Kastiliyalı Mariya
Kastiliyalı Mariya (isp. María de Castilla) (d. 14 noyabr 1401 - ö. 7 sentyabr 1458) – Araqon və Neapol kraliçası. Kastiliya kralı III Henrinin qızı və Araqon kralı V Alfonsonun xanımıdır. Əri səltənətinin böyük hissəsini səfərlərdə keçirdiyi üçün onun yerinə naibə olaraq ölkəni idarə etmişdir. Bundan başqa qardaşı Con dünyaya gələnədək Kastiliya taxtının varisi olaraq Asturiya şahzadəsi ünvanını daşımışdır.
Kastilyalı Mariya | |
---|---|
isp. María de Castilla | |
2 aprel 1416 – 27 iyun 1458 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 noyabr 1401 |
Doğum yeri |
|
Vəfat tarixi | 7 sentyabr 1458 (56 yaşında) |
Vəfat yeri | |
Atası | III Henri |
Anası | Lankasterli Ketrin |
Həyat yoldaşı | V Alfonso |
Ailəsi | Trastamar sülaləsi |
Dini | katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İlk illəri
Mariya Kastiliya kralı III Henri və Lankasterli Ketrinin ilk övladı idi. Onun xaç anası isə anasının ögey xalası olan rahibə Mariya Ayala oldu. Kastiliyalı mürəbbiyələr tərəfindən böyüdülən Mariya 6 yanvar 1402-ci ildə Toledo kortesi tərəfindən taxtın varisi və Asturiya şahzadəsi ünvanlarını aldı. Hətta mövqeyini gücləndirmək məqsədilə əmisi Ferdinandın oğlu Alfonso ilə nişanlanmışdı. Ancaq qardaşı Conun dünyaya gəlməsinin ardından Mariya taxt sırasında geriyə düşdü və bütün ünvanları əlindən alındı.
4 yaşında ikən atası vəfat etdi və 1 yaşlı qardaşı Con Kastiliya kralı elan olundu. Anası Ketrin və əmisi Ferdinand isə naib olaraq ölkə idarəsini əlinə aldı. Bu illərdə Mariya anası ilə çox yaxın idi və ölkə idarəçiliyi məsələlərində anasını müşahidə etmə imkanı qazanmışdı. Bu yaxınlıq hətta Mariya evlənib ölkəni tərk etdikdən sonra da davam etdi.
Evliliyi
Mariya və Alfonsonun nişanı 1408-ci ilədək rəsmiləşmədi ancaq atası III Henri bu arzusunu öz vəsiyyətnaməsində də qeyd etmişdi. Eyni razılığa görə, Mariyanın kral qardaşı II Con Alfonsonun bacısı Mariya ilə, bacısı Ketrin isə Alfonsonun digər qardaşı Henriylə evlənməli idi. Beləcə, mərhum Kastiliya kralı III Henrinin hər 3 övladı da Araqon kralının ailəsiylə evlənmişdi. Mariya və Alfonsonun toy mərasimi 12 iyun 1415-ci ildə Valensiya kafedralında baş tutdu. Cütlüyün nigahı üçün anti-papa XIII Benediktdən xüsusi icazə alındı. Cehiz olaraq Araqon krallığına bəzi Kastiliya qalaları və yüklü miqdarda məbləğ ödənildi. Bundan başqa Alfonso Kastiliya şahzadəsi elan olundu.
Mariyanın səhhəti çox həssas idi və keçirdiyi çiçək xəstəliyi səbəbilə üzündə qalıcı ləkələr qalmışdı. Üstəlik 16 yaşına qədər yetkinlik çağına gəlməmişdi və bu səbəblə heç vaxt övladı olmadı. Evliliyi siyasi xarakter daşıyırdı. Ərinin Neapoldan dönüşündən sonra münasibətləri daha da pisləşdi. Belə ki, bu əsnada ərinin Giraldona Karlino adlı italyan bir məşuqəsinin və bu məşuqədən doğulan Ferdinand adlı bir oğlunun olduğunu öyrəndi. Ancaq xristian ənənəsinə görə, boşanma qeyri-mümkün idi və evlilyini davam etdirməyə məcbur oldu.
Kraliçalıq illəri
Nigahdan bir il sonra qaynatası Ferdinand vəfat etdi və əri Alfonso Araqon taxtına əyləşdi. Beləcə, Mariya Araqon kraliçası elan olundu. Ancaq bu əsnada xəstə idi və nə qaynatasının, nə də 2 il sonra vəfat edən anasının cənazə mərasiminə qatıla bilmədi. Bu səbəblə, beşi xaric, digər bütün Araqon kraliçaları kimi tacqoyma mərasimi keçirilmədi. Ərinin səltənətinin ilk illərində qaynanası Elyanoranın təsiri altında qaldı. Belə ki, güclü siyasi nüfuza malik olan Elyanora həm saray həyatına, həm də ölkə siyasətinə hakim mövqedə idi. Mariya isə həm səhhəti, həm də övladının olmaması səbəbilə sarayda sevilmirdi.
1420-ci ildə V Alfonso Neapol taxtına olan iddiası səbəbilə Araqonu tərk etdi. Ölkə idarəsini isə etibarsız gördüyü qardaşlarının yerinə xanımı Mariyaya həvalə etdi. Ölkəni tərk etmədən öncə onun kraldan sonrakı ikinci şəxs olmasını sübut edən fərman imzaladı. V Alfonso demək olar ki, bütün səltənəti boyunca Araqonda olmadı və bu müddət ərzində kral naibəsi olaraq ölkəni Mariya idarə etdi.
Onun ilk naibəlik dönəmi 1420-ci ildən 1423-cü ilədək, ikincisi isə 1432-ci ildən vəfat etdiyi 1458-ci ilədək davam etdi. Bu səbəblə ərinin səltənəti boyunca çıxan kəndli üsyanları ilə təkbaşına mübarizə apardı. Üstəlik əri 1435-ci ildə İtaliyada məğlub olub əsir düşdükdən sonra, onun azadlığa buraxılması üçün tələb olunan döyüş təzminatını özü ödədi. Digər yandan vaxtilə qardaşı ilə evlənərək Kastiliya kraliçası olan baldızı Mariya ilə Valyadoliddə görüşdü və bu 2 kraliça ərlərinin əvəzinə sülh müqaviləsi imzaladılar. 1454-cü ildə qardaşının vəfatının ardından taxta çıxan qardaşı oğlu IV Henriylə sülh şərtlərini yeniləmək məqsədilə Kastiliyaya qayıtdı və ölümündən bir il əvvələ qədər Arevalo şəhərində qaldı.
Mənbə
- Earenfight, Theresa. (2010). The King's other Body: María of Castile and the Crown of Aragon. University of Pennsylvania Press. ISBN 0-8122-4185-1.
- Jansen, Sharon L. (2002). The Monstrous Regiment of Women: Female Rulers in Early Modern Europe. Palgrave Macmillan. ISBN 0-312-21341-7.
- Previte-Orton, C.W. (1912). The Shorter Cambridge Medieval History. Volume 2. Cambridge at the University Press.
- Álvarez Palenzuela, Vicente. "María de Castilla". Diccionario biográfico España (in Spanish).