Ləkit

Ləkit
41°29′15″ şm. e. 46°50′51″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 486 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.510 nəf.
Ləkit xəritədə
Ləkit
Ləkit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ləkit

Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi

Ləkit kəndi qədim tarixə malikdir. Onun yaşının ən azı 2000 il olması sübut olunmuş fakt hesab oluna bilər. Belə ki, Ləkit kəndinin adı qonşu Qum kəndi ilə birlikdə qədim yunan tarixçilərinin əsərlərində çəkilir. Bu kəndlərdə mövcud olan, qədim albanlara aid edilən məbədlərinin qalıqları da bunu sübut edir. Ləkit sözünün də qədimdə həmin ərazidə yaşamiş "lək" ("leq") tayfalarının adından götürüldüyü güman edilir. Tarixin müxtəlif zamanlarında iri yaşayış məskəninə çevrilən kənddə bəzi vaxtlarda 1000-ə qədər ev olduğu bildirilir.

Toponimikası

Kənd dağətəyi ərazidə yerləşir. Kəndin ərazisində VI əsrdə tikildiyi müəyyən edilən və hal-hazırda dağınıq halda olan, Qafqaz Albaniyasına aid xristian məbədi - Ləkit məbədi yerləşir. Bəzi tədqiqatçılar bu coğrafi adı Böyük Qafqaz dağlannm cənub ətəklərində (əsasən, Samurçay hövzəsində, o cümlədən Qafqaz Albaniyasında) yaşamış qəd. leqllək tayfasının adı ilə əlaqələndirirlər. Leqlər haqqında ilk məlumatı hələ qədim zamanlardan Strabon, Feofan Qrek, Plutarx və b. antik müəllifələr vermişdilər. Orta əsr mənbələrində leg, legi, ləgz variantlarında qeydə alınmış bu tayfa bəzi tədqiqatçılara görə, müasir ləzgilərin əcdadları olmuşdur. Onların fikrincə, oykonim leq etnonimindən və bəzi Dağıstan xalqlarının dillərində məkan bildirən -it/-id şəkilçisindən ibarət olub, “leqlərin məskəni” mənasındadır. Azərbaycanda lək komponentli toponimlərin yayılma arealı çox genişdir. Lək etnosu Cənubi Azərbaycan, Türkiyə, Ermənistan ərazisində də yayılmışdır.

Coğrafiyası və iqlimi

Kənd Qax-Zaqatala yolunun (Qax şəhərindən təx. 7–8 km) sağ tərəfində, Böyük Qafqaz sıra dağlarının cənub hissəsində yerləşir. Üç tərədən dağlarla əhatə olunub, cənub hissəsi isə Qanıq-Əyriçay (Alazan-Həftaran)vadisinə baxır. İqlimi mülayim-kontinentaldır. Qış aylarında havanın temperaturu əsasən müsbət 0-10 arası olmaqla nadir hallarda 0 dərəcədən aşağı düşür. Yay aylarında 30-35, bəzən 40 dərəcədən artıq isti olur. Son illər yayın daha isti keçməsi tendensiyası müşahidə olunur. Ləkit şəlaləsi bütün Azərbaycanda öz mənzərəsinə görə məşhurdur.

Əhalisi

1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Ləkit kəndində milli tərkibi ləzgilərdən və muğallardan ibarət 106 ailə yaşayırdı.[1] Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.

1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik muğallardan ibarət hər iki cinsdən toplam 492 nəfər əhali yaşayırdı.[2]

Ləkit kəndinin təx. 1500-2000 nəfər olan əhalisi milli tərkibi etibarilə azərbaycanlılar və saxurlulardan ibarətdir. qeyd edilməlidir ki,bu tamamilə nisbi bir bölgüdür. Əslində isə bu camaat o qədər qaynayıb-qarışıb ki, kimdə hansı millətin qanının üstünlük təşkil etdiyini müəyyən etmək qeyri-mümkündür. Adət-ənənə, dini dünyagörüşü baxımından tamamilə identik olan bu insanlar əsrlərlə bir torpaqda yaşamış və tarix boyu heç vaxt milli-etnik ayrı-seçkilik etməmişlər. Son dövrlərdə bəzi qonşu dövlətlərdə planlaşdırılıb həyata keçirilməsinə cəhd olunan milli zəmində dözümsüzlüyü yaratmağa yönəlmiş proyektlər bütün regionda olduğu kimi, Ləkit kəndində də heç bir əks-səda doğurmamış, dəstək almamışdır. Hətta faizlə götürülərsə, saxur əhalisi işərisində ali təhsillilərin, dövlər qulluqçularının, hərbçi və hüquq-mühafizə qurumlarında yüksək vəziflərdə olan insanlarının payının daha yüksək olduğu görünər.

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 476 təsərrüfatda hər iki cinsdən toplam 1510 nəfər əhali yaşamaqdadır.[3]

İqtisadiyyatı

Ləkit əhalisi əsas etibarilə əkinçilik və oturaq heyvandarlıqla məşğul olur. 1950-ci illərə qədər Ləkit düyüsü bütün Qafqazda məşhur olub. Daha sonra kənd tütünçülük üzrə ixtisaslaşıb. Sovet dövründə həm də baramaçılıq, qarğıdalı və digər taxıl bitkilərinin yetişdirilməsi inkişaf etdirilib. Meyvələrdən əsas etibarilə fındıq, qoz, armud kimi meyvələr yetişdirilir. Ləkit ənciri isə bütün rayonda məşhurdur.

İstinadlar

  1. Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168
  2. "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 153
  3. Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.