Klassik musiqi
Klassik musiqi — klassik musiqi o əsərlərə deyilir ki, həmin əsərlər artıq tarix olub, zamanın sınağından çıxıb. Buna baxmayaraq, hələ də müasir cəmiyyətdə auditoriyasını qoruyub saxlayıb, sevilir və dinlənilir.
Klassik musiqi incəsənətin bir növü olub Qərb ənənələrinə söykənir. Bu XI əsrdən bu günə qədər böyük bir dövrü əhatə edir. Bu ənənənin mərkəzi normaları ümumi təcrübə dövrü kimi sayılan 1550 və 1900-cü illəri bir-birinə bağlayır. Klassik musiqinin böyük vaxt bölmələri erkən musiqi dövrü sayılır. Buna daxildir- Medival və Renesans; Barokko və Romantik; Klassik; və XX əsrdən müasir dövrə qədər olan dövr.
Avropa və rus klassik musiqisi
Avropa dünyaya Vivaldi, İohann Bax, Hendel, Motsart, Mendelson, Şopen, Rixard Vaqner, Cüzeppe Verdi, İohann Ştrauss, Yohans Brams, Jorj Bize və başqa dahi bəstəkarları bəxş edib. Lakin iki dahi bəstəkar var ki, mənim üçün heç kimlə müqayisə oluna bilməz. Bunlar – Volfqanq Amadey Motsart və Lüdviq van Bethovendir. Motsart artıq 6 yaşı olanda musiqi bəstələməyə, konsertlər verməyə, Avropanı gəzməyə başlamışdı. Londonda 10 yaşında ilk simfoniyasını, 11 yaşında ilk operasını yazmışdı. 18 yaşına qədər bu vunderkind artıq 25 simfoniya bəstələmişdi. O, çox qısa (cəmi 35 yaş) ömrü boyu "Sehrli fleyta", "Don Juan", "Fiqaronun toyu" kimi əsrlər boyu dünyanın ən məşhur səhnələrinin repertuarından düşməyən operalar, 41 simfoniya, fortepiano və orkestr üçün konsertlər, skripka, fleyta və orkestr üçün konsertlər, divertismentlər, sonatalar, serenada və fortepiano pyesləri yazıb. Şedevr musiqi yaradıcılığının həcminə görə Motsartın tayıbərabəri yoxdur. Motsart musiqiyə işıq gətirdi, öz musiqisi ilə insanlara sevinc, nikbinlik, insanların ən çətin məqamlarında onlara həyat, yaşamaq eşqi, ümidi bəxş elədi. Neçə əsrlərdir ki, Motsart musiqisi insanları sevgiyə, həyatdan həzz almağa çağırır. Təəssüf ki, bu dahinin şəxsi həyatı onun işıqlı musiqisi ilə uzlaşmadı. O, ömrünün sonlarını səfalət içərisində keçirdi. Xəstəlik, tənhalıq, cəmiyyətdən təcrid olunmaq, heç kimə lazım olmamaq, unudulmaq fikri onun ömrünün sonu gəldiyindən xəbər verirdi. O, bu hisslərin təsiri altında dahiyanə, lakin onun optimist ruhuna uyğun gəlməyən "Rekviyem"i yazır (ölümünə az qalmış). "Rekviyem" onun ölüm himni idi. Bax beləcə, ədalətsiz cəmiyyət, onun fantastik yaradıcılıq uğurlarını gözü götürməyənlər, onu ölüm ayağına gətirdilər, öldürdülər. Öz musiqisi ilə milyonlarla insana sevinc gətirən bir dahinin dəfnində cəmi bir neçə iştirak etdi. Bəzən fikirləşirəm ki, təki Motsart "Rekviyem"i yazmayaydı. Gözümdə nikbin, optimist, həyatı, insanları sevən Motsart kimi qalaydı. Lakin "Rekviyem"in ədalətsiz, riyakar cəmiyyətə, insanlara, haqsızlığa, layiq olmadığı səfalətə, unutqanlığa etiraz himni kimi səsləndiyini qəbul etdikdə, nə yaxşı ki, "Rekviyem" yazılıb qənaətinə gəlirəm. Lüdviq Van Bethoven musiqiyə əzəmət, möhtəşəmlik, qəhrəmanlıq gətirdi. Onun 9cu, 6-cı simfoniyaları, "Eqmont" simfonik süitası simfonizmə yeni səslər gətirdi, simfonik orkestrin bütün imkanlarından