Kornell Universiteti

Kornell Universiteti (ing. Cornell University) — ABŞ-nin Nyu-York ştatının İtaka şəhərində yerləşən ali təhsil müəssisəsi. Ölkənin nüfuzlu və ən böyük ali məktəblərindən biridir.

Kornell Universiteti
Cornell University
Loqonun şəkli
42°26′50″ şm. e. 76°28′59″ q. u.
Əsası qoyulub 1865
Tələbə sayı 23.620[1], 24.900[2]
Ölkə
Sayt cornell.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Kornell Universitetinin yaranmasında biznesmen, teleqraf sənayesinin əsasını qoymuş Ezra Kornellin və tanınmış alim, siyasətçi Endryu Vaytın böyük rolu olub. Hələ XIX əsrin 50-ci illərində Kornell və Vayt bir-birindən xəbərsiz ümummilli, ən qabaqcıl tədris metoduna malik, elmi-texniki tərəqqinin tələblərinə cavab verə biləcək bir ali təhsil müəssisəsi yaratmaq fikrinə düşürlər. E. Kornell teleqraf biznesindən əldə etdiyi gəlirlərin yarısını xeyriyyə məqsədlərinə sərf etmək qərarına gəlir. Hər iki mesenat – Kornell və Vayt universitet yaratmaq məqsədilə ABŞ prezidenti A. Linkolna müraciət edir, lakin onların planlarının həyata keçməsinə həmin dövrdə baş verən Vətəndaş müharibəsi mane olur.

Kornell və Vayt 1862-ci ildə Nyu-York ştatında senat üzvü olarkən tanış olurlar və hər ikisi xüsusi səylə yeni universitet yaratmaq layihəsi üzərində işləyir. Onlar milliyyətindən, cinsindən, təbəqəsindən və dinindən asılı olmayaraq, hər kəsin istənilən ixtisas üzrə təhsil ala biləcəyi ali təhsil ocağı yaratmağı planlaşdırırlar. Kornellin "Mən elə bir təhsil müəssisəsi yaratmaq istəyirəm ki, orada hər kəs istədiyi fənni öyrənə bilsin" ifadəsindən sonralar universitetin devizi yaranır: "İstənilən şəxs – istənilən elm".

Kornell şəxsi büdcəsi hesabına İtaka şəhərində 1,2 hektar ərazi alır. 27 aprel 1865-ci ildə Nyu-York ştatının qubernatoru Royben Fenton universitetin yaradılması haqqındakı sənədi imzalayır və bu tarixi hadisə Kornell Universitetinin yarandığı gün kimi qeyd olunur. Endryu Vayt yeni yaranmış universitetə prezident təyin olunur. Vayt universitetə rəhbər təyin edilən gündən təhsil müəssisəsinin idarəetmə prinsipini, tədris proqramlarını hazırlayır, qabaqcıl müəllimləri bu ali məktəbə cəlb edir. Sonra o, Avropa universitetlərinin təcrübəsi ilə tanış olmaq, tədris və metodik vəsaitlər əldə etmək məqsədilə dünya ölkələrinə səfər edir, Kornell isə universitet binalarının tikintisi ilə məşğul olur. Universitetin rəsmi açılışı 7 oktyabr 1868-ci il tarixinə təsadüf edir. Bu tarixdən bir gün əvvəl qəbul imtahanı keçirilir və 412 abituriyent uğurla imtahan verərək Kornell Universitetinin ilk tələbələri olurlar. Qeyd edək ki, həmin vaxta qədər heç bir yeni yaranmış Amerika universiteti bu qədər tələbə qəbul etməmişdi.

Yarandığı gündən Kornell Universitetinə oğlanlarla yanaşı, qızlar da qəbul olunur. Lakin qız tələbələr üçün yataqxananın olmaması onların sayının daha da artmasına ciddi maneə yaradır. Universitetdə qızlar üçün ilk yataqxana 1875-ci ildə tikilir. Bu ali təhsil müəssisəsinin bakalvr pilləsini 1873-cü ildə bitirmiş ilk qız məzun Emma İstmen, ilk doktorluq dərəcəsini 1880-ci ildə almış qadın isə Mey Preston olub.

