Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı
Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı (KYBCT) (ing. International Tribunal for the Prosecution of Persons Responsible for Serious Violations of International Humanitarian Law Committed in the Territory of the Former Yugoslavia since 1991 (ICTY)) — Yuqoslaviya müharibələri zamanı törədilmiş hərbi cinayətləri təqib etmək və təqsirkarları mühakimə etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 827 saylı qətnaməsi ilə yaradılmış beynəlxalq məhkəmə. Tribunal Niderlandın Haaqa şəhərində yerləşən ad hoc məhkəmə idi.
Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı | |
---|---|
ing. International Criminal Tribunal for the former Yugoslavia (ICTY) | |
Ümumi məlumatlar | |
52°04′04″ şm. e. 4°21′12″ ş. u. | |
Ölkə | Keçmiş Yuqoslaviya |
Yeri | |
Yurisdiksiya | Serbiya, Xorvatiya, Bosniya və Herseqovina, Kosovo, Monteneqro, Şimali Makedoniya |
Yaranma tarixi | 25 may 1993 |
Ləğvolunma tarixi | 31 dekabr 2017 |
Hakim sayı |
16 daimi 12 ad litem |
Hakimlik müddəti | 4 il |
icty.org | |
Vikianbarda əlaqəli mediafayllar |
KYBCT Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 25 may 1993-cü ildə qəbul edilmiş 827 saylı qətnaməsi əsasında yaradılmışdır. Tribunal 1991-ci ildən bəri keçmiş Yuqoslaviya ərazisində törədilmiş cinayətlərin dörd qrupu üzrə yurisdiksiyaya malik idi: Cenevrə konvensiyalarının kobud şəkildə pozulması, müharibə qanunlarının və ya adətlərinin pozulması, soyqırım və insanlıq əleyhinə cinayətlər. Tribunalın verə biləcəyi ən ağır cəza ömürlük azadlıqdan məhrumetmə idi. Müxtəlif dövlətlər azadlıqdan məhrumetmə cəzasının icrası məqsədilə Birləşmiş Millətlər Təşkilatı ilə müqavilələr imzalamışdır.
Tribunalın fəaliyyəti ərzində ümumilikdə 161 nəfərə qarşı ittiham irəli sürülmüşdür; yekun ittiham aktları 2004-cü ilin dekabrında verilmiş, sonuncusu isə 2005-ci ilin yazında təsdiqlənmişdir.[1] Qoran Haciç cinayət təqibindən yayınan ən axırıncı şəxs kimi 20 iyul 2011-ci ildə ələ keçirilmişdir.[2] Sonuncu hökm 29 noyabr 2017-ci ildə çıxarılmış[3] və qurum 31 dekabr 2017-ci ildə rəsmi olaraq fəaliyyətini dayandırmışdır.[4]
KYBCT-nin icra edilməmiş funksiyaları, o cümlədən hökmlərə nəzarət və 2013-cü il iyulun 1-dən başlanmış hər hansı apellyasiya prosesinə baxılması varis orqanın, Cinayət Məhkəmələri üçün Beynəlxalq Qalıq Mexanizminin (Mexanizm) yurisdiksiyasındadır.[5]
Tarixi
Qurulması
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 22 fevral 1993-cü il tarixli 808 saylı qətnaməsi ilə "1991-ci ildən keçmiş Yuqoslaviya ərazisində beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyan şəxslərin təqibi üçün beynəlxalq tribunalın yaradılması" qərara alındı və Baş katib "konkret təkliflər və uyğun olduğu halda ... üzv dövlətlərin bununla bağlı irəli sürdüyü fikirlər nəzərə alınaraq müvafiq alternativləri də daxil olmaqla, bu məsələnin bütün aspektləri üzrə hesabatı Şuraya baxılmaq üçün...” təqdim etməyə çağırıldı.[6]
Məhkəmənin yaradılması daha əvvəl Almaniyanın xarici işlər naziri Klaus Kinkel tərəfindən təklif edilmişdi.[7]
25 may 1993-cü il tarixli 827 saylı qətnamə ilə Baş katibin S/25704 nömrəli hesabatı təsdiq edildi və ona əlavə edilən Beynəlxalq Tribunalın Nizamnaməsi qəbul olundu; beləliklə də rəsmi olaraq KYBCT yaradıldı.