necə istifadə etməyin nümunələri oldu. Bethoven simfoniyaları, opera musiqisi, fortepiano və simfonik orkestr üçün konsertləri ilə ciddi, əzmkar, pafoslu, təntənəli göründüyü halda sonataları ilə, "Elizaya" şedevri ilə necə bir incə qəlbə, mərhəmətə, coşqun sevgiyə malik olduğunu göstərdi. Bu musiqi əsərləri Bethovenin nəhəng istedadının ifadəsi kimi səslənir. Nəzərə alsaq ki, bu dahi bəstəkar bu möcüzə əsərlərinin çoxunu eşitməkdən məhrum olandan sonra yazıb, insan heyrətlənməyə bilmir. Motsart və Bethoven Haydnı öz müəllimləri hesab edirdilər. Doğrudur, Haydnın təsiri Motsarta daha çox olmuşdu, lakin hər iki istedadlı şagirdlər birbirindən fərqli, öz yolları ilə getmişdilər. Hətta adi musiqisevər Motsartla Bethovenin musiqisini qarışdırmaz. Memarlıqda olduğu kimi, musiqidə də barokko üslubu var. Bu üslubun ən görkəmli simaları Antoni Vivaldi, Fredrik Hendel, İohan Sebastyan Baxdır.
Vivaldinin "İlin fəsilləri" orkestrlərimizin, musiqiçilərimizin ifasında gözəl səslənir. Hendel təbiət vurğunu idi. Bu, onun musiqisində (Xüsusilə "Water music" ("Su musiqisi") əsərində) qırmızı xətlə keçir. Bax öz orqan musiqisi ilə (xüsusilə "Toqatta") məşhurlaşıb. Musiqidə intibah dövrünün ən parlaq simalarından biri Josef Haydndır. O, yüzdən çox simfoniyanın müəllifidir. Haydnın, qeyd etdiyim kimi, Motsartın, Bethovenin yaradıcılığına böyük təsiri olub. Alman bəstəkarı Riçard Vaqnerin musiqisini sevə bilmirəm. Onun musiqisində bir sərtlik, qorxu, vahimə, hətta, amansızlıq hiss edirəm. Vaqner Hitlerin sevimli bəstəkarı idi. Bəlkə elə bu fakt da mənə təsir edib. Bəstəkar nə qədər məşhur olsa da, onu daha da məşhurlaşdıran, tanınmış orkestrlərin repertuarından düşməyən, konsertlərdə mütəmadi səslənən əsərləri olur. Məsələn, Bramsın "Macar rəqsləri", Listin "Macar rapsodiyası", Dvorjakın "Slavyan rəqsləri", Ştrausun valsları, polkaları, marşları belə əsərlərdəndir. Fortepianonun Allahı sayılan Fredrik Şopen insanın ruhuna oxşayan valsları (mənim üçün, ən sevimlisi "Valsfantaziya", Vals № 7), etüdləri, noktürnləri ilə məşhurlaşıb. İtalyan xalqının fəxri Cüzeppe Verdi çoxsaylı operaları içərisində "Nabukko", "Otello", "Aida", "Trubadur", "Traviata", "Riqoletto" operaları ilə dünya şöhrəti qazanıb. Neçə əsrlərdir, bu operalar dünyanın ən məşhur səhnələrindən düşmür. Puççininin "Toska", "Turandod", "Bohema", "Madam Batterflyay (ÇioÇioSan)" operaları əsrlər keçsə də, şöhrəti azalmayan əsərlərdir. Feliks Mendelsonun "Toy marşı" (bizdə "Vağzalı" ilə yanaşı) toyların yaraşığıdır. Leonkavallo çoxsaylı operettaların müəllifi olsa da, Azərbaycanda daha çox "Məzhəkəçilər (Payatsı)" operası ilə tanınır. İoqan Ştrausun "Yarasa", "İndiqo və qırx quldur", Leqarın "Şən dul qadın", "Qaraçı sevgisi" operettaları keçmiş sovet xalqlarına, o cümlədən azərbaycanlılara yaxşı məlumdur. Rus klassikləri içərisində P. Çaykovski xüsusi yer tutur. O, yaradıcılığının genişliyi ilə bütün bəstəkarları geridə qoyur. Musiqinin elə bir janrı yoxdur ki, o, orada dərin iz qoymasın. "Yevgeni Onegin", "Qaratoxmaq