Konstantin Bataşov
Konstantin Nikolayeviç Bataşov (18 (31) yanvar 1918, Tiflis, Zaqafqaziya Komissarlığı – 19 dekabr 1991, Moskva) — Azərbaycan-sovet balet artisti, pedaqoq, Azərbaycan SSR xalq artisti (1958), "Stalin" mükafatı laureatı (1952).
Konstantin Bataşov | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Tiflis qəzası |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Moskva, Moskva vilayəti, RSFSR |
Vətəndaşlığı | SSRİ |
Fəaliyyəti | balet artisti, pedaqoq |
Fəaliyyət illəri | 1935–1989 |
Təhsili | Bakı Xoreoqrafiya Məktəbi (1939) |
Teatr | Azərbaycan Dövlət Opera və Balet Teatrı |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Konstantin Bataşov 18 yanvar (31 yanvar) 1918-ci ildə Tiflis şəhərində doğulub.[1] Rəqs sənətinə marağı Gürcüstanda göstərib. İbtidai siniflərdə oxuyarkən ailəsi ilə Bakıya köçüb və 1939-cu ildə buradakı Xoreoqrafiya məktəbini bitirib.[2] 1935-ci ildən 1989-cu ilədək Azərbaycan Dövlət Opera və Balet Teatrı işləyib.[3]
Konstantin Bataşov pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1939-cu ildən Bakı Xoreoqrafiya Məktəbində dərs demişdir. O, Vladimir Pletnyovun, Çimnaz Babayevanın, Tamilla Şirəliyevanın müəllimi olub.[1]
Azərbaycanın ilk peşəkar balet artistlərindən biri hesab olunan Konstantin Bataşov 1990-cı ildə Moskvaya köçüb və 19 dekabr 1991-ci ildə orada vəfat edib.[4]
Yaradıcılığı
Leo Delibin "Lakme", Cahangir Cahangirovun "Azad", Müslüm Maqomayevin "Şah İsmayıl" operalarında rəqslərin quruluşçusu olub.[5] Nikolay Rimski-Korsakovun "İspan kapriççiosu" xoreoqrafik süitasının, "Şəhrizad" simfonik poemasının, Həsən Rzayevin "Elementlər" əsərinin əsasında birpərdəli balet tamaşalarını hazırlamışdır. O, "Odissey" (Qolubov), "Şəhrizad" və "Humay" (Nəriman Məmmədov) baletlərinin libretto müəllifi olmuşdur.[2][6]
Konstantin Bataşov ilk Azərbaycan baletlərində əsas partiyaların ifaçısı olmuşdur. Onun ifa etdiyi əsas partiyalar:[3][7]
- Polad və Cahangir xan ("Qız qalası", Əfrasiyab Bədəlbəyli)
- Mənzər və Bəhram ("Yeddi gözəl", Qara Qarayev)
- Mako ("İldırımlı yollarla", Qara Qarayev)
- Azad ("Gülşən", Soltan Hacıbəyov)
- Piri baba ("Qaraca qız", Əşrəf Abbasov)
- Vəzir ("Məhəbbət əfsanəsi", Arif Məlikov)
- Vatslav və Girey ("Bağçasaray fəvvarəsi", Boris Asafyev)
- Bazil ("Don Kixot", Lüdviq Minkus)
- Karabas-Barabas ("Qızıl açar", Boris Zeydman)
- Ma Mi Çen ("Qırmızı lalə", Reynhold Qlier)
- Ziqfred ("Sonalar gölü", Pyotr Çaykovski)
- Dezire ("Yatmış gözəl", Pyotr Çaykovski)
- Şelkunçik-şahzadə ("Şelkunçik", Pyotr Çaykovski)
- Jan de Briyen ("Raymonda", Aleksandr Qlazunov)
- Frondoso ("Laurensiya", Aleksandr Kreyn)
- Pyer ("Arlekinada", Rikkardo Driqo)
Təltif və mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 26 aprel 1958 (M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının 50 illiyi ilə əlaqədar olaraq və musiqili səhnə incəsənətinin inkişaf etdirilməsindəki xidmətlərinə görə)
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 30 aprel 1955 (Azərbaycan sovet incəsənətinin inkişaf etdirilməsindəki görkəmli xidmətlərinə görə)
- "Stalin" mükafatı (2-ci dərəcə) — 1952 (M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında Soltan Hacıbəyovun "Gülşən" baletindəki Azadın partiyasına görə)
- "Şərəf nişanı" ordeni — 9 iyun 1959 (Azərbaycan incəsənətinin inkişaf etdirilməsindəki görkəmli xidmətlərinə görə və Moskva şəhərində Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyü münasibətilə)
İstinadlar
- Балет: энциклопедия. Москва: Советская энциклопедия. Гл. ред. Ю. Н. Григорович. 1981. ст. 59.
- İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. səh. 181–182. ISBN 978-9952-8021-9-1.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 281. ISBN 978-9952-441-07-9.
- Rəhimli, İ. Azərbaycan Teatr Tarixi (dərslik). Bakı: Çaşıoğlu. 2005. səh. 314.
- Rəhimli, İ. Azərbaycan Teatr Tarixi (5 cilddə). 2-ci cild. Bakı: Şərq-Qərb. 2017. səh. 203. ISBN 978-9952-517-86-6.
- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. II ҹилд: Балзам—Гајдар. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1978. С. 40.
- Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: С. С. Мокульский. Т. 1. А — «Глобус». М.: Советская энциклопедия. 1961. стб. 458. 43 000 экз.