1868-ci ildə Kornell Universitetinin tələbələri müstəqil və sərbəst surətdə fənn seçmək, öz tədris proqramlarını hazırlamaq hüququ qazanırlar. Bu addım, sözün əsl mənasında, inqilab kimi dəyərləndirilir və tələbələrin hazırladıqları həmin proqram onilliklər keçdikdən sonra ABŞ-nin adi tədris proqramına çevrilir. 1892-ci ildə universitetin 3-cü prezidenti inauqurasiyası zamanı çıxışında Nyu-York ştatının rəhbərliyinə müraciət edərək, onlardan universitet üçün ərazi və bu təhsil ocağının inkişafına kömək istəyir. Rəhbərlik həmin müraciətə cavab olaraq, Kornell Universitetinin nəzdində Baytarlıq Kollecinin yaradılması üçün subsidiya ayırır, eləcə də hər il kollecə maliyyə yardımı göstərir. Beləliklə, Kornell Universiteti ABŞ-də dövlət tərəfindən yardım alan ilk özəl ali məktəb kimi tanınır və bundan sonra Kornell Universitetində təhsil alan nyu-yorklu tələbələrə təhsil haqqının ödənilməsində güzəştlər edilir.

XX əsrdə universitet sürətlə inkişaf etməyə başlayır, həmin əsrin ortalarına qədər məktəb və kolleclərin sayı 10-dan çox olur. Bütün kollec və məktəblər muxtariyyət hüququna malik olur, öz akademik proqramlarını yaradır və qiymət sistemini tətbiq edir. Məsələn, bakalavr dərəcəsi almaq üçün ümumi universitet imtahanına üzgüçülük və idmanın başqa növü üzrə imtahanlar daxil edilir. Eyni zamanda hər bir tələbə oxuduğu fakültədən asılı olmayaraq, istənilən başqa fakültənin proqramını öyrənə bilər. Universitetdə mütəmadi olaraq fakültələrarası proqramlar və kurslar təşkil edilir.

Kornell Universitetinin nəşriyyatı 1889-cu ildə yaradılıb. Mexaniki İncəsənət Kollecində fəaliyyət göstərən ilk nəşriyyat sonradan Mühəndislik Məktəbinə köçür. Nəşriyyatın burada fəaliyyət göstərməsindən irəli gələrək, müəllim və tələbələr çap işini çox yaxşı bilirdilər. Burada dərslik, elmi nəşrlər, həftəlik tələbə jurnalları, pamfletlər, rəsmi universitet sənədləri də çap olunur. İl ərzində antropologiya, ədəbiyyat, tarix, fəlsəfə, siyasət, beynəlxalq münasibətlər, psixologiya, psixiatriya və s. sahələr üzrə 150-dən çox nəşr dərc olunur.

Müasir vəziyyəti

Kornell Universitetinin əsas kampusu Nyu-York ştatının İtaka şəhərində yerləşir. Universitet yarandığı vaxtlar 1,2 hektar ərazidə yerləşirdisə, hazırda onun İtakada ərazisi 3 hektara yaxındır. Bu ərazidə yerləşən 260 bina Mərkəzi və Şimali kampuslar arasında bölünüb. Universitetin bütün tədris korpusları, laboratoriyalar, muzeylər, inzibati binalar, yataqxanalar Mərkəzi kampusda cəmlənib. Kampusun binaları elektrik, qotik, viktorian, neoklassik və modern üslublarda inşa edilib.

Kornell Universitetinin Nyu-Yorkda da kampusu mövcuddur. Burada universitetin bakalavrlar üçün Veyl Tibb Kolleci və aspirantlar üçün Veyl Ali Tibb Kolleci yerləşir. Bu kolleclər 1927-ci ildən Nyu-Presbiterian hospitalı ilə birgə fəaliyyət göstərir. Universitetin Nyu-Yorkda Kornell xidmət proqramı da mövcuddur. Proqram tələbələrə Nyu-Yorkdakı kasıb uşaq, ailə və icmalara köməyi təklif edir. Buradakı İnsan Ekologiyası, Kənd Təsərrüfatı və Həyat Elmi kollecləri, Sənaye və Əmək Əlaqələri Məktəbi də həmin məqsədlərə xidmət edir. Mühüm maliyyə rayonu olan Manhettendəki Mühəndislik Kolleci biznes-tədqiqatların optimallaşması, sənayenin, ictimai əməkdaşlığın gücləndirilməsi və digər bu kimi işlər görür.

