Kipr iqtisadiyyatı
Kipr iqtisadiyyatı - Kipr adasında faktiki 2 dövlət mövcud olduğundan orada birbirindən o qədər də kəskin fərqlənməyən 2 icmanın iqtisadiyyatından danışmaq lazımdır. Ümumiyyətlə, Kiprdə beynəlxalq turizm, yeyinti sənayesi, bank-maliyyə sistemi azad iqtisadi zonalar fəaliyyəti yaxşı inkişaf etmişdir. Daxili milli məhsulun həcmi 2004-cü il göstəricilərinə görə bütün ada üçün 14 mlrd. dollardan artıq olub. Bu məhsuldan əhalinin hər nəfərinə orta hesabla 18 min dollar vəsait düşür. Bu rəqəm türklər yaşayan hissədə 6 min dollardan çox deyil, yunanlar yaşayan hissədə isə iki dəfə çoxdur. Adanın yunanlar yaşayan hissəsində yerli hökumətin iqtisadi siyasəti Avropa və Yaxın Şərqlə mövcud olan əlaqələrindən asılıdır və AİT üçün zəruri hesab edilən meyarların əldə edilməsinə yönəldilmişdir. Adanın türklər yaşayan hissəsində yerli hökumətin iqtisadi siyasəti Türkiyə ilə əlaqələrlə bağlıdır. Yunanlar yaşayan hissədə ÜDM-un 72 faizi xidmətin, 29 faizi sənayenin, 6 faiz kənd təsərrüfatının payına düşür. Türklər yaşayan hissədə ÜDM-nun 68 faizi xidmət, 20 faizi sənaye, 12 faizi isə kənd təsərrüfatının payına düşür.
Sənayesi
Kipri vahid dövlət kimi götürdükdə onun əmək qabiliyyətli əhalisinin 2/3 hissəsi xidmət, sənaye və tikinti sahələrində çalışır. Ötən əsrin 80-ci illərindən sonra Kipr sənayesinin strukturu böyük dəyişikliklərə məruz qalmışdır. Emaledici, xidmət və mədən sənaye sahələri dünya standartları səviyyəsinə qədər yüksələ bilmişdir. Buna baxmayaraq ölkədə xırda kustar tipli müəssisələr hələ çoxdur. İri müəssisələrin əksəriyyəti xarici kapitalın (əsasən yunan, türk və ingilis) əlində cəmləşib. Kiprdə mədən sənayesi ilə çox qədim zamanlardan məşğul olurlar. Ölkənin əsas sərvəti mis filizidir. Onun kəşf olunmuş ehtiyatı təxminən 400 min tondur. Filizin çıxarılması və ilkin emalı ilə ABŞ və Böyük Britaniya şirkətləri məşğul olurlar. Mədən sənayesinin yerli istehsal sahələri və yerli bazar ilə əlaqələri çox zəifdir. Çıxarılan faydalı qazıntının çox hissəsi ilkin emalı keçdikdən sonra dünya bazarına çıxarılır. Sənaye sahələrinin yaxşı inkişaf etməməsinin bir səbəbi də energetika bazasının zəifliyi ilə bağlıdır. Kipr yanacağı idxal edir. İdxal olunan yanacaqla ölkədə İES-lər fəaliyyət göstərir. Ərəb ölkələrindən gətirilən neftin hesabına Larnaka şəhərində neft emalı zavodu inşa olunub. Kiprdə elektirik enerjisi istehsalı 5 mlrd kv/saat-dan çox deyil. Bütün ölkədə yeyinti, toxuculuq, mebel, metal emal edən müəssisələrə rast gəlmək olar. Xidmət sahəsində turizm və əcnəbi gələnlərin qeydiyyatı mühüm əhəmiyyət kəsb edir. Ölkədə gəmiqayırma sənayesi inkişaf etməsə də Kipr bayrağı altında əsasən Yunanıstana, Almaniyaya, Rusiyaya və Latviyaya məxsus irili-xırdalı 1500-ə qədər gəmi üzür.
Kənd təsərrüfatı
Kənd təsərrüfatı Kipr sənayesinin həmişə aparıcı sahələrindən olub. Əmək qabiliyyətli əhalinin təqribən 20 faizi kənd təsərrüfatı sahələri ilə məşğul olur. Suvarılan torpaqlarda 2-3 dəfə məhsul götürmək mümkündür. Əkinçilik Kipr kənd təsərrüfatının başlıca sahəsidir. Əkilən qiymətli texniki, sitrus və başqa meyvələr yüksək əmtəəlik dərəcəsi ilə seçilir və toplanan məhsulun əksər hissəsi ixrac edilir. Buna baxmayaraq kənd təsərrüfatı əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmir. Kiprdə torpaqların 1/3-i dövlətin dini müəssisələrinin, eləcə də iri sahibkarların əlində cəmləşib. Adada böyük torpaq sahibkarı provaslav kilsəsidir. Türk icmasının dini təşkilatına məxsus olan vəqf torpaqları o qədər də çox deyil. Adada kənd təsərrüfatı istehsalının inkişafı üçün irriqasiya vacib əhəmiyyət kəsb edir. Hazırda bütün şumlanan torpaqların yalnız 15 faizi daima suvarılır. Kənd təsərrüfatı daima güclü quraqlığa məruz qalır. Kiprin su təchizatı probleminə irriqasiyaya, meliorasiyaya hər iki icma çoxlu vəsait sərf edir. Kiprdə müxtəlif kənd təsərrüfatı bitkiləri yetişdirilir. Onları 2 qrupa ayırmaq olar. Birinci qrupa dənli, paxlalı, zeytun və tərəvəz bitkiləri daxildir ki, onlardan adanın əhalisi istifadə edir. İkinci qrupa sitrus, üzüm, giləmeyvələr və s. aiddir ki, onların əksər hissəsi ixrac olunur. Kipr əkinçiliyində sürətlə inkişaf edən sahələrdən sitrus meyvələrinin (portağal, mandarin, limon, qreypfrut) becərilməsidir. Ən əhəmiyyətli sitrus plantasiyaları adanın cənub hissəsində – Famaqusta dairəsində, Limasol ətrafında yerləşir. Elə bu şəhər-portlar vasitəsi ilə sitrus meyvələr ixrac olunur. Ölkədə yetişdirilən sitrus meyvələrinin təqribən 75 faizi ixrac olunur. Qalanı isə ölkə müəssisələrində konservləşdirilir və onlardan kompotlar istehsal olunur.
