Kayzerşteyn sarayı
Kayzerşteyn sarayı (çex. Kaiserštejnský palác, alm. Kaiserstein Palais) - Praqanın Mala Strana meydanı №37-də yerləşən barokko üslublu binadır. O, 1714-cü ildə iki İntibah dövrünə aid binanın yenidən qurulması nəticəsində yaranmışdı. Hazırda Kayzerşteyn sarayı qorunan memarlıq abidəsi sayılır və UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilib. Bura həmçinin toy mərasimləri keçirmək üçün ən populyar məkandır. Çexiya paytaxtının ən qədim rayonlarından birində, yəni Praqa 1-də yerləşən saray, şəhərin tarixinin bir parçası olmaq üçün özünün xidmətlərini yeni ailə quranlara təklif edir.
Kayzerşteyn sarayı | |
---|---|
çex. Kaiserštejnský palác na Malostranském náměstí | |
50°05′16″ şm. e. 14°24′17″ ş. u. | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Aidiyyatı |
Radetzkilər Kayzerşteynlər |
Memar | Covanni Battista Alliprandi |
Sifarişçi | Frantişek Helfrid Kayzerşteyn |
Tikilmə tarixi | 1714-cü il |
Üslubu | barokko memarlığı |
Rəsmi sayt | kaiserstejnsky-palac.cz |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
Bu barokko sarayı 1714-cü ildə daha erkən tikililər və iki renessans üslublu binanın yerində ucaldılmışdı. O, yaxınlıqdakı Şternberq sarayı ilə birlikdə italiyalı memar Covanni Batisto Alliprandi tərəfindən inşa edilmişdi. Kayzerşteyn sarayı birləşmiş nazik yan qanadları olan iki binadan ibarətdir; bu binalar kiçik bir daxili həyəti formalaşdırır. Birinci mərtəbədə renessans üslublu tavan və tağları görmək olar - bu, bir vaxtlar burada yerləşən ilkin tikililərdən bir xatırlamadır. Sarayın dam örtüyü iki daş vaza və dörd alleqorik heykəllərlə bəzədilmişdir.
Saray Praqa şəhərinin hərbi rəisi olmuş Frantişek Helfrid Kayzerşteyn üçün tikilmişdi. Helfriddən sonra, sarayın sahibləri dəfələrlə dəyişmişdi. Onların içərisində Radçeli Radetski ailəsinin adını xüsusilə qeyd etmək lazımdır. Bu ailənin nümayəndələrindən birinin şərəfinə - yəni marşal Radetskiyə 1859-cu ildə Yozef və Emanuel Maksov tərəfindən Mala Strana meydanında abidə quraşdırılmışdı. 1917-ci ildə abidə meydandan demontaj olunur və bu gün o, Milli muzeyinin kolleksiyasının bir hissəsidir. Bundan başqa, XIX əsrin ikinci yarısında Mala Strana meydanı Radetskinin şərəfinə adlandırılmışdı.
Əsas binanın Mala Strana meydanına açılan ön hissəsində tağ sırasını mövcud idi; 1896-cı ildə aparılan bərpa və yenidənqurma işləri zamanı onlar divara hörülmüşdü. Həmin bu rekonstruksiya işləri zamanı gözəl və böyük eyvan inşa olunmuşdu. Attiki bəzəyən heykəltəraşlıq dekoru italyan heykəltəraşı Ottavio Mosto tərəfindən hazırlanmışdı.
Radetskilərdən sonra, saray mehmanxana biznesinin məkanına çevrilmək üçün sahibkar Vatslav Petzoldun mülkiyyətinə keçir; o, sarayın birinci mərtəbəsində restoran açaraq, binanı "Petzold gildə" adlandırır. 1908 - 1911-ci illər arasında burada görkəmli çex opera müğənnisi Emma Destinnova yaşamışdı. Onun xatirəsini əbədiləşdirmək məqsədilə, binanın divarında onun bürünc büstü və kiçik lövhəciyi quraşdırılmışdı (büstün müəllifi Yan Simotadır). Saray binasında daha sonralar Çex əmanət kassası, Çexoslovakiya ticarət və sənaye palatası, eləcə də Çexiya Respublikasının İqtisadi palatası yerləşmişdi. Çex əmanət kassasının məqsədləri üçün, memar Kaspar Prjedak tərəfindən 1845-ci ildə birinci mərtəbənin akt zalında gecikmiş klassisizm üslubunda düzəlişlər edilmişdi.
