Lənkəran üsyanı (1920)
Lənkəran üsyanı — Azərbaycanın Lənkəran-Astara bölgəsində sovet işğalına qarşı xalq üsyanı.[2][3]
Lənkəran üsyanı | |||
---|---|---|---|
Azərbaycanda Sovet işğalına qarşı üsyanlar | |||
Tarix | İyul 1920 – Fevral 1922 | ||
Yeri | Lənkəran qəzası | ||
Səbəbi | Ölkənin işğalı | ||
Nəticəsi | Üsyan bolşeviklər tərəfindən yatırılıb | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Başlanması
1920-ci ilin iyununda başlanmış, həmin ilin sentyabrında kütləvi xarakter almışdır. Üsyan, əsasən, bölgədə yaradılmış 7 böyük silahlı dəstə tərəfindən aparılmışdır. Ən böyük dəstələrə Cümhuriyyətin süqutundan sonra Azərbaycanda qalmış türk zabiti Yusif Camal bəy, Nəcəfqulu xan və Şahverən rəhbərlik edirdilər. Üsyançı silahlı dəstələrdəki döyüşçülərin sayının 6–10 min arasında olduğu güman edilir. Yusif Camal bəyin dəstəsi Lənkəranın cənubunda, Nəcəfqulu xanın dəstəsi iə şimalında fəaliyyət göstərirdi. Yusif Camal bəyin silahlı dəstəsi, ilk olaraq, Lənkəranın Şahağac, Təngərud, Səfidar kəndlərini sovet rejimindən azad etdi. Züvənd sahəsindəki sovet milis dəstəsini isə Şahverənin dəstəsi məhv etdi.[4] Sentyabrın əvvəllərində Astara ətrafında genişlənən xalq üsyanının əsas zərbə qüvvəsi Ramazanın dəstəsi idi. Astaranın Şüvə kəndində yaradılmış başqa bir üsyançı dəstəyə isə Qüdrət Mollaağa oğlu başçılıq edirdi. Üsyançı qüvvələr 1920-ci ilin sonlarına kimi bölgənin müxtəlif məntəqələrində sovet qüvvələrinə ağır zərbələr endirdilər. Dekabrda Yusif Camal bəyin dəstəsi Astaranı sovetlərdən təmizləyərək, Lənkərana doğru istiqamət götürdü.[5] Yusif Camal bəyin irəliləməsini yalnız Lənkəran ətrafında dayanmış 245-ci sovet alayının və dənizdəki sovet hərb gəmilərinin birgə səyi ilə dayandırmaq mümkün oldu. Genişlənən xalq üsyanlarının qarşısını almaq üçün 11-ci ordu komandanlığı 248-ci, 249-cu atıcı alaylarını, "Roza lüksemburq" kreyserini, "Prıtkı" minadaşıyanını, "Kursk" gəmisini və desant daşıyan əlavə beş nəqliyyat gəmisini bölgəyə göndərdi. Bakıdan göndərilən qüvvələr bölgəyə yetişəndən sonra iki taktiki qrupa bölünməli və onların köməyi ilə Lənkəran və Astara arasındakı ərazini nəzarət altına almış üsyançı qüvvələr neytrallaşdırılmalı idi. Qrupun biri Lənkərandan cənuba, digəri isə Astaradan şimala doğru hərəkət etməli idi. Bölgədə yerləşən I süvari alayı və digər hərbi birləşmələr də bu iki taktiki qrupla birgə hərəkət etməli idi. Üsyançılara qarşı hazırlanan döyüşün taktiki planına əsasən, bölgədəki bütün sovet qüvvələri Lənkərandan cənuba hərəkət edən qrupu, Bakıdan gələn qüvvələr isə sahilə çıxmaqla, Astaradan şimala hərəkət edəcək qrupu təşkil etməli idilər.[2] Çox böyük imkanlara baxmayaraq, Bakıdan gələn qüvvələrin dekabrın 23-də sahilə çıxmaq üçün göstərdikləri cəhd baş tutmadı. Buradakı üsyançı qüvvələr çox böyük şücaət göstərərək sovet birləşmələrini geri oturtdular. Lakin üsyançıların sovet gəmilərində olan uzaqvuran topların qarşısını almaq üçün heç bir vasitəsi yox idi. Məhz gəmi artilleriyasının işə salınması üsyançıları geri çəkilməyə məcbur etdi. Sovet qüvvələri gəmi artilleriyasından fəal istifadə etməklə , Lənkəran və Astara arasında sahil boyu zolaqda döyüş mövqelərini ələ keçirib möhkəmləndilər. 1920-ci il, dekabrın 25-də Lənkəran və Astara bölgəsi yenidən sovet qüvvələrinin nəzarəti altına alındı.
Yenidən alovlanması
1921-ci ilin yanvarın əvvəllərində Lerik ətrafında Şahverənin başçılıq etdiyi üsyan yenidən alovlandı. Şahverən taktiki gediş edərək, buradakı sovet ordusuna ciddi zərbələr endirdi. Yanvarın 9-dan 26-dək bölgədə gedən döyüşlərdə əlahiddə sovet süvari divizionu 196 nəfər itki vermiş, 78 nəfər yaralanmış, 75 nəfər isə döyüş qabiliyyətini itirmişdi.[2]
Üsyanın yatırılması
1921-ci il, fevralın əvvəlində Lənkəran ətrafında Nəcəfqulu xanın başçılığı ilə, həmin ilin avqustun sonlarında isə Astara ətrafında bir necə dəstənin iştirakı ilə üsyanlar yenidən başlandı. Astara ətrafındakə üsyanda Nəcəfqulu xanın, qardaşı Əhməd xanın, Şahverənin, Ataxanın, Rəşid xanın dəstələri iştirak edirdilər. Üsyançılar kifayət qədər şücaət göstərsələr də, Bakıdan gətirilən əlavə qüvvələrdən, xüsusən gəmi artilleriyasından geniş istifadə etməklə onların müqavimətini qırmaq mümkün oldu. Beləliklə əlavə gətirilən qüvvələrin hesabına üsyan yatırılır.[6]
Mənbə
İstinadlar
- Бакински рабочи // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 550.
- Fəzail, İbrahimli. Azərbaycan tarixində sosial-siyasi proseslər (1920-1930). Bakı. 2001.
- "Azərbaycanda bolşevik işğalına qarşı üsyanların təşkili və həyata keçirilməsi". enter.news. 2021-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-03.
- "Cümhuriyyətimizin fədailəri - Yusif Camal bəy (Camal Paşa) və silahdaşları". anl.az. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-03.
- "1920-ci ildə Qarabağda, Zaqatalada, Lənkəranda xalq üsyanları". Azerbaijan news.az. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-03.
- İbrahimli Fəzail- Azərbaycan tarixində sosial-siyasi proseslər (1920–1930), Bakı, 2001
Ədəbiyyat
- Azərbaycan tarixi, 7 cilddə, cild 5
- Süleymanov, Manaf. Azərbaycan Ordusu (1918-1920). Bakı. 1998.
- Qaffarov, T. Azərbaycan tarixi. 1920-1991. Bakı. 1999.