Ləman Atakişiyeva
Ləman Həsən qızı Atakişiyeva (3 avqust 1933, Bakı – 2015) — Azərbaycan dirijoru, xormeyster, Azərbaycan Dövlət Konservatoriyasının professoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987). Ləman Atakişiyeva 1976–1989-cu illərdə Azərbaycan Xor cəmiyyətinin nəzdində fəaliyyət göstərən kamera xorunun təşkilatçısı və bədii rəhbəri olmuşdur.
Ləman Atakişiyeva | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, xormeyster, pedaqoq |
Mükafatları |
Həyat və yaradıcılığı
Ləman Atakişiyeva 3 avqust 1933-cü ildə Bakıda pedaqoqlar — Həsən Atakişiyev və Səkinə Terequlovanın ailəsində anadan olmuşdur. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbdə almış, 1951-ci ildə buranı bitirmişdir. Daha sonra konservatoriyanın xor dirijorluğu şöbəsində L. V. Frolova sinfini bitirmişdir. 1955-ci ilin mayında A. Yurlov tərəfindən təşkil olunmuş II mahnı bayramının baş dirijoru təyin olunmuşdur. L. Atakişiyeva 1956-cı ildə konservatoriyada pedaqoji fəaliyyətə başlamış və 1961-ci ildə baş müəllim vəzifəsinə keçmişdir. Həmin il konservatoriyanın nəzdində yeni yaradılmış opera studiyasında işləməyə başlamış və 12 il ərzində studiyanın xoruna rəhbərlik etmişdir.[1]
Ləman Atakişiyeva 1966–1969-cu illərdə öz təhsilini Qnesinlər adına Moskva Musiqi-Pedaqoji İnstitutunun aspiranturasında davam etdirmiş, Moskvadan qayıtdıqdan sonra konservatoriyada xor dirijorluğu kafedrasının dosenti vəzifəsində pedaqoji fəaliyyətini davam etdirmişdir. 1976-cı ildə yaradılmış Xor cəmiyyətinin nəzdində Kamera xorunun bədii rəhbəri təyin edilmişdir. Kollektivlə birlikdə çox sayda qastrol səfərlərində olmuş, çox saylı konsertlərlə çıxış etmişdir. L. Atakişiyeva 1981-ci ildə Atatürk adına İstanbul Opera və Balet Teatrına baş xormeyster vəzifəsinə dəvət olunmuş və üç sezon ərzində burada 10-dan artıq rus və qərb bəstəkarlarının əsərlərini hazırlamışdır. O, türk bəstəkarı Adnan Sayqunun "Dastan" adlanan və Atatürkə həsr olunmuş irimiqyaslı vokal-simfonik əsəri üzərində işləmişdir. Bakıya qayıtdıqdan sonra pedaqoji fəaliyyətilə yanaşı bir il ərzində Azərbaycan Dövlət opera və balet teatrında baş xormeyster vəzifəsində işləmişdir. Sonralar yalnız pedaqoji fəaliyyətlə məşğul olmuşdur.[2]
L. Atakişiyeva 1992-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Konservatoriyasının professoru seçilmişdir. 2001-ci ildə Rusiyanın Xor Sənəti Akademiyasının dəvətilə Moskva şəhərinə köçmüş və orada 2010-cu ilə qədər çalışaraq bir çox xormeyster hazırlamışdır. Ləman Atakişiyeva 2015-ci ildə vəfat etmişdir.[2]
Təltif və mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 30 dekabr 1987
İstinadlar
- Axundova, 2016. səh. 43–46
- Axundova, 2016. səh. 46–48
Ədəbiyyat
- Axundova, Gülarəxanım. Azərbaycanın görkəmli dirijorları və xormeysterləri. Bakı: ADPU. 2016. 186 səh.