Koroğlu dastanı

KoroğluAltay, Türkiyə, Türkmənistan, Azərbaycan türklərinin əfsanələrində və xalq əhvalatlarında iştirak edən xalq qəhrəmanıdır. Əsl adı Rövşən olmuşdur. "Koroğlu" Rövşənin ləqəbidir və ona atasının gözləri xan tərəfindən çıxarıldıqdan sonra verilmişdir.

Haqqında

Koroğlu dastanının Latın qrafikalı Azərbaycan əlifbası ilə nəşrinin üz qabığı

Dastanda Koroğlunun kim olduğundan, onun etdiyi mübarizələrdən bəhs edir. Koroğlunun atası Alı kişinin Həsən xan tərəfindən gözləri çıxardılır. Əslində Həsən xan Alı kişini öldürmək fikrində idi, lakin qonağı Hasan paşanın Alı kişinin gözlərinin çıxardırılmasını söyləməsi onu bu fikrindən daşındırdı. Koroğlunun əsl adı Rövşəndir. Atası ölmədən əvvəl ona "Koroğlu" adını qoydu. Bunuda qeyd eləmək lazımdır ki, Koroğlunun vətəni Çənlibeldir. Dastanda Koroğlunun başına qoçaq oğlanlar yığışınca Çənlibel igidlərin məskəni olmuşdur. Koroğlunun həyat yoldaşı Nigar xanımdır. Koroğlu Nigar xanımı Türkiyənin şəhəri İstanbuldan qaçıraraq evlənmişdir. Koroğlu ilə Nigar xanımın oğlu Eyvazdır. Lakin Eyvaz onların əsl oğlu deyil. Bu arada tədqiqatçılar Koroğlunun tarixi şəxsiyyət olduğunu bildirirlər. Koroğlu Osmanlı imperiyasına qarşı mübarizə aparan Cəlalilər hərəkatının fəal üzvlərindən biri olmuşdur.

Nüsxələri

Paris nüsxəsi

Tanınmış polyak şərqşünası, şair və dilmancı Aleksandr Xodzko İrandan, Cənubi Azərbaycandan Avropaya apardığı "Koroğlu" dastanının əlyazmasını Hacı Mirzə İsgəndərin təşəbbüsü ilə ingilis dilinə çevirib Londonda dərc etdirməklə (1842) eposun tarixində iz qoymuşdur.[1] Dastanın söyləyicisi Aşıq Sadıq adı ilə ün qazanmış Sadıq bəy olmuşdur. Dastanı Mirzə Əbdülvahab qələmə almış, Mirzə İsgəndərin nökər və qulluqçuları — Mirzə Mehdi Gilani, Həzrətqulu bəy və Yaqub bəy isə bu işə şahidlik etmişlər. Qələmə alınma tarixi: çərşənbə günü, rəbiüləvvəl ayının 15-i, hicri-qəməri 1250-ci il. Əlyazmanın müəllifindən soraq verən son qeyd isə belədir:

"Bu nüsxəni əvvəldən axıra qədər Mahmud xan Dünbüli Dircuy toplamışdır. Mətn düzgündür, lakin türki rəsmül-xəttində bir neçə səhv gedibdir. Ulu Mirzə İsgəndər bunu qeyd etsə də, onları düzəltməyə fürsət olmadı."

Xodzko dastanın 13 qolunu toplayıb nəşr etdirir. Bu nüsxədə bəzi çatışmayan xüsusiyyətlər var․ Burada Koroğlu obrazı qaçaq quldur adlandırılır․ A. Xodskoya görə əsasən Şimali İran və Xəzərətrafı torpaqlarda yayılan bu poetik söz sənət abidəsi həmin bölgənin sakinlərinə məxsusdur[2]. Dastanın söyləyəni Aşıq Sadıq adı ilə şöhrət qazanmış Sadıq bəy olmuşdur. Bu nüsxəni Mahmud bəy Dünbuli Dircuy toplamışdır[3].

