Kanada tarixi
Kolumba qədərki dövrdə amerika ilə digər qitələr arasında əlaqələr
28–30 min il bundan əvvəl ehtimal olunur ki, müasir tipli insanlar Berinq adlanan quru körpüdə-Çukot və Alyaska arasında məskunlaşmışlar. Məhz bu dövrdən Şimali Amerikanın mədəniyyətinin tarixi başlayır. Müasir elm hesab edir ki, bu qitənin ilk sakinləri genetik cəhətlərinə görə protomonqoloid qrupuna məxsus olmuş altay, fin-uqor, tibet xalqlarına daha yaxındırlar. Təsdiqini tapmış bu fikirlər linqvistik və antropoloji əlamətlərə əsaslanmaqdadır. Amerikanın kəşfi və işğalı ilə digər avropalı çoxsaylı xalqların burada məskunlaşması ilə nəticələndi. Lakin bundan öncə bir sıra təmaslar baş vermişdir ki, bunlardan birini belə izah etmək olar:Belə ki, qayıq ilə avropalılara tanış olmayan bir insan tipi avropa sahillərinə yan almışdı və onların dəriləri qırmızı rəngə çalırdı. Ehtimal ki, bu gələnlər hindular olmuş və axına düşmüş, yollarını itirmiş buraya gəlib çatmışdılar. Bundan başqa daha bir ehtimalda vardır ki, Çin və Yaponiya bu ərazilərlə təmasda olmuşdur. Burada tapılan əşya və məmulatlar bunu deməyə imkan verir. Həmçinin Çin xəritələrində də bu ərazilərlə bağlı yerlər göstərilmişdir. Bu Kolumb öncəsi mövcud olan təmaslara aid olanlardı. Kolumb Amerikanı avropalılar üçün kəşf etmişdi, asiyalı və digərləri üçün deyil. Amma yuxarıda sadaladıqlarımız bizə imkan verir ki, Kanada ilə Asiya qitəsi arsında əlaqələrin olduğunu söyləyək. Təbii ki bunlar hamısı bir ehtimal olaraq qalır. Bundan başqa, bu ərazilərə Kolumba qədər Skandinaviya Vikinqlərininin də güclü təmasları olduğu barədə məlumatlar var. Vikinqlər bir sıra ərazilərə getmiş, yağmalamış, talamış və öz təsirlərini yaymışlar. Şimali Amerikaya isə Leif Eriksonun başçılığındakı vikinqlər Lans'O Medousda, Labradorda, Nyufaundlenddə bir sıra məskunlaşma vahidləri qurdular. Qrenlandiyadakı Skandinav koloniyası təxminən 500 il mövcud oldu. İsland saqalarına(dastan, rəvayətlərinə) görə, Vikinqlər İslandiyadan Qrenlandiya ərazisinə təxminən 985–986-cı illərdə gəlmişlər. Qrenlandiyada 2 məskən meydana gəldi:Şərq məskəni, Qrenlandiyanın cənub-qərb ucunda, qərb məskəni isə bugünkü Nuukun daxili sahillərindəki əraziyə qədər olan təxminən 500 km-lik ərazini əhatə edirdi. Əhali təxminən 2000–3000 nəfər idi. Tədqiqatlar zamanı buradan 400 təsərrüfat sahəsi təsbit edilmişdir. Burada həmçinin Norveç Qrenlandiyasının bir yepiskopluğu da vardı.1380-ci ildə Norveç krallığı Danimarka ilə fərdi bir birlik meydana gətirdi.14-cü əsrdən buradakı məskunlaşmalar azalmağa başladı. Qərbdəki məskunlaşma 1350-ci illərdə tərk edilməyə başladı və son yepiskop 1377-ci ildə öldü. Bu ərazilərdə saqalarda izah olunan Vinland(Şərab ölkəsi), Helluland(meşələrin ərazisi) və Markland ərazi vahidləri qurulmuşdur. Ərazidəki digər məskunlaşma vahidi olan Lans'O Medou, Kanada Nyufaundlendi və Labrador əyalətində, Nyudaundlendin ən şimalındakı bir arxeoloji yerdir. Bundan başqa, Point Rouz və ya Fırtınalı nöqtə adlandırılan yer isə, Kanadanın Atlantik okeanı sahillərində, Nyufaundlendin cənub-qərb ucunda, Kodroy yaxınlarında yerləşən bir yerdir.
