Kiran qalası
Kiran qalası — Kiran şəhərinin xarabalığı olan Xarabagilan abidəsini əhatə edən müxtəlif qala divarlarıdır. Müdafiə divarlarının qalıqları hazırda təntənəli görünüşə malik olmaqla böyük şəhər xarabalığında xüsusi atmosfer yaradır.[1]
Kiran qalası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Ordubad |
Yerləşir | Kələntər Dizə |
Vəziyyəti | xarabalıqları qalır |
İstinad nöm. | 52 |
Kateqoriya | Yaşayış yeri |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Kiran qalasının ən əhəmiyyətli hissəsi sitadeldir. Təbii baxımdan əlverişli ərazidə salınmasına baxmayaraq, sitadel möhtəşəm qala divarları və qüllələrlə əhatə olunmuşdur.Şərq qala divarı şəhər məhəllələrindən əhəmiyyətli dərəcədə aralı inşa edilmişdir. O, bir tərəfdən sitadelin yerləşdiyi təpənin ətəyinə tərəf uzanaraq dərin yarğan ərazisindən keçidi məhdudlaşdırır.
Sitadelin müdafiə sistemində əhəmiyyətli rol oynamış qüllələrindən yeddisi dövrümüzə çatmışdır. Həmin qüllələrdən dördü dördbucaqlı, üçü isə dairəvi formaya malikdir. Kiran qalasının qismən yaxşı saxlanılmış şərq divarları isə 540 metr uzunluğa və altı qülləyə malikdir.
Təsviri
Kiran qalasının sitadel hissəsi qismən yaxşı saxlanmışdır.[1] Şəhərin cənub və cənub-şərq hissələrini əhatə edən qala divarları, həmçinin su tərəfdən olan müdafiə səddləri qənaətbəxş halda dövrümüzə çatmışdır. Bunlarla yanaşı Xarabagilan yaxınlığında gözətçi məntəqəsi rolunu oynamış kiçik qalaların da qalıqları vardır.[1]
Kiran qalasının ən əhəmiyyətli hissəsi sitadeldir. Təbii baxımdan əlverişli ərazidə salınmasına baxmayaraq, sitadel möhtəşəm qala divarları və qüllələrlə əhatə olunmuşdur.[1] Sitadel divarlarının ümumi uzunluğu 600 metrdən artıqdır. Bəzi yerlərdə bu divarlardan 16-17 sıraya qədər hörgü saxlanmışdır ki, bu da ümumilikdə 2 metrə yaxın hündürlük deməkdir.[1]
Qala divarlarının inşası zamanı eni 0.3-0.4 metrə çatan nazik düzbucaqlı formalı plitələrdən istifadə edilmişdir.[1] B. İbrahimov Kiran qalasının hündürlüyünün 4-5 metrə çatdığını qeyd edir.[1] Müasir dövrdə qala divarlarının daxılmış hissələrinin materialları xaricdən və daxildən divarların ətrafına yığılmaqla, şəhər ərazisindəki çöküntülərin əhəmiyyətli hissəsini təşkil edir.[2]
Şərq qala divarı şəhər məhəllələrindən əhəmiyyətli dərəcədə aralı inşa edilmişdir. O, bir tərəfdən sitadelin yerləşdiyi təpənin ətəyinə tərəf uzanaraq dərin yarğan ərazisindən keçidi məhdudlaşdırır.[2] 170-180 metr hündürlükdə yerləşən sitadel də öz növbəsində qala divralarının davamı kimi çıxış edərək müdafiəni möhkəmləndirir.[2]
Şərq divarı yarğanı kəsərkən həm də şəhəri su ilə təmin edən böyük hövzənin şimal divarını formalaşdırır. Su təpələr istiqamətində yuxarı qalxaraq sıldırım enişlərə qədər çatırdı və buna görə də, həmin enişlərin yuxarı hissəsində daşdan daha bir müdafiə divarı inşa edilmişdir. Beləliklə də, şəhərə hücum etməyi planlaşdıran düşmən qüvvələr hətta hündür qala divarını keçib böyük su hövzəsini üzə bilsələr belə, növbəti əzəmətli qala divarı ilə qarşılaşmalı idilər.[3]
Kiran şəhərinin birinci məhəlləsi və sitadel arasında da ensiz yarğan vardır. Yarğanın hər iki tərəfi sıldırım qayalılardan ibarət olsa da, birinci məhəllə tərəfdən yarğan boyunca həm də qüllələrlə möhkəmləndirilmiş qala divarları inşa edilmişdir.[2] Bu divarlar Kiran qalasının cənub-şərq hissəsini təşkil edir. Həmin divarların yalnız xarabalıqları dövrümüzə çatmışdır.[3] Cənub-şərq divarını möhkəmləndirən qüllələrdən yalnız şimal tərəfdə yerləşən iki ədəd qüllənin aşağı hissələri dövrümüzə çatmışdır. Onlardan biri dairəvi, digəri isə xaçvari formaya malikdir.[3] Qüllələrin hər ikisinin inşasında sarımtıl-qırmızı daşlardan istifadə olunmuş və hər iki qüllə 8-9 sıra (ümumi hündürlük 1.7-1.8 metr) hündürlükdə dövrümüzə çatmışdır.[3]
Şəhərin cənub tərəfi ciddi dağıntılara məruz qaldığına görə bu hissədəki tikililər, o cümlədən qala divarları haqqında məlumat mövcud deyil.[3] Qərb və cənub-qərb tərəfdən isə Kiran sıldırım dağlıq ərazi ilə əhatə olunmuşdur.[3] Şimal tərəfdən şəhər keçilməz dağlarla əhatə olunduğuna görə, bu hissədə qala divarları tikilməmiş, sadəcə, təpələr ətrafında qüllələr ucaldılması ilə kifayətlənilmişdir.[3] Lakin, sıldırımlı enişlərin aşağı hissələrində qala divarları tikilmişdir. Beləliklə də, Kiran şəhəri iki qatlı, sitadel isə üç qatlı qala divarlarına malik olmuşdur.[3]
