Kərim Kərimov (sənətşünas alim)

Kərim Cabbar oğlu Kərimov (20 sentyabr 1921, Naxçıvan, Naxçıvan Sovet Sosialist Respublikası25 iyun 1995, Bakı) ― sənətşünas alim, professor (1975), sənətşünalıq doktoru (1971), AMEA-nın müxbir üzvü (1980).

Kərim Kərimov
Doğum tarixi 20 sentyabr 1921(1921-09-20)
Doğum yeri
Vəfat tarixi 25 iyun 1995(1995-06-25) (73 yaşında)
Vəfat yeri
Elmi dərəcəsi
Elmi adı
Təhsili
Üzvlüyü
Mükafatları "Şərəf nişanı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

Həyatı

Kərim Kərimov 20 sentyabr 1921-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra İkinci Dünya müharibəsi iştirakçısı kimi 1939–1946-cı illərdə Sovet ordu sıralarında hərbi xidmət keçib. Ordudan tərxis olunduqdan sonra 1946–1951-ci illərdə Bakı Dövlət Universitetinin Sənətşünaslıq bölməsində ali təhsil alıb.[1][2]

Əmək fəaliyyəti

1951-ci ildə AMEA Memarlıq və İncəsənət İnstitutuna gələn gənc mütəxəssis Kərim Kərimov ömrünün sonuna kimi həmin institututda müxtəlif vəzifələrdə çalışıb. Belə ki, o, 1971–1995-ci illərdə AMEA Memarlıq və İncəsənət İnstitutunda şöbə müdiri, 1973–1993-cü illərdə elmi işlər üzrə direktor müavini, 1993–1995-ci illərdə isə direktor vəzifəsində işləyib.[1][2] Habelə 1958-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Kərim Kərimov 1982–1992-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının katibi vəzifəsini icra edib.[1]

Kərim Kərimov 1993-cü ildə Beynəlxalq Gözəl Sənətlər Akademiyasının həqiqi üzvü seçilib. O, Mədəniyyət Abidələrinin Qorunması və Bərpası Metodiki Şurasının, Mətbuat Komitəsinin Bədii Şurasının və b. şura və komissiyaların üzvü olub.[1]

Akademik fəaliyyəti

Kərim Kərimov 1952–1955-ci illərdə AMEA Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında oxuyub. O, 1959-cu ildə "XIX-XX əsrin əvvəllərində Azərbaycanda realist təsviri incəsənətin təşəkkülü və inkişafı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru, 1971-ci ildə "XVI əsr Təbriz miniatür məktəbi" mövzusunda isə doktorluq dissertasiyalarını müdafiə edərək sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsini alıb.[1][2]

Kərim Kərimov 1975-ci ildə professor elmi adını alıb, 1980-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib. Alimin elmi fəaliyyəti Azərbaycan təsviri sənət tarixinin yaradılması, orta əsr miniatür sənətinin araşdırılması, bir çox Azərbaycan sənət əsərlərinin və sənətkarlarının aşkar edilməsi və ilkin tədqiqinə həsr olunub. Təbriz və Qəzvin miniatür məktəblərinin üzə çıxarılması və elmi əsaslandırılması, onların Yaxın və Orta Şərq incəsənətinə təsirinin öyrənilməsi məhz onun adı ilə bağlıdır. Alim 110-dan artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir.[1]

Pedaqoji fəaliyyəti

Kərim Kərimov həm də pedaqoji və ictimai fəaliyyətlə məşğul olub. Təcrübəli pedaqoq kimi 1966-cı ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, bir çox doktorluq və namizədlik dissertasiyalarının elmi rəhbəri olub.[1][2]

Monoqrafiya və kitabları

  • "Bəhruz Kəngərli" (1962);
  • "Soltan Məhəmməd və onun məktəbi" (1971, 1993)
  • "Azərbaycan incəsənəti" (müştərək, 1977, 1992)
  • "Azərbaycan miniatürləri" (1980);
  • "Miniatür" (1983);
  • "Divar üstü boyakarlıq" (1983);
  • "Nizami Gəncəvi "Xəmsə" miniatürləri" (1983);
  • "Azərbaycan incəsənəti" (1977, 1992);
  • "Azərbaycan Xalq rəssamı Lətif Kərimov" (alman dilində, 1983);
  • "Sadiq bəy Əfşar" (1987);[1]

Vəfatı

Kərim Kərimov 25 iyul 1995-ci ildə Bakıda vəfat edib.[1][2]

Mükafatları

  • "Şanlı əməyə görə" (1970) medalı;
  • "Şərəf nişanı" (1972) ordeni;[1]

İstinadlar

  1. "Kərimov Kərim Cabbar oğlu" (Azərbaycan). science.gov.az. 21-09-2021 tarixində arxivləşdirilib.
  2. "Sənətə və sənətkara dəyər verən alim — Kərim Kərimov-10" (Azərbaycan). www.anl.az.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.