Kəmalə Ağayeva

Kəmalə Ağayeva Ağa qızı (10 iyul 1936, Naxçıvan18 iyul 2019, Bakı) ― şairə, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1958), Teatr Xadimləri İttifaqının üzvü (1971), Əməkdar mədəniyyət işçisi (1984), Əməkdar incəsənət xadimi (2002), Prezident təqaüdçüsü (2003).[1]

Kəmalə Ağayeva
Doğum tarixi
Doğum yeri Naxçıvan
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dillər Universiteti
İxtisası fransız dili
Fəaliyyəti şairə
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı  — 2002

Həyatı

Kəmalə Ağayeva 10 iyul 1936-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. Burada 2 saylı şəhər orta məktəbində təhsil almışdır. Daha sonra 1953-1957-ci illərdə Azərbaycan Dillər Universitetinin Fransız dili fakültəsində təhsilini davam etdirmişdir.[1]

Fəaliyyəti

Pedaqoji fəaliyyəti

Kəmalə Ağayevanın pedaqoji fəaliyyət dövrü 1957-1989-cu illəri əhatə edir. Belə ki, o, 1957-1961-ci illərdə Naxçıvanın Şıxmahmud kənd orta məktəbində, daha sonra Naxçıvan şəhərindəki 1 saylı orta məktəbdə və 1961-1986-cı illərdə Naxçıvan şəhər internat məktəbində fransız dili müəllimi işləmişdir. Eyni zamanda 1986-cı ildən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ilk ədəbi hissə müdiri olmuşdur. Kəmalə Ağayeva 2002-2005-ci illərdə "Ümid çırağı" jurnalının baş redaktoru kimi fəaliyyət göstərmişdir.[1]

Əmək fəaliyyəti

Kəmalə Ağayeva 1965-1983-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin, 1981-1983-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin təftiş komissiyasının və Kitabsevərlər cəmiyyəti idarə heyətinin üzvü seçilmişdir. O, dəfələrlə Naxçıvan şəhər Sovetinin deputatı olmuşdur. İki dəfə Azərbaycan KP qurultayına (XXVI, XXVII) nümayəndə seçilmişdir.[1]

Yaradıcılığı

Kəmalə Ağayevanın "Hilal olaydım" adlı ilk mətbu şeiri 1957-ci ildə "Azərbaycan" jurnalında dərc edilmşdir. Bundan sonra şairə fəal bədii yaradıcılıqla məşğul olmuşdur. Onun "Bahar sözü" adlı ilk kitabı isə 1961-ci ildə işıq üzü görmüşdür. Kəmalə Ağayeva 15 şeir kitabının, 200-ə qədər oçerk və bədii yazıların müəllifidir. O, həmçinin çox görkəmli fransız ədiblərinin - Pol Elüar, Pol Verleni, L.Araqon və b. şeirlərini Azərbaycan dilinə tərcümə etmişdir. 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1971-ci ildən Teatr Xadimləri İttifaqının üzvü olmuşdur.[1]

Kəmalə Ağayeva həm də 15 mənzum pyesin müəllifidir. Onun dramaturgiyada ilk addımı görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvi haqqında yazdığı, 1962-ci ildə tamaşaya qoyulan "Məhsəti" dramı olmuşdur. Daha sonra "İsmət", "Apardı sellər Saranı", "O, bizim dağların oğludur", "Mənim tanrım", "Göyçək Fatma", "Məlikməmməd", "Mənim tanrım gözəllikdir, sevgidir", "Tıq- tıq xanım", "Sirli sözlər" pyesləri müxtəlif teatrlarda tamaşaya qoyulmuş, efirdə səslənmişdir. Dramaturqun əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.[1]

Kəmalə Ağayeva Ümumittifaq ədəbiyyat tədbirlərində iştirak etmişdir: 1980-ci ildə Özbəkistanda Azərbaycan incəsənəti günlərində, 1982-ci ildə Vaqif poeziya günlərində, 1967-ci ildə Ümumittifaq yazıçılar qurultayında nümayəndə olmuşdur. 1994-cü ildə Fatimeyi-Zəhra həzrətlərinin mövludu münasibətilə keçirilən müsabiqədə birinci yeri tutmuşdur. Eyni zamanda 1984-cü ildə Fransada Azərbaycan günlərində və 1989-1990-cı illərdə Türkiyədə təşkil olunmuş Yunis İmrə günlərində iştirak etmişdir. 1979-cu ildə sovet nümayəndə heyətinin tərkibində 20 gün ABŞ-nın Vaşinqton, Nyu-York, Çikaqo, San-Fransisko, BostonSietl şəhərlərində olaraq müxtəlif tədbirlərdə Azərbaycan şairəsi olaraq özünün vətənə, dostluğa, sülhə aid şeirlər ilə çıxışlar etmişdir. [1]