Kanadada avropalıların məskunlaşması ərəfəsində yerli əhalinin inkişaf səviyyəsi
Kolumba qədərki amerikada, o cümlədən Kanada ərazisində bir sıra yerli xalqlar yaşayırdılar. Bunların bir çoxunda maddi və mənəvi məsələlərdə oxşarlıqlar da mövcud idi. Bu qəbilələrin bir çoxu bir-biri ilə müharibələr aparır, digərinin ərazisini işğal edir, digərləri isə sakit həyat tərzi keçirirdi. Əsas işləri arasında ovçuluq və əkinçilik, sahilboyu ərazilərdə və çay kənarlarında yaşayan xalqlar isə balıqçılıqla da məşğul olurdular. Kanada ərazisində yaşayan əsas xalqlardan İrokezləri, Huronları, Alqonkinləri, Beothukları, Mikmakları, Bləkfutları və bir sıra digər xalqları göstərmək olar. Bu xalqlar içərisində ən böyük və döyüşkəni İrokezlər idi. Onların özünəməxsus idarəçiliyi vardı və onlar liqa yaratmış, liqaya isə 5 İrokez qəbiləsi-Seneka, Kayuqa, Onondaqa, Oneyda və Mohauklar daxil idi. Tuskaroranın liqaya qatılması ilə sayları 6 oldu. Onların hazırkı sayı ABŞ-də 60 min, Kanadada isə 30 minə yaxındır. Əsas məşğuliyyətləri toxa əkinçiliyi idi. Bundan başqa tütün, günəbaxan, noxud, paxla, çətənə və s. becərirdilər. Kişilər ovçuluqla məşğul olur, balığı tilov və səbətlə ovlayırdılar. İrokez qəbilələrində nəsillərin sayı stabil deyildi. Belə ki, Onondaqa, Kayuqa və Tuskarorada 8 nəsil, Mohauk və Oneydalarda isə 3 nəsil ayrılırdı. Digər xalqlardan daha biri isə Alqonkinlər idi. Şimali Amerikanın şərq hissəsində məskunlaşan alqonkinlərdən Kri, Montanye və Naskapiləri göstərmək olar. Təsərrüfat xüsusiyyətlərinə görə Krilər 2 qrupa ayrılırdılar:Düzən və meşə. Düzəndə yaşayan krilərin əsas məşğuliyyəti atçılıq və bizon ovu idi. XIX əsrdə Kanada müstəmləkəçiləri onların ov sahələrini ələ keçirmiş, onları rezervasiyalara köçürmüşdülər. Montanye qəbilələri Labradorun cənubunda, Naskapilər isə onların bir qədər şimalında məskunlaşmışdılar. Onlar köçəri ovçuluq və balıqçılıqla məşğul olurdular. Ümumi sayları isə hazırda 15 min nəfərdir. Daha bir qəbilə qrupu atapasklardır. Kanadanın şimalında yaşayan bütün atapask qəbilələri şərq və qərb qrupuna ayrılırdı. Makkenzi çayı hövzəsində yaşayanlar şərq qrupunu təmsil edir. Krilərlə qonşuluqda isə Çaypevayi qəbiləsi yaşayırdı. Şərq qrupunda köçəri ovçuluq, qərb qrupunda balıqçılıq da ovçuluq qədər mühüm yerə malik idi. Qərbi Atapask qrupuna Yukon çayı boyunca yerləşən naxani, sekani və s. qəbilələri daxildir.
