Kəşfül-Həqayiq

Kəşfül-Həqayiq və ya tam adı ilə Kitabi-Kəşfül-Həqayiq ən-Nukətil-Ayəti vəd-Dəqayiq (ərəb. کتاب کشف الحقایق عن نکت الایات والدّقایق; azərb. Ayələrin məna və incəlikləriylə həqiqətlərinin açıqlanması) — Mirməhəmməd Kərim Bakuvinin yazdığı azərbaycanca ilk Quran təfsiri.[1]

Kəşfül-Həqayiq
Kitabi-Kəşfül-Həqayiq ən-Nukətil-Ayəti vəd-Dəqayiq
"Kəşfül-Həqayiq"in ilk nəşrinin 1-ci cildinin titul səhifəsi
"Kəşfül-Həqayiq"in ilk nəşrinin 1-ci cildinin titul səhifəsi
Müəllif Mirməhəmməd Kərim Bakuvi
Janr Təfsir
Orijinalın dili Ərəbcəazərbaycanca
Ölkələr Çar Rusiyası
Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 1904
2014
Nəşriyyat 1904: Buxariyyə
2014: İpəkyolu
Cild 3
Səhifə 1904: 2500
2014: 1776 (I: 552, II: 528, III: 696)
ISBN ISBN 978-9952-82-21-9-9
Kitab və elektron variantının olduğu disk
Kitabın yeni nəşrinin cildləri

Kitab 3 cilddə yazılmışdır.

Haqqında

Hicri-qəməri təqvimi ilə 15 Şaban 1322-ci (1905) ildə nəşr edilən və Azərbaycan türkcəsində yazılmış Bakuvi təfsirinin tam adı "Kitab Kəşf əl-Həqaiq ən-Nuqə əl-Ayət və əd-Dəqaiq"dir.

Təfsirin orijinal olaraq daşbasması halında və mikrofilm olaraq Bakı şəhərində Əlyazmaları İnstitutunda saxlanılır. Təfsirin daş basqısı üç cild olub I cildi adıkeçən kitabxanada XIV-9, 1858; II cildi XIV-3, 8543; III cildi isə XIV-7, 1864 nömrəli rəfdə yerləşir. Bu əsərin hər cildində bir müqəddimə var.

I cild (müqəddimə xaric) 745 səhifə olub "Fatihə-Tövbə" surələri arası surələri əhatə edir. Müəllif birinci cildin on səhifədən ibarət müqəddiməsində İslam dini, ehkamları və ümumi xüsusiyyətləri haqqında məlumat verir. Daha sonra İslam ümmətinin içində olduğu zülm, fəsad, təfriqə və separatçılığa işarə edərək bu acı tablonun səbəbinin din olmayıb, tamamilə bəşəri ünsürlərdən, millətlərin özlərindən, cəhalət və savadsızılığından qaynaqlandığını irəli sürür. Müsəlmanların başı üstünü bürüyən qara buludlardan və onların bölük-bölük olmasından son dərəcə təəssüf hissi keçirən müəllif bu problemin həllinin ancaq Quranın yetərincə başa düşülməsiylə mümkün olacağını və bunun üçün də hər bir müsəlmanın Quranı öz ana dilində başa düşməsinin lazım olduğunu ifadə edərək Azərbaycan dilində bir əsər yazmaq qərarına gəlir. Məhz bu əsər də bu duyğu və düşüncələrin nəticəsi olaraq ortaya çıxmışdır.

Yazılan əsərlərdə bir sıra uydurma hədis və əsli olmayan məlumatın yer almasının İslam ümmətini sıxıntıya düçar etdiyinə diqqət çəkən müəllif bu əsərini qələmə alarkən bir sıra tanınmış təfsir mənbələrinə (qaynaqlarına) müraciət etmişdir. Bunlardan bəzilərini özü bu şəkildə sıralamışdır:

  • Təfsir əl-Kəşşaf, Cərullah Əllamə Zəməxşəri.
  • Təfsir əl-Kəbir, İmam Fəxrəddin Razi.
  • Təfsir əl-Fadıl, Əbu əl-Məsud Müfti Konstantiniyyə.
  • Məcmə əl-Bəyan, Şeyx əl-Cəlil Təbərsi.
  • Lübab ət-Təvil fi Məan ət-Tənzil, Qudvət əl-Əimmət əl-Müfəssirin Əla əd-Din əl-Bağdadi əl-Hazin, (Bu təfsir Təfsir əl-İmam əl-Alim əl-Kamil Əbu Məhəmməd əl-Bəğavi təfsirinin müxtəsər formasıdır.)
  • Mədarik ət-Tənzil və Həqaiq ət-Təvil, əl-Alim əl-Cəlil Əbu əl-Bərəkat ən-Nəsəfi.
  • Ənvar ət-Tənzil, əl-Alim əl-Fadıl əl-Qadı əl-Bəydavi.
  • Ruh əl-Bəyan, Ümdət əl-Arifin Haqqı Əfəndi.

