Karbürator
Karbürator daxili yanma mühərriklərinin maye yanacaq və hava qarışığı ilə qidalandırılmasına xidmət edən yanacağın dozlaşdırılması qurğusudur. Yanacaq qarışığının hazırlanmasına karbürasiya (fransız mənşəli sözdür) deyilir. Yanacağın silindrlərdə böyük sürətlə tam yanması və eyni zamanda böyük istilik verməsi üçün o yanmaya hazırlanmalıdır. Hazırlıq prosesinin mahiyyəti mayenin kiçik damcılara bölünməsi və hava ilə inetsniv qarışmasından ibarətdir. Mayenin yayılması karbüratora verilən yanacaq şırnağının nazik ucluqdan verilən hava ilə darmadağın edilməsi ilə müşayiət olunur.
Növləri
Hava axınının istiqamətindən asılı olaraq karbüratorlar 4 qrupa bölünürlər: düşən cərəyanla (yuxarıdan aşağıya), maili cərəyanla (diaqonal), üfüqi cərəyanla və qalxan cərəyanla (aşağıdan yuxarıya) işləyən. Avtomobillərdə düşən cərəyanla işləyən karbüratorlar geniş yayılmışdır. Üfüqi cərəyanla işləyənlər ən çox motosikllərdə, qayıqlarda, həmçinin gücləndirilmiş avtomobil mühərriklərində istifadə olunur.
Şəkildə Otto mühərriklərində istifadə olunan karbüratorlar təsvir edilmişdir. Otto mühərrriklərində baş verən yanma prosesi hava ilə yanacaq qarışığının nisbətinin 16:1 olmasını tələb edir. Bu nisbətin daimi saxlanmasına baş ucluq xidmət edir. Baş ucluğun işləmə prinsipi ondan ibarətdir ki, havanın qıfdan və yanacağın baş ucluqdan keçməsi zamanı eyni təzyiq fərqi yaransın. Nəticədə hava və yanacağın kütləvi axında nisbəti saxlanılır. Bu nisbətdən meyillənmə konstruksiya tədbirləri ilə aradan qaldırılır.
Düşən cərəyanla işləyən karbüratorlar başlanğıc ağızlığı, üzgəc kamerası, üzgəc, əsas ucluq, hava korrekturu, boş gediş ucluğu, təcilləndirici nasos və CO-boltundan ibarətdir. Mühərrikin optimal işləməsi karbüratordan bir başa asılıdır. Karbüratorun parametrlərinin pozulması avtomobilin dinamiki keyfiyyətlərinin aşağı düşməsinə, yanacaq məsrəfinin artmasına, həmçinin ayrılan qazların toksikliyinin artmasına gətirib çıxarır.
Mənbə
- Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430