Bu nəsr 1843-cü ildə O. Volfun tərcüməsində alman oxucularına da çatdırılmışdır. Yenə həmin ildə Jorj Sand "Koroğlunun sərgüzəşt və improvizasiyaları"nı A. Xodzkonun nəsrindən tərcümə edərək "Müstəqil icmal" jurnalında, 1853-cü ildə isə oğlu Moris Sandın illustrasiyaları ilə ayrıca kitab şəklində çap etdirilməsi eposun Avropada daha geniş vüsət almasına təkan vermişdir. London nəşrinin S. S. Penninin tərcüməsi ilə rus dilindəki çapı (Tiflis, 1856) isə eposa daha böyük oxucu auditoriyası qazanmışdır.[4]

Bilinən üç nüsxədən biri olan Paris nüsxəsi[5] ilk dəfə 1997-ci ildə Azərbaycanda "Ozan" nəşriyyatı tərəfindən nəşr edilmiş və ölkə ictimaiyyəti tərəfindən sərt tənqidə məruz qalmışdı[6]. Dastanın bu nüsxəsində olan homoseksualizm, təhqir, sadomazoxizm motivlərinin yer alması tənqidlərin əsas səbəbi idi. 1997-ci ildən sonra 2005-ci ildə Paris nüsxəsi "Şərq-Qərb" nəşriyyatı tərəfindən təkrar nəşr edildi. Bu nəşrdə qismi-senzura aparılmışdır (qeyri-etik hesab edilən sözlər tam şəkildə yazılmayıb).

Tiflis nüsxəsi

1967-ci ildə gürcü L. G. Çlaidze Tiflisdəki Əlyazmalar İnstitutunda "Koroğlu" dastanının unikal nüsxəsini tapır. Tiflis nüsxəsində su işarələri var — bu da əlyazmanın 1856-cı ildə yazılıdığına işarə edir. Mətnin quruluşu, stili və dilin özəllikləri isə tekstin 80–100 il əvvəl yazıldığını və 1856-cı ildə günümüzə gəlib çatmayan əlyazmadan köçürüldüyünü sübut edir.

Təbriz nüsxəsindən fərqli olaraq, burada Koroğlu Bolu bəyə qarşı deyil, Səfəvi şahı I Şah Abbasa qarşı savaşır. Osmanlı canişini Bolu bəyə gəlincə, o, Koroğlunun dostu kimi təsvir olunur. Ən əsası isə bu nüsxədə Koroğlunun əslən türk cəlali tayfasından olduğu bildirilir.[7]

Koroğlu kimdir?

Koroğlu. Tağı Tağıyev

Eposun meydana gəlmə amillərindən ilk dəfə əsaslı şəkildə bəhs açan türkmən alimi B. A. Karrıyevin gətirdiyi dəlillər bizdə və başqa ölkələrdə irəli sürülən qənaətlərin özəyini təşkil edir. Daha doğrusu, Eliyas Muşeq, Arakel Təbrizi, Övliya Çələbi, İvan Şopen, A. Xodzko, S. S. Penn, İ. Petruşevski, H. Samuelyanın və başqalarının Koroğlu haqqında söylədiklərinə onun tədqiqatında daha geniş şərh verilmiş, bu səbəbdən də tarixi məxəzlərdən gətirdiyi sitatlar sonralar dərslikləri bəzəmişdir.