Müfəssir sadəcə bu təfsir qaynaqlarıyla (mənbələriylə) kifayətlənməmişdir. Yeri gəldikcə, müxtəlif sahələrdən, hədis və tarixi qaynaqlardan da istifadə etmişdir. O, hədis sahəsində Buxaridən Küleyniyə qədər şiə və sünni qaynaqlarından gələn rəvayətlərdən istifadə etmiş və hədislərin qaynağı kimi səhabəni adil (ədalətli) qəbul etmişdir. Təfsirdə bəsmələ (Bismilləhir-rahmənir-rahim demək) hər surənin bir ayəsi kimi götürülmüşdür. Müfəssir təfsir edərkən bir səhifəni üç yerə ayırmış, səhifənin iç tərəfində təfsirini etdiyi ayələri səhifə kənarında təfsirsiz bir şəkildə yazmış, ayrıca lazım bildiyi yerlərdə də səhifənin altında qeyd şəklində açıqlama vermişdir.

"Yunus-Ankəbut" surələri arası surələri əhatə edən II cild müqəddimə xaric olmaqla 791 səhifədən ibarətdir. Müəllif bu cildin 18 səhifədən ibarət müqəddiməsində ümumi olaraq insanın nə cür bir varlıq olduğu, qiyməti, ucalığı, digər varlıqlar arasındakı yeri və s. kimi məsələlərə yer vermişdir. Daha sonra elmə və onun əhəmiyyətinə işarə edən müfəssir onun insanın bir zinəti, bəzəyi olduğunu və onu öyrənməyin vacib olduğunu ifadə edir. Bu yerdə alimlərin də fəzilətindən bəhs edən müəllif elm haqqında "Qiyamət günü alimlərin mürəkkəbi şəhidlərin qanından ağır gələcək" və "Alimin ölümü aləmin ölümü kimidir" şəklində bəzi hədislərə də yer verərək elmin önəmi və alimlərin dəyərinə işarə edir.

"Rum-Nas" surələri arası surələri əhatə edən III cild müqəddimə xaric olmaqla 959 səhifədən ibarətdir. Burada da elmdən bəhs edən müəllif Quranın möcüzəli bir kitab olduğuna, Peyğəmbərə (s) bir elm-irfan qaynağı olaraq verildiyinə və beləliklə də insanların onu özünə uyğun bir şəkildə anlamalarının lüzumuna diqqət çəkir. Daha sonra yenə insandan və insan ünsüründən bəhs edən müəllif insanlar arasında bəzi problemlərin ola biləcəyini, ancaq, müsəlmanların işlərini mütləq məşvərət ilə həll etmələrinin lazım olduğunu bildirir. Xilafət və dörd xəlifə mövzusuna da toxunan müfəssir qətiyyən təfriqəyə yer verilməməsi və İslam ümmətinin birlikdə hərəkət etməsi düşüncəsini təkrar etmişdir. İslam ümməti arasındakı ilk ixtilaflara, Cəməl və Siffeyn müharibələrinə də toxunan müəllif müsəlmanların bundan dərslər almasının vacib olduğunu vurğulayır.

Nəticə etibarilə bütün problemlərin müsəlmanların Quranı yetərincə anlamamasından qaynaqlandığını və ilahi bilgilər çərçivəsində özünə uyğun bir Qurani anlayışın olacağı təqdirdə sıxıntıların qalxacağı, təfriqənin gedib yerini ümmətin vəhdətinin alacağı bildirilir.

Tədqiq

Mir Məhəmməd Kərim əl-Bakuvinin bu əsəri Ahmet Dolunay tərəfindən tədqiq edilərək, redaktə və əlavə şərhlərlə "Gerçeğin Doğuşu-Alevî Kuran Tefsiri" (Merkür yayınları, İstanbul 2000) adı altında iki cild halında Anadolu türkcəsinə uyğunlaşdırılaraq dərc olunmuşdur. Bundan başqa, İsmail Çalışkanın Cümhuriyyət Universiteti İlahiyyat fakültəsinin kitab sərgisindəki "Türkcə ilk şiə təfsiri" adlı tədqiqat əsəri də bu təfsir haqqında Türkiyədə həyata keçirilən araşdırmalar arasında yer alır.

Metodologiya

Fiqhi məsələlərdə bəzən məzhəblər arasında olan ortaq fikri təsdiq etdiyini bildirmiş, bəzən də ad çəkmədən bir sıra mövzuları tənqid etmişdir. Bəzi alimləri də səhv hökm çıxardıqları üçün məzəmmətləyən müəllif bəzən də öz məzhəbinə üstünlük vermiş, öz fikrini açıqlamışdır. Buna görə o, daşqalaq olunmanı (rəcm), ədalət şərtinə bağlı olaraq dörd evliliyi, dəstəmazda ayağa məsh çəkməyi, Qurana ancaq mənən təmiz olanların toxuna biləcəyini və nəsix-mənsux məsələsini qəbul etmişdir.