Kollecləri

Kornell Universitetinin nəzdində bakalavr, magistrant və aspirantlar üçün kolleclər fəaliyyət göstərir. Bakalavrların təhsil ala biləcəyi kolleclər bunlardır:

  • Kənd Təsərrüfatı və Həyat Elmi Kolleci – tələbələrinin sayına görə Kornell Universitetinin ikinci ən böyük kollecidir. öz sahəsi üzrə apardığı tədqiqatlara görə kollec ölkədə birincidir.
  • Memarlıq, İncəsənət və Planlaşdırma Kolleci – şəhər və reqional planlaşdırma, təsviri və vizual incəsənət, memarlığın tarixi və nəzəriyyəsi və s. sahələr üzrə tələbə hazırlayır.
  • İncəsənət və Elmlər Kolleci – tələbələrinin sayına görə Kornell Universitetinin ən böyük kollecidir, tələbələrini yüksək səviyyəli humanitar təhsil ilə təmin edir.
  • Mühəndislik Kolleci – texnologiya və innovasiya tədqiqatları aparılır.
  • Hotel Administrasiyası Məktəbi – texniki əməkdaşlar, istiqamətləndirilmiş xidməti personal hazırlayır.
  • İnsan Ekologiyası Kolleci – real həyatda insanın imkanlarının, onun həyat tərzinin, liderlik xüsusiyyətlərinin inkişafını və əhali ilə təmas, ekologiya və ətraf mühitin mühafizə edilməsini öyrədir.
  • Sənaye və Əmək Əlaqələri Məktəbi – ölkədə bu sahə üzrə yaranan ilk ali məktəbdir.
  • Hesablama və informasiya elmləri fakültəsi – kompüter elmləri üzrə ixtisaslaşıb.

Magistr və aspirantlar üçün aşağıdakı məktəblər fəaliyyət göstərir:

  • Kornell Ali Məktəbi – 90-dan çox sahə üzrə magistr, aspirant, doktorant dərəcələri təqdim edir.
  • Kornell Hüquq Məktəbi – qanun, qanunvericilik, geniş dünyagörüşünə malik hüquqşünaslar və liderlər hazırlayır.
  • Conson adına Ali Menecment Məktəbi – menecment sahəsi üzrə tədqiqat və araşdırmalar aparır.
  • Veyl Tibb Kolleci (Nyu-York) – akademik təbabət və biotibbi tədqiqatlar üzrə dünyada məşhurdur, görkəmli həkim və alimlər hazırlayır. Nyu-Presbiterian Hospitalı və Memorial Sloan-Ketterinq Xərçəng Mərkəzi ilə sıx əlaqələr qurur.
  • Veyl Tibb Kolleci (Doha, Qətər) – Nyu-Yorkda yerləşən kollecin filialıdır.
  • Veyl Ali Tibb Elmləri Kolleci (Nyu-York) – biotibbi elmlər, elmi metodların aparılması, tədqiqatlar üzrə mükəmməl proqramlar həyata keçirir. Veyl Tibb Kolleci və Sloan-Ketterinq Xərçəng Mərkəzi bu kollecin bünövrəsi hesab edilir.
  • Baytarlıq Məktəbi – heyvanlar üzərində aparılan təcrübələr sayəsində bir çox xəstəliklərin müalicəsini aşkarlayıb, burada mühüm kəşflər edilib və məktəb dünya elminə xeyli nailiyyətlər verib.
  • Təhsilin Davametdirilməsi Məktəbi və Yay Sessiyaları – universitetdən xaric olunan tələbələrin, yuxarı kurs tələbələrinin, Kornell Universiteti əməkdaşları və məzunlarının, yerli əhalinin təhsili ilə məşğuldur.

Kornell Universiteti geniş beynəlxalq əlaqə layihələrini həyata keçirir. Burada tələbələrə Afrika, fransız, alman, yəhudi, latın, Yaxın Şərq, Uzaq Şərq, rus, roman dilləri, ədəbiyyatı və mədəniyyəti üzrə proqramlar təklif edir. Universitetin Asiya ölkələri üzrə tədqiqatlar proqramı mövcuddur. Bu məqsədlə Kornell Universitetinin Mühəndislik Kolleci Pekinin Sinxua, Hotel Administrasiyası Məktəbi Sinqapurun Nanyanq Texnologiya, Kənd Təsərrüfatı və Həyat Elmi Kolleci Filippinin Los-Banyos universitetləri və Yaponiya Milli Aqrobiologiya Elmləri İnstitutu ilə müqavilələr bağlayıb. Kornell Universiteti Kanadanın Kraliça (Queen) Universiteti ilə birgə MBA proqramı həyata keçirir.

