Korporativ şəbəkə

Korporativ şəbəkə (KŞ) - korporasiyanın hesablama, kommunikasiya və informasiya resurslarının birləşdirilməsi və elektron verilənlərin (məsələn, elektron sənədlərin, səsin, video görüntünün və s.) ötürülməsi üçün nəzərdə tutulmuş xüsusi şəbəkədir. Ümumi halda, KŞ korporasiyada istifadə olunan müxtəlif tətbiqi proqramlar arasında informasiya mübadiləsini təmin edən sistemdir. KŞ sistem və tətbiqi proqram təminatları, şəbəkə adapterləri, konsentratorlar, komutatorlar və marşrutlayıcılar, kabel sistemi kimi müxtəlif komponentlərdən ibarətdir.

İngilis dilli ədəbiyyatda KŞ "enterprise-wide networks" adlandırılır və tərcüməsinə uyğun olaraq müəssisə miqyaslı şəbəkə kimi adlandırılır. Bu termin özündə birləşmə mənasını daşıyır, yəni KŞ bir qayda olaraq bir neçə qeyri-bircinsli şəbəkələrin (bir müəssisəyə – firmaya məxsus olan) birləşməsi nəticəsində əmələ gəlir (məsələn, kampus şəbəkəsinin, lokal şəbəkələrin (LŞ), territorial şəbəkələrin, İnternet və digərlərinin).

Korporativ şəbəkənin xidmətləri

Müasir KŞ müxtəlif növ xidmətləri təmin edir. Bu xidmətlərə verilənlərin ənənəvi ötürülməsi, İP-telefoniya, video və audio konfranslar və videoyayımlar, mihafizə və videonəzarət aiddir. KŞ-nin müəssisədə istifadəsi aşağıdakıları təmin edir:

  • kompüter istifadəçilərinin birgə effektiv işləməsini;
  • kompüterlərin, periferiya qurğularının və proqram təminatlarının maksimum səmərəli istifadəsini;
  • ümumi istifadə olunan verilənlərə daxilolmalarlarin sadəliyini və rahatlığını;
  • və. s.

Korporativ şəbəkənin yaradılmasında məqsəd

KŞ-nin məqsədi müəssisə çərçivəsində vahid informasiya fəzasının yaradılmasıdır, yəni müxtəlif qovşaqlarda yerləşən sistem tətbiqi proqramlarının qarşılıqlı əlaqəsini və onlara, uzaqda yerləşən istifadəçilərin daxil olmasını təmin etməkdir. Müəssisənin Korporativ informasiya fəzasına (KİF) həmçinin fayl sistemi vasitəsi ilə informasiya mübadiləsi, təhlükəsiz elektron poçt, çoxlu sayda funksiyaları olan telefonlaşdırma, selektor məşvərətləri, videokonfransları və s. kimi xidmətlər də daxildir. KŞ-də başlıca və ən yüksək prioritetli xidmət əməkdaşların müəssisənin korporativ idarəetmə sistemində səmərəli işləməsinin təmin olunmasıdır.

Korporativ şəbəkələrin əsasları

KŞ-nin tarixi lokal şəbəkə və qlobal şəbəkələrin yaranma tarixi ilə sıx bağlıdır. Lokal və qlobal şəbəkələrin yaranması, kompüter istifadəçilərinə, operativ informasiya mübadiləsinə yeni imkanlar açdı. Əvvəlcə müəssisələrdə ümumi məsələnin, məsələn, mühasibat və yaxud marketinq məsələlərinin həlli üçün nəzərdə tutulmuş, ancaq müəyyən qrup əməkdaşlar tərəfindən istifadə olunan, şöbə və yaxud qrup LŞ yaradılırdı. Sonra bu şəbəkələr müəssisə və kampus şəbəkələrinə qədər böyüdülər.

Korporativ şəbəkələrin xüsusiyyətləri

Korporativ şəbəkənin ən mühüm xüsusiyyətləri aşağıdakılardır:

  • genişmiqyaslı olması – KŞ-lər bir-biri ilə mürəkkəb şəkildə əlaqələnmiş çoxlu sayda kompüterləri böyük ərazidə birləşdirir;
  • qeyri-bircinsliliyi – avadanlıqların, protokolların, əməliyyat sistemlərinin, tətbiqi proqramların qeyri-bircinsliyi;
  • qlobal əlaqənin istifadə olunması – KŞ-ləri qurarkən uzaqda yerləşən ayrı-ayrı kompüterləri və LŞ-ləri birləşdirmək üçün bütün növ qlobal əlaqə kanallarından (QƏK), o cümlədən, telefon kanallarından, radiokanallarından, peyk rabitəsindən, kanal və paket komutasiyalı şəbəkədən istifadə edilir;
  • interqrasiyalılığı – KŞ-lərin qeyri-bircins hissələri və altşəbəkələri istifadəçilərə bütün lazımi resurslara mümkün qədər şəffaf müraciət imkanı verərək, birlikdə işləməlidirlər;
  • etibarlılığa yüksək tələb – KŞ-lərdə müəssisə üçün strateji əhəmiyyətli tətbiqi proqramlar istifadə olunur və əhəmiyyətli verilənlər saxlanılır. Ona görə də belə şəbəkələrdə istifadə olunan texniki və proqram təminatlarının etibarlılığına yüksək tələb qoyulmalıdır;
  • şəbəkənin idarə olunmasına yüksək tələb – KŞ-nin genişmiqyaslı olması onu idarə etmək üçün çoxfunksiyalı vasitə tələb edir. Əks halda KŞ-ni istismar edən çoxlu sayda mütəxəssislərə çəkilən xərclər gəlirdən çox olar. KŞ-nin inzibatçılarının baş verən imtinalara operativ reaksiya verən sistemə yox, imtinalar haqqında əvvəlcədən xəbər verən sistemə ehtiyacı olur;
  • həll olunan məsələlərin universal xarakterli olması – LŞ-nin bir qayda olaraq ixtisaslaşdığı halda KŞ üçün müxtəlif məsələlərin olması adi haldır, bunlardan karguzarlıq, texnoloji proseslərin avtomatlaşdırılması, təcrübi proqramların yaradılması, informasiya axtarışı və s.;
  • əhatə olunan texniki problemlərin genişliyi – KŞ-nin lahiyələndirilməsi zamanı çoxsaylı texniki məsələlər (fərdi kompüterlərin, əməliyyat sistemlərinin, tətbiqi proqramların, LŞ-lərin kabel sisteminin, qlobal rabitə növünün seçilməsi, müxtəlif şəbəkə arxitekturlarının uzlaşdırılması, müxtəlif kommunikasiya avadanlığının əsasında şəbəkənin strukturlaşdırılması məsələləri) meydana çıxır.

Mənbə

Ədəbiyyat

  1. Компьютерные сети. Принципы, технологии, протоколы / В. Г. Олифер, Н. А. Олифер. – СПб: Питер. 2001. – 672 с.
  2. Осовецкий Л.Г., Немолочнов О.Ф., Твердый Л.В., Беляков Д.А. Основы корпоративной теории информации. СПб: СПбГУ ИТМО, 2004
  3. Биячуев Т.А. / под ред. Л.Г. Осовецкого Безопасность корпоративных сетей. – СПб: СПб ГУ ИТМО, 2004.- 161 с.
  4. Косарев, Ерёмин "Компьютерные системы и сети", Финансы и статистика, 1999 г.
  5. М. Шестаков "Принципы построения корпоративных сетей передачи данных" – "Компьютерра", № 256, 1997 г.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.