Karlsrue Texniki İnstitutu
Karlsrue Texniki İnstitutu (alm. Karlsruher Institut für Technologie) — Almaniyada universitet; Almaniyada texniki sahə üzrə ixtisaslaşan ən qədim ali təhsil müəssisəsi hesab olunur. Avropada isə Praqa, Paris və Vyana texniki universitetlərindən sonra yaranma tarixinə görə 4-cü ali təhsil ocağıdır. Hazırda institut Almaniyanın elit universitetləri doqquzluğuna rəsmən daxil edilib.
Karlsrue Texniki İnstitutu KIT | |
---|---|
Karlsruher Institut für Technologie | |
49°05′58″ şm. e. 8°25′54″ ş. u. | |
Əsası qoyulub | 1825 |
Tip | dövlət universiteti |
Tələbə sayı | 23.321[1] |
Ölkə | |
Ünvan | Almaniya, Karlsrue şəhəri |
Sayt | kit.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Böyük Hersoq Lüdviq Baden tərəfindən 1825-ci il, 7 oktyabr tarixində Paris Politexnik Məktəbinin nümunəsində Karlsrue Politexnikumu yaradılır. Karlsrue şəhərinin mərkəzində yerləşən politexnikum 1865-ci ildən hersoq I Fridrixin təşəbbüsü ilə Ali Texniki Məktəb kimi fəaliyyət göstərməyə başlayır, həmin dövrdə "Friderisian" onun ikinci adı olur.
Məktəb 1900-cü ildə elmlər doktoru elmi dərəcəsinin verilməsi hüququnu əldə edir. Karlsruedə 1904-cü ildə ilk dəfə Ali Texniki Məktəbə Almaniyada ilk dəfə olaraq qızlar qəbul olunur. 1967-ci ildən "Friderisian" məktəbi Karlsrue Universiteti adı ilə fəaliyyətini davam etdirir. 1969-ci ildə Universitet Almaniyada ilk olaraq proqramçı təliminə başlayır, informatika fakültəsi isə 1972-ci ildə yaradılır.
2006-ci ildə Karlsrue Texniki İnstitutunun (Karlsruhe Institute of Technology - KIT) yaradılması haqqında müqavilə imzalanır. Ali təhsil müəssisəsi Karlsrue Universitetinin və Karlsrue Elmi-tədqiqat Mərkəzinin birləşməsi yolu ilə yaradılır, 2009-ci ilin oktyabr ayının 1-dən etibarən fəaliyyətə başlayır.
"Amerika hidrogen bombasının atası" Edvard Teller və avtomobil ixtiraçısı Karl Bens burada təhsil alıb. 1888-ci ildə universitetdə Karlsrue Henrix Hers elektromaqnit dalğaları təqdim edib, iki il əvvəl isə o, öz şagirdi ilə Vilhelm Hallvaks fotoeffekti ilk dəfə sistemli şəkildə öyrənib. XX əsrin əvvəllərində ali məktəbin fizika kafedrasının müdiri vəzifəsində Hersini əvəz edən Otto Leman maye kristalların xassələrinin ilk tədqiqinə dair fundamental işlər yerinə yetirib.
Müasir vəziyyəti
Hazırda da Karlsrue Texniki İnstitutu elmi-tədqiqat və tədris üzrə ən yaxşı alman ali məktəbləri sırasında yer alır. Təsadüfi deyil ki, tələbələrin 20 faizini müxtəlif ölkələrdən gələn əcnəbilər təşkil edir.
Ali Məktəblərin İnkişaf Mərkəzinin son reytinqində ali təhsil müəssisəsi informatika üzrə beş kateqoriyadan dördündə (nüfuzlu müəllimlər, tədqiqat vasitələri, İT-infrastruktur, tədrisin keyfiyyəti) yüksək mövqe tutur. Universitetin kompüter mərkəzi Almaniya ali məktəblərində fəaliyyət göstərən ən böyük və müasir mərkəzlərdən biridir. Qeyd edək ki, 2001-ci ildə Alman Tədqiqat Cəmiyyəti öz tədqiqat mərkəzlərindən birini - Karlsrue şəhərində Avropada ən iri nanotexnoloji tədqiqat mərkəzlərindən biri sayılan, Funksional Nanostruktur Mərkəzi təsis edib.
Karlsrue Texniki İnstitutu ali məktəblərin reytinqində deyil, həm də şirkətlər reytinqində yüksək mövqe tutur. Alman firmalarının insan resursları üzrə departament rəhbərlərinin sorğuları göstərir ki, bu institutun məzunlarına böyük tələbat var.
