Knyaz Hacıyev
Hacıyev Knyaz Mehdi oğlu (10 oktyabr 1953, Yeni Daşkənd, Bərdə rayonu – 25 aprel 2021, Türkiyə) — "Bakıenerjitikinti" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının əməkdar mühəndisi[1]
Knyaz Hacıyev | |
---|---|
“Bakıenerjitikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 oktyabr 1953 |
Doğum yeri | |
Vəfat tarixi | 25 aprel 2021 (67 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | COVID-19 |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
İxtisası | İnşaatçı-mühəndis |
|
|
Təltifləri |
|
Həyatı
Hacıyev Knyaz Mehdi oğlu 10 oktyabr 1953-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində ziyalı ailəsində anadan olmuşdur (Yeni-Daşkənd kəndi 1953-cü ilin may ayının 18-də Ermənsitanın Basarkeçər rayonunun Daşkənd kəndinin əhalisinin erməni daşnakların təsiri ilə dövlət səviyyəsində məcburi köçürülməsi nəticəsində yaranmışdır).
Kəndin yeni yaranmasına baxmayaraq Yeni Daşkənd kənd orta məktəbi kənd ziyalılarının köməyi ilə qısa müddətdə bölgədə aparıcı məktəblərin birinə çevrilmişdir. Knyaz Hacıyev 1960–1969-cu illərdə kənd orta məktəbində oxuduğu dövrdə Tanrıverdi Hacıyevdən fizika və riyaziyyatı, atası Mehdi müəllimdən dil, ədəbiyyat və tarix fənlərindən mükəmməl dərs alaraq ali məktəbə müvəffəqiyyətlə daxil olmuşdur.
O, 1970–1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, 1975-ci ildə həmin institutun tam kursunu bitirərək inşaatçı-mühəndis peşəsinə yiyələnmişdir.
1972–1975-ci illərdə hər il 3 ay müddətində Kuybışev adına Moskva Dövlət İnşaat Mühəndisləri İnstitutunda ixtisası üzrə təcrübə kursları keçən Knyaz Hacıyev 1976-cı ildən başlayaraq Azərbaycanın energetika tikintisi sahəsində fəaliyyətə başlamışdır. Artıq 40 ildir ki, o, tikintinin çox çətin və spesifik sahəsində çalışmaqdadır. Sərsəng Su Elektrik stansiyasının tikintisi üzrə iş icraçısı kimi fəaliyyətə başlayan Knyaz müəllim "Şəmkir" SES-də sahə rəisi, "Yenikənd" SES-də baş mühəndis, "Bakıenerjitikinti" TQI-də baş mühəndis, Yeni Bakı istilik elektrik mərkəzinin tikintisində baş mühəndis kimi fəaliyyətini davam etdirmişdir.
O, 1982–1985-ci illərdə Yəmən Xalq Demokratik Respublikasında tikilən "Ədən" istilik elektrik stansiyasının tikintisində mexanikləşdirmə və hidrotexniki qurğuların tikintisinə rəhbərlik etmişdir; 1985–1992-ci illərdə "Bakıenerjitikinti" Tikinti Trestinin Baş mühəndisi, 1992–1996-cı illərdə "Azərenerjitikintimexanizasiya" trestinin, sonradan isə "Bakıenerjitikinti" TQİ-nin rəisi işləmişdir. 1997-ci ildən "Azərenerjitikintiquraşdırma" Dövlət Şirkətinin vitse-prezidenti işləmişdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1998-ci il tarixli 191 saylı qərarı ilə Hacıyev Knyaz Mehdi oğlu "Azərenerjitikintiquraşdırma" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü təyin edilmişdir; 1998–2008-ci illərdə isə "Azərenerjitikintiquraşdırma" Səhmdar Cəmiyyətinin sədr müavini, l-ci müavin, sədr əvəzi vəzifələrində çalışmışdır. 2003–2007-ci illər arasında "Azərenerjitikintiquraşdırma" Səhmdar Cəmiyyətinin sədrinin xəstəliyi ilə əlaqədar K. M. Hacıyev fasilələrlə uzun müddət sədr vəzifəsini icra etmişdir.
