Kabbala
Kabbala (İbricə: קַבָּלָה "alma", Standart İbricə Qabbala, Tiberian İbricə Qabbālāh; müxtəlif şəkillərdə yazılır; məsələn: Cabala, Cabalah, Cabbala, Cabbalah, Kabala, Kabalah, Kabbala, Qabala, Qabalah, Qabbalah, Kaballah) alma, qəbul etmə mənasını verən kabbala yəhudi mistikasıdır.
Yəhudilik fəlsəfəsi
Dini mətnlər
Müqqədəs şəhərlər
Yəhudi bayramları
Dini şəxsiyyətlər
Musəvilik həyat tərzi
Məktəblər
Dini rollar
Dini tikililər
Musevi Ayin sistemi
Yəhudi dilləri
Etnik bölünmələr
Musəvi məzhəbləri
Dini obyektlər
Musevi duaları
Digər dinlərlə əlaqələr
|
Mənası
Kabbala – Tanrının mahiyyətini dərk etməyə və dünyadakı məxluqların, o cümlədən insanın var olmasının səbəbini anlamağa çalışan yəhudiliyə məxsus mistik ənənə, təlimdir; ibranicə "qəbul etmə, təhvil vermə" deməkdir. Bu təlim İlahi mahiyyətin dərinliklərinə nüfuz etməyə çalışmışdır. Kabbala Tanrının və mələklərin adlarına böyük əhəmiyyət vermiş, varlığın və ilahi hökmlərin sirlərini açmağa çalışmışdır. Ona görə də bu təlim Tövratın söz və hərflərinə gizli məna daşıyan bir növ mistik kod və şifrə kimi yanaşmışdır. Fövqəltəbii qüvvələrdən istifadə edilməsi və nümayiş olunması məqsədini güdən fəlsəfi düşüncələr, meditasiya örnəkləri və mistik təcrübələr burada geniş yer almışdır. Kabbala müqəddəs adlar, ilahi rəqəmlər və coşqun duaların köməyi ilə Tanrını anlamaq üsullarını təklif etmişdir.
Talmuda görə, Tövrat (Tora) mətnini "Pardes" adlanan xüsusi dörd yolla başa düşmək olar:
- Pşat yolu – sadə şəkildə və hərfi mənada;
- Remez yolu – kinayə və eyham;
- Draş yolu – təfsir və şərh;
- Sod yolu – sirr və gizli.
İudaizmdə Kabbala dördüncü, ən dərin yol olan – sod yolu hesab edilir. Onu yalnız ilk üç yolu keçənlər tədqiq edə bilərlər. Bunun üçün müəyyən şərtlər lazımdır:
- Kişi cinsinə mənsub olmaq;
- Ailəli olmaq;
- On üç yaşdan yuxarı qız və oğlan övladına sahib olmaq;
- Qırx yaşı ötmək;
- Talmud və Tövratı mükəmməl bilmək. Çünki kabbalistlərə görə bu tələblərə cavab verməyən adam bu mistik elmi tədqiq etməyə cəhd göstərərsə, ya dindən çıxacaqdır, ya da, dəli olacaqdır.
Təlimin ardıcılları hesab edir ki, Tövrat gizli biliklər və sirli mənalar ehtiva edən kitabdır. Burada kainatın və Tanrının sirləri gizlənmişdir. Bu məxfi məlumatları isə yalnız seçilmiş insanlar, yəni kabbalistlər başa düşə bilərlər.
Kabbala təlimi
Kabbala təliminə görə, ruh bu "dərsi" öyrənmədən və yaradılış vəzifəsini yerinə yetirmədən maddi dünyanı tərk edə bilməyəcəkdir. Yalnız Kabbalanı öyrəndikdən sonra ruh məqsədinə çatıb, maddi dünyanın burulğanından azad olacaq və "Qmar Tikun" (ibranicə "Son İslah") adlanan səviyyəyə çatacaqdır. Ruhun bu halına çatmaq Kabbalanın əsas hədəfidir.
Tərkibi
Kabbalanın tarixi çox qədimdir. Hələ Babilistan sürgünü zamanı bəzi yəhudi mütəfəkkirləri mələk və şeytanlardan bəhs edən təlimlərə maraq göstərmiş, axirət, ölümdən sonra dirilmə, Tanrının taxtı, qiyamət, insanın ikili mahiyyəti, mifik coğrafiya, göylərin təsviri kimi mövzuları tədqiq etmişlər. Kabbala çoxəsrlik inkişaf dövrünü keçmiş və orta əsrlərdə son şəklini alaraq formalaşmışdır. Yəhudi mistik təlimi olan Kabbalanın əsasını "Sefer Yetsir", "Sefer qa-Bagir" və "Zoqar" kitabları təşkil edir.
"Sefer Yetsir" (ibranicə "Yaradılış Kitabı") Kabbalanın ən qədim kitabıdır. Bu haqda ilk məlumat eramızın 120-ci ilinə təsadüf edir. Kabbalistlərə görə onun müəllifi İbrahim peyğəmbərdir (ə). Tarixçilər bununla razı deyillər. Onlar düşünürlər ki, bu əsər eramızın II əsrində ravvin Akkiva tərəfindən yazılmışdır.
