Kazım xan Qaradağlı
Kazım xan və ya Məhəmmədkazım xan (?-1763) – Toxmaqlı oymağının məşhur simalarından biri, Qaradağ xanı (1730-1763). Məhəmmədkazım xan Məhəmmədqasım xanın oğlu, Mustafaqulu xan, Nəcəfqulu xanın atasıdır.
Kazım xan Qaradağlı | |
---|---|
Kazım xan Məhəmmədqasım xan oğlu Qaradağlı | |
1747 – 1763 | |
Əvvəlki | təsis edilib |
Sonrakı | Mustafaqulu xan |
1730 – 1747 | |
Əvvəlki | Əbdürrəzzaq xan |
Sonrakı | xanlıq dövrü |
Şəxsi məlumatlar | |
Doğum yeri | Əhər, Qaradağ vilayəti |
Vəfat tarixi | |
Vəfat yeri | Əhər, Qaradağ xanlığı |
Atası | Məhəmmədqasım xan |
Uşaqları | Mustafaqulu xan, Nəcəfqulu xan |
Dini | Şiə (İslam) |
Hərbi xidmət | |
Mənsubiyyəti | Səfəvilər dövləti |
Həyatı
Məhəmmədkazım xanın hakimiyyətinin ilk illəri Osmanlıların ağalıq dönəminə düşmüşdü. 1730-cu ildə Nadirqulu xan Qırxlı-Avşar Təbrizi, Əhəri, Ərdəbili osmanlıların əlindən aldı. Nadirqulu xan II Şah Təhmasibin (1722-1732) adından Məhəmmədkazım xanı Qaradağın hakimi vəzifəsinə təyin etdi. Məhəmmədkazım xan da atası Məhəmmədqasım xan, böyük qardaşı Əbdürrəzzaq xan kimi Qaradağı müstəqil idarə etmək istəyirdi. Ona görə də nə Osmanlılara, nə Şah Sultan Hüseynə, nə onun oğlu II Təhmasibə, nə də Nadirqulu xana itaətini bildirmədi. 1734-cü ildə Nadirqulu xan Məhəmmədkazım xanı aldadıb tutdu. Saray adamları onu öldürməyi təhrik edirdilər. Nadirqulu xan onu xəlifə ocağının nümayəndəsi olduğuna və qardaşı Əbdürrəzzaq xanın xatirinə bağışladı. Lakin gözlərinə mil çəkdirdi. 1747-ci ilin iyun ayında sui-qəsd nəticəsində öldürülən Nadir şah Əfşardan sonra Azərbaycanda müstəqillik mübarizəsi başlandı. Məhəmmədkazım xan da yaxın qohumlarının yardımı ilə taxta əyləşib Qaradağnı idarə etməyə başladı. Qaradağ xanlığının qonşuluğunda, Ərdəbildə saxta şahzadə III Sam Mirzə taxt-taca iddia edənlərdən biri idi. Digər bir şahlıq həvəskarı Nadir şahın bibisi oğlu Əmiraslan xan Qırxlı-Avşar qoşunla Ərdəbilə yürüş edib Sam Mirzəni edam edərək Təbrizə gəldi. Əli şah adı ilə taxta çıxan Əliqulu xan Qırxlı-Avşar (1747-1748) Əmiraslan xana elçi göndərib onu şah kimi tanımağı təklif etdi. Əmiraslan xan Əli şahın elçisini öldürdü. Onun ən yaxın silahdaşı Məhəmmədkazım xan idi. Qaradağ qoşunundan istifadə edib qonşu hakimləri özündan asılı vəziyyətə saldı.
