Kərmədüz mahalı
Kərmədüz mahalı — Qaradağ xanlığının bölgələrindən biri.
Mahal haqqında
Kərmədüz mahalı Qaradağ xanlığının 18 mahalından biri idi. Baş kəndi Həsrətan şenliyi sayılırdı.
Tarixi
Zeynalabidin Əli "Təkmilət-ül əxbər" əsərində yazır ki, göstərdiyi igidliyə görə "Tozqoparan" ləqəbini almış Qara Piri bəy Qacar İsmayıl tərəfindən 1501-ci ildə Ağqoyunlu Əlvəndə qarşı göndərilmiş avanqard qoşuna rəhbər təyin edilmişdi. Ağqoyunlu qüvvələri Hüseyn Ağa Şükür oğlunun başçılığı altında Meşkin mahalında Kərmədüz adlı yerdə Qara Piri bəy Qacarın yaxınlaşdığını xəbər tutaraq qaçmış və Sultan Əlvəndin əsas qüvvələrinə qoşulmuşdu.
Əhalisi
Kərmədüz mahalının əsas eli Çələbiyanlı idi.
Tarixi abidələri
- Kəhran qalası-1190-cı ildə yenidən Həmədan yaxınlığında Qızıl Arslanın üzərinə hücuma keçir, lakin Əmir Fəxrəddin Qutluq qoşununu darmadağın edir, özünü əsir alır.
III Toğrul ümid edir ki, əmisi Qızıl Arslan onu tutmuyacaq. Lakin Atabəy onu qandallayıb Kərmədüzdə Kəhran qalasında tutuqlu edir. III Toğrulun dustaq saxlandığı qala bir çox qaynaqlarda dürlü yerlərdə göstərilib, Əl-Hüseyni yazır ki, "Azərbaycanda, Təbriz yaxınlığında bir qalaya salır". Əl-Nişapuri Kəhran qalasını dəqiq göstərir. İbn əl-Əsir, əl-Bundari və əl-İsfahani eləcə "qalaların birində" deyə yazıb keçirlər. Anonim "Oğuznamə" də və Rəvandidə "Dizmar qalasında" sultanın tutuqlu yatdığı qeyd olunur. Tarixçi Fəzlullah Rəşidəddin yazır: …sultanı yaxşı başa düşdülər və 586-cı ilin ramazan ayından bir neçə gün keçəndən (1190-cı il, oktyabr) sonra onun oğlu Məlikşahı Azərbaycana, Araz çayı yaxasında qərar tutan Kiran və İbrahimabad yaxınlığındakı Kəbban vilayətinin Kəhran qalasına göndərdilər Bax: F. Rəşidəddin, Camüəttəvarix. Tehran. 1362. səh. 434. farsca). Həmdullah Müstofi Qəzvini (740h.q.) Nüzhətülqülub kitabında Azərbaycanın şəhərlərini belə sayır: "Təbriz, Ocan, Təsuc, Ərdəbil, Xalxal, Darmərzin, Şahrud, Meşkin, Ənar, Ərcaq, Təklifə, Xiyav, Dəravərd, Kəhran qalası, Kəleybər, Gilan fəslun, Mərdan qum, Nozər, Xoy, Səlmas, Urumiyə, Üşnəviyə, Sərav(Sərab), Mianc(Miana), Gərmrud, Mərağa, Dehxarqan, Bəsoy, Neylan (Leylan), Mərənd, Dızmar, Zəngian, Zunuz, Kərkər(Gərgər), Nəxcivcan, Ordubad, Əcənan, Azad, Makuye(Maku)."
Məşhur simaları
- Hacı Rəhim xan Çələbiyanlı-Çələbiyanlı elinin elbəyi, şahpərəst, Qaradağ qoşunun komandanı, Nüsrətüssəltənə, mirpənc (general-leytenant)
- Dəsgiralı xan Mahmudəlili-elbəyi
- Aşıq Hüseyn Cavan-el aşığı
Mənbə
- Ənvər Çingizoğlu, Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998, 192 səh.
- Ənvər Çingizoğlu, Qaradağlılar, Bakı, "Şuşa", 2008, 160 səh.
- Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.