Müfəssir ayələrin izahı və nazil olma səbəbləri barəsində tarixi hadisə və mövzuya aid olan bəzi rəvayətləri nəql etmiş, bəzən də zəif hesab etdiyi rəvayətləri və bunları qeyd edən müfəssirləri tənqid etmişdir. Əlavə şərhlərdən də uzaq durmuşdur. Əqidə məsələlərində ümumi qəbul edilən prinsipləri qəbul etmişdir. İsanın cismən göyə yüksəlmədiyi, qiyamətdə sura üfürülməyəcəyi və ayın yarılmadığı kimi şəxsi fikirləri də vardır. Böyük günah məsələsində isə Zəməxşərinin fikrini dəstəkləyir.

Sosial və elmi məsələlərdə də o, Quran mesajının aktuallaşdığı bir təfsir metodu mənimsəmişdir. Elmi olan heç bir şeylə Quranın təzad təşkil etmədiyini bəyan etmiş və fərqli yozumlara da yer vermişdir. Məsələn, Şura surəsinin 29-cu ayəsini kainatda həyatın və daha başqa canlıların mövcud olduğu şəklində təfsir edir. Vətən və millət sevgisi, havanın insan həyatındakı əhəmiyyəti və kainat cisimlərinin də bir ömrünün olduğu kimi fərqli məsələlərə də yer ayırır.

Onu digər müfəssirlərdən fərqləndirən bəzi xüsusiyyətlər də vardır Onun fikrincə, Sad surəsinin 37-ci ayəsində olan "şəyatin" kəlməsi mahir usta, Fatir surəsinin 1-ci ayəsindəki "mələk" ağlın qüvvəti, mələklərin qanadları isə ağıldan meydana gələn qüvvət mənasını daşıyır. Bəqərə surəsinin 27-ci ayəsində olan "əhd" kəlməsi Allahın verdiyi kamil ağıldır. Adəm və Həvva Məkkə ilə Taif arasındakı bir torpaqdan yaradılmış, Həvva Adəmin qabırğa sümüyündən yaradılmamışdır. Məryəmin İsadan başqa da övladları vardır. İsra surəsinin 79-cu ayəsindəki "məqamı-mahmud" ilə Məkkənin fəthi nəzərdə tutulur. Quranda bəhs olunan "zülqərneyn" Makedoniyalı İsgəndərdir. Furqan surəsinin 38-ci ayəsindəki "rəss" Araz çayıdır. Nəml surəsinin 82-ci ayəsindəki Qiyamət günü peyda olacağı bildirilən "dabbə" heyvan deyil, insandır vəs.

Özünəməxsus xüsusiyyətləri olan Mir Məhəmməd Kərim təəssübkeşliyi, müsəlmanların birliyinə zərər verəcək düşmənlikləri, radikallığı və gördüyü xətaları hər fürsətdə tənqid edən bir xüsusiyyətə sahibdir. O, Quranın ölülərə deyil, dirilərə nazil olan bir kitab olduğunu sıx-sıx qeyd etmiş və məzhəblərin fövqündə bir anlayışla "İslam milləti"nin birliyini təsis etmək üçün səy göstərmişdir.

Nəşr

Kitab ilk dəfə 15 Şaban 1322 / 7 yanvar 1904-cü ildən - 22 Zülqadə 1323 / 1906-cı ilə qədər Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə Tiflisdə senzura icazəsi ilə Kaspi qəzetinin Buxariyyə mətbəəsində 3 cilddə və ümumilikdə 2500 səhifədə çap olunmuşdur.[2][3][4]

Əsərin 2-ci-yeni nəşri Qafqaz Müsəlmanları İdarəsi tərəfindən, 3 cilddə və cəmi 1776 səhifədə 2014-cü ildə Bakıda edilmişdir.[2][3][4]

Tənqid

Molla Nəsrəddin jurnalı H. Z. Tağıyevi belə bir əsəri nəşr etdirdiyinə görə qınamışdır.[5][6][7]

Həmçinin bax

İstinadlar

  1. "QMİ "Qurani-Şərif"in Azərbaycan dilində təfsiri olan ilk əsəri təkrar nəşr etdirib - FOTO". Apa.az (az.). 2023-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-21.
  2. "QMİ 110 il əvvəl işıq üzü görmüş "Kəşfül-Həqayiq" kitabını yenidən nəşr etdirib (FOTO)" ( (az.)). az.trend.az. 2014-04-01. 2015-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.
  3. К.Орхан. "УМК переиздало первый комментарий Корана "Kəşfül-Həqayiq" на азербайджанском языке" ( (rus.)). salamnews.org/ru. 2014-04-01. 2015-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.
  4. ""Kəşfül-həqayiq" əsəri nəşr edilib" ( (az.)). science.az/az. 2014-04-07. 2015-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.
  5. “Molla Nəsrəddin” jurnalı, 9 dekabr 1907, №46
  6. “Molla Nəsrəddin” jurnalı, 16 aprel 1911, № 14
  7. “Molla Nəsrəddin” jurnalı, 10 iyul 1911, №25

Mənbə

Ədəbiyyat

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.