"Doğrudan da, XVII yüzildə böyük şöhrət qazanmış Koroğlu adlı şəxs yaşamışdır. Azərbaycan və türkmən variantlarında göstərilir ki, Koroğlu tuk (daha dəqiq desək, təkə) tayfasından çıxmış türkmən idi və onun atası sultan Murada xidmət etmişdi". H. Samuelyanın bu qənaətlərinin Arakel Təbrizinin və Eliyas Muşeqin (XVIII əsr) şahidliyinə əsasən irəli sürüldüyünü bildirən alimə görə, bunlar eposun meydanagəlmə səbəblərini və yerini müəyyənləşdirən yeganə mənbələrdir. Arakel Təbrizi İran şahı I Abbasın hakimiyyəti dövründəki hadisələrdən bəhs açmış və baş verən üsyana başçılıq edən şəxslərdən birinin adının Koroğlu olduğunu bildirmişdir. Qəribədir ki, o, indi aşıqların oxuduğu mahnıların çoxunun da Koroğlu tərəfindən qoşulduğunu vurğulayırdı. Arakel Təbrizi söyləyirdi ki, üsyankarlar özlərini "cəlalilər" (ərəb sözü "cəlal" – məşhur, şöhrətli, ölən yaradan deməkdir) adlandırırdılar. Onlar şaha və tərəfdarlarına qarşı amansızcasına vuruşurdular. O yazırdı: "Cəlalilər monarxa bütünlüklə tabe olmurdular; onların heç yerdə daimi yaşayış məskənləri yox idi, qabaqlarına nə çıxırdı, hamısını dağıdırdılar, haralara onlar haqqında heç bir məlumat çatmamışdı, tez oralara üz tutur, soyğunçuluğa başlayır, qənimətlər toplayır və yerdə qalan hər şeyi oda atırdılar".

Beləliklə, tarixi mənbələrdə Koroğlunun şəxsiyyəti haqqında ilk dəfə Arakel Təbrizi özünün 1662-ci ildə qələmə aldığı "Tarix" kitabında məlumat vermişdir. Şəhərlərin kasıb əhalisinin və kənd camaatının üsyan qaldırmasından bəhs açarkən o göstərmişdir ki, üsyan başçılarının birinin adı Koroğludur. Övliya Çələbinin XVII yüzilliyə aid "Səyahətnamə"sində də Koroğlu cəlalilər hərəkatının ən görkəmli nümayəndələrindən biri tək xatırlanmışdır. Eləcə də, Cənubi Azərbaycanda yaşayan tacir Eliyas Muşeqin də məlumatları böyük maraq doğurur. B. A. Karrıyev H. Samuelyana istinadən bildirir ki, Eliyas Muşeq İran şahı tərəfindən Ruyiyaya göndərilmişdi. Ancaq Həştərxanda İranın gizli agenti kimi həbs edilmiş və topladığı "Nəğmələr" dəftəri əlindən alınmışdı. Bu topluda Koroğlu barədə 1721-ci ildə erməni əlifbası ilə yazıya alınmış 13 qəhrəmanlıq nəğməsi var. Həmin şerlər 1954-cü ildə İrəvanda, 1969-cu ildə Bakıda işıq üzü görmüşdü. Maraqlıdır ki, Eliyas Muşeq nəğmələri yerli ağsaqqalların və xanəndələrin dilindən eşitdiyini qısa, izahatedici mətnlərdə bildirir və şerlərlə yanaşı verir. Onun qeydlərindən məlum olur ki, Koroğlu osmanlı ölkəsinin dağ və meşələ-rində yaşamışdır. Başına topladığı çoxsaylı qaçaq atlılarla yollarda ağalıq etmiş, hərdən ötüb-keçən tacirləri basqınla soymuş, hərdən də özlərinin razılığı ilə onların pullarını əllərindən almışdır. Bu hadisələr iranlı şah Abbasın və türk sultanı Muradın hakimiyyətdə olduğu çağlarda baş vermişdir.

Cəlali üsyanları

"Tarixi mənbələrdə göstərilir ki, 1518-ci ildə Toqatda Şeyx Cəlali ilk böyük üsyan qaldırmışdır, çox güman ki, cəlalilər onun adı ilə əlaqədardır". Paris nüsxəsində qəhrəmanlar Cəlali Koroğlu və Nəzər Cəlali adıyla verilir. Molla Cumanın düzüb-qoşduğu dastanların birində də bu addan istifadə olunur: "Cəlali Məhəmməd və Tavat xanım".