1977-ci ildə memar Yaroslav Belski və mühəndis Zdenek Pokornı tərəfindən saray binasında genişmiqyaslı yenidənqurma və bərpa işlərinə start verilmişdi. Yenidən qurma işləri sarayın interyerini və eksteryerini ilkin barokko üslubuna geri qaytarır. Baş böyük zal yenidən bərpa olunur, birinci mərtəbənin girişindəki tağ sırası öz əvvəlki yerinə qaytarılmışdı.
1964-cü ildə Kayzerşteyn sarayı mühafizə olunan mədəniyyət abidəsi elan edilir, 1997-ci ildə isə, UNESCO-nun Dünya irsi siyahısına daxil edilmişdir.
Təsvir
Kayzerşteyn sarayı - barokko üslubunun əsl nümayəndəsidir. Birinci mərtəbədə əyrixətli formaların ayrılmazlığı və axıcılığı özünü göstərir: tağlar öz aralarında birləşdirilmişdir, onlardan birini, elə bil digərinə axıb tökülür. İkinci və üçüncü mərtəbənin əsas bəzək elementi, perimetri bitki dekoru ilə tamamlanmış pəncərə sırası sayılır. Kayzerşteyn sarayının damı mürəkkəb günbəzlərlə, çoxqatlı formalar, iki daş güldan və fəsillərə ithaf olunmuş dörd alleqorik heykəllərlə bəzədilmişdir. Bundan başqa, bütün fasad profillənilən karniz və pilyastrlarla bəzədilmişdir[1].
Mərasimlər
Sarayın interyerində zəfər bayramı, xüsusi ab-hava hökm sürür. Sarayın zalları xüsusi dəbdəbə ilə fərqlənirlər, onun divarları qızılla bəzədilib, hündür tavanlardan isə böyük büllur çilçıraqlar sallanır - onlardan ən böyüyü hətta öz ölçüsünə görə rekordlar kitabına daxil edilib[2]. Bir sözlə, burada toy üçün hər bir şey vardır. Kayzerşteyn sarayında toy canlı musiqi sədaları altında keçirilir. Ayrı-ayrı geniş salonlarda bütün simfonik orkestri yerləşdirmək olar. Bəy ilə gəlin bu gözəl mərasim zalına daxil olaraq, violonçel və skripka sədaları altında Praqa Qəsrinin ətəyindəki qədim Mala Strana meydanına açılan pəncərəyə yaxınlaşaraq, bir-birinə nişan üzüklərini geyindirir və uzun və xoşbəxt ailə həyatına qədəm qoyurlar[3].
Ədəbiyyat
- František Žáček a František Stehlík: Historický a orientační průvodce Prahou, František Stehlík, 1929
- Alois Kubíček: Pražské paláce, Václav Poláček, Praha 1946
- Emanuel Poche, Pavel Preiss: Pražské paláce, Odeon Praha 1977
- Hrubeš Josef, Hrubešová Eva: Pražské domy vyprávějí; Roztoky u Prahy: Orion, 1995, ISBN 80-900287-8-0
- Pavel Vlček (edit.): Umělecké památky Prahy - Malá Strana, Academia, Praha 1999, ISBN 80-200-0771-7
- Slavomír Ravik: Velká kniha o Praze, Regia, Praha, 2000, ISBN 80-86367-05-3
İstinadlar
- Кайзерштейнский дворец - Украшение Малостранской площади Arxivləşdirilib 2021-11-29 at the Wayback Machine (rus.)
- http://pragueincentive.ru/gala-uzhiny/zaly-dlja-provedenija-gala-uzhina/item/196-kajzershtejnskij-dvorec/ Arxivləşdirilib 2021-06-19 at the Wayback Machine Залы для проведения гала-ужинов
- http://www.wedding-cz.ru/svadba-v-prage/item/184-kajzershtejnskij-dvorets.html/%5B%5D Роскошный дворец в стиле барокко, изысканное место для проведения свадебного обряда.