Kərim Şükürov

Şükürov Kərim Kərəm oğlu (10 may 1956, Bərdə) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, AMEA-nın Elmi Şurasının sədri, A.A. Bakıxanov adına Tarix İnstitutunun baş direktoru[1], Azərbaycan Turizm və Menecment Universitetinin professoru.[2]

Kərim Şükürov
Doğum tarixi 10 may 1956(1956-05-10) (67 yaş)
Doğum yeri
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
İş yerləri
Mükafatları Azərbaycan Respublikasının Dövlət Mükafatı

Həyatı

Kərim Şükürov 1956-cı il may ayının 10–da Bərdə rayonunda anadan olub. 1962-ci ildə Bərdə şəhər 1 № li orta məktəbin birinci sinifinə gedib, 1972-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1977-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurub. 1977–1980-ci illərdə Bərdə şəhər 1 № li orta məktəbində müəllim, direktor müavini, Bərdə rayon komsomol komitəsinin ikinci katibi işləyib. Bərdə şəhər sovetinin deputatı seçilib.

1980-ci ilin sentyabrında BDU-nun aspiranturasına (istehsalatdan ayrılmaqla) daxil olub, eyni zamanda universitetdə pedaqoji fəaliyyətə başlayıb. 1983-cü ildə aspiranturanı bitirdikdən sonra universitetə müəllim təyin olunub. Əvvəlcə (1983–1989) SSRİ tarixi (oktyabraqədərki dövr), sonra (1989-cu ildən) Azərbaycan tarixi kafedrasında pedaqoji fəaliyyətini davam etdirib. Azərbaycanın tarixi demoqrafiyası Elmi-Tədqiqat laboratoriyasının təşkilatçılarından olub, ona rəhbərlik edib. Hazırda AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, Azərbaycan Turizm və Menecment Universitetinin professorudur. "Visions of Azerbaijan" jurnalının məsləhətçi redaktorudur.

Yaradıcılığı

1984-cü ildə namizədlik (fəlsəfə doktoru), 2007-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. On bir kitab və monoqrafiyanın, yüzdən çox məqalənin müəllifidir. "Azərbaycan əhalisi haqqında ədəbiyyat. Biblioqrafik göstərici." (Bakı, 1994), "Türk xalqları XVI–XX yüzilliklərdə: say dinamikası (Çar Rusiyası və Sovetlər İttifaqı üzrə)" (Bakı, 1997), "Azərbaycan tarixi. Üç hissədə", I–II hissələr (Bakı, 1994–2004), "Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları (qədim zamanlardan müasir dövrədək)" (Bakı, 2004), "Türkmənçay – 1828. Tarixi xronika" (Bakı, 2006), "Qarabağ: real tarix, faktlar və sənədlər" (Bakı, 2005, Yaqub Mahmudovla birgə), "Naxçıvan: tarixi və abidələri", (Bakı, 2007, Y. Mahmudovla birgə) kitabları çap edilmişdir.

Kitab və məqalələri Azərbaycan dili ilə birgə rus, ingilis, alman, ərəbfars dillərində nəşr edilmişdir.

Respublika elmi konfransları ilə birgə Ankara (1994, 1997), Lefkoşa (1995), Praqa (1996, 1999), Naxçıvan (2006), Bakı (2007), Qars (2007), Berlin (2008) və başqa beynəlxalq konfranslarda da iştirak edib.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Siyasi elmlər üzrə Ekspert şurasının üzvü və AMEA-nın Tarix İnstitutunun Elmi Şurasının sədridir.

Tarix elminin təbliği sahəsində də geniş iş aparır. AzTV-də həftəlik "Azərbaycan tarixi" verilişinin aparıcısıdır.

Azərbaycanın ictimai-siyasi həyatında da fəal iştirak edir. Azərbaycanda Həmkarlar İttifaqı hərəkatında xidmətlərinə görə AHİK İcraiyyə Komitəsinin 10 aprel 2008-ci il tarixli qərarı ilə "yubiley medalı" ilə təltif olunub.

"METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın "Tarix, Arxeologiya və Antropologiya" üzrə redaksiya heyətinin üzvüdür.[3]

Siyasi fəaliyyəti

1995-ci il parlament seçkilərində Kərim Şükürov Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 12-ci sırada olmuşdur.[4] Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.[5] Beləliklə, Kərim Şükürov deputat seçilə bilməmişdir.

Mükafatları

Azərbaycan Respublikasının Dövlət MükafatıAzərbaycan Respublikasının Dövlət Mükafatı[6]

Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının qərarı ilə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanı təqdim edilmişdir.[7]

Filmoqrafiya

  1. Erməni soyqırımı. Türkün sözü (film, 2001)
  2. Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film (film, 2003)
  3. Azərbaycan xəritəsi (film, 2006)
  4. Azərbaycan xalçaları. Qarabağ qrupu (film, 2013)

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.