K. M. Hacıyev 01.08. 2008-ci ildən "Bakıenerjitikinti" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir.
Knyaz Hacıyev 10 aprel 2012-ci il tarixdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
K. M. Hacıyevin rəhbərliyi altında arxada qalan illər ərzində respublikamızın bölgələrində bir sıra dövlət əhəmiyyətli obyektlər – Neftçala rayonunun Xıllı qəsəbəsində beynəlxalq standartlara cavab verən məhsuldarlığı ildə 15 mln. xırda nərə balığı istehsal edən Balıqartırma zavodu, dövlət əhəmiyyətli başqa energetika və hidrotexniki obyektlər tikilib istismara verilmişdir.
"Bakıenerjitkinti" ASC fəaliyyətə başlayana qədər "Azərenerjitikintiquraşdırma" Dövlət Şirkətinin idarəsi kimi mövcud olmuş və "Bakıenerjitkinti" Tikinti-Quraşdırma İdarəsi adı altında fəaliyyət göstərmişdir. "Bakıenerjitikinti" TQİ 1962-ci ildə Bakı-Abşeron regionunda istilik elektrik stansiyalarının və yardımçı stansiyaların tikintisini icra etmək məqsədilə yaradılmışdır.
Nəhayət 1968-ci ildə "Azərenerjıtikinti" tikinti trestinin əmri ilə "Bakıenerjitikinti" Tikinti-Quraşdırma İdarəsi yaradılmışdır.
Həmin dövrdə "Bakıenerjitikinti" TQİ Bakı-Abşeron regionunda bir sıra dövlət əhəmiyyətli elektrik stansiyalarının, yardımçı stansiyaların, sosial-iaşə və yaşayış binalarının tikintisində iştirak etmişdir. Belə ki, 1968–1979-cu illərdə gücü 180 MVt olan "Sumqayıt" 2 istilik elektrik mərkəzinin tikintisi; 1970–1973-cü illərdə gücü 100 MVt olan "Qırmızı Ulduz " istilik elektrik mərkəzinin yenidənqurması; 1972–1975-ci illərdə gücü 220 MVt olan "Sumqayıt" 1 istilik elektrik mərkəzinin və 150 MVt "Şimal" DRES dövlət rayon elektrik stansiyasının yenidənqurma işləri; 1985–1990-cı illərdə "Yeni Bakı" Eiektrik Mərkəzinin, Milli Təhlükəsizlik Nazirliyinin Bilgəhdəki pansionatının, Mərkəzi Statistika Komitəsinin Göradildə yerləşən istirahət kompleksinin, Sumqayıt şəhərində 110–220 Kv Sənaye Energetika Qovşağının, Güzdək aerodromunun, H. Əliyev adına limanın Enerjı Təchizatı şəbəkəsinin, C. Hacıbəyli ünvanında yerləşən 4 bloklu 9 mərtəbəli yaşayış binasının, Azərittifaqın qapalı sahəsi 25000 m² olan rayonlararası təchizat bazasının tikintilərini ayrı-ayrı illərdə tikib istismara vermişdir.
1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət özəlləşdirmə proqramı çərçivəsində "Azərenerjitikintiquraşdırma" Dövlət Şirkəti ləğv olunmuş və "Bakıenerjitikinti" Tikinti Quraşdırma İdarəsi özəlləşdirilərək "Bakıenerjıtikinti" ASC-yə çevrilmişdir.
Şirkət bir neçə ildir ki, yaşayış, sənaye və ictimai bina və qurğuların keyfiyyətli və qısa müddətdə tikilib təhvil verilməsi, hidrotexniki qurğuların–su elektrik stansiyalarının, kanalların, dükerlərin, bəndlərin tikintisi, bina və tikililərin yenidənqurulması, qəza vəziyyətində olan yüksəkmərtəbəli bina və qurğuların gücləndirilməsi və bərpası, yaşayış, sənaye və ictimai bina və tikililərin əsaslı təmiri, interyer və fasadların dizaynı, abadlaşdırma işləri, plastik pəncərə, qapı və vitrajların istehsalı, quraşdırılması, eləcə də lodji və eyvanların şüşələnməsi, müxtəlif metalkonstruksiyaların hazırlanması və digər işlərin həyata keçirilməsi ilə məşğuldur.
Müstəqillik illərinə qədər tikilən çoxsaylı obyektlərdə Hacıyev Knyaz Mehdi oğlu əsasən məsul mütəxəssis və rəhbər vəzifəli şəxs kimi fəaliyyət göstərmişdir.