Kitabxana sistemi

Kornell Universitetinin kitabxana sistemi böyüklüyünə görə ABŞ-də 11-ci yerdə durur. Kitabxana sisteminə 7,5 milyon cilddən çox kitab, 8,2 milyon mikrofilm və mikrofişlər, 440 min xəritə, kino, DVD, səsyazma, kompüter faylları, arxivlər və rəqəmsal resurs aiddir. Bu, İnternet şəbəkəsinə qoşulan ilk ABŞ kitabxanalarındandır. Kitabxanaların çoxu İtakada yerləşən kampusda cəmləşib. Nyu-York və Qətərdə də universitetin kitabxanaları mövcuddur. Universitetin kitabxana sisteminə Adelson (Ornitologiya laboratoriyası), Afrikan, Katervud, Entomologiya, təsviri incəsənət, Cenevrə təcrübə stansiyası, kroç, hüquq, idarəetmə, mann, riyaziyyat, tibb, musiqi, nestle (Hotel Administrasiyası Məktəbinin kitabxanası), Oloin və Yuris, fiziki elmlər, baytarlıq kitabxanaları daxildir.

Yataqxanaları

Dünyanın başqa universitetlərində olduğu kimi, Kornell Universitetinin tələbələri də təhsil aldıqları məktəbin ərazisində məskunlaşırlar. Tələbə yataqxanaları, əsasən, Şimal, Qərb və Kollectaun kampuslarında yerləşir. Şimal kampusda birinci kurs tələbələri qalırlar, lakin burada yuxarı kurs tələbələri üçün də bir neçə yataqxana – Risli, Yalnız musiqi, Ekologiya evi, Hollandiya beynəlxalq yaşayış mərkəzi, Latino yaşayış mərkəzi, Akvekon və Ujamaa rezidensiyaları mövcuddur. Latino yaşayış mərkəzi, Akvekon və Ujamaa yataqxanalarında tez-tez irqi və etnik qarşıdurmalar baş verir. Kornell Universitetinin tələbələri üçün ildən-ilə yeni, daha yüksək şəraitə malik yataqxanalar tikilir – 2004-cü ildə Alisa Kuk, 2005-ci ildə Karl Beker, 2007-ci ildə Hans Beth, 2008-ci ildə Uilyam Kiton, Flora Rouz və s.

Elmi nailiyyətləri

1962-ci ildən başlayaraq Kornell Universitetinin tədqiqatçıları Mars planetinə pilotsuz uçuşu və XXI əsrdə "Mars Araşdırma Səyyahı" ("Mars Exploration Rover") missiyasını həyata keçirib. 2004-cü ildə "səyyahlar" elmi nailiyyətlərinə görə "İlin uğuru" mükafatına layiq görülüblər. Onlar Marsda apardıqları tədqiqatlardan əlavə, Uran planetinin ətrafında mövcud olan halqaları müəyyən ediblər. Aresiboda (Puerto-Riko adasında ərazi) Kornell Universitetinin dünyada ən böyük və həssas radioteleskopu yerləşir.

Xarici əlaqələri

Kornell Universiteti ABŞ-nin səkkiz nüfuzlu ali məktəbini birləşdirən Sarmaşıq Liqasına daxildir və bu qurumun ən gənc üzvüdür.

Kornell Universiteti beynəlxalq təhsil və elmi əməkdaşlıq sahələri üzrə hər zaman fəal mövqe tutmağı ilə seçilib. Son zamanlar onun fəaliyyətində məhz bu sahə daha sürətlə inkişaf edir. Qətərdə yerləşən Veyl Kornell Tibb Kolleci, Çin, Hindistan, Sinqapur və s. ölkələrin universitetləri ilə bağlanmış əməkdaşlıq müqavilələri Kornell Universitetinin "dünyanın ilk transmilli universiteti" adlandırılmasına səbəb olur.

Büdcəsi

Universitetin 2008–2009-cu tədris ili üçün gəlirləri 2,92 milyard, 2007–2008-ci tədris ilində isə 2,81 milyard olub. Kornell Universitetinin builki büdcəsinin 726,4 milyon dolları təhsil haqqından, 241 milyon dolları isə ianə və yardımlardan daxil olan vəsaitlərdir. Universitetin ianələr hesabına formalaşmış fondundakı vəsaitlərin həcmi hazırda 4,5 milyard ABŞ dollarıdır.

Təhsil haqqı

Universitetdə illik təhsil haqqı tələbələrin seçdiyi ixtisasa, oxuduğu kursa uyğun olaraq, 19–52 min ABŞ dolları arasında dəyişir. Digər Amerika universitetlərində olduğu kimi, bu ali məktəbdə də universitetin yerləşdiyi ştatdan olan tələbələrə təhsil xərclərində xüsusi güzəştlər tətbiq olunur.