Kiprin digər ixracat bitkisi üzümdür. Üzüm adanın əksər hissələrində yetişdirilsə də əsas üzüm plantasiyaları adanın cənub qərb hissəsində yerləşir. Üzüm plantasiyalarının ümumi sahəsi 40 min hektardır. İstehsal olunan üzümün 1/3-i yerli müəssisələrdə emal olunur. Bir hissəsindən isə şərab istehsal olunur. Kiprin «Kommandarı» çaxırı çox məşhurdur. Şərabla bərabər ölkədən kişmiş və üzümün süfrə sortları da ixrac olunur. Zeytun əkinlərinə adanın hər yerində rast gəlmək olar. Zeytun kiprlilərin əsas qida rasionunun tərkib hissəsidir. Ölkə zeytun yağına olan daxili təlabatını tam ödəyir. Kipr üçün heyvandarlıq kənd təsərrüfatının mühüm sahələrindən biri olsa da əkinçiliklə müqayisədə o bir qədər geridir. Ölkə heyvandarlığında xırda buynuzlu heyvanlar yetişdirilməsi üstünlük təşkil edir çünki təbii otlaqlar və çəmənliklər azdır. Yemin çatışmaması ilə xəstəliklər də heyvandarlığa böyük zərər verir. Baytarlıq xidməti lazımı səviyyədə deyil. Ölkənin böyük təbii imkanlarına baxmayaraq balıqçılıq lazımı səviyyədə inkişaf etməmişdir. Əsas səbəbi balıq donanmasının zəif olmasıdır.
Nəqliyyat
Nəqliyyat baxımından ölkə pis təmin olunmayıb. Adanın daxili yük və sərnişin daşımalarında avtomobil nəqliyyatı əsas yeri tutur. Amma adanın 2 hissəyə parçalanması vahid nəqliyyat sistemini iflic vəziyyətə salmışdır. Xarici əlaqələrdə dəniz və hava nəqliyyatının rolu böyükdür. Nikosiyadan başqa ölkənin bütün böyük şəhərləri həm də dəniz limanlarıdır. Adada beynəlxalq və yerli əhəmiyyətli aeroportlar da fəaliyyət göstərir. Ölkənin iqtisadiyyatı üçün xarici iqtisadi əlaqələrin rolu böyükdür.
Xarici ticarəti
Adanın yunanlar yaşayan hissəsinin xarici iqtisadi əlaqələri Böyük Britaniya, Yunanıstan və Qərbi Avropanın digər dövlətləri istiqamətindədir. Kipr yunanlarının mal ixracat həcmi 1,3 mlrd. dollar həcmində idi. Bu ixracatda əsas məhsullar sitrus meyvələri, üzüm, şərab, kartof, tikiş məhsulları və ayaqqabılardır. Adanın türklər yaşayan hissəsinin ixracat həcmi 100 mln. dollardan bir qədər artıqdır. Bu bölgədən əsasən sitrus meyvələri, kartof və toxuculuq məhsulları ixrac olunur. Adanın yunanlar yaşayan hissəsində pul vahidi Kipr Funtudur. Türklər yaşayan hissədə pul vahidi kimi türk lirəsindən istifadə olunur.
Maliyyə sistemi
Son illərdə Kiprdə Azad İqtisadi Zonaların yaradılmasına və offşor fəaliyyətinə xüsusi fikir verilir. Bu işlər adanın hər iki hissəsində aparılır. Bu fəaliyyət adanın yunan payı hissəsində daha fəaldır. Bu ərazi Qərbi Avropa və Rusiya investorları üçün ən məşhur zonalardan biri kimi dəyərləndirilir. Offşor qanunvericiliyi 1975-ci ildə qəbul edilmişdir. Offşor şirkətlər əsasən beynəlxalq biznes-şirkətlər (İnternational Busines Company) statusuna malikdirlər. Burada qeydiyyata alınan offşor şirkətlər 4,25 faiz miqdarında gəlir vergisi ödəyirlər. Onlarda nizamnamə kapitalı 1000 kipr funtundan az olmamalıdır. Şirkətin katibi Kiprə məxsus fiziki yaxud hüquqi şəxs olmalıdır. Ölkədə minlərlə offşor şirkəti qeydiyatdan keçmişdir. Onlardan cəmi 10 faizinin adada ofisləri vardır. Həmin ofislərdə əsasən əcnəbilər olmaqla 5 min nəfər çalışır. Ölkə ikiqat vergi tutmaqdan azad olmaq barədə 30 ölkə ilə müqavilə bağlamışdır. İnvestorlar üçün çox güzəştli sayılan müqavilələr siyahısında Rusiya da vardır. Bununla belə Kiprin mərkəzi bankı çirkli pulların yayılması ilə mübarizə çərçivəsində ölkədə Rusiya banklarının şəbəkələrinin açılmasının qarşısını almış və 10 mln dollardan çox məbləğdə köçürmələrin ödənilməsinə qərar vermişdir.