə cəlb etmişdir. 1906-cı ildə Bakı aktyor truppasının tərkibində Lənkərana gəlmiş aktyorlarımız Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Əbülfət Vəli kimi aktyorların adları Lənkəranlıların yaddaşında xoş bir xatirə kimi bu gün də yaşayır. Onlar Lənkəran teatrının səhnəsində Nəcəf Bəy Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsinin tamaşasını oynamışlar. Lənkəranda teatr əsaslı fəaliyyətə 1891-ci ilin 18 yanvarında N. B. Vəzirovun "Oddan alova" ("Yağışdan çıxdıq, yağmura düşdük") komediyası ilə başlamışdır. Bundan 41 il sonra, 1930-cu ildən bu teatr H. Ərəblinski adına Lənkəran Musiqili Dövlət Dram Teatrı kimi fəaliyyətini davam etdirmişdir. Bu teatra uzun illər Respublikanın əməkdar artisti Süleyman Səlimbəyov rəhbərlik etmişdir. 1949-cu ildən bu teatr dövlət statusunu dəyişərək 25 il H. Ərəblinski adına Lənkəran Xalq Teatrı kimi fəaliyyət göstərmişdir. 1973-cü ilin dekabr ayının 6 dan Lənkəran teatrı Mirzə İbrahimovun "Yaxşı adam" komediyası ilə yenidən Dövlət Teatrı kimi fəaliyyətə başlamışdır. 1973-cü ildən N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına Respublikanın əməkdar incəsənət xadimi Məbud İsmayılzadə rəhbərlik etmişdir. Teatr 1976-cı ildə gənclərin estetik tərbiyəsi işi sahəsində fəaliyyəti və Mixayıl Musiyenkonun "Nəsillər eşidin" əsərinin tamaşasına görə "Respublika gənclər mükafatı" na layiq görülmüşdür. Teatr son 37 ildə 200 –dən artıq əsərə səhnə həyatı vermişdir. Repertuarında Azərbaycan və dünya dramaturgiyasının klassik və müasir nümunələri yer tutur. Teatr fəaliyyəti dövründə nəinki Azərbaycanda eyni zamanda xarici ölkələrdə qastrol səfərlərində olmuş və bir çox Beynəlxalq Teatr Festivallarında uğurla iştirak etmişdir.
Repertuarı haqqında
Teatrın repertuarına Azərbaycan və xarici ölkə dramaturqlarının əsərləri daxildir. "Vaqif" (Səməd Vurğun), "Lənkəran xanının vəziri", "Molla İbrahimxəlil kimyagər" (Mirzə Fətəli Axundov), "Qış nağılı" (V. Şekspir), "Tufan" (A. Ostrovski), "Bayramın birinci günü" (N. Hikmət), "Məhv olmuş gündəliklər", "Mahnı dağlarda qaldı", "Büllur sarayda" (İ. Əfəndiyev), "Alov" (M. Hüseyn), "Xoşbəxtlər" (S. Rəhman), "Yaşıl qapı arxasındakı qadın" (R. İbrahimbəyov), "Topal Teymur" (H. Cavid), "Cazibə qüvvəsi" (A. Sofronov), "Ölülər" (C. Məmmədquluzadə), "Nəsillər eşidin" (M. Musiyenko; Azərbaycan Lenin komsomolu mükafatı, 1977), "İntihar" (Ə. Nesin), "Pul mənim, yar mənim" (E.de Filippo), "Mahmud və Məryəm" (Elçin), "Sən kimsən, Ata?" (1982), "Birtərəfli hərəkət" (1987) (Şəkər Aslan), "Təhminə və Zaur" (Anar). Teatrın truppasında 80-ci illərdə əməkdar artistlər B. Əlmiyeva, Q. Quliyev, K. Nəcəfov, artistlər E. Zeynalov, Ş. Mehdiyeva və b. fəaliyyət göstərmişlər.
Aktyorlar
- Qabil Quliyev — Xalq artisti
- Böyükxanım Əliyeva — Xalq artisti
- Sucəddin Mirzəyev — Əməkdar artist
- Zemfira Nəcəfova — Əməkdar artist
- Niftulla Əsgərov — Əməkdar artist
- Şarud Mehdiyeva
- Əlibala Əsgərov
- Miraslan Ağayev
- Qızılgül Quliyeva
- Allahverən Babayev — Aktyor
- Buludxan Buludov
- Əbülfəz Axundov
- Aynur Əhmədova
- Emil Rzayev
- Gülər Kərimova
- Saleh Əzimzadə
- Ayşən Əsədova
- Məleykə Cəfərova
- Hikmət Cəfərov
- Təranə Fərəcova
- Təvəkkül Həsənov
- Günel Abbaszadə
- Əlirza Şahbazi
- Şəbnəm Hüseynova
- Aysel Babazadə
Yardımçı heyət artistləri
- Vəfa Hacızadə
- Nizami Qurbanov
- Teymur Hacızadə
- Amil İbrahimli
Həmçinin bax
İstinadlar
- "Arxivlənmiş surət". 2024-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.
Xarici keçidlər
- Lənkəranda Milli Teatr günü — Aztv
- Səda — "Ruhlar" tamaşası Bakı səhnəsində
- Səda — "İlan Sultan" tamaşası Bakı səhnəsində
- Bakı səhnəsində görünən "Ruhlar"
- Lənkəran Dövlət Dram Teatrında Əsrlərin harayı dramı əsasında hazırlanmış tamaşanın premyerası olub
- Lənkəran teatrının yaradıcı kollektivi İTV-də