Kiran karvansarası
Kiran karvansarası — Kiran şəhəri ərazisində ən yaxşı tədqiq edilmiş tarix-memarlıq abidələrindən biri. Mürəkkəb planlaşdırma və konstruktiv həll xüsusiyyətlərinə malik Kiran karvansarası, orta əsr Azərbaycanında şəhər karvansaraylarının ən parlaq nümunələrindən biridir.[1]
Kiran karvansarası | |
---|---|
Ölkə | Azərbaycan |
Status | dünya əhəmiyyətli arxeoloji abidə |
Şəhər | Ordubad |
Yerləşir | Kələntər Dizə |
Vəziyyəti | xarabalıqları qalır |
İstinad nöm. | 52 |
Kateqoriya | Karvansaray |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Karvansara kompleksinə daxil olan bütün tikililərin özümü möhkəm qaya üzərində inşa edilmişdir. Qapı və pəncərə tağlarının hörgüsündə bişmiş kərpic və əhəng məhlulu istifadə edilmişdir. Karvansarayın bütün otaqlarının divarları 2.8–3 metr hündürlüyə kimi daşdan, daha sonra isə çiy kərpicdən inşa edilmişdir. Divarlar gil və saman qarışığından alınmış məhlulla suvanmışdır. Daha sonra gil suvaq əhəng məhlulu ilə ağardılmışdır. Divarların qalınlığı müxtəlif yerlərdə 60 sm – 2 metr arasında dəyişir.
Kiran karvansarası planda kvadrat formada olan daxili həyətə malikdir. Karvansarayın yaşayış və məişət otaqlarının divarları, o cümlədən vestibül və dəhlizlər gipsdən hazırlanmış həndəsi naxışlı memarlıq elementləri ilə bəzədilmişdi. Onlar arasında qabartma və oyma üsulu ilə hazırlanmış, həndəsi və nəbati naxışlı medalyonlar xüsusi diqqət cəlb edir.
Tarixi
Karvansara Kiran şəhristanının iki, üç və dördüncü məhəllələri arasında yerləşir.[2] Binanın yuxarı mərtəbələri əsasən çiy kərpicdən inşa edildiyinə görə, dağıldıqdan sonra onun yerində kiçik təpə formalaşmışdı.[2] Karvansarayın həyətini əhatə edən daş divarlar dövrümüzə yaxşı çatmışdır.
Hələ arxeoloji qazıntılara başlamazdan əvvəl, tədqiqatçılar məhəllələr arasında yerləşən bu obyektin hansısa ictimai tikilinin qalıqları olduğundan əmin idilər.[2]
Təsviri
Karvansarayın bütün otaqları planda dördbucaqlı formaya malikdir. İstifadə xarakterinə görə onlar, yaşayış, məişət, anbar və heyvanların saxlanması üçün otaqlara bölünür.[3] Arxeoloqların şərti olaraq VII, IX, XX, XXI, XXII, XXIV və XXVIII otaqlar adlandırdığı otaqlar, həmçinin həmin mərtəbənin dövrümüzə çatmamış digər otaqları yaşayış üçün nəzərdə tutulmuşdur.[3] Həmin otaqların xarakterik cəhətləri torpaq döşəmələr, ocaq yeri olmayan təndirlər, buxarı və yataq üçün nəzərdə tutulmuş sufa adlı xüsusi konstruksiyaların olmasıdır.[3]
IX otaqda sufa dörd qat çiy kərpic hörgüsü ilə şərq divarının yaxınlığında yaradılmışdır. Otaqda təndir olmasa da, istiliyin təmin edilməsi üçün buxarı vardır. Həmin buxarı divarın arasında yerləşdirildiyinə görə, IX otaqla yanaşı həm də VII otağı qızdırırdı.[3] Buxarı ikiyə bölünmüş bişmiş kərpiclərdən (19x19x4.5 sm) inşa edilmişdir. Yarımdairəvi formaya malik olan buxarı 25 sm radius və 110 sm hündürlükdə tikilmişdir.[3] IX otaqdan fərqli olaraq, VII otaq, biri şimala, digəri isə cənuba yönlənən iki qapıya malikdir.[3]
XX otağın şərq divarında yerləşdirilmiş sufa böyük ölçüləri (4x3 metr) ilə fərqlənir. Bu otağın divarlarında simmetrik yerləşdirilmiş nişlər vardır. Konstruktiv həlli və ölçülərini nəzərə alan B. İbrahimov həmin otağın yaşayış əsas xüsusiyyət daşıdığını bildirir.[3]
Karvansarayın yaşayış otaqları arasında XXII nömrə ilə qeyd edilən mürəkkəb planlaşdaırma xüsusiyyəti ilə seçilir.[3] Otağın birinci hissəsində bişmiş kərpicdən tikilmiş, həndəsi naxışlı və ərəb yazılı gips karnizlə əhatələnmiş buxarı yerləşir. Bu hissənin doşəməsi ümumi otağın döşəməsindən daha aşağıda yerləşir və daş plitələrlə döşənmişdir. Azərbaycan memarlığında kəndar adlandırılan bu hissə ayaqqabıların çıxarılması üçün nəzərdə tutulmuşdur.[3] Otağın digər hissələrində döşəmə torpaqdandır. Şərq divarı yaxınlığında kiçik, cənub-qərb küncündə isə böyük təndir yerləşir.[3]
Kiran karvansarayının VI, XIV və XVI otaqları xidməti məqsədlər üçün nəzərdə tutulmuşdur. VI otaqğın dörd istiqamətə açılan dörd qapısı vardır. Şərq divarında yerləşən qapıya qalxmaq üçün taxta pilləkən istifadə edilirdi. Şərq divarı yaxınlığında təndir vardır. 57 sm hündürlükdə saxlanmış təndirin diametri 51 sm, divarlarının qalınlığı isə 4 sm-dir. Otağın döşəməsi torpaqdandır.[4] Karvansarayın bütün xidməti otaqları həm bir-birləri, həm də məişət otaqları ilə əlaqələndirilmişdir.[4]
