Sudan otu

Kalış, Sudan otu və ya Sudan sorqosu (lat. Sorghum sudanense) — sorqonun növü.

Botaniki təsviri

Güclü, saçaqlı kök sisteminə malikdir. Kökü torpağın 2,5 m dərinliyinə işləyir, ətrafa isə 0,75 m-ə qədər yayıla bilir. Sudan otunda da dayaq yaxud hava kökləri əmələ gəlir.

Gövdəsi silindir şəkilli, içərisi ağ parenxim hüceyrələrlə doludur. Gövdənin hündürlüyü 0,8 m-dən 3 m-ə qədər olur. Gövdəsində 3-5 yaxud 8-12 buğumarası olur.

Ümumi kollanmasına görə sudan otu üç qrupa bölünür.

- zəif kollanan- 12 ədədə qədər budaq əmələ gətirən,

- orta dərəcədə kollanan 12-25-ə qədər budaq əmələ gətirən,

- şiddətli kollanan 25-dən yuxarı budaq əmələ gətirən.

Kolun formasına görə sudan otu dikduran, zəif dağınıq, dağınıq, yarıməyilmiş və əyilmiş formalara bölünür. Ən çox yayılan formalar dikduran və zəif dağılandır.

Yarpaq, yarpaq ayası və yarpaq səthindən ibarətdir. Yarpaq səthi geniş şırımlı, çılpaq, düz, kənarları girintili-çıxıntılı və uzunluğu 60 sm-ə qədərdir. Yarpaqlanma dərəcəsinə görə sudan otu 3 qrupa ayrılır.

1. Zəif yarpaqlanma – əsas gövdədə 6-ya qədər yarpaq olur.

2. Orta dərəcədə yarpaqlanma – əsas gövdədə yarpaqların miqdarı 6-9 ədəd.

3. Yaxşı yarpaqlanma – yarpaqların miqdarı 9 ədədən yuxarı.

Çiçək qrupu çox sünbüllü süpürgədir. Süpürgənin uzunluğu 40 sm-ə çatır.

Meyvəsi dəndir. Hər süpürgədən 4-5 qram dən alınır. Dənin mütləq kütləsi 10-15 qramdır.

Bioloji xüsusiyyətləri.

Sudan otu istilik sevən bitkidir. Toxumların minimal cücərmə temperaturu 8-10 °C, optimal isə 20-30 °C-dir. Faydalı temperaturun cəmi sortun yetişmə müddətindən asılı olaraq 2200-3000 °C arasında dəyişir. Mənfi 3-4 °C şaxtada bitkinin cücərtiləri məhv olur. Orta gündəlik temperatur 10 °C keçdikdə bitki intensiv inkişaf edir.

Güclü kök sistemi və vegetasiya müddətinin uzun olmasına görə Sudan otu quraqlığa davamlıdır. Əsasən torpağın dərin qatlarındakı nəmlikdən istifadə edir.

Sudan otu qısa gün bitkisidir. Uzun gündə inkişafı bir qədər zəifləyir. Qaratorpaq və şabalıdı torpaqlarda yaxşı inkişaf edir. Zəif turşuluğa dözməsinə baxmayaraq duzlu torpaqları sevmir. Bir ton quru maddə yaratmaq üçün Sudan otu torpaqdan 25-30 kq azot, 6-7 kq fosfor və 15-17 kq kalium elementi aparır. Sudan otu zəif inkişaf edərək səpindən 5-6 həftə sonra 4-5 yarpaq əmələ gətirir. Kollanma fazası 5-ci yarpaq əmələ gəldikdə başlayır. Bu dövrdə gündəlik boy artımı 5-10 sm-ə çatır. Gövdənin böyüməsi çiçəkləmə fazasında dayanır. Sudan otu biçindən sonra gövdədə qalan gözcüklərdən, yaxud kollanma buğumundan yeni budaqlar əmələ gətirərək inkişaf edir. Bəzən də gövdədə saxlanılmış boy nöqtəsi hesabına inkişaf edir. Bir ildə çoxlu biçimlər verir. Vegetasiya müddəti 110-120 gündür.