1993-cü ildə KYBCT öz daxili infrastrukturunu qurdu. 17 dövlət ilə azadlıqdan məhrum etmə cəzalarının icrası üçün KYBCT müqavilə imzalamışdı.[8]
Qurulduğu ilk ildə tribunal məhkəmə orqanı kimi mövcudluğuna zəmin hazırladı. Belə ki, tribunal prosessual qaydalar və sübutlar, habelə həbs qaydaları və müdafiəçinin təyin edilməsi qaydalarını qəbul etməklə öz fəaliyyəti üçün hüquqi baza yaratmışdı. Bu qaydalar birlikdə tribunalın hüquqi yardım sistemini formalaşdırdı. KYBCT Birləşmiş Millətlər Təşkilatının bir hissəsi və cinayət mühakiməsi üzrə ilk beynəlxalq məhkəmə olduğundan, hüquqi infrastrukturun inkişafı kifayət qədər problemli hesab olunurdu. Bununla belə, artıq fəaliyyətinin ikinci ilində KYBCT-nin ilk hakimləri məhkəmə prosesləri üçün bütün qaydaları tərtib etmiş və qəbul etmişdilər.[9]
1994–1995-ci illərdə Haaqadakı Aeqon Sığorta Binasında (o vaxt hələ Aeqon tərəfindən qismən istifadə olunurdu) KYBCT-nin ofisləri,[10] yenə Haaqada yerləşən Sxeveningen bölgəsində isə tribunalın həbsxanaları quruldu. KYBCT həmin illərdə bir çox işçini işə götürmüşdü. Buna görə də 1994-cü ilin iyul ayına qədər prokurorluğun araşdırmalara başlamaq üçün kifayət qədər işçi heyəti var idi. 1994-cü ilin noyabrına qədər ilk ittiham aktları məhkəməyə təqdim edilərək təsdiq olundu. 1995-ci ildə KYBCT-nin dünyanın hər nöqtəsindən 200-dən çox işçi heyəti var idi.
Fəaliyyəti
1994-cü ildə Bosniya serblərindən əsir düşərgəsinin komandiri Draqan Nikoliçə qarşı ilk ittiham aktı çıxarıldı. Bunun ardınca 13 fevral 1995-ci ildə iki ittiham aktı qəbul edildi; bu sənədlər müsəlman və xorvat mülki məhbuslara qarşı vəhşilik törətməkdə ittiham olunan 21 Bosniya serbindən ibarət qrupa qarşı çıxarılmışdı. Keçmiş Yuqoslaviyada müharibənin davam etməsinə və şiddətlənməsinə baxmayaraq, KYBCT prokurorları belə bir vaxtda beynəlxalq məhkəmənin uğurla fəaliyyətdə ola biləcəyini göstərdilər. Lakin həmin dövrdə heç bir təqsirləndirilən şəxs həbs olunmamışdı.[11]
Məhkəmə 46 nəfərə qarşı 8 ittiham aktını təsdiqləmiş və həbs qərarı çıxarmışdı. Tribunalda ilk mühakimə olunan isə Bosniyalı serb müttəhim Duşko Tadiç idi. Tadiç Bosniya-Hersoqovinanın Priedor bölgəsində törətdiyi iddia edilən hərəkətlərinə (xüsusən də Omarska, Trnopolye və Keraterm həbs düşərgələrində etdiyi hərəkətlərə) görə 1994-cü ildə Almaniya polisi tərəfindən Münhendə həbs edilmişdi. O, KYBCT-nin Məhkəmə Palatasında ilk dəfə 26 aprel 1995-ci ildə çıxış etmiş və ittiham aktında göstərilən bütün ittihamları rədd etmişdi.[12]
1995-ci ilin iyunundan 1996-cı ilin iyununa qədər ümumilikdə 33 şəxsə qarşı 10 ictimai ittiham təsdiq olunmuşdu. Yeni ittiham olunan şəxslərdən altısı tribunalın təcridxanasına köçürülmüşdü. Duşko Tadiçdən başqa, 1996-cı ilin iyun ayına qədər tribunal Tixomir Blaşkiç, Drajen Erdemoviç, Zeynil Delaliç,[13] Zdravko Muçiç,[14] Esad Lanco və Hazim Deliçin də həbs olunması barədə qərar qəbul etmişdi. Erdemoviç tribunal qarşısında təqsirini etiraf edən ilk şəxs oldu. 1995–1996-cı illərdə KYBCT bir neçə məhbusla bağlı müxtəlif işləri icraata qəbul etsə də, onlar heç vaxt məhkəmə araşdırması mərhələsinə çatmamışdı.