Rəhbərliyi altında tikilən obyektlər
Bakıda Diplomatik Korpus; "Səngəçal" Terminalının I fazası; "Mir" Teleradio Şirkətinin Azərbaycan nümayəndəliyinin ofisi; "Traseka"nın ofisi; 1 saylı Mərkəzi Kliniki Xəstəxana; Bakıda zəlzələ zamanı Əzizbəyov rayonunda 5 mərtəbəli daş binanın bərpa və gücləndirmə işləri; Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə Yasamal rayonunda M. Muxtarov 185 ünvanında yerləşən 2 ədəd 1 bloklu 13 mərtəbəli yaşayış binalaraının bərpa-gücləndirmə işləri; Horadiz rayonunda hər biri 640 yer olan 6 kənd məktəbin yenidən qurulması və yüzlərlə yaşayış evlərinin bərpası; Azərbaycan Respublikası Prezident Administrasiyasının "Gənclik"də yerləşən "Qonaq evinin" təmir bərpası; "Səngəçal" Terminalının inzibati binasının, anbarın, rabitə qovşağının, daxili mühəndisi qurğularının və giriş yolunun tikintisi; "Gülüstan"sarayının əsaslı təmiri; I saylı Mərkəzi kliniki xəstəxananın tikintisində gücləndirmə işləri; "Aqrolizinq" Səhmdar Cəmiyyətinin inzibati binasının və Mərkəzi İstehsalat Bazasının tikintisi; ‘‘Aqrolizinq" ASC-nin Gəncə, Əlibayramlı və Ucar rayonları üzrə kompleks bazalarının tikintisi və əsaslı təmiri; "Aqrolizinq" regional servis mərkəzlərində təmir-bərpa işləri; Azərbaycan Dövlət Film Fond binasının tikintisi; Salyan, Cəlilabad, İmişli, Yevlax, Goranboy, Tərtər və Şəki rayonlarında Regional Aqroservis və Təchizat Bazalarının tikintisi; "Aqrolizinq"ASC-nin Sabunçu rayonu Z. Bünyadov 12 ünvanında yerləşən ofis binasının və Z. Bünyadov küçəsi 2578-ci məhəllədə yerləşən Bakı Təchizat bazasının tikintisi; Kür çayının daşması nəticəsində Sabirabad və İmişli rayonlarının su basmış ərazilərində bənd tikintisi işləri, 300 ev; Zaqatala və Qax rayonlarında zəlzələdən zərər çəkmiş insanlara 250-dən çox bir və iki mərtəbəli evlər və 2 ədəd 540 şagird yerlik məktəb; Əhmədli, Bayıl və Badamdar torpaq sürüşməsi zonalarında bərkitmə tikinti işləri; Gənclər və İdman Nazirliyinin sifarişi ilə Qaradağ rayonunun Puta qəsəbəsində mini futbol meydançası və idman zalı; Türkan İdman Kompleksi və tikilməkdə olan obyektlər.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 10 aprel 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə Hacıyev Knyaz Mehdi oğluna "Əməkdar Mühəndis" fəxri adı verilmişdir.
"Bakıenerjitikinti" ASC-nin qazandığı bu uğurlar onlara olan inam və etibarın, uzun illərin işgüzar əməkdaşlığının nəticəsidir. "Bakıenerjitikinti" ASC Knyaz Hacıyevin rəhbərliyi altında hələ uzun illər sahənin inkişafına öz töhfəsini verəcəkdir.
Ailəsi
Ailəlidir, 3 övladı, 6 nəvəsi var.
Mükafatları
Knyaz Hacıyev Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında inşaat sahəsində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir[2].
10 aprel 2014-cü il tarixdə isə Knyaz Hacıyev Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə "Əməkdar Mühəndis" fəxri adı ilə təltif edilmişdir[3].
İstinadlar
- "Azərbycan Tikinti Kompleksinin Ensiklopediyası" kitabı, IV cild, səhifə: 66–69.
- "Azərbaycan Respublikasında inşaat sahəsi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli, 2152 nömrəli Sərəncamı". e-qanun.az (azərb.). 10 aprel 2012. 25 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2016.
- "İnşaat işçilərinə "Əməkdar Mühəndis" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2014-cü il tarixli, 370 nömrəli Sərəncamı". e-qanun.az (azərb.). 10 aprel 2014. 25 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2016.