Lökbatan palçıq vulkanı
Lökbatan palçıq vulkanı — Bakı şəhərindən 12–15 km cənub-qərb istiqamətində, Lökbatan qəsəbəsi yaxınlığında, Xəzər dənizi sahilində eyni adlı neft-mədən sahəsində yerləşən palçıq vulkanı. Püskürmələrin sayına görə "dünya rekordçusu" olan bu palçıq vulkanı Azərbaycanın ən aktiv, dünyanın isə ən aktiv 5 palçıq vulkanından biridir[1].
Lökbatan palçıq vulkanı | |
---|---|
Ümumi məlumatlar | |
Növü | Palçıq vulkanı |
İlk püskürmə | 1823 |
Son püskürmə | 2022 |
Tərkibi | Naşatır, kükürd qaysaqları, mis oksid |
Mütləq hündürlüyü | 100 m |
Yerləşməsi | |
40°18′16″ şm. e. 49°42′29″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Bakı |
Rayon | Qaradağ |
Ada | Abşeron yarımadası |
|
Azərbaycanın fəaliyyətdə olan vulkanları içərisində ən fəallarından biri olub, təxminən hər 3-10 ildən bir püskürür. Lökbatan vulkanı Xəzər səviyyəsindən nisbi 130 m, səthdən 100 m hündürlükdə yerləşir. Vulkan oroqrafik cəhətdən zirvəsində iki günbəz şəkilli yüksəklikdən ibarətdir. Bu iki yüksəklik arasında 1887-ci ildə üçüncü dəfə püskürmədən sonra əmələ gəlmiş yüksək krater sahəsi yerləşir. 1829-cu ildən başlayaraq bu vulkan 25 dəfə püskürmüşdür[1]. Vulkan axırıncı dəfə 2017-ci ilin may ayının 2-də püskürmüşdür[1].
Sopka brekçiyasının əsas kütləsi sahənin qərb hissəsinə axır. Burada vulkanın əvvəlki püskürmələri nəticəsində əmələ gəlmiş ayrı-ayrı təpələr vardır. Sopka brekçiyası içərisində üst Təbaşirdən başlamış Üçüncü Dövr çöküntüləri daxil olmaqla süxurlar rast gəlir. Sahənin geoloji quruluşunda Abşeron, Ağcagil mərtəbələri və Məhsuldar qat çöküntüləri iştirak edirlər.
Lökbatan çox fəal palçıq vulkanıdır. Onun qeydə alınmış ilk püskürməsi 1864-cü ildə olmuşdur. Köhnə püskürmə mərkəzlərinin öyrənilməsi göstərir ki, vulkan bundan əvvəlki dövrlərdə də fəaliyyətdə olmuşdur. Cəmi 18 güclü püskürmə qeydə alınmışdır (1823, 1864, 1884, 1887,1890, 1900, 1904, 1915, 1918, 1923, 1924, 1926, 1933, 1935, 1938, 1941, 1954, 1959-cu illər). Bunlardan gücünə və püskürmə məhsullarının həcminə görə 1887 və 1954-cü illərdə baş vermiş püskürmələr xüsusilə fərqlənir.
Vulkanın sopka örtüyü 4,7 km2 sahəni tutur. Burada qazılmış quyulardan alınan məlumatlara görə, sopka örtüyünün qalınlığı 1–150 m arasında dəyişir. Hazırda Lökbatan sakitlik dövrü keçirir.
Vulkanın şərq yamacı dəniz istiqamətində, əsasən, yumşaq, məsaməli, kolçedanlı qumdaşından ibarət olub qum və boz gil laylarından ibarət struktura malikdir. Yamacın əks sahəsi isə, əsasən, məhsuldar qat laylarından ibarətdir. Bu hissə üçün qırmızı-qonur rəngli gil səciyyəvidir. Vulkanın şərq yamacı boyu qalxdıqca içərisində didaknalar olan Qədim Xəzər yaşlı boz gillərə rast gəlinir. V.V.Boqaçyov buradan xəzər suitisinin təzə taz sümüyünü tapmışdır. Yüksəkliyə qalxdıqca içərisində balıq qalıqları olan boz mergel qırıntılarına rast gəlinir. Müəllif bu süxurların içərisində Miosen və Pliosenə aid suiti və dişsiz balinalar cinsindən (Cetotherium) olan balinakimilərin qalıqlarına, eləcə də akula dişlərinə rast gəldiyini qeyd edib. 32–33 m yüksəklikdə şimal dənizlərinə xas olan treska balığı (Gadus), siyənək, daşlaşmış ağac qalıqlarına rast gəlinir. Mütəxəssislər qeyd edir ki, bu qalıqlar artıq 20-40 mln. yaşlı Maykop dövrünə aiddir.
