Koqnitiv dissonans nəzəriyyəsi

Koqnitiv dissonans — psixologiya nəzəriyyəsi. Amerika psixoloqu Leon Festinger tərəfindən 1957-ci ildə təklif olunmuşdur.

Bu nəzəriyyəyə görə şəxs iki, bir birinə əks pozisiyanın və ya dərk edərək (cognition – koqnisiya) qəbul etdiyi ideyanın təsiri altındadırsa bu onda psixoloji gərginlik yaradır. Başqa sözlə, insan bir işi istəməyərək, şüurlu surətdə bu hərəkətlə razılaşmayaraq görürsə və ya istəyərək gördüyü işin doğru olmadığını bilirsə bu, onu narahat edir. Məsələn, nikotinin sağlamlığa zərər vurduğunu bilə bilə siqaret çəkmək, köklüyə meylli adamın, çəkisini artıracağını bildiyi halda çox yeməsi, şəxsin, imtahana hazırlaşmayacağı təqdirdə kəsiləcəyini bildiyi halda kənar, əyləncəli işlərə daha cox həvəs göstərməsi.

Sadalanan hallarda insanın düzgün hesab etdiyi baxışla (pozisiya) onun hərəkəti və ya istəyi arasında uyğunsuzluq (dissonans) mövcuddur. Bu isə insanın şüurunda gərginlik, sıxıntı yaradır.

Bir birinə uyğun gəlməyən iki pozisiyanın təsiri altında olan şəxs üzləşdiyi dilemmanı həll etmək və onu narahat edən gərginliyi azaltmaq üçün üç növ davranışdan istifadə edir:

  • bu pozisiyalardan birini dəyişmək (məsələn, əylənməyi sonraya saxlayıb imtahana hazırlaşmaq);
  • dissonans təşkil edən pozisiyalar barədə əvvəl qəbul etdiyi mühümlüyün azaldılması (məsələn, əgər imtahandan birinci dəfə qiymət almasa, ikinci cəhd imkanından istifadə edə bilmə fikri);
  • bu iki pozisiyanı barışdıran mövqe tutulması (məsələn, əvvəl verilmiş imtahanlardan sonra istirahət etmə haqqının olması).

Mənbə

  • A. Colman. Oxford Dictionary of Psychology. Oxford University Press. 2001
  • Д. Майерс. Социальная психология. Попурри. 2001
  • Ə. Bayramov, Ə. Əlizadə. Psixologiya. Çinar-Çap. 2006
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.