XV əsrin sonu-XVI əsrin əvvəllərində Kanadanın Avropalılar tərəfindən tədqiq edilməsi
XV əsrin sonunda Avropada bu vaxtadək məlum olmayan torpaqların mövcudluğu fikri meydana çıxdı. Yeni məkanların kəşfində dənizçilər mühüm rol oynadığından liman şəhərləri arasında güclü rəqabət gedirdi.1492-ci ilin 12 oktyabrında Xristofor Kolumb və ekipajı Santa Mariya, Nina və Pinta gəmiləri ilə yeni ərazilər kəşf etdi. Bundan sonra bir çox Avropa ölkələri, o cümlədən İngiltərə, Fransa, Hollandiya, Portuqaliya və Danimarka kimi dövlətlər yeni kəşf edilməmiş ərazilərdə öz ekspedisiyalarına başladı. Bunlar əsasən yeni ərazilər və qiymətli vəsaitlər üçün həyata keçirilirdi. Tordesilyas-Aleksandriya sistemində Papanın verdiyi 3 bullaya əsasən yeni ərazilər İspaniya və Portuqaliya arasında bölündü. Papa VI Aleksandrın "Demarkasiya xətti" adlanan məşhur bullasına görə Braziliyanın şərq hissəsi istisna olmaqla, bütün yeni ərazilər İspaniyaya verildi. Lakin, bulla dərc edildiyi ilk gündən etibarən narazılıq doğururdu. Portuqallar Braziliyanı müstəmləkəyə çevirdilər və həmçinin, Kanada ərazisində də bir sıra uğursuz cəhdlərdə görüldülər. 1499–1500-cü illərdə Joao Fernandez Lavrador "Labrador"un xarici görünüşünü təsvir etdi. O Şimal-şərqi Atlantik və Qrenlandiyaya səfər etdi.1501–1502-ci illərdə Korte Real qardaşları Qrenlandiyanı xəritələşdirdilər. Tam olmayan dəlilə görə onların atası Joao Vaz Korte Real 1473-cü ildə Şimali Amerikada-Terra Nova do Bakalhauya(Treska Nyufaundlendi) ekspedisiya edir.1506-cı ildə Portuqaliya kralı I Manuel Nyufaundlend sularında treska balıqçıları üçün vergilər yaratdı.1521-ci ildə Yeni Şotlandiyada balıqçılıq qarovulxanaları quruldu. Portuqaliya müstəmləkəçiləri diqqətlərini Cənubi Ameriaya cəmləşdirərkən bu ərazilər artıq tərk edilməyə başlandı. Fransız tədqiqatları isə bu ərazilərdə əsasən kral I Frensiskin dövründən başlayır.1524-cü ildə Genuyalı tədqiqatçı Covanni de Verazzano Nyu-York limanı ilə Narraqanset körfəzi daxilində olmaqla, Karolina və Nyufaundlend arasındakı bir ərazini tədqiq etdi. O, Yeni İspaniya və İngilis Nyufaundlendi arasındakı əraziyə Franseska və Nova Qallia adını verdi. Daha bir məşhur fransız tədqiqatçısı isə Jak Kartyedir. Kartye 1534–1542-ci illər arası bu ərazilərə 3 ekspedisiya təşkil edir. İlk səfəri 1534-cü ildə, ikinci səfəri 1535–1536-cı illərdə, üçüncü səfəri isə 1541–1542-ci illərdə reallaşmışdır. İngilis tədqiqatçılarından isə bu dövrdə Şimali Amerikaya ekspedisiya edən tədqiqatçı isə Con Kabot olmuşdur. O,1497-ci ildə kiçik gəmisi "Mattyu"dan 18 nəfərlik ekipajla yola çıxdı. Kabotun tam çatdığı ərazi mübahisəlidir. Amma ehtimal ki, bu ərazi Cənubi Labrador, Nyufaundlend və ya Keyp-Breton ola bilər. O çatdığı ərazidə Kral Henri adına ingilis və venesiya bayraqları qaldırdı. O da əvvəl Kolumb kimi doğru yerə gəldiyinə inanırdı.