Reytinqi

"U. S. News & World Report" ("ABŞ xəbərləri və dünya hesabatı") jurnalının reytinqinə görə, Kornell Universiteti Amerikada mühəndislik elmləri və mühəndislik fizikası sahələri üzrə birinci, psixiatriya və ortopedik cərrahiyyə üzrə isə ikinci yerdə dayanır.

"Academic Ranking of World Universities"dəki yeri:[4]
2003[5]2004[6]2005[7]2006[8]2007[9]2008[10]2009[11]2010[12]2011[13]2012[14]2013[15]2014[16]2015[17]
12121212121212121313131313
"QS World University Rankings"dəki yeri:
2015/16[18] 2014/15[19] 2013/14[20] 2012/13[21] 2011/12[22] 2010/11[23]
171915141516
"Times Higher Education World University Rankings"dəki yeri:
2015/16[24] 2014/15[25] 2013/14[26] 2012/13[27] 2011/12[28] 2010/11[29]
181919182014

Məşhur məzunları

  • Li Tenq-Hui – Çin Xalq Respublikasının sabiq prezidenti
  • Mario Qarsia Menokal – Kubanın sabiq prezidenti
  • Cəmşid Amuzegar – İran İslam Respublikasının sabiq baş naziri
  • Sendi Berger – ABŞ-nin sabiq prezidenti Bill Klintonun milli təhlükəsizlik üzrə məsləhətçisi
  • Stefan Hedli – ABŞ-nin sabiq prezidenti Corc Buşun milli təhlükəsizlik üzrə məsləhətçisi
  • Paul Vulfoviç – Dünya Bankının sabiq prezidenti
  • Uiliyam Rocers – ABŞ-nin sabiq dövlət katibi
  • Edmund Muskie – ABŞ-nin sabiq dövlət katibi
  • Janet Reno – ABŞ-nin sabiq baş prokuroru
  • Rut Bader Ginsburq – ABŞ Ali Məhkəməsinin sabiq hakimi
  • Devid Li – fizika üzrə Nobel mükafatı laureatı
  • Robert Kolman Riçardson – fizika üzrə Nobel mükafatı laureatı
  • Hannes Alfven – fizika üzrə Nobel mükafatı laureatı
  • Piter Debye – kimya üzrə Nobel mükafatı laureatı
  • Riçard Ernst – kimya üzrə Nobel mükafatı laureatı
  • Roald Hoffmann – kimya üzrə Nobel mükafatı laureatı
  • Herbert Spenser Gaser – psixologiya və tibb üzrə Nobel mükafatı laureatı
  • Paul Qrinqard – psixologiya və tibb üzrə Nobel mükafatı laureatı
  • Frits Albert Lipmann – psixologiya və tibb üzrə Nobel mükafatı laureatı
  • Norman Borlauq – sülh üzrə Nobel mükafatı laureatı
  • Amartya Sen – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
  • Oktavio Pas – ədəbiyyat üzrə Nobel mükafatı laureatı
  • Vole Şoyinka – ədəbiyyat üzrə Nobel mükafatı laureatı

1952-ci ildə Kornell Aviasiya Elmi-Tədqiqat Laboratoriyasının əməkdaşı Con Mur "Avtomobildə qəza travmalarının aradan qaldırılması üzrə araşdırma" layihəsini həyata keçirir. O, təcrübələrini manekenlərin deyil, meyitlərin üzərində aparır və belə nəticəyə gəlir ki, sükan çarxının enerjisini mənimsəyən qapının qıfılının genişləndirilməsi, yumşaq panel və təhlükəsizlik kəməri zədələrin faiz nisbətini xeyli azaldır. Layihənin nəticəsi olaraq, 1956-cı ildə "Kornell təhlükəsizlik avtomobili" nümayiş edilir, bu isə avtomobil istehsalçılarında müsbət dönüş yaradır və onlar həmin yenilikləri tətbiq etməyə başlayırlar.

1984-cü ildə universitetin Milli elm fondu 5 yeni superkompüter istehsalı mərkəzi yaradır. 1985-ci ildə fond ARPANET-ə qoşula biləcək NSFNET, TCP/IP-şəbəkə kompüterləri istehsal edir. NSFNET İnternetin sürətli inkişafı üçün dönüş nöqtəsi olur və ümümdünya hörumçək torunun inkişafına gətirib çıxarır.