III, IV və V otaqlar məişət xarakteri daşıyır. Həmin otaqların da döşəməsi torpaqdandır.[4] Divarlarında müxtəlif məişət əşyalarının saxlanması üçün nişlər yaradılmışdır. III otaqda qazıntılar zamanı həndəsi naxışlarla bəzədilmiş gips qırıqları tapılmışdır.[4]
Anbar otaqları (XV, XVIII, XXVI, XXVII) karvansarayın digər otaqları arasında dərhal seçilir. Onlar daha kiçik ölçüyə və yalnız bir girişə malikdirlər. Yerləşdiyi ərazidən asılı olaraq anbar otaqlarının qapısı ya qonşuluqdakı otağa, ya da karvansarayın həyətinə açılır.[5]
Vestibül rolunu yerinə yetirən XVII otaq, XVI, XVIII və XIX otaqlar arasındakı ayırıcı divarlar arasında yerləşir.[5] Otağın şərq divarında 150 sm enə malik olan əsas karvansara qapısı yerləşdirilmişdir. Giriş hər iki tərəfdən sütunlar və monolit daşlarla həll edilmişdir.[5] Vestibülün cənub divarındakı qapı daxili həyətə, şimal divarındakı qapı isə XXI otağa aparır.[6] Vestibülün qərb divarında iki qapı vardır ki, onlardan biri XVIII otağa, digəri isə mərtəbənin yaşayış otaqlarını birləşdirilən XIX otağa keçir.[6] Monolit daşlardan inşa edilmiş giriş, həndəsi naxışlar və ərəb əlifbalı yazı ilə bəzədilmiş gips karnizlə əhatələnmişdir.[6]
Memarlıq xüsusiyyətləri
Karvansara kompleksinə daxil olan bütün tikililərin özümü möhkəm qaya üzərində inşa edilmişdir. Özülün ilk hörgü sıraları iri ölçülü qaya daşlarından (40–50 sm) tikilmişdir. Divar yuxarı qalxdıqca daşların ölçüsü də tədricən balacalaşır. Hörgü zamanı birləşdirici maddə kimi yüksək plastikliyə malik gil (2–4 sm qalınlığında) istifadə edilmişdir.[2] Qapı və pəncərə tağlarının hörgüsündə bişmiş kərpic və əhəng məhlulu istifadə edilmişdir.[2] Karvansarayın bütün otaqlarının divarları 2.8–3 metr hündürlüyə kimi daşdan, daha sonra isə çiy kərpicdən (27x27x8 sm) inşa edilmişdir. Divarlar gil və saman qarışığından alınmış məhlulla suvanmışdır.[2] Daha sonra gil suvaq əhəng məhlulu ilə ağardılmışdır. Divarların qalınlığı müxtəlif yerlərdə 60 sm – 2 metr arasında dəyişir.[2]
Kiran karvansarayının inşası zamanı şəhərin əksər tikililəri – xüsusilə türbələr üçün xarakterik olan antiseysmik üsul tətbiq edilmişdir. Bu üslubun əsas xüsusiyyəti binanın divarlarının aşağı hissələrinin yuxarı hissələrə nisbətən daha enli inşa edilməsidir.[2]
Divarların çiy kərpicdən olan hissələri əsasən üç hörgü sırası enində tikilib. Bu hissələrdə pəncərə tağları bişmiş kərpicdən yox, çiy kərpic və gildən hörülüb. Pəncərə yerləri daxilə getdikcə genişlənir ki, bu da onların işıq buraxma imkanını artırır.[2]
Karvansarayın bütün otaqları planda dördbucaqlı formaya malikdir. İstifadə xarakterinə görə onlar, yaşayış, məişət, anbar və heyvanların saxlanması üçün otaqlara bölünür.
Kiran karvansarası planda kvadrat formada olan daxili həyətə malikdir.[6] Daxili həyət ehtimal ki, həm bazar, həm də tacirlərin dincəlməsi üçün məkan kimi istifadə edilmişdir.[6]
Karvansarayın yaşayış və məişət otaqlarının divarları, o cümlədən vestibül və dəhlizlər gipsdən hazırlanmış həndəsi naxışlı memarlıq elementləri ilə bəzədilmişdi.[6] Onlar arasında qabartma və oyma üsulu ilə hazırlanmış, həndəsi və nəbati naxışlı medalyonlar xüsusi diqqət cəlb edir.[6] Pəncərə və qapı yerləri, həmçinin qonaq otaqlarındakı niş və sufalar xüsusilə zəngin dekorla bəzədilmişdir. Yaşayış otaqlarının zəngin dekorativ həlli və ümumilikdə memarlıq xüsusiyyətləri şəhristan evlərinin memarlıq xüsusiyyətlərini xatırladır.[6]
İstinadlar
- Ибрагимов, 2000. səh. 54
- Ибрагимов, 2000. səh. 49
- Ибрагимов, 2000. səh. 50
- Ибрагимов, 2000. səh. 51
- Ибрагимов, 2000. səh. 52
- Ибрагимов, 2000. səh. 53
Ədəbiyyat
- Ибрагимов, Б.И. Средневековый город Киран (Ответственный редактор доктор исторических наук, профессор С.А.Плетнева). Баку-Москва: Московская типография № 12. 2000.
[[Fayl:|link=Portal:Naxçıvan|24x24px|alt=П:]] Naxçıvan portalı Memarlıq portalı Tarix portalı |