Kanada ərazisində fransız koloniyalarının yaradılması
1534-cü ildə Jak Kartye ilk səfərinə çıxdı. O 1534-cü ilin 10 mayından başlayaraq, Nyufaundlend hissələrini, Kanadanın Atlantik bölgələrini və Müqəddəs Lavrenti körfəzi hissələrini araşdırdı.24 İyulda Fransa torpağı olduğu bilinən yerə xaç basdırdı(Qaspe yarımadasında). Xaçın üzərində bu sözlər yazılmışdı: "Yaşasın Fransa kralı". O, sentyabrda Fransaya geri döndü və Asiya sularında olduğundan əmin idi. İkinci səfərə 19 may 1535-ci ildə 3 gəmi və 110 nəfərlik ekipajla yola çıxdı. Onların yanında ilk səfərdə özləri ilə Fransaya apardığı iki İrokez məhbusda vardı. Kartye Müqəddəs Lavrenti körfəzinə çatdı və ilk dəfə olaraq çayla yuxarı qalxmağa başladı. Şef Donnakonanın idarə etdiyi İrokez paytaxtı olan Stadakonaya gəldi. Öz əsas gəmilərini Stadakonaya yaxın bir ərazidə buraxdı və 2 oktyabr 1535-ci ildə Hoçelaqaya(indiki Monreala) yolunu davam etmək üçün ən kiçik gəmisini istifadə etdi.1535–1536-cı ilin qışını burada qalmağa qərar verdi. Çünki, Fransaya dönmək artıq gec idi. Kartye və ekipajı 1536-cı ilin aprelinədək Kvebekin aşağısında yerləşən Müqəddəs Çarlz çayının qatı donmuş ərazisində qalmalı oldu. Buzun qalınlığı sahildə 4 fut(1,2 m), çayda isə 1,8 metr idi. O,1536-cı il 15 iyulda San-Maloya gəldi və ən qazanclı 14 aylıq səfərini tamamladı. Kartye üçüncü səfərinə saray əyanı olan Jan Fransua la Rok de Robervalla birgə,23 may 1541-ci ildə 5 gəmiylə San-Malodan yola düşdü. Bu dəfə Şərqə keçid tapmaq düşüncəsi unuduldu və əsas məqsəd Saquenay krallığının sərvətlərini tapmaq idi. Onlar həmçinin Müqəddəs Lavrenti boyunca daimi məskunlaşmalar təmin etmək istəyirdilər. Stadakonaya çatan Kartye yenidən İrokezlərlə bir araya gəldi, lakin, burada yaxşı qarşılanmadı. Məskəni burada qurmamağa qərar verdi. Məskən Kvebekin Keyp-Ruj bölgəsində quruldu. Adamlar burada qiymətli əşya bildiyi hər şeyi toplamağa başladılar. Lakin , Fransada bunların kvars kristalları və dəmir pirit olduğu müəyyən olundu. Sonralar buna görə belə bir ifadə meydana gəldi:"faux comme les diamants du Canada"-yəni "Kanada qızılı kimi saxtadır". Gəmilərin ikisi sentyabrın 2-də Fransaya geri döndü. Sonda Kartye özüdə Robervalsız Fransaya gecəykən gizlicə yola çıxdı. Burada qalan Roberval Çarlsburq Royalda qalmağı əmr etdi.1543-cü ildə xəstəlik üzündən bura tərk edildi. İndiki Ceksonvil-Florida yəni Fort Karolinanın əsası 1564-cü ildə qoyuldu. Müqəddəs Auqustindən gələn ispanlar buranı dağıtdı.1599-cu ildə Tadussakda 16 ticarət postu quruldu.1604-cü ildə Akadiada, Sent-Krua aadasında qısa müddətli bir koloniya vardı. Koloniya əhalisi sinqa xəstəliyindən əziyyət çəkirdi. Növbəti il koloniya Port Royala köçürüldü.1608-ci ildə Duqua, Şampleyndən Müqəddəs Lavrenti sahillərində yeni bir koloniyanın qurulmasını istədi. O, öz Don-de-Diö -"Tanrının hədiyyəsi" adlı gəmisi ilə yola çıxdı. O,1608-ci ildə Kvebekin əsasını qoydu.1634-cü ildə Jan Nikola, La Bay de Puantsın(Qrin Bay) əsasını qoydu. Həmin il, Sör de Laviolett Trua-Rivierin əsasını qoydu.1642-ci ildə Paul de Şomdi Sör de Mezonnöv, Vill-marinin(Monrealın) əsasını qoydu. Lui Joliet və Jak Markit Solt, Sent-Merinin (1668) və Sent-İqnasın(1671) əsasını qoydular.
Kanada və 1789-cu il Fransa burjua inqilabı
Tarixi hadisələr təcrid halındadır. Dünyanın bir tərəfindəki hadisələr digərində çox əhatəli və uzun müddətli təsirlərə sahib ola bilir və Fransız İnqilabı (1789–1799) bunun mükəmməl bir nümunəsidir. Insanlıq tarixindəki ən təsirli hadisələrdən biri olaraq qəbul edilən geniş diametrli siyasi və ictimai qarışıqlıq, İngilis Şimali Amerikasında qətiliklə hiss edildi. Kanadalılar inqilaba necə reaksiya verdi? İngilis və Fransız əhalisi arasında buna münasibət fərqlilikləri oldu mu? Son olaraq, Fransız İnqilabı İngilis Şimali Amerikasını necə dəyişdirdi?