Müttəhimlər
Tribunal 1997-2004-cü illərdə 161 şəxsə qarşı ittiham irəli sürmüş və onlarla bağlı prosesi aşağıdakı şəkildə yekunlaşdırmışdı:[15][16] 111 nəfərin mühakiməsi KYBCT tərəfindən tamamlanmışdı. 21 nəfərə tribunal tərəfindən bəraət verilmiş, onlardan 18-i barəsində bəraət qüvvədə qalmışdı. 1 nəfər barəsində KYBCT tərəfindən bəraət qərarı qəbul edilsə də, Mexanizm tərəfindən apellyasiya şikayəti əsasında bir maddə üzrə məhkum olunmuşdu. Digər 2 nəfərə isə KYBCT tərəfindən ilkin olaraq bəraət verilmiş, lakin prokurorluğun uğurlu müraciətindən sonra bəraət hökmləri ləğv olunmuş və Mexanizm tərəfindən yenidən cinayət işi açılmışdı.
90 nəfər KYBCT tərəfindən təqsirli bilinərək cəzalandırılmışdı. Onlardan 87-si 14 ölkəyə verilmiş və həmin ölkələrdə cəzalarının qalan hissəsini çəkmiş və ya məhkum olunduqdan sonra dünyasını dəyişmişdi; belə ki, 87 nəfərdən 20-si hələ də cəzasını çəkməkdədir, 58 nəfər cəzasını çəkib bitirmişdir, 9-u isə cəzasını başa vurarkən və ya məhkum olunduqdan sonra köçürülməsini gözləyərkən dünyasını dəyişmişdir.
13 nəfərin işi baxılmaq üçün aşağıdakı ölkələrin məhkəmələrinə göndərilib: 10 nəfərin işinə Bosniya və Herseqovina, 2 nəfərin Xorvatiya, 1 nəfərin işinə isə Serbiyada baxılıb. 37 nəfərin işinə məhkəmədə baxılmazdan öncə xitam verilib; belə ki, onlardan 20 təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham geri götürülmüş, 17 nəfər isə iş məhkəmə prosesinə ötürülməzdən əvvəl və ya sonra vəfat etmişdi.
İttiham olunanlar arasında sıravi əsgərlərdən tutmuş generallara və polis rəislərindən baş nazirlərə qədər müxtəlif kateqoriyadan şəxslər var idi. Slobodan Miloşeviç müharibə cinayətlərində ittiham olunan ilk dövlət başçısı olub.[17] Digər yuxarı vəzifəli təqsirləndirilən şəxslərə Kraina Serbiya Respublikasının keçmiş prezidenti Milan Babiç, Kosovonun keçmiş Baş naziri Ramuş Haradinay, Serb Respublikasının keçmiş prezidenti Radovan Karaciç, Serb Respublikasının ordusunun keçmiş komandiri Ratko Mladiç və Xorvatiya ordusunun keçmiş generalı Ante Qotovina daxil idi.