Hazırda ali təhsil müəssisəsində 18 mindən artıq tələbə təhsil alır, 300 nəfərə yaxın professor çalışır. Universitetin əməkdaşlarının ümumi sayı 4 minə yaxındır. Universitetin təqdim etdiyi yüksək texnoloji təhsil məzunlara vətənində və Avropada böyük perspektivlər açır. Geniş imkanlar Karlsrue Texniki İnstitutunu tədris və elmi tədqiqatlar sahəsində praktik olaraq ideal ali məktəb kimi xarakterizə edir. Həmçinin tələbələr birinci semestrdə tədris proqramı ilə yanaşı mədəniyyətlərarası ünsiyyət bacarıqlarını qazanırlar. Daha bir mühüm amil ondan ibarətdir ki, institut sənaye və iqtisadi təşkilatlar ilə əməkdaşlıq edir: Bu müəssisələrin əməkdaşları, rəhbər işçiləri ali təhsil ocağında mütəmadi olaraq mühazirələr oxuyurlar.
Qeyd edək ki, hazırda ali məktəbin illik büdcəsi təxminən 700 milyon avro təşkil edir.
Tədris istiqamətləri
Karlsrue Texniki İnstitutuna daxil olmaq üçün alman dilini bilmək və aşağıdakı sertifikatlardan birini təqdim etmək lazımdır:
- DSH (2 və ya 3): Deutsche Sprachprüfung für den Hochschulzugang
- TestDaF: Test Deutsch als Fremdsprache
- DSD II : Deutsches Sprachdiplom
- KDS: Kleines Deutsches Sprachdiplom
- GDS: Großes Deutsches Sprachdiplom
- ZOP: Goethe-Zertifikat C2
Karlsrue Texniki İnstitutunda elektrotexnika və informasiya texnologiyaları, informatika, iqtisadiyyat, riyaziyyat, fizika, kimya, biologiya elmləri, humanitar və ictimai elmlər, memarlıq, inşaat mühəndisliyi, Yer və ətraf mühit elmləri, kimya mühəndisliyi və istehsal texnologiyası və maşınqayırma fakültələri fəaliyyət göstərir. Bu 11 fakültə öz növbəsində 43 bölmədən ibarətdir. Elektronika və informasiya texnologiyaları fakültəsində bakalavr təhsil pilləsi üzrə Mexatronika və informasiya texnologiyaları (Mechatronik und Informationstechnik), Elektrotexnika və informasiya texnologiyaları (Elektrotechnik und Informationstechnik), Pedaqogika: mühəndislik təhsili (Ingenieur-Pädagogik), magistratura pilləsi üzrə yuxarıda sadalanan ixtisaslarla yanaşı ingilis dilində tədris olunan Green Mobility, Optika və fotonika (Optics and Photonics), elektron sistemləri (Electronic Systems Engineering), beynəlxalq kommunikasiya texnologiyaları (European Master of Research and Communication Technologies-MERIT) ixtisas istiqamətləri üzrə kadrlar hazırlanır.
İnformatika fakültəsində informatika (Informatik) (bakalavr və magistratura təhsil pillələri üzrə), iqtisadiyyat və informasiya texnologiyaları (Informationswirtschaft) (bakalavr), iqtisadiyyat və informasiya texnologiyaları (Informationswirtschaft) (magistratura) ixtisasları tədris olunur.
İqtisadiyyat fakültəsində bakalavr təhsil pilləsi üzrə informasiya texnologiyaları (Informationswirtschaft), sənaye tikintisi (Wirtschaftsingenieurwesen), texniki iqtisadiyyat və xalq təsərrüfatı (Technische Volkswirtschaftslehre), magistratura pilləsi üzrə yuxarıda qeyd olunan ixtisaslarla yanaşı iqtisadi riyaziyyat (Wirtschaftsmathematik) ixtisası üzrə tədris həyata keçirilir.
Elmi-tədqiqat fəaliyyəti
İnstitut eyni zamanda Almaniyanın nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biridir. Ali məktəbin müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında bir sıra sahələr üzrə fundamental araşdırmalar həyata keçirilir. Tədqiqatların əsas istiqamətlərini nano və mikrotexnologiyalar, enerji, ətraf mühit, iqlim, həmçinin elementar zərrəciklər fizikası və astrofizika, həmçinin materialşünaslıq, kommunikasiya və informasiya texnologiyaları, mobil sistemlərinin öyrənilməsi təşkil edir. Çoxsaylı elmi-tədqiqat layihələri çərçivəsində tələbələr və müəllimlər texnologiyaları və innovasiya ideyaları birgə həyata keçirir.
Xarici əlaqələri
Bu ali təhsil müəssisəsi Almaniyanın 9 aparıcı texniki ali məktəbinin birliyi olan TU9 ittifaqının üzvüdür.[2]
Mənbə
- Cahangir Atakişiyev. "Rabitə dünyası" qəzeti. (az.)
İstinadlar
- https://www.kit.edu/downloads/jahresbericht-2020-de.pdf.
- Über TU9 Arxivləşdirilib 2015-08-21 at the Wayback Machine. tu9.de (alm.)