Küveyt tarixi

Küveyt tarixiKüveytin keçmişi.

Ümumi tarix

Küveyt vaxtilə Osmanlı İmperiyasının bir hissəsi idi

Küveytin qədim və orta əsrlər tarixi zəif tədqiq edilmişdir. Eramızdan əvvəl III minillikdə indiki Küveyt ərazisi Dilmun dövlətinin tərkibinə daxil idi. IV əsrin ikinci yarısında Küveyt Ləxmilər ərəb dövlətinin tərkibinə daxil olur.

VII əsrin əvvəllərindən Fars körfəzi bölgəsi, eləcə də Küveyt (o zaman Kureyn adlanırdı) ərazisində yerli ərəb tayfalarından olan şeyxlər hökmranlıq edirdi.

XVII əsrin ortalarında Küveyt Osmanlı dövlətinin nəzarəti altına keçir və Əl-Həsa, Cənubi İraq və Bəhreynlə birlikdə Bəsrə vilayətinin tərkibində Osmanlı imperiyasına qatılır.

Vahid Küveyt əmirliyinin yaranması XVIII yüzilliyin ortalarına təsadüf edir. Ərazidə yaşayan qəbilə şeyxləri Sabah bin Cabir Əl-Sabahı (1756-1762) özlərinin əmiri elan edirlər.

1760-cı ildə əmirliyin mərkəzi Əl-Küveyt şəhəri hasara alınır və dəniz ticarətinin mühüm mərkəzinə çevrilir.

XIX əsrin birinci yarısında İngiltərə Körfəz bölgəsində yerli əhəmiyyətli müharibələr törədir. Nəticədə Böyük Britaniya 1899-cu ilin 23 yanvar tarixində Küveytlə gizli müqavilə imzalamaqla ölkə üzərində tam nəzarəti ələ keçirir.

1914-cü ilin noyabr ayında Küveyt Britaniya protektoratı altında müstəqil əmirlik elan edilir. Birinci dünya müharibəsi illərində Küveyt Böyük Britaniyanın tam nəzarəti altında olmuşdur. Nəcd əmirliyi ilə baş vermiş silahlı toqquşmalarda Küveyti müdafiə edən İngiltərə getdikcə onu özündən tam asılı vəziyyətə salaraq, əslində müstəmləkəsinə çevirmişdir. İkinci dünya müharibəsindən sonra Küveytdə milli azadlıq hərəkatının güclənməsi Böyük Britaniya ilə protektoratlıq barədə bağlanmış müqavilənin ləğv edilməsinə gətirib çıxarır.

1961-ci ilin 19 iyun tarixində Küveyt müstəqil dövlət elan olunur. 70-ci illərədək Küveytdə daxili siyasi vəziyyət qeyri-sabit olmuşdur. İraqın Küveytin müstəqilliyini tanımaması “Küveyt böhranı” adlanan problemin yaranmasına səbəb olmuşdur. Bundan istifadə edən Böyük Britaniya Küveytə hərbi qüvvə yeridir və Körfəz sahillərində yerləşən digər ərəb ölkələrinin daxili işlərinə müdaxilə etməyə başlayır. 1961-ci ilin avqustunda Ərəb Dövlətləri Liqasına üzv olan bir sıra dövlətlər Küveytin müstəqilliyini qorumaq məqsədi ilə oraya öz hərbi kontingentini göndərir. İngiltərə qüvvələri rəsmi surətdə Küveytdən geri çağırılır. 1963-cü ildə hərbi kontingent Küveyti tərk edir. İran-İraq müharibəsi zamanı Küveyt Bağdadı dəstəkləyir və buna görə də Küveytin neft tankerləri İran tərəfindən dəfələrlə hücumlara məruz qalır. Buna görə 1987-ci ildən etibarən ABŞ Hərbi Dəniz Donanması qüvvələri Küveyt tankerlərini Fars Körfəzində müşayiət edir. 1990-cı ilin iyul ayında Küveyt ilə İraq arasında münasibətlərdə gərginlik son həddə çatır. Gərginlik törədən səbəblərdən biri də dünya bazarında Küveyt tərəfindən neftin qiymətinin aşağı salınması və bununla da İraqın zəifləməsi iddiaları ilə əlaqələndirilir. 1990-cı ilin 2 avqust tarixində İraq Silahlı Qüvvələri Küveyt ərazisinə daxil olur və Əmir ölkənin Hakim Sülaləsinin digər üzvləri və ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına qaçaraq Küveyt Dövlətinin mühacirətdə hökumətini yaradır. 1990-cı ilin 28 avqust tarixində İraq Küveyti özünün 19-cu əyaləti elan edir. Ölkə ərazisində davam edən hərbi həmlələr nəticəsində Küveytin ərazisi və sərvətləri İraq qoşunları tərəfindən dağıdılır və talan edilir. 1991-ci ilin