Kolaz
Kolaz — Azərbaycanda əsasən bir sahildən digərinə insan, yük, heyvan və s. keçirmək məqsədilə işlədilən qədim su nəqliyyatı vasitəsi.
Azərbaycanda eni 70-80 sm, hündürlüyü 26-30 sm-ə çatan, yonma üsulu ilə hazırlanmış, ən böyüyünün uzunluğu 7–8 m, ən kiçiyininki isə 3-4 metr olan qayıqlardan daha çox istifadə olunurdu. Təknəvari quruluşa malik olan belə qayıqlar Azərbaycanda kolaz adlanırdı. Kolaz bir çox xalqların dillərində də qayıq mənasında işlədilmişdir.
XIX əsrin altmışıncı illərindən başlayaraq kolazın daha da təkmilləşdirilmiş formasından istifadə edilmişdir. Əvvəlkindən fərqli olaraq yeni kolaz qurama üsulu ilə hazırlanırdı. Belə kolazın oturacağı düz olduğundan ona bəzən "düz dibli kolaz" da deyilirdi. Kolazı hazırlamaq üçün əvvəlcə ağacdan qabırğa adlanan hissələr düzəldilir, həmin qabırğalara oturacaq və yan taxtaları vurulurdu. Kolazın iriliyindən asılı olaraq qabırğaların sayı 6-dan 14-ə qədər olurdu. İçərisinə su dolmasın deyə taxtalar arasındakı boşluğa qatran doldururdular. Qədim zamanlarda isə bu məqsədlə piy və ya köpək balığının yağındanda istifadə edilmişdir. Avarla həkətə gətirilən kolazın içərisində oturacaqlar düzəldilirdi. XIX əsrdə Azərbaycanda Rusiyadan gətirilmiş yastı dibli qayıqlar da (şlyubka) işlədilmişdir. Yeni tipli kolazın yaradılmasında bu qayığın xeyli təsiri olmuşdur.
Kolaz indi də Lənkəran, Salyan, Zərdab və Sabirabad rayonları ərazisində su nəqliyyatı vasitəsi kimi işlədilməkdədir.