Əsərdə on mistik rəqəmin (sfirot) və yəhudi əlifbasının iyirmi iki hərfi vasitəsilə dünya, zaman və insanın yaradılışı izah olunur. Kitabda hərflər üç qrupa bölünmüşdür: üç ana hərf, yeddi ikili hərf və on iki sadə hərf. Əsərin müəllifinə görə, üç ana hərfin köməyilə dünyada hava, su, atəş, ilin üç fəsli, insan bədəninin üç üzvü – baş, qarın və sinə yaradılmışdır. Bəziləri hesab edir ki, "Sefer Yetsir" əl-kimya elmi üzrə ən qədim dərslikdir və buradakı hərflər, saylar, əslində, kimyəvi birləşmələr və reaksiyalar barədə kodlaşdırılmış məlumatlardır; zaman keçdikcə onların mənaları unudulmuşdur. "Sefer Yetsir" kitabında bürclər ilk dəfə bizə məlum olan adlarla göstərilmişdir.
"Sefer qa-Bagir" (ibranicə "Aydınlıq Kitabı") ən qədim və mühüm kabbalist kitablardan sayılır. Əsər 1176-cı ildə işıq üzü görmüşdür. Mühafizəkar kabbalistlərə görə, "Sefer qa-Bagir" eramızın I əsrində Rabbi Nehuniya ben Hakana tərəfindən yazılmışdır.
Kitabda Tanrının müxtəlif adlarından bəhs olunmuş, Talmudda verilən və on iki hərfdən ibarət olan Yaradıcının adı şərh edilmişdir. Tanrının bu adı erkən Talmud qaynaqlarında da qeyd edilmişdir. "Zoqar" (ibranicə "şəfəq", "işıq" deməkdir) Kabbalanın ən məşhur kitabı sayılır. Kabbalistlərə görə, eramızın II–III əsrində ravvin Şimon bar Yoxayem tərəfindən yazılmış və XIII əsrdə Moşe de-Leon tərəfindən nəşr edilmişdir. Məşhur yəhudi dinşünas Gerşom Şolemin fikrincə, Moşe de Leon özü bu kitabı qələmə almış və Şimon bar Yoxayanın əsəri kimi göstərmişdir.
Rəvayətə görə, ravvin Şimon bar Yoxay oğlu ilə birgə mağarada Kabbalanın sirlərini öyrənmiş, sonra isə öyrəndiklərini tələbələrinə tədris edərək, nəticədə "Zoqar" adlı kitabı yazmışdır. Kabbala ilə məşğul olanlar bu əsəri kabbalist təfəkkürünün əsası hesab edir və ona güclü mənəvi qüvvə kimi yanaşırlar. Onların əksəriyyəti tövsiyə edirlər ki, bu kitab hər evdə olmalıdır. Kabbalistlərə görə, əgər bir adam səslə "Zoqar"ı oxusa və oxuduğundan heç nə anlamasa belə, bu kitabdan şüuraltı səviyyədə fayda götürəcəkdir. XVI əsrdə "Zoqar" elə nüfuza malik idi ki, onu hər alim əldə etmək istəyirdi. Orta əsrlərdə kitabın oxucuları, əsasən, yəhudi mistisizmi ilə maraqlanan xristianlar idi. Onlar bu təlimi dinlərinə uyğunlaşdırmağa çalışmışlar.
"Zoqar" kitabı Toranın təfsiri mahiyyətində yazılmışdır, lakin digər təfsirlərdən fərqli olaraq, burada mistik ilhamlar və İsrail xalqının məşhur müəllimləri barədə rəvayətlər çoxluq təşkil edir. Kitabın ən maraqlı məqam ravvin Şimon və onun həmkarları arasında baş verən mübahisədir.
Kabbala xristian ilahiyyatçıları tərəfindən tənqid olunmuşdur. Onların fikrincə, Kabbala – magiya, okkultizm, astrologiyadan ibarət və reinkarnasiya kimi batil inanclardan bəhs edən antimonoteist təlimdir. Bəzi yəhudi alimləri və ravvinləri bu fikirlə razılaşmışlar. Məsələn, XX əsrin əvvəlində yəmənli ravvin İxiye Kapax Kabbalaya qarşı çıxaraq iddia etmişdir ki, bu mistik təlim tamamilə İudaizmə ziddir və onunla məşğul olanlar günah işlədirlər.
Kabbala bu və ya digər şəkildə bir çox Qərb filosof və alimlərinə təsir göstərmişdir. Mədəniyyət və elm adamlarının bu mistik təlimə olan meyli onu göstərir ki, Kabbala hələ də maraq dairəsindədir.
Kabbalanın bir mənası da adət, ya da qulaqdan ağıza deməkdir. Kabbalaçıların yazdıqları kitablar bizə insanın şəxsi araşdırmalarına əsaslanaraq öz-özünü öyrənmə texnalogiyasını çatdırır.