Bağlanması
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 2003-cü ilin avqustunda 1503, 2004-cü ilin martında isə 1534 saylı qətnamələr qəbul etdi. Hər iki sənəd həm KYBCT-də, həm də digər beynəlxalq tribunal olan RBCT-də 2010-cu ilə qədər bütün işlərin tamamlanmasını tələb edirdi.
Təhlükəsizlik Şurası 2010-cu ilin dekabrında 1966 saylı qətnaməni qəbul etdi. Bu sənəd Cinayət Məhkəmələri üçün Beynəlxalq Qalıq Mexanizminin (Mexanizm) təsis olunmasını və həm KYBCT, həm də RBCT öz mandatlarını ləğv etdikdən sonra onların qalan funksiyalarını tədricən Mexanizmə təhvil verməyi nəzərdə tuturdu. Təhlükəsizlik Şurası tribunalı, bağlanması və öhdəliklərinin Mexanizmə ötürülməsinə hazırlaşmaq üçün, 31 dekabr 2014-cü il tarixinədək işini başa çatdırmağa çağırmışdı.[5]
2011-ci ilin may ayında dərc edilmiş Tamamlama Strategiyası Hesabatında KYBCT, məhkəməsinin 2014-cü ildə başa çatacağı gözlənilən Radovan Karaciç və həmin ərəfədə hələ də azadlıqda olan və həmin ilin sonuna qədər həbs olunmayan Ratko Mladiç istisna olmaqla, bütün məhkəmə proseslərini 2012-ci ilin sonunadək, bütün apellyasiya şikayətlərini isə 2015-ci ilə qədər tamamlamağı hədəflədiyini bildirdi.[18]
Mexanizmin KYBCT üzrə qurumu 1 iyul 2013-cü ildə fəaliyyətə başlamışdır. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş Keçid Razılaşmalarına əsasən, KYBCT Karaciç, Mladiç və Haciç də daxil olmaqla, bütün mühüm birinci instansiya məhkəmə proseslərini keçirməli və başa çatdırmalı idi. KYBCT, həmçinin 1 iyul 2013-cü il tarixinədək hökm və ya hökmdən şikayət bildirişi verilmiş bütün apellyasiya prosedurlarını aparmalı və bitirməli idi.
KYBCT-nin birinci instansiyada tamamlanmalı olan son məhkəməsi 22 noyabr 2017-ci ildə məhkum edilmiş Ratko Mladiçin işi idi.[19] KYBCT tərəfindən baxılmalı olan son iş isə 29 noyabr 2017-ci ildə hökmləri qüvvədə saxlanılan altı nəfəri əhatə edən apellyasiya məhkəməsi oldu.[20]
Strukturu
Fəaliyyət göstərdiyi müddətdə tribunalda 900-ə yaxın işçi çalışmışdır.[21] Tribunalın təşkilati quruluşu isə Palatalar, Reyestr və Prokurorluqdan ibarət idi.
Prokurorlar
Prokuror cinayətlərin araşdırılmasına, sübutların toplanmasına və təqiblərə cavabdeh olmaqla prokurorluğun rəhbəri idi.[22] Prokuror BMT Baş katibinin təqdimatı əsasında BMT Təhlükəsizlik Şurası tərəfindən təyin edilirdi.[23]
Sonuncu prokuror Serj Brammerts olmuşdur. Əvvəlki prokurorlar isə Venesuelalı Ramon Eskovar Salom (1993-1994), Cənubi Afrikadan Riçard Qoldstoun (1994-1996), Kanadadan Luiza Arbur (1996-1999) və İsveçrədən Karla Del Ponte (1999–2007) olmuşdurlar. Onlardan yalnız Ramon Eskovar Salom heç vaxt prokurorluğun rəhbəri vəzifəsini tutmamışdır. Riçard Qoldstoun, Luiza Arbur və Karla Del Ponte eyni zamanda 2003-cü ilə qədər Ruanda Beynəlxalq Cinayət Tribunalının prokuroru vəzifəsində çalışıblar. Avstraliyalı Qraham Blevitt 1994-2004-cü illərdə prokurorun müavini vəzifəsində çalışıb. Beynəlxalq Keçid Ədaləti Mərkəzinin prezidenti Devid Tolbert də 2004-cü ildə KYBCT prokurorunun müavini təyin edilib.[24]
Palatalar
Palatalar hakimləri və onların köməkçilərini əhatə edirdi. Tribunal üç Məhkəmə Palatasını və bir Apellyasiya Palatasını idarə edirdi. Tribunalın sədri həm də Apellyasiya Palatasının hakimi idi.