1748-ci ilin sonunda qardaşı Əli şahı taxtdan salıb gözlərinə mil çəkən İbrahim Mirzə özünü şah elan etdi. İbrahim şah ilk növbədə qorxulu rəqib saydığı Əmiraslan xana qarşı mübarizəyə başladı. Əmiraslan xan ilk döyüşdə məğlub olub Məhəmmədkazım xanla Qaradağa qaçdı. Məhəmmədkazım xan İbrahim şahın intiqamından çəkinib Əmiraslan xanı əsir alıb Təbrizə yolladı. İbrahim şah Məhəmmədkazım xana xeyli ənam-ərmağan və xanlıq fərmanı göndərdi. Tarixçi Məhəmmədhüseyn Qüddusi bu hadisə haqqında yazırdı: "Əmiraslan xanın qoşunları məğlub olub dağılmışdı, özü də dostu Məhəmmədkazım xan Qaradağlı ilə Qaradağa qaçdı. Amma Məhəmmədkazım xan bəhanə ilə onu tutdu. İbrahim xanın əmrilə onu və qardaşı Sarı xanla birlikdə Təbrizdə öldürdülər. İbrahim şah Təbrizdə altı ay qala bildi. Ətrafına 150 mindən çox döyüşçü yığılmışdı. İbrahim şah Nadir şahın nəvəsi, Rzaqulu Mirzənin oğlu Şahrux mirzənin Xorasanda şahlıq taxtına əyləşdiyini eşidib ora tələsdi. Gedərkən Məhəmməd xan Qırxlı-Avşarı Təbrizə hakim, Məhəmmədkazım xanı isə ona nəzarətçi təyin etdi. Məşhəd şəhəri yaxınlığında baş verən döyüşdə İbrahim şah öldürüldü. Şahrux Mirzə 1748-ci ilin oktyabr ayının 2-dən şahlığa başladı. Məhəmmədkazım xanın Şahrux şahdan formal asılılığı vardı. 1751-ci ildən sonra İran və Azərbaycanda nominal da olsun şah qalmamışdı. Lakin şahlıq həvəsinda olanlar vardı. Daha çox həvəsi olanlardan biri Urmiya hakimi Fətəli xan Ərəşli-Avşar idi. İbrahim şahın Təbrizə təyin etdiyi hakimi, Məhəmməd xan Qırxlı-Avşarı öldürən Dünbililər öz hakimiyyətlərini elan etmişdilər. Fətəli xan ellisi Məhəmməd xanın qisasını almaq üçün Təbrizə hücum etdi. Şəhəri aldıqdan sonra paytaxtını Urmiyadan Təbrizə köçürdü. Bir neçə gündən sonra birləşmiş Urmiya, Xoy və Təbriz qoşunları Qaradağa hücum etdi. Məhəmmədkazım xan duruş gətirməyib tabeçiliyini bildirdi. Məhəmmədkazım xan Qarabağ hakimi Pənahəli xan Sarıcalı-Cavanşirlə dostluq ilişkiləri qurmuşdu. Aralarında qarşılıqlı yardımlaşma vardı. Pənahəli xan, Şahverdi xan, II İraklinin Şəki hakimi Hacı Çələbi xana qarşı yaratdıqları ittifaqa Məhəmmədkazım xan da qoşulmuşdu. Tarixçi Molla Məhəmməd əl-Cari yazır: "Bu vaxt böyük bir ordu ilə Təhmuraz xan ilə İrakli xan Gəncəyə gəlirlər və Şahverdi xandan qardaşı Qoçu xanı, bacısı oğlu Xudadad bəyi və Gəncənin digər başçılarını (rəislərini) girov istəyirlər. Sonra Pənah xan və Kazım xan da həmin tələb ilə Gəncəyə gəlirlər. Hacı Çələbi Dərbənddən qoşun yığaraq Ərəş tərəfə Bilicikə gətirir. Vilayət onunla etibarlı ittifaqda idi. Bu vaxt iki vali ziyafətdə olarkən Şahverdi xanı, onun qardaşı Rzaqulu xanı, Pənah xanı, Kazım xanı və başqa rəisləri və onların təbəələrini etibarsız sayaraq həbs edir.
Bu hadisə haqqında tarixçi Mirzə Adıgözəl bəy Qarabaği də bəhs edib. O yazır: "Məhəmmədhəsən xan (Qarabağdan) qayıtdıqdan sonra, Pənah xan, qaradağlı Kazım xan, naxçıvanlı Heydərqulu xan və gəncəli Şahverdi xan məsləhət məclisi qurdular. Onlar belə bir qərara gəldilər ki, bütün Şirvan ölkəsinin hakimi, azad və həmişəlik sahibi-ixtiyari olan Hacı Çələbi onlarla hesablaşmır və dostluq yolunu düzlüklə getmir. Sonra ürəklərinin sözünü məktub vasitəsilə Gürcüstan valisi İrakli xana bildirdilər. Vali də özünü bu işdə və bu yolda onlarla yoldaş olduğunu izhar etdi. Onlara yazıb bildirdi ki, tezliklə hərəkət edərək fürsəti itirmədən buraya gəlsinlər. Bu xanlar da, səfər tədarükü görüb, qoşun və əsgər topladılar. Hamısı ittifaq edib, hərəkət bayrağını qaldıraraq, yola düşdülər. Gəncə şəhərindən yuxarı, Qızılqaya adlı yerdə dayandılar. Çadırlarının zərli qübbələri ayla günəşin fövqünə yüksəldi. Yuxarıda adı çəkilən Gürcüstan valisi bunların dördünü