Kornell Universitetinin alimləri 70 ildən çoxdur ki, elementar hissəciklərin tədqiqatı ilə məşğuldurlar. Universitetin fizikləri, xüsusilə Hans Bete nüvə fizikasının inkişafına nail olur. Onlar həmçinin Manhetten layihəsinin iştirakçılarıdırlar. 1930-cu ildə Kornell Universitetində ABŞ-də ikinci dəfə olaraq siklotron quraşdırılıb, 1950-ci ildə ilk dəfə burada sinxron şüalanma öyrənilib. 1990-cı ildə universitetdə dünyada birinci olaraq ən yüksək işıqlılıq qabiliyyətinə malik elektron-pozitron kollayder yaradılır. Sinxotronu yaratdıqdan sonra alim Robert Vilson ABŞ-də ən böyük sürətləndirici quraşdırmağı nəzərdə tutan "Fermilab"ı yaratmaq üçün məzuniyyətə çıxır.

Hazırda universitet Beynəlxalq xətt kollayderinin tikintisi ilə məşğuldur. Kollayderin quraşdırılmasının 2010-cu ildə bitəcəyi nəzərdə tutulur. Beynəlxalq xətt kollayderinin Böyük Adron kollayderini tamamlayacağı qeyd edilir. Bunun isə materiyanın eyniliyi və əlavə ölçülərin mövcudluğu kimi suallara aydınlıq gətirəcəyi bildirilir.

ABŞ-nin başqa universitetləri kimi, Kornell Universiteti də təbiətin mühafizəsi üzrə müxtəlif proqramlar həyata keçirir. 2007-ci ildə burada Sabit gələcək mərkəzi yaradılıb. Universitetdə xüsusi zavodlar mövcuddur ki, onlar öz tullantılarını emal edərək təhsil müəssisəsini 100% enerji və istiliklə təmin edir.

Hazırda Kornell Universitetinin İtakada yerləşən kampusunda 1594, Nyu-Yorkdakı təhsil müəssisələrində 1005, Qətərdəki kollecdə isə 34 nəfərlik professor-müəllim heyəti fəaliyyət göstərir. Universitetdə çalışan məşhur alimlər arasında Karl Saqan, çarlz Evans Hyuz, Norman Malkolm, Vladimir Nabokov, M. H. Abrams, Riçard Feynman, Kip Torn, Arçi Rendolf Ammons, Piter Debay, Allan Blum, Pol de Man, Jak Derid və digərlərinin adları vardır. 2008 və 2009-cu illərdə ABŞ-nin "Ali təhsil xronikası" jurnalı Kornell Universitetini "Böyük robot kolleci" adlandırıb. Bu ad universitetə rəhbərlik işinin yüksək səviyyədə qurulması, əməkdaşların işləməkdən zövq alması, onlara təqaüdə çıxdıqdan sonra yüksək məbləğdə təqaüd və kompensasiya ödənilməsi, tələbələrin, eləcə də digər əməkdaşların burada oxuyub fəaliyyət göstərdikləri üçün verilib. Kornell Universitetinin müəllim və məzunlarından 41 nəfər Nobel mükafatına layiq görülüb.

Mənbə

İstinadlar

  1. Integrated Postsecondary Education Data System. 1992.
  2. U.S. and Canadian 2022 NTSE Participating Institutions Listed by Fiscal Year 2022 Endowment Market Value, Change in Market Value from FY21 to FY22, and FY22 Endowment Market Values Per Full-time Equivalent Student (Excel) (ing.). National Association of College and University Business Officers, 2023.
  3. Global Research Identifier Database (ing.). 2015.
  4. "ARWU – Cornell University". Shanghai Ranking Consultancy. 2014. 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
  5. "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  6. "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  7. "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  8. "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  9. "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  10. "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  11. "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  12. "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  13. "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  14. "Academic Ranking of World Universities 2012". 2012-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  15. "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  16. "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  17. "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
  18. "QS World University Rankings (2015)". 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16.
  19. "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  20. "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  21. "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  22. "QS World University Rankings (2011)". 2012-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  23. "QS World University Rankings (2010)". 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  24. "THE World University Rankings (2015–2016)". Times Higher Education. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
  25. "THE World University Rankings (2014–2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  26. "THE World University Rankings (2013–2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  27. "THE World University Rankings (2012–2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  28. "THE World University Rankings (2011–2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  29. "THE World University Rankings (2010–2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.