Xalqın reaksiyası
İngilis və Fransız Kanadalı dəstəkçiləri arasındakı ən böyük fərq, Fransız vətəndaşlarının hələ də keçmiş Fransa ilə olan bağlarını hiss etməkdə olduqları idi. "La Gazette də Québec" kimi erkən İngilis Şimali Amerika qəzetləri, inqilabın hadisələrini yaxından izləyirdi və oxucularının duyğularını əks etdirirdi: Qəzetdə saylarından birində belə bir maraqlı məlumat əks olunmuşdu. "… bu gün heç şübhə yoxdurki, bu artıq bir üsyan deyil, gerçək bir inqilabdır. … Fransa bir daha əsla iki il əvvəl olduğu kimi olmayacaq" İngilis Şimali Amerikalılar, xüsusilə də rahiblərin və rahibələrin vəhşicəsinə öldürüldükləri haqqındakı məlumatların 1792-ci ildə ortaya çıxmağa başlamasıyla, inqilabın şiddət təbiətinə xüsusilə üstünlük vermədilər. XVI Lüdovikin edamına reaksiya olaraq, Böyük Britaniya Fransız səfirini və Fransanı bir müharibə bəyanatı ilə cavablamışdı. Bu qarışıqlığa qarışmaq istəməyən ABŞ hökuməti tərəfsizlik elanı nəşr etdi (1793). İngilis Şimali Amerikası, yenə də bir İngilis koloniyası olmasına baxmayaraq neytral ola bilmədi.
İngilis Şimali Amerikası və Fransa
Britaniya, Fransa inqilabının Atlantikə yayılmadığından və Şimali Amerika maraqlarını zəiflətdiyindən əmin olmaq üçün önləyici addımlarını atmağa qərar verdi. İngilis səlahiyyətlilər üç əhəmiyyətli şey etdi:
- Yuxarı və Aşağı Kanada yaradıldı.
- Fransız köç strategiyası idarə edildi.
- Koloniya üzərində nəzarəti möhkəmləndirmək üçün inqilabı istismar etdi.
Fransadakı hadisələr İngilis Şimali Amerikasının yenidən təşkilatlanması məsələsini sürətləndirdi. Yuxarı və Aşağı Kanadanın hər birinə öz seçdikləri məclislər, qanunvericilik şuraları və idarəçilər verildi. Hər əyalətə öz sxemləri istiqamətində özlərini idarə etməsinə icazə verərək Britaniya, bunun gərginliyi azaltacağına inandı və bu səbəblə Şimali Amerika imperiyasını qorumağı asanlaşdırmaqla qalmayıb, üsyanın toxumlarının Aşağı Kanadada da baş verməsinin qarşısını aldı. Bir başqa yol da xalqın qorxusunu artırmaq idi. İngilis Kanadalılar, böyük Fransız əhalisi səbəbiylə İnqilabın burada baş verəcəyindən qorxdu. İngilislər casusluğa başladılar, saxta məlumatlar tapdılar və şübhəli bir casus olan David McLanenin edam edilməsində rol oynadılar. Fransız Kanadalılar axmaq deyildi, İngilislərin etdiklərinin fərqində idilər. Öz İnqilablarını başlamağa heç ehtiyac duymadıqlarını düşünürdülər.
Uzun dövr ərzində təsirləri
Kanada üzərindəki İngilis suverenliyinin güclənməsi və Yuxarı və Aşağı Kanadanın qurulması, ümumi olaraq Fransız İnqilabının Kanadadakı ən əhəmiyyətli təsirləri olaraq düşünülə bilər. Bununla birlikdə, bundan aşağıdakı məsələlər ortaya çıxdı.
- İnqilabın ruhu, 1837-ci ildə Yuxarı və Aşağı Kanadanın uğursuz üsyanlarında hiss edildi.
- Aşağı Kanadada keşişlərin ani bir şəkildə ayağa qalxması, kilsənin Kvebekin gələcəyi mövzusundakı mövqeyini gücləndirdi. Katolik Kilsəsinin əyalət üzərindəki təsiri 1960-cı illərə kimi davam etdi.
- Kanadanın görünüşü inqilabdan sonra dəyişdi.