Həmçinin bax
İstinadlar
- "International Criminal Tribunal for the former Yugoslavia". www.icty.org (ingilis). 19 aprel 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2023.
- "Serbia's last war crimes fugitive arrested". Al Jazeera.net. 20 July 2011. 6 August 2011 tarixində arxivləşdirilib.
- "The ICTY renders its final judgement in the Prlić et al. appeal case". International Criminal Tribunal for the Former Yugoslavia. 29 November 2017. 9 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2017.
- "ICTY President Agius delivers final address to UN General Assembly". International Criminal Tribunal for the Former Yugoslavia. 2 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2017.
- "UNSC Resolution 1966" (PDF). 19 mart 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 December 2022.
- United Nations High Commissioner for Refugees. "Report of the Secretary-General Pursuant to Paragraph 2 of Security Council Resolution 808 (1993) [Contains text of the Statute of the International Tribunal for the Prosecution of Persons Responsible for Serious Violations of International Humanitarian Law Committed in the Territory of the Former Yugoslavia since 1991]" (ingilis). Refworld. 1993-05-03. 28 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2023.
- Pierre Hazan. Justice in a Time of War: The True Story Behind the International Criminal Tribunal for the Former Yugoslavia. College Station: Texas A & M University Press. 2004.
- "Enforcement of Sentences". icty.org (ingilis). 9 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2023.
- Rachel S. Taylor. "Tribunal Law Made Simple: What is the ICTY, How Was It Established, and What Types of Cases Can it Hear?" (ingilis). Global Policy Forum. 5 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2023.
- Vohrah, L.C. "Some Insights into the Early Years". Journal of International Criminal Justice. 2 (2). 2004: 388. doi:10.1093/jicj2.2.388.
- E.Pronk. The ICTY and the people from the former Yugoslavia – a reserved relationship.
- "First Defendant Faces Tribunal on War Crimes / Bosnian Serb pleads not guilty". SFGate. 21 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-26.
- "Homepage". Haguejusticeportal.net. 1 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2023.
- "Zdravko Mucić" (PDF). 30 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 iyul 2023.
- "Infographic: ICTY Facts & Figures" (PDF). International Criminal Tribunal for the former Yugoslavia. February 2016. 18 February 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 27 March 2016.
- "Key Figures of ICTY Cases". ICTY official site. November 2017. 2 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2017.
- "ASIL.org". ASIL.org. İstifadə tarixi: 30 November 2011.
- "ICTY Completion Strategy Report" (PDF). 18 May 2011.
- "Ratko Mladic found guilty". The Guardian. 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-31.
- "Cases – Prlić et al. (IT-04-74)". International Criminal Tribunal for the former Yugoslavia. 5 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 March 2017.
- "Employment section of ICTY website". İstifadə tarixi: 29 April 2015.
- Statute of the International Tribunal, Annex of Report S/25704 of the UN Secretary-General, Article 16(1)
- Statute of the International Tribunal, Annex of Report S/25704 of the UN Secretary-General, Article 16(4)
- "The former Prosecutors' section of ICTY website". İstifadə tarixi: 31 July 2015.
- "The Judges". ICTY. İstifadə tarixi: 12 September 2016.
- "Judge Burton Hall appointed to the ICTY". ICTY. 3 October 2016. İstifadə tarixi: 4 October 2016.