Krım
Krım, Krım yarımadası (ukr. Крим, rus. Крым) və ya Qırım, Qırım yarımadası[1] (krımtat. Qırım, türk. Kırım, Osmanlı türkcəsi: قريم, Qırım, azərb-əbcəd. قريم) — Ukraynanın tərkibində yarımada. Yarımadada Krım Respublikası yerləşir. Yarımada Or bərzəxi vasitəsi ilə materikə birləşir. 2014-cü ildən Rusiya Federasiyasının işğalı altındadır.
Krım | |
---|---|
ru/Крым | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 26 860 km² |
Ən yüksək nöqtəsi | 1545 m (Roman-Koş dağı) m |
Yerləşməsi | |
45°24′ şm. e. 34°00′ ş. u. | |
Akvatoriya |
Qara dəniz, Azov dənizi (Sivaş körfəzi) |
Ölkə |
Ukrayna (de-yure) Rusiya (de-fakto) |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Tarix boyu Krım müxtəlif xalqlar tərəfindən idarə edilmişdir. Kimmerlər bu yarımadanı e.ə. VII əsrdə məskun etdi, kimmerlərdən sonra skiflər Krımı aldı. Yerli kimmerlər bu səbəbdən dağlara köçürülüb təcridə uğradılar. Qədim yunanlara bu tavr tayfaları adı ilə məlum olublar və yarımada ta XX əsrin əvvələrinəcən həm inzibatlıqda, həm də ədəbiyyatda Tavrika və ya Tavrida kimi də tanınırdı.
E.ə. V əsrdə yunanlar burada ilk koloniyalarını saldılar. Sonralar burada ellini Bosporus dövləti əmələ gəldi. Dövlət Roma imperiyasının tabeliyində idi. Sonralar qotlar, hunlar, bulqarlar, xəzərlər, Kiyev Rusulular, Bizanslılar, qıpçaqlar və monqollar buranı bir-birinin ardınca işğal etmişdilər. Eramızın XIII əsrində Cenovalı və Venesiyalı tacirlər Krımda bir neçə sahilyanı ticarət şəhər və qəsəbələr salmışdılar.
1441-ci ildə Girəy nəslindən Hacı xan Krımda xanlıq qurdu. Lakin 1475-də xan Mengli Girəyin İstanbulda girov saxlanmasından sonra xanlıq Osmanlı imperiyasından asıllığa düşdü. 1783-də Rusiya Krımı istila edir və xanlığın mövcudluğuna son qoyur. Yüz minlərlə Krım tatarı yarımadanı tərk edib Türkiyəyə köçdü. Beləliklə, bu xalq Krımda etnik çoxluqdan etnik azlığa döndü.
İlk Sovet illərində Krım muxtariyyət əldə etdi. 1941-ci ildə Krım faşist hücumuna məruz qaldı və 1944-də işğalçılardan azad edildi. Muxtariyyət statusuna baxmayaraq, 1944-cü ildə yarımadanın demək olar ki, bütün Krım tatarı, həmçinin yunan, bolqar, türk, erməni, italyan, azərbaycanlı, çərkəz əhalisi hakimiyyət tərəfindən Orta Asiyaya sürgün edildi. 1945-də Krımın muxtariyyəti ləğv olundu.
19 fevral, 1954-cü ildə Nikita Xruşşovun təşəbbüsü ilə 27 min kvadrat kilometr ərazisi olan Krım vilayəti Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilir. Xruşşovun Ukraynanın Rusiyaya birləşdirilməsinin (1654) 300 illiyi münasibətilə atdığı bu addım SSRİ-nin dağılmasından sonra Rusiya millətçilərinin kəskin etirazını doğurdu.
Geoloji quruluşu
Dağlıq Krım struktur-tektonik cəhətdən cənub hissəsi çökmüş və Qara dənizin suları ilə örtülmüş böyük və mürəkkəb antiklinal qalxmadır. Antiklinorinin nüvə hissəsində tərkibində yuxarı trias və alt yuranın qumlu təbəqələri olan intensiv qırışmış gilli şistlər Tavr lay dəstəsini yaradır. Antiklinorinin şimal qanadında nüvənin qırışıq strukturları üzərində bir-birinə uyğun olmayan yatımlı üst təbaşir, paleogen və neogen çöküntülərindən ibarət Şimali Krım monoklinalı aydın seçilir. Çöllük Krım ərazisinin səthi əsasən neogenin dəniz və dördüncü dövr kontinental çöküntülərindən təşkil olunmuşdur. Krım yarımadasının qərb hissəsində xırda qırışıqlarla mürəkkəbləşmiş tirəvari Tarxanqut qalxanı yerləşir.
Relyef
Krımın relyef xüsusiyyətləri onun geoloji quruluşu ilə əlaqədar olub, mürəkkəb inkişaf tarixi ilə müəyyənləşdirilir.
Dağlıq Krım
Krım dağları Yayla adlanan əsas silsilədən və ondan şimalda yerləşən, Dağlıq Krımın qərb və orta hissələrində aydın seçilən iki Ön kuest tirədən ibarətdir. Yaylanın ən yüksək zirvəsi Babuqanyaylavari Roman-Koş dağıdır (1545 m). Yaylaya səciyyəvi landşaft xüsusiyyəti verən karst relyef formalarıdır. Yaylada karst tam seçilir və Aralıq dənizi tipinin çılpaq karstları üçün klassik nümunədir. Bir çox yerlərdə əhəngdaşları torpaq örtüyündən tamamilə məhrum olmuş və kar çölü yaratmışdır.
Kerç yarımadası
Yarımadanın relyefi təpəlidir. Yüksək olmayan təpələr və çökəklərlə ayrılan ayrı-ayrı təpələr paleogen və neogen süxurlarından təşkil olunmuşdur. Nüvə hissəsində, yumşaq gillərin braxiantiklinallarından üzə çıxdığı sahələrdə antiklinal çökəklərin əmələ gəlməsi səciyyəvidir. Palçıq vulkanlarına da rast gəlinir.
Çöllük Krım
Bu, hamar, demək olar ki, ideal düzənlikdir. Tarxanqut yarımadasının relyefi bir neçə yastı qalxmaları olan dalğalı sahədir.
Əhalisi
Sovet İttifaqının dağılışından sonra muxtariyyət bərpa olundu; vaxtilə sürgün edilən xalqlara qayıtmağa icazə verildi. Son 200 il ərzindəki kimi, bu günlər ruslar Krımda çoxluq təşkil edir. Qalan xalqlar – ukraynalılar, Krım tatarları, beloruslar, tatarlar, azərbaycanlılar, ermənilər və yəhudilərdir.
Həmçinin bax
İstinadlar
- http://web2.anl.az:81/read/page.php?bibid=230563&pno=4 Arxivləşdirilib 2018-12-11 at the Wayback Machine "Qara dəniz və Azaq (Azov) dənizi adlanan böyük bir körfəz Qırım yarımadasını ihatə edir" Coğrafiya, III-cü hissə, Avropa, İvanov, Məlikov, Kamal, 1930, Azərnəşr (məktəblilər üçün dərslik)
Xarici keçidlər
- "Этнография народов Крыма" – Этносы Крыма
- Государственный комитет статистики Украины : Численность и состав населения Украины по итогам Всеукраинской переписи населения 2001 года Arxivləşdirilib 2009-04-27 at the Wayback Machine
- Krım Arxivləşdirilib 2010-01-08 at the Wayback Machine – Böyük Sovet Ensiklopediyasının məqaləsi (rus.)