Kraterin ən dərin hissəsinə qərb tərəfdən girmək mümkündür. Buradan qazın çıxdığı yeri müşahidə etmək olur. Onun alovu qırmızı rəngdə olub, benzin iyi ilə müşayiət olunur. Çatlarda naşatır izləri, kükürd qaysaqlarına, mis oksidlərinin yaşıl çöküntülərinə rast gəlinir.
Geoloji ədəbiyyatlarda maraqlı püskürmələrin təsvirləri verilmişdir. Hələ Y.Şeqren 1864-cü ildə burada güclü püskürmənin olduğunu qeyd etmişdir. Növbəti güclü püskürmə 1867-ci ildə çox yüksək parlaqlığa malik bir dəqiqəlik işıqla müşayiət olunmuşdur. Sonradan güclü partlayış baş vermişdir. Müəllifin yazdığına görə bu püskürmə zamanı kraterdən yüksələn alovun hündürlüyü 400-500 metrə çatmış və parlaqlığı və gücü o qədər olmuşdur ki, 60–70 km məsafədə gecə vaxtı qəzeti sərbəst oxumaq olurmuş. Bunun ardınca palçıq və daş püskürmələri başlamışdır. Ən güclü püskürmələrdən biri 1935-ci ildə olmuşdur.
Bütün püskürmələr yer səthinə böyük həcmdə vulkan brekçiyasının çıxması, qazların alışıb yanması, alovun bəzən 300–400 m hündürlüyə qalxması, brekçiyanın yamac boyunca 200–300 m-dən çox axması ilə müşayiət olunmuşdur. Vulkan brekçiyasının örtüyü 425 ha sahəni əhatə edir. Azərbaycanda neft hasilatı tarixinin bir çox səhifələri Lökbatan palçıq vulkanı ilə bağlıdır. Uzun zaman palçıq vulkanlarının olduğu sahələr sənaye karbohidrogen ehtiyatlarının axtarılması üçün perspektivsiz sayılırdı. Palçıq vulkanizminə neft və qaz yataqlarının dağılması amili kimi baxılırdı. Bununla yanaşı bir çox geoloqlar bu fikirlə razılaşmır və bunun əksini qəbul edirdilər. Bəziləri hətta vulkan sahələrində neft quyuları qazmağı təklif edirdilər. Bu məsələ ilə əlaqədar diskussiyalara 1933-cü ildə son qoyuldu. Həmin il Lökbatan palçıq vulkanında qazılmış 45 saylı quyu 20 min ton debitlə fontan vurdu və bununla da sübut olundu ki, vulkanlar yataqları dağıtmır. Beləliklə, Lökbatan vulkanı misalında keçmiş Sovet İttifaqında ilk dəfə olaraq palçıq vulkanları ilə neft yataqlarının genetik əlaqəsi təsdiq olundu və palçıq vulkanlarının axtarılması zərurəti meydana çıxdı. Maraqlıdır ki, Lökbatan yatağının istismar olunduğu müddət ərzində yer təkindən 27 mln tondan çox neft və 1 mlrd m³ qaz hasil edilmişdir. Məşhur 45 saylı quyu isə indiyədək istismar olunur.
Lökbatan palçıq vulkanı sonuncu dəfə 2017-ci il mayın 2-si səhər saat 8 radələrində püskürüb[1]. Bu vulkanın sayca 25-ci püskürməsidir[1].
İstinadlar
- Dünya rekordçusu püskürdü Arxivləşdirilib 2017-06-10 at the Wayback Machine. azertag.az, 02.05.2017 (az.)
Mənbə
- Lökbatan palçıq vulkanı
- Lökbatan palçıq vulkanı Arxivləşdirilib 2011-09-15 at the Wayback Machine