Kartof yeyənlər

Kartof yeyənlər (nid. De Aardappeleters) — Vinsent van Qoqun Brabant dövrünə aid məşhur rəsm əsərlərindən biri.

Kartof Yeyənlər
nid. De Aardappeleters
Rəssam Vinsent van Qoq
Tarixi 1885
Üslubu Postimpressionizm
Texnikası yağlı boya
Ölçüləri 82 sm[1] × 114 sm[1]
Materialı kətan
Saxlanıldığı yer Van Qoq muzeyi
Saytı vangoghmuseum.nl/nl/coll…
vggallery.com/painting/p…
vangoghworldwide.org/art…
İnventar nömrəsi s0005V1962[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tablonun tarixi

Nyüenendə yaşadığı dövrdə Van Qoq təbiətə və kənd həyatına yaxın olmağa çalışır. 1885-ci ilin aprelində qardaşı Teoya yazdığı məktubda o bildirir: "İstisna etmirəm ki, ömrümün sonunacan burada qalacağam. Mahiyyət etibarilə, mənim cəmi bir arzum var- kənddə yaşayıb kənd həyatını təsvir etmək".[2]

Elə həmin məktubda Van Qoq "Kartof yeyənlər" adlanan tablo çəkmək istəyini qardaşına bildirir, lakin o hələ əmin deyil ki, nahar yoxsa şam yeməyini təsvir edəcək, işıq gün işığı yoxsa lampa işığı olacaq.[3]

Bu tablonu rəssam 1885-ci ilin aprel-may aylarında Nyuenendə çəkmişdir. Lakin etüdlərlə üzərində iş hələ qışda başlanmışdı.

"Kartof yeyənlər" tablosunda Van Qoq dostlaşdığı Qrootlar ailəsini təsvir etmişdir. De Qrootlar kəndli idilər. Ailə ata, ana, oğul və iki qızdan ibarət idi və onlar tarlada işləyirdilər. Onlar kasıb olduqlarından əsas yeməkləri kartof idi. Vinsent tez-tez onlara qonaq gedirdi. O dövrə aid bir çox etüd və rəsmlərdə bu ailənin üzvləri təsvir edilmişdir. Qeyd etmək lazımdır ki, kənddə rəssama münasibət birmənalı deyildi. Kəndin katolik keşişinin ondan xoşu gəlmirdi və rəssama poza verməyi günah sayan keşiş yerli sakinləri bundan çəkindirməyə çalışırdı. Ona görə də, de Qrootların bu tablonun çəkilməsinə razılıq verməsi rəssamın uğuru sayıla bilər.

Rəssamın ailə ilə necə yaxın olması ilə bağlı İohann Nater yazır ki, de Qrootun qızının 1885-ci ildə dünyaya gətirdiyi oğlan uşağı kürən olduğundan bütün kənd düşünürdü ki, bu Van Qoqun nikahdankənar oğludur.[4]

Van Qoq bu tablosunda sivilizasiyanın təsiri altında yaşayan insandan fərqli həyat tərzi sürən insanlar haqqında təsəvvür yaratmaq istəyirdi və qardaşı Teoya yazdığı məktubda bildirirdi ki, bu tablo vasitəsilə göstərmək istəmişdi ki, bu adamlar lampa işığında kartofu torpaq qazdıqları əlləri ilə yeyirlər, onlar ağır əməklə məşğuldurlar və öz yeməklərini halallıqca qazanıblar.[5]

Van Qoq tablonun reallığı düzgün əks etdirməsinə mühüm əhəmiyyət verir və qardaşına məktublardan birinə yazırdı ki, kəndli həyatını əks etdirən tabloya şərti hamarlıq vermək olmaz, əgər belə tablo piy, tüstü, kartof buxarı iyini verirsə, bu çox gözəldir.[6]

İki ildən sonra Parisdə olarkən bacısı Vilhelminaya yazdığı məktubda Van Qoq "Kartof yeyənlər"i özünün ən uğurlu tablosu adlandırmışdı.[7]

Lakin buna baxmayaraq Van Qoq bu tablonu yenidən işləmək istəyirdi. Bizə gəlib çatan eskizlərdə görünür ki, rəssam lampa işığı effektini gün işığı ilə əvəz etmək istəmişdir.[8]

Tənqid

Tablo rəssamın dostu Anton van Rappard tərəfindən tənqid olunmuşdu və bu rəssamın xətrinə dəymişdi. Vinsent dostuna yazırdı ki, "sizin mənim işlərimi bu tərzdə tənqid etmək hüququnuz yoxdur" və "mən həmişə nəticə etməyi bacarmayanda onu necə etməyi öyrənmək üçün onu edirəm"[9]

Van Qoq haqqında bioqrafik kitabın müəllifi İohan Nater "Kartof yeyənlər" tablosunu Van Qoqun yaradıcılığının Brabant dövrünün zirvəsi sayır və qeyd edir ki, Van Qoqun kəndlilərin yoxsulluğunu və ağır taleyini təsvir edən tablolarında sosial protest hiss edilmir, fermer əməyi ideallaşdırılır, sadə kənd həyatı üçün keçirilən nostalji hissləri duyulur.[4]

Digər müəllif isə tablonun personajları haqqında yazır: "Onlardan hər biri tənha və təcrid olunmuş görünür, onlar arasında canlı ünsiyyət yoxdur. Onlar bir-birlərinə baxmırlar. Təcrid olunmanın bu tutqun atmosferində bir birləşdirici detal var: lampa...Van Qoqun məhəbbət simvolu olan işıq saçan lampa onların tənhalığında onlara təskinlik verir".[10]

İstinadlar

Ədəbiyyat

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.