Növbəli əkində yeri. Sudan otu dənli-paxlalı bitkilər, payızlıq taxıllar, qarğıdalı, çoxillik otlar və s. tarla bitkilərindən sonra növbələnir. Sudan otu torpağın dərinliyindəki nəmlikdən və məhsul əmələ gətirmək üçün çoxlu asan mənimsənilən azotdan istifadə etdiyinə görə ondan sonra kök sistemi torpağın dərin qatlarına gedən bitkiləri növbələndirmək olmaz (şəkər çuğunduru, günəbaxan).

Gübrələmə. Hektara 15-20 ton peyin verdikdə Sudan otunun quru ot məhsuldarlığı 20-25% artır. Sudan otu üçün sələf bitkisinin altına da peyin verilməsinə yaxşı reaksiya göstərir. Əkinlərə təsir edici maddə hesabı ilə hektara 45 kq azot verdikdə quru ot məhsuldarlığı 12-15 sentner artır. Məsləhət görülür ki, əkinlərin hər hektarına orta hesabla kimyəvi çəkidə 45-50 kq azot, 30-45 kq fosfor və 30-45 kq kalium gübrəsi verilsin.

Torpağın becərilməsi və səpin. Torağın Sudan otu üçün becərilməsi Darı bitkisində olduğu kimidir. Üzləmə və erkən şumlama bitkinin aqrotexnikasında böyük əhəmiyyət kəsb edir. Səpin qabağı erkən yazda iki iz malalanır və iki dəfə kultivasiya çəkilir. Birinci kultivaisyanı 8-10 sm dərinliyində, ikincini isə səpin qabağı 4-5 sm dərinliyində aparırlar, eyni dərinlikdə xırda toxumları basdırmaq və effektli çıxışlar almaq üçün səpinqabağı torpağı sıxlaşdırırlar. Yaz quraq keçdikdə birinci kultivasiyadan sonra torpağın sıxlaşdırılması faydalıdır. Bu halda torpaqda nəmlik yaxşı saxlanılır və cücərmiş alaqlar ikinci kultvasiyada məhv edilir.

Sudan otunun səpininə torpağın 10 sm-lik qatında temperatur 10-120C olduqda başlanılır. Ot məqsədi üçün səpin başdan-başa, toxum məqsədilə gencərgəli üsulla aparılır. Toxum ağır torpaqlarda 3-4 sm, yüngül torpaqlarda isə 6-8 sm-ə qədər dərinliyə basdırılır. Səpindən sonra tarlada kipləmə aparılır.

Əhəmiyyəti.

Sudan otu quru ot və yaşıl kütlə məhsulu verir. Məhsuldarlığına görə sudan otu bütün birillik taxıl otlarını ötüb keçir. Yaxşı aqrotexniki fonda sudan otu hektardan 50-70 və hətta 100 sentnerə qədər quru ot məhsulu verir.

Tədqiqailarla müəyyən edilmişdir ki, kövşənlik əkinlərində suvarılan rayonlarda sudan otu uzun müddət hektardan 250-280 sentner yaşıl kütlə məhsulu vermişdir.

Sudan otunun quru otunda 9-10% zülal var. Bir kq yaşıl kütləsində 65-80 mq karotin olur. Proteinin həzm olunma əmsalı 60,8%, yağ-45,7%, azotsuz ekstraktiv maddələr-73,4%, sellüloza-69,1%-dir. Sudan otu heyvanlar üçün yaxşı yemdir. Vətəni Sudan ölkəsidir.

Məhsulun yığılması.

Quru ot üçün Sudan otunun borulaşma fazasının sonu və süpürgələmə fazasının başlanğıcında biçməyə başlayırlar. İkinci və üçüncü biçimləri də 30 günlük fasilələrlə aparırlar. Biçim torpaq səthindən 7-8 sm hündürlükdə aparılır. Aşağı həddə cavan budaqların inkişafı və yaşıl kütlə məhsuldarlığı aşağı düşür.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.