1571–1573-cü illərdə Təbrizdə sənətkarlar və şəhər yoxsullarının böyük bir üsyanı olmuşdur. Çəkməçi, mahud toxuyan, şalvar-duz, dəvəçi, səbzəfruş və başqalarının iştirak etdiyi üsyanı şah amansızcasına yatırtmışdır. H. Rumlunun, İsgəndər Münşinin yazdıqlarına görə, üsyanda qəssablar silki mühüm rol oynamışdır. Həsən bəy Rumlu pəhləvan hərəkatının başçılarından birinin adının Əvəz olduğunu yazır. İ. T. Petruşevski bunun Eyvaz ola biləcəyi fikrini irəli sürür. P. Əfəndiyev faktlar üzərində müqayisələr apararaq belə qənaətə gəlir ki, Eyvaz əvəzsiz bir pəhləvan, həm də Qəssab Alının oğludur. Belə olduqda dastandakı Eyvazın tarixi Əvəz-Eyvazın prototipi olmasına şübhə yeri qalmır .

1577–1578-ci illərdə Şirvanda yeni bir xalq üsyanı olmuşdur. Tarixçi H. Rumlunun təsvir etdiyinə görə üsyan qəddarcasına yatırılmış və onun iştirikçılarından 400 nəfərin başı kəsilib şahın sarayına göndərilmişdir. P. Əfəndiyev İ. P. Petruşevskiyə istinadən göstərirdi ki, Azərbaycan kəndəlrində 35 növ vergi və mükəlləfiyyat tətbiq edilirdi.

Koroğlu şeirləri

Əndəlib Qaracadaği 1804-cü ildə İrəvan istila edildiyi zaman rus ordusunun mayoru Şubinin xahişi ilə soydaşlarının dilindən qələmə alıb sistemləşdirdiyi "Folklor toplusu"nda Koroğlunun adı ilə bağlanan çoxsaylı aşıq şeirləri verir.

Xalq qəhrəmanı Koroğlunu saz-söz sənətkarı adı ilə tanıtmaq ənənəsi keçən əsrin otuzuncu illərinədək davam etdirilmişdir. AMEA-nın Memarlıq və Arxeologiya İnstitunun arxivindən tapdığımız 1938-ci ilə aid bir "Aşıq şerləri" toplusunda Koroğlu adlı aşıqa ünvanlanan qoşma və gəraylılara rast gəlirik. Doğrudur, gənc Ərtoğrul Cavidin (Hüseyn Cavidin oğlu) rəyi ilə çapa hazırlanmış bu toplu müəyyən səbəblərdən işıq üzü görməmişdir. Eləcə də, şeirlər eposun ayrı-ayrı qolları ilə səsləşir. Daha dəqiq desək, məzmununda eposun hadisələrini tam əks etdirir.[8]

İstinadlar

  1. "Sovet tarixi ensiklopediyası — Koroğlu". 2017-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-06.
  2. "Заур Гасанов. От шаманистической мифологии до тюркского эпоса Кёроглы (и мифа о происхождении скифов от Геракла)". 2011-11-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-06.
  3. ""Koroğlu" dastanının türkmən versiyası — "Göroğlu"". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-23.
  4. Koroğlu dastanı (Paris nüsxəsi) Arxivləşdirilib 2022-07-06 at the Wayback Machine. Bakı: "Şərq-Qərb", 2005.
  5. "Koroğlu: Paris nüsxəsi :: Prezident Kitabxanası". Elektron kitablar :: Prezident Kitabxanası. 2020-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-19.
  6. Yarpaq. ""KOROĞLU" dastanı, yoxsa...? (Dastanın Paris nüsxəsinə bir baxış". yarpaq.az. İstifadə tarixi: 2023-10-19.
  7. Фарид АЛЕКПЕРЛИ, д. и. н. Легенды о Кероглу. Arxivləşdirilib 2013-01-16 at the Wayback Machine "Зеркало", 07.12.201
  8. "Şərq.- 2011.- 13 iyul.- S. 11". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-06.

Həmçinin bax

Xarici keçidlər

Dərslik yazanların Koroğluya verdiyi yuxu dərmanı,

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.