Qüllələri
Sitadelin müdafiə sistemində əhəmiyyətli rol oynamış qüllələrindən yeddisi dövrümüzə çatmışdır. Həmin qüllələrdən dördü dördbucaqlı, üçü isə dairəvi formaya malikdir.[2] Sitadel yerləşən təpənin daha dayaz yamaclarında inşa edilmiş əlavə müdafiə divarları, təbii baxımdan müdafiəsi zəif olan hissələri keçilməz edir. Bu müdafiə divarları da eyniylə sitadel divarlarının inşası zamanı istifadə edilmiş divarlardan hörülmüşdür.[2]
Kiran qalasının qismən yaxşı saxlanılmış şərq divarları 540 metr uzunluğa və altı qülləyə malikdir.[2] Şərq divarlarının müxtəlif hissələri yerləşdiyi ərazidən asılı olaraq müxtəlif qalınlığa malikdir. Məsələn, yarğanın dərin hissəsini qapayaraq su hövzəsi üçün sədd rolunu oynayan divarın qalınlığı 15.4 metrə çatır. Ümumilikdə divarların minimal qalınlığı 2 metrə yaxındır.[2]
Şərq divarının altı qülləsindən biri altıbucaqlı, qalan beş qüllə isə dairəvi formaya malikdir. Altıbucaqlı qüllə sitadelin yerləşdiyi təpənin yamacında yerləşir.[2] Şərq divarının bütün qüllələrinin təməli daşdan, yuxarı hissələri isə çiy kərpicdən hörülmüşdür.[2] Ən künc şərq qülləsi kiçik yüksəklikdə yerləşir.[2] Həmin qüllə digərlərindən hörgüdə çiy kərpic və daş sıralarının növbələşməsi ilə fərqlənir. Həmçinin həmin qüllənin digərlərinə nisbətən daha yaxşı saxlanması da diqqəti cəlb edir.[2] Qüllələrin xarabalığının hündürlüyü 8 metrə yaxındır.[2]
Gözətçi məntəqələri
Xarabagilanın yaxınlığında vaxtilə Kiran qalasının forpostları kimi inşa edilmiş bir neçə kiçik qalanın da xarabalıqları vardır. Onlardan ən yaxşı saxlanılanı Araz çayının sağ sahilində - Cənubi Azərbaycan ərazisində yerləşir. Naxçıvan ərazisindən həmin qalanın qüllələrlə möhkəmləndirilmiş divarları və qaladaxili tikililərin xarabalıqları görünür. Qalanın divarları Kiran qalasının şərq divarını xatırladır. B. İbrahimov bu qalanın Kirana cənubdan ola biləcək hücumların qarşısını almaq üçün inşa olunmasını ehtimal edir.[3] Bu qalada saxlanan yerləşdirilən qarnizon müharibə zamanı ilk zərbəni qəbul edərək Kirana döyüş hazırlığı üçün vaxt qazandıra və şəhərin mühasirə ediləcəyi halda arxadan düşmən üçün təhlükə yarada bilərdi.[3]
1976-cı ildə Sumbatan-Dizə (müasir Sabirkənd) kəndi ərazisindəki 350-360 metr hündürlüyə malik Düz adlı sahədə Kiran qalasının müşahidə məntəqəsi tədqiq edilmişdir.[4] Müşahidə məntəqəsi dağın üçbucaq formalı şərq tərəfində yerləşməklə üçbucaqlı formaya malik üç otaq və qala divarlarından ibarətdir. Divarlar düşmənin bu ərazidən Kiran qalası istiqamətində irəliləyə biləcəyi yeganə yolu kəsir.[4] 2.4 metr qalınlığa malik olan qala divarının şərq qurtaracağında 2 metr enə malik qapı yerləşir. Qapının hər iki tərəfində 3 metr daxilə, 0.9 metr isə xaricə olan çıxışlar yerləşir.[4]
Müşahidə qalaçasından ətraf ərazilərə geniş mənzərənin açılması, onun strateji əhəmiyyətini dəfələrlə artırır. Digər ətraf qalaçalar kimi o da, təhlükə olacağı halda alov (gecə vaxtı) və tüstü (gündüz vaxtı) ilə bu haqqda xəbər verməli idi. Aydındır ki, bu müşahidə məntəqəsindən Kiran qalası ilə yanaşı həm də Əlincə qalasına məlumat ötürülmüş, ordan isə xəbər Naxçıvanqalaya çatdırılmışdır. Beləliklə hücum zamanı yüz kilometrlərlə ölçülən dağlıq ərazidə 10-15 dəqiqə ərzində məlumat yaymaq mümkün olmuşdur.[4] Azərbaycan ərazisində oxşar müdafiə sistemi orta əsr Beyləqan şəhərinin nümunəsində tədqiq edilmişdir.[5]
İstinadlar
- Ибрагимов, 2000. səh. 34
- Ибрагимов, 2000. səh. 35
- Ибрагимов, 2000. səh. 36
- Ибрагимов, 2000. səh. 37
- Ахмедов, Г.М. Средневековый город Байлакан. Баку. 74.
Ədəbiyyat
- Ибрагимов, Б.И. Средневековый город Киран (Ответственный редактор доктор исторических наук, профессор С.А.Плетнева). 2000: Московская типография № 12. Баку-Москва.
[[Fayl:|link=Portal:Naxçıvan|24x24px|alt=П:]] Naxçıvan portalı Memarlıq portalı Tarix portalı |