də əsarət kəməndilə tutdu". Məhəmmədkazım xanı və digər xanları əsirlikdən Şəki hakimi Hacı Çələbi xan azad etdi. İranın taxt-tacı uğrunda mübarizə aparan xanlardan biri də Kərim xan Zənd idi. Kərim xan İranın cənub vilayətlərini, Şiraz və İsfahan şəhərlərini ələ keçirdidkdən sonra 1752-ci ilin axırlarında böyük bir qoşunla Azərbaycana hücum etdi. Fətəli xan Avşarın qoşunları Miyana ətrafında onun qarşısını kəsərək irəliləməsinə imkan vermədilər. Həyəcan və qəzəb bütün Azərbaycan ərazisini bürümüşdü. Əhali xarici işğalçını dəf etmək işində fəal iştirak edirdi. Baş verən ilk döyüşdə düşmən qoşunu darmadağın edildi. Kərim xanın İranın müxtəlif vilayətlərindən topladığı qoşun dağıdıldı. O, özü çətinliklə canını qurtararaq cənuba qaçdı. Kərim xan Zənd qaçdıqdan sonra Fətəli xan Avşar onu tamamilə aradan çıxarmaq və qəti olaraq təhlükəsini ləğv etmək məqsədi ilə 40 min qoşunla düşməni təqib etməyə başladı. Fətəli xan İsfahana yaxınlaşarkən qorxuya düşən Kərim xan Şirazda möhkəmlənmək ümidi ilə oranı tərk etdi. Lakin Avşar sərkərdəsinin qəzəbindən ehtiyat edən Şiraz əhalisi şəhər qapılarını onun üzünə bağladı. Fətəli xan Nadir şahın ağalığı dönəmində Şiraz şəhərinin hakimi olmuşdu. Şirazlılar onu yaxşı tanıyırdılar. Vəziyyəti belə görən Kərim xan üç minlik atlısı ilə geri dönməyə və İsfahana qayıtmağa məcbur oldu. Lakin o, İsfahana gəlib çıxa bilmədi və yolda (Qəmşə adlı yerdə) Fətəli xan qoşunlarının ilk dəstələri ilə qarşılaşdı. Sürətlə Kərim xanı təqib edən, ona rahatlıq və müəyyən şəhərdə möhkəmlənməyə imkan verməyən həmin dəstəyə Fətəli xan özü başçılıq edirdi. Müharibənin gedişində Fətəli xan Zənd qoşunlarının başçısı, Kərim xanın qardaşı İskəndər xanla üz-üzə gəldi. Təkbətək vuruşmada o, İskəndər xanı öldürdü. Kərim xan Zəndin darmadağın edilmiş qoşunları pərakəndə halda dağılışdı. O, özü əvvəlcə Xürrəmabad, sonra isə Fars vilayətinə qaçdı. Fətəli xanın inadla təqibindən dəhşətə düşən Kərim xan İranı tərk etmək və başqa bir ölkəyə köçüb getmək qərarına gəlmişdi. Lakin İranın cənubunda sakin olan tayfa başçıları, o cümlədən kürdlər ona yardım edəcəklərini vəd edərək onun ölkədən getməsinə mane oldular. Bundan əlavə, Azərbaycanda baş verən hadisələr və Məhəmmədhəsən xan tərəfində Urmiyanın mühasirəyə alınması xəbəri Fətəli xanın Kərim xan Zəndin təqibindən əl çəkməsinə və dərhal geri qayıtmasına səbəb oldu. Bu savaşlarda Məhəmmədkazım xan Fətəli xan Avşarla müttəfiq idi. Hər iki xanlığın yaxınlaşmasına çalışanlardan biri Fətəli xanın vəziri, Məhəmmədkazım xanın qohumu Mirzə Cavad bəy Ustaclı idi. 1760-cı ildə Azərbaycana ikinci dəfə hücum edən Kərim xan Zənd xanları ətrafına toplayıb Urmiya xanı Fətəli xan Ərəşli-Avşarı məğlub etdi. Sonra xanlara bildirdi ki, bu zəfərin qeyd edilməsi Şiraz şəhərində keçiriləcək. Bu adla xanları aldadıb tələyə saldı. Tələyə düşənlər arasında Qarabağlı Pənahəli xan Sarıcalı-Cavanşir, Qaradağlı Məhəmmədkazım xan, Xoylu Şahbaz xan Dünbili, Marağalı Hacı Əliməhəmməd xan Müqəddəm, Naxçıvanlı Hacı xan Kəngərli, Astarabadlı Ağaməhəmməd xan Qovanlı-Qacar, Gəncəli Rzaqulu xan Ziyadoğlu-Qacar, Xəmsəli Əmirgünə xan Avşar, Sərablı Əli xan Şəqaqi, Farslı Həsən xan Qaşqay və başqaları vardı. Məhəmmədkazım xan Şirazda seçkin "Ağsaqqallar şurası"nın üzvü oldu. Kərim xan Zənd sülhü və savaşı bu şuranın qərarı ilə həyata keçirirdi.
Mənbə
- Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
- Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
- Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.
- M.Quddusi, Nadir şah, Bakı, 1999, səh. 214-215.
- M.M. əl-Cari, Car salnaməsi, Bakı, 1997, səh. 52.
- Qarabağnamələr, 1-ci kitab, səh. 42.