Kofi Annan
Kofi Atta Annan (ing. Kofi Atta Annan; 8 aprel 1938-ci il, Kumasi, Qızıl Sahil, Britaniya İmperiyası — 18 avqust 2018-ci il Bern, İsveçrə[1]) — Qanalı diplomat, Birləşmiş Millətlər Təşkilatının 7-ci Baş katibi (1997–2006), 2012-ci il fevralın 24-dən 31 avgusta qədər — BMT-nın və Ərəb Dövlətləri Liqasının Suriyadakı münaqişənin həllində xüsusi nümayəndəsi, 2001-ci ildə Nobel Sülh Mükafatının laureatı.[2][3]
Kofi Annan | |
---|---|
ing. Kofi Atta Annan | |
Doğum tarixi | |
Doğum yeri | Kumasi, Qızıl Sahil, Britaniya İmperiyası |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Bern, İsveçrə |
Vəfat səbəbi | xəstəlik |
Həyat yoldaşı | Nana Mariya Annan |
Uşaqları | 3 |
Atası | Genri Recinald Annan |
Anası | Viktoriya Annan |
Təhsili | Makalester Kollecı, Kvame Nkruma adına Elm və Texnologiya Universiteti, Jenevrə Beynəlxalq Münasibətlər İnstitutu, Massaçusets Texnologiya İnstitutu |
Fəaliyyəti | Birləşmiş Millətlər Təşkilatının 7-ci Baş katibi |
Fəaliyyət illəri | 1 yanvar 1997-ci il - 31 dekabr 2006-cı il |
Mükafatları | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
Kofi Annan 1938-ci ildə sonradan müstəqil Qana Respublikasına çevrilən Britaniyanın Qızıl Sahil koloniyasında doğulub. 1954–1957-ci illərdə Keyp-Kost Mfantsipim metodist məktəbində oxumuş, sonra isə Kvame Nkruma adına Elm və Texnologiya Universitetində təhsil almışdır.
Sonralar o, Ford Fondunun təqaüdü köməyi ilə ABŞ-nın Minnesota ştatının Sent-Pol şəhərində Makalester Kollecında təhsil almışdı və iqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır. 1961–1962-ci illərdə İsveçrədə Jenevrə Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almışdı.
Annan hələ tələbə olarkən, 1962-ci ildən BMT-də Ümumdünya Səhiyyə Təşkilatının bir əməkdaş olaraq işə başladı. Sonra BMT-nin digər strukturlarında — Əfqanıstakı BMT İqtisadi Komissiyasında Addis Ababa şəhərində işləmişdir; Cenevrədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının ofisinə rəhbərlik etmişdir.
Annan ingilis, fransız, akan dili, və digər Afrika dillərini yaxşı bilirdi.
Kofi Annanın Suriya ilə bağlı sülh təşəbbüsləri
BMT-nin sabiq baş katibi Kofi Annan 2012-ci il fevralın 23-də Suriyada diplomatik mühiti qorumaq üçün BMT və ƏDL-nın Suriya üzrə xüsusi nümayəndəsi təyin olundu. Kofi Annan Suriyaya hərbi müdaxilənin əleyhinə çıxaraq bildirmişdi ki, hərbi müdaxilə ölkədəki problemin çözümünü yalnız mürəkkəbləşdirə bilər. Martın 10-da Kofi Annan Suriya prezidenti Bəşər Əsəd ilə iki saatdan artıq danışıqlar apardı. O, Suriya Xarici İşlər Naziri Valid Müəlləm ilə də görüşdü. BMT xüsusi nümayəndəsi danışıqlar zamanı atəşin dayandırılmasını və müxalifətlə hökumət arasında danışıqların keçirilməsini təklif etdi. Suriya prezidenti isə bildirdi ki, silahlı terrorçu qruplaşmalar ləğv edilməyənə qədər heç bir danışıqlar nəticə verməyəcək.
