Kaoday

Vyetnam dilində tam adı "Kao Day Ten Onq Day Bo Tat Ma Xa Tat" olan cərəyan "Baş ruhun əyləşdiyi tavansız məbəd" kimi tərcümə edilir.[mənbə göstərin] Cərəyanın qurucusu Nqo Van Çieu Vyetnamda fransız müstəmləkə administrasiyasının məmuru olmuşdur. 1878-ci ildə Holone şəhərində doğulan Nqo Van koloniya məktəbində təhsil almış, mistika və spiritizmlə (ölülərin ruhu ilə əlaqə yaratmağın mümkünlüyünü iddia edən mistik təsəvvür) dərindən maraqlanmış, 1902-ci ildən isə spiritik seanslar təşkil etməyə başlamışdır. O, 1920-ci ildə Kao Day adlı ruhun bədəninə daxil olduğunu iddia etmiş və altı il sonra eyniadlı cərəyanı yaratmışdır. Mistikaya önəm verən Vyetnamın ziyalı təbəqəsinin yeni yaranmış cərəyana marağı qısa müddətdə xeyli artmışdı. Cərəyanın mərkəzi Sayqon şəhəri yaxınlığındakı Tey Nin yaşayış məntəqəsi seçildikdən sonra burada cərəyanın baş məbədi tikilmişdi. Onun layihəsi əsasında isə digər şəhərlərdə kiçik məbədlər inşa edilməyə başlamışdı. Cərəyanın qısa müddətdə nüfuz qazanmasının səbəbi fransız müstəmləkə hakimiyyətinin güclü dəstəyi idi. İlk məbədin açılışı münasibətilə təşkil edilən mərasimdə Cənubi Vyetnamda fransız administrasiyasının yüksək rütbəli məmurları, hətta Hind-Çinin general-qubernatorunun iştirak etməsi həmin dövlət dəstəyinin əyani göstəricisi idi. Şübhəsiz ki, fransızları cərəyanın Qərb meyilli olması cəlb etmişdi. Onun üzvləri arasında avropalaşmış ziyalılar – Vyetnamın katolik məktəblərində Qərb təhsili almış məmurlar da az deyildi. Bu vəziyyət ötən əsrin 30-cu illərinin ortalarınadək davam etmişdir. Getdikcə güclənən azadlıq əhval-ruhiyyəsi ölkədə cərəyanın inkişaf istiqamətinin dəyişməsinə təsir göstərməyə başlamışdı. Mərkəzi Məbəd Şərq üslubunda yenidən inşa edilmiş, damındakı xaçlar götürülmüşdü. Kaodaistlər özlərini "ölkəni xarici işğalçılardan azad etmək üçün mübarizə aparan qüvvə" elan etmişdilər. Əslində isə cərəyan müstəmləkə hakimiyyətinin nəzarətindəki mötədil islahatçıların maraqlarını əks etdirirdi. Fransız hərbçilərin ölkənin müxtəlif bölgələrində azadlıq uğurunda baş qaldıran hərəkatları amansızcasına yatırdığı vaxt, cərəyan Sayqon ətrafında açıq şəkildə Fransa əleyhinə təbliğat aparırdı. Vyetnam kommunistlərin hakimiyyəti altında birləşdirildikdən sonra kaodaistlər çətin vəziyyətlə üzləşərək ölkəni tərk etmiş, Avstraliya, Kamboca, ABŞ və bir çox Qərb ölkələrinə üz tutmuşdular. Cərəyanın bütün ayinlərinə, ilk növbədə, spiritik seanslara qadağalar qoyulmuşdu. Yalnız keçən əsrin 80-ci illərinin sonlarında hökumətin liberal din siyasəti nəticəsində kaodaistlərin ruhani liderlərinin çoxu ölkəyə qayıtmağa müvəffəq olmuşlar. Cərəyanın əsas dini-fəlsəfi ideyasını tarixən Baş Tanrının (Kao Day) insanlara çatdırmaq istədiyi yeganə ali həqiqətin müxtəlif din ardıcılları tərəfindən sonradan təhrif edilməsi məfkurəsi təşkil etmişdir. Kao Day mənsubları hesab edirlər ki, Baş Tanrı buna görə insanlara bilavasitə spiritik seanslar vasitəsilə müraciət etməyi qərara almışdır. Cərəyan nümayəndələrinə görə, Baş Tanrı insanlara iki dəfə xilas olmaq imkanını vermişdir. Birinci dəfə Musa, Budda Amitabhu, mifik Çin rəhbəri Fu Si, ikinci dəfə Konfusi, Lao Tszı və İsa Məsih vasitəsilə. Hazırkı üçüncü xilas dövründə isə Baş Tanrı bilavasitə spiritik seanslarla özünü insanlara dərk etdirir. Kaodaistlər daxili və xarici təcrübə sayəsində insanın kamilləşməsinin mümkünlüyünü vurğulayırlar. Xarici təcrübə bütün canlılara sevgi ilə yanaşmağı, məbəd və evlərdə müəyyən gündəlik ayinləri nəzərdə tutursa, daxili təcrübə insanın bütün arzulardan xilas olması, az ilə kifayətlənməsi və təbiətin harmoniyasıyla yaşaması anlamına gəlir. Kaodaistlər Baş Tanrıdan başqa, "Ulu Ana" saydıqları Dak Fat Mau (Yer üzünün qadın başlanğıcının təcəssümü) və birlikdə xüsusi iyerarxiya yaradan ruhlar toplusuna etiqad edirlər. Onlara görə bədənlərdən ayrılan ruhlar xeyirxah insanlar, xilas müjdəçiləri və həqiqi elmin təbliğçiləri kimi zühur edirlər. Kao Day üzvləri üç hissəyə bölünür: ruhanilər, mediumlar və miryanlar. Cərəyana üzvlükdə din mənsubluğu nəzərə alınmasa da, Kao Dayın tərkibində üç icma mövcuddur: konfusiçilər, daosistlər və buddistlər. Hər icmanın ruhani təbəqəsi və özünəməxsus rəngdə libası vardır (müvafiq olaraq qırmızı, mavi və sarı). Bütün üzvlər vacib hesab edilən dünyəvi işlərlə məşğul olurlar. Kao Dayın simvolu günəş şüaları yayan üçbucaqlı gözdür. Hesab edilir ki, bu Tanrının sol gözüdür. Çünki sol göz ruha daxil olmaq qabiliyyətinə malikdir. Bu simvol Amerika dolları əskinasında öz əksini tapıb. Hazırda Vyetnam Sosialist Respublikasında Kao Dayın fəaliyyətinə Hökumət yanında Dini İşlər üzrə Komitə nəzarət edir. Onun fəaliyyətində yalnız spiritik seanslara qadağa qoyulmuşdur.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.