qadın", "İolanta", "Mazepa", "Çarodeyka" operaları, "Yatmış gözəl", "Qu gölü","Şelkunçik" baletləri, fortepiano və orkestr üçün konsertləri, simfoniyaları, "İtalyan kapriççiosu", "Motsartiana" simfonik əsərləri, "İlin fəsilləri" əsərləri, romansları onu dünya musiqisinin dahiləri sırasına daxil edib. M. Qlinkanın da rus klassik musiqisinin inkişafında misilsiz xidmətləri olub. "İvan Susanin", "Ruslan və Lyudmila" operaları, "İspan kapriççiousu", "Araqon xotası" simfonik əsərləri, romansları müəllifə əbədi şöhrət gətirib. İspan mövzusunda yazılmış əsərlər o dərəcədə ispan ruhludur ki, onların müəllifinin rus olması inanılmaz görünür. S. Raxmaninov həm dahi pianoçu kimi, həm də fortepiano və orkestr üçün konsertləri ilə dünyada məşhurdur. A. Borodin "Knyaz İqor", M. Musorqski "Xovanşına" operaları və simfonik əsərləri ilə, RimskiKorsakov "Şəhrizad" simfonik süitası və başqa simfonik əsərləri ilə tanınır.
Azərbaycanda klassik musiqisinin yaranması
Klassik musiqi anlayışı baxımından XX əsr Azərbaycan musiqisinin tarixində mühüm, əlamətdar bir mərhələdir. Məhz bu dövrdə ölkədə yüksək peşəkarlığı ilə, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranmışdır. Azərbaycan musiqisi dünya peşəkar musiqi mədəniyyətinin ümumi sisteminə qovuşur, Azərbaycan bəstəkarları və ifaçıları dünya musiqisinin səviyyəsinə qalxmışlar. Peşəkar klassik musiqinin banisi dahi bəstəkar Üzeyir Hacıbəyov hesab olunur. 30-cu illərin sonu, 40-cı illərin əvvəllərində Azərbaycan musiqisində yeni bəstəkarlar nəsli yetişir. Yaradıcılıq axtarışlarının diapazonu genişlənir, yeni janrlar, yeni təmayüllər meydana gəlir. Avropa musiqisinin aparıcı təmayülləri – neoklassizm, dodekafoniya, seriya texnikası milli zəmində işlənməsi maraqlı sənət tapıntıları ilə nəticələnir. Ən başlıcası isə odur ki, Azərbaycan musiqisi artıq ölkə hüdudlarından çox-çox kənarlarda, beynəlxalq miqyasda da geniş şöhrət qazanır. Belə böyük uğurlar ilk növbədə üç dahi sənətkarın – Qara Qarayev (1918–1982), Fikrət Əmirov (1922–1984) və Niyazinin (1912–1984) yaradıcılıq axtarışları ilə bağlıdır. Onların əsərləri dünyanın bir çox ölkələrində səsləndirilmiş, disklərə yazılmış və mükafatlara layiq görülmüşlər. "Cəvahirləl Nehru", "Bela Bartok adına medal" və bir sıra beynəlxalq mükafatlara layiq görülən Niyazi dövrümüzün böyük dirijorları sırasına daxildir. 30–40-cı illərdə Azərbaycan musiqisində Səid Rüstəmov (1907–1983) və Tofiq Quliyev (1917–2000) kimi mahir klassik musiqi bstəkarları yetişmişdir. S. Rüstəmov "Alagöz", "Qurban adına", "Gəlmədin", "Sürəyya", "Oxu tar" və s., T. Quliyevin Azərbaycan xalq musiqisi ənənələrindən, habelə Avropanın estrada və caz musiqisindən qidalanmış "Sənə də qalmaz", "Qızıl üzük", "Bəxtəvər oldum", "Bakı haqqında mahnı", "Zübeydə" və s. mahnıları Azərbaycan klassik musiqisinin gözəl nümunələrdir.
Həmçinin bax
Xarici keçidlər
- Historical classical recordings from the British Library Sound Archive (ing.)
- Chronological list of recorded classical composers (ing.)
- Music World, timeline, composers, instruments (ing.)