Martın 16-da K. Annan 6 bəndlik sülh planını BMT-yə təqdim etdi. O, martın 24-də atəşkəs və açıq siyasi dialoq barədə təkliflərinə Rusiyanın dəstəyini almaq üçün Moskvaya səfər etdi. Martın 27-də Suriya sülh planını qəbul etdi və onu yerinə yetirəcəyini bildirdi. Kofi Annan Suriya məsələsini müzakirə etmək üçün Moskvadan Pekinə yollandı. Rusiya Çinlə birlikdə iki dəfə BMT TŞ-nın B. Əsədə qarşı qətnaməsinə veto qoymuşdu, lakin Suriyada zorakılığın davam etməsi və hökumətlə müxalifətin dialoqdan imtina etməsi ilə əlaqədar olaraq hər iki ölkə sülh planını dəstəklədi. Pekində Çinin xarici işlər nazirliyinin rəsmiləri ilə görüşdən sonra K. Annan Baş Nazir Ven Çzyabao ilə də görüşdü. Çinin Baş Naziri ölkəsinin sülh təşəbbüslərini dəstəklədiyini bildirdi: "Biz sizin vasitəçilik təşəbbüslərinizə və bu təşəbbüslərin Suriya məsələsinin həllində irəliləyişə gətirib çıxaracağına və problemin tam və hərtərəfli həll olunacağına inanırıq."
Kofi Annanın sülh planı aşağıdakı bəndlərdən ibarət idi:
- Suriya xalqının hüquqi tələblərinə cavab verəcək şəkildə suriyalılar tərəfindən idarə olunacaq və hər kəsi əhatə edən siyasi dövr ərzində xüsusi elçi ilə işləmək haqqında öhdəlik götürmək və lazım gələrsə, bu məqsədlə təmsilçi təyin etmək;
- Döyüşlərin dayandırılması və mülki əhalinin, eləcə də ölkədə stabilliyin qorunması üçün BMT-nin nəzarəti altında hərbi zorakılığa son qoyulması barədə öhdəlik götürmək. Bu məqsədlə qoşunların hərəkəti dayandırılmalı, əhali yaşayan ərazilərdə ağır silahlardan istifadəyə son qoyulmalı və qoşunlar əhali yaşayan ərazilərdən, eləcə də onların ətrafından geri çəkilməlidir;
- Döyüşlərdən əziyyət çəkmiş ərazilərə vaxtlı-vaxtında humanitar yardımın çatdırılması və bu məqsədlə gündə iki saat atəşkəs rejimi tətbiq etmək;
- Əsassız olaraq həbs edilmiş şəxslərin azad edilməsinin tezləşdirilməsi;
- Ölkə ərazisində jurnalistlərin sərbəst fəaliyyətini təmin etmək;
- Sərbəst toplaşma azadlığına və qanuni nümayişlərin keçirilməsinə hörmətlə yanaşmaq.
Aprelin 4-də K. Annan BMT TŞ-a bildirdi ki, B. Əsəd aprelin 10-a qədər silahlı qüvvələri geri çəkməyə təminat verib. Aprelin 12-də atəşkəs elan olunsa da, tərəflər ona əməl etmədilər. May ayının sonlarında atəşkəs rejimi iflasa uğradı. Aprelin 25-də ABŞ dövlət katibi Hillari Klinton mətbuat konfransında Kofi Ananın Suriyayla bağlı sülh planının potensial iflasına hazırlaşdığını qeyd edərək bildirdi ki, Əsəd rejimi vədləri tez-tez pozur. O əlavə etdi ki, bunun üçün biz əlavə müşahidəçilərin yeridilməsinə kömək etməklə yanaşı, zorakılığın davam edəcəyi və ya müşahidəçilərin işi əngəllənəcəyi təqdirdə əlavə ölçülər götürməyə hazırlaşırıq.
Mayın 29-da Dəməşqdə səfərdə olan K. Annan prezident Bəşər Əsədlə görüşdü. Kofi Annan görüşdən əvvəl bildirdi ki, Suriya hökuməti ölkədə sülhün bərqərarına ciddi yanaşdığını göstərmək üçün dəqiq addımlar atmalıdır. Sülh çağırışı təkcə hökumətə deyil, əlinə silah alan hər kəsə aiddir. O, danışıqlardan sonra bildirdi ki, 6 bəndlik sülh planı nəzərdə tutulduğu şəkildə yerinə yetirilmir. Səkkiz qərb dövləti, o cümlədən Fransa, Almaniya, Böyük Britaniya Houlada 108 adamın qətlinə etiraz olaraq və Suriya hakimiyyətinə təzyiq kimi öz ölkələrindən Suriya diplomatlarını çıxartdılar. İyunun 9-da ABŞ dövlət katibi Hillari Klinton K. Annanla Suriyada hakimiyyətin müxalifətə verilməsi strategiyası ilə bağlı müzakirə apardı. Görüşdə Suriya münaqişəsinin tənzimlənməsinə dair Annan planının həyata keçirilməsi üçün beynəlxalq səylərin birləşdirilməsi ətrafında da fikir mübadiləsi aparıldı. İyunun 28-də Cenevrədə Kofi Annanın sülh planı müzakirə edildi. Cenevrə görüşündə BMT-nin TŞ-nın beş daimi üzvü və Almaniya, habelə ƏDLvə Türkiyə nümayəndələri iştirak edirdilər. Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Suriya böhranını Suriya xalqının həll etməli olduğunu bildirərək Rusiyanın heç bir xarici müdaxiləni dəstəkləməyəcəyini qeyd etdi. Lavrov regionda böyük nüfuz sahibi olan Suriyanın müttəfiqi İranın bu görüşə dəvət edilməməsini yanlışlıq adlandırdı. Rusiyanın Xarici İşlər Naziri qeyd etdi ki, zorakılıqlara son qoyulması üçün məqsəd Annanın planına dəstək vermək və suriyalıları dialoqa cəlb etməkdir, dialoqun mövzusunu müəyyən etmək deyil. Suriya Milli Şurası isə Bəşər Əsəd hakimiyyətdən getmədiyi təqdirdə heç bir siyasi keçid prosesini qəbul etməyəcəyini bildirdi.
Bəşər Əsəd ABŞ-ni qruplaşmaları dəstəkləyərək Suriyada sabitliyi pozmağa çalışmaqda ittiham edərək sülh planının yaxşı plan olduğunu, lakin ABŞ kimi ölkələrin bu planı pozduğunu bildirdi. İyulun 9-da Dəməşqdə K. Annan Suriyanın Xarici İşlər Nazirinin müavini Feysal Mikdad və Prezident B. Əsədlə görüşdü. Prezidentlə 2 saat davam edən görüşdən sonra açıqlama verən Kofi Annan danışıqların konstruktiv keçdiyini və tərəflərin ölkədəki zorakılığa son verilməli olduğuna dair həmrəy olduqlarını bildirdi. "Prezident Əsədlə çox səmimi və konstruktiv müzakirələr apardım. Zorakılığa son verilməsinin vacibliyini və bunu etməyin üsul və yollarını müzakirə etdik. Eyni məsələləri silahlı müxalifətlə də müzakirə edəcəyəm. Mən həmçinin prezident Əsədin də qəbul etdiyi siyasi dialoqu irəli aparmağın vacibliyini vurğuladım. Müzakirə etdiyimiz məsələlərdən biri də 6 bəndli sülh planı oldu. Suriya hökuməti bu planın icrasında qərarlı olduğuna məni inandırdı."- deyə, Kofi Annan bildirdi. İyulun 11-də K. Annan B. Əsədlə üçüncü görüşündən sonra yeni sülh planı üzərində anlaşma əldə edildiyini dedi. Annan Əsədin ən şiddətli toqquşmaların yaşandığı bölgələrdən başlayaraq mərhələli şəkildə atışmaların dayandırılmasını nəzərdə tutan təklif irəli sürdüyünü və sözügedən planın müxalifətə də təqdim olunacağını bildirdi. Dəməşq rejimini dəstəkləyən qonşu ölkələrə gedən Annan İran və İraqda da görüşlər keçirdi. Tehranda İranın Xarici İşlər Naziri Əli Əkbər Salehi ilə görüşən Annan bu ölkənin Suriyadakı böhranın həlli prosesinə qoşulmasının vacibliyini vurğulaydı. BMT təmsilçisi Tehranın əməkdaşlığa müsbət baxdığını əlavə etdi.
İstinadlar
- "BMT-nin sabiq baş katibi Kofi Annan vəfat edib". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-20.
- "United Nations Department of Political Affairs - Syria". Un.org. 19 oktyabr 2012. 3 May 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 March 2013.
- Marcus, Jonathan. "Syria unrest: Opposition seeks arms pledge". BBC News. 28 February 2012. 13 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 March 2013.