Əsərləri

  • Baharın sözü, B., Uşaqgəncnəşr, 1962,32səh.
  • Gül yarpağı (şeirlər), B., Gənclik, 1967, 36 səh.
  • Sən olmasaydın (şeirlər və pyes), B.,Azənəşr,1974,139 səh.
  • Arpaçayın nəğməsi (şeirlər və poema), B.,Yazıçı, 1978, 92səh.
  • Daş piyalə, B., Yazıçı, 1982, 144 səh.
  • О dağlarda gözüm qaldı, B., Yazıçı, 1988, 163 səh.
  • Tanrıya heyranam mən, B., Elm və həyat nəşriyyatı, 1997,160səh.
  • Apardı sellər Saranı (pyes), B., Sabah, 1997, 72 səh.
  • Məhsəti (pyeslər), İstanbul, 2001, 418 səh.
  • Vətənə sevdalıyam, B., Nurlan, 2004,130 səh.
  • “Bir gül kimi-ilahi şeirlər”, İstanbul, 2003, 116 səh.
  • Qönçələr (uşaqlar üçün şeirlər və pyeslər), B.,Nurlan, 2005, 170 səh.
  • Könül verdiyim ellər (şeirlər), В., MBM, 2006, 235 səh.
  • “Əlixan məhləsi” B.2010
  • “Bu dağlar ulu dağlar” (şeirlər)
  • “Xatirələr”
  • “Gözü yolda qalan var” (poema və şeirlər)
  • “Səhnəmizin pərisi” (AR-nın xalq artisti Zəroş Həmzəyeva haqqında)
  • “Uşaqlar üçün pyeslər”

Dram əsərləri

  • “Məhsəti”
  • “İsmət”
  • “Bu bizim dağların oğludur”
  • “Mənim Tanrım gözəllikdir, sevgidir” (Hüseyn Cavid haqqında)
  • “Apardı sellər Saranı”
  • “Kaman səsi” (atası Ağa Ağayevin xatirəsinə)
  • “Unudulan sözlər”
  • “Sirli sözlər”
  • “Gəlin”
  • “Məlikməmməd”
  • “Göyçək Fatma”
  • “Tıq tıq xanım”
  • Məhəbbət oyunu və təsadüf (fransız dilindən tərcümə)

Kitabları

  • "Bahar sözü" (1961)
  • "Qönçələr"
  • "Daş piyalə"
  • "Gül yarpağı"
  • "Sən olmasaydın"
  • "Arpaçayın nəğməsi"
  • "Tanrıya heyranam mən"

Mükafatları

  • 1964-cü ildə Naxçıvan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, 1965-ci ildə isə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və iki medalla təltif edilmişdir.
  • Amerikaya səfərində sülh və dostluq mövzusunda oxudugu şeirlərinə görə sovet səfarətxanasında fəxri təşəkkürnamə layiq görülmüşdür.
  • 1984-cü ildə Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
  • Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 24 dekabr 2002-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilmişdir.
  • 2003-cü ilin fevral ayından Prezidentin Fərdi təqaüdü verilmişdir.[1]

Vəfatı

Kəmalə Ağayeva 2019-ci ilin iyul ayının 18-də vəfat etmişdir.

İstinadlar

  1. "Kəmalə (Kəmalə Ağa qızı Ağayeva, 1937)" (Azərbaycan). www.aqra.az. 16-7-2017 tarixində arxivləşdirilib.

Mənbə

  • Qönçələr /K.Ağayeva; red. N.Məmmədli.- Bakı: Nurlan, 2005.- 170 s.
  • Məhsəti: pyeslər /Kəmalə Ağayeva.- İstanbul, 2001.- 418 s.
  • Vətənə sevdalıyam /Kəmalə Ağayeva.- Bakı: Nurlan, 2004.- 130 s.
  • Qələbə tonqalı: şeir /Kəmalə Ağayeva //Azad Azərbaycan.- 2010.- 4 aprel.- S.7.
  • Şirəliyeva, G. Şairdramaturq Kəmalə Ağayevanın yaradıcılıq yolu: filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya /G.Şirəliyeva; Azərb. Resp. Təhsil Nazirliyi, Naxçıvan Dövlət Un-ti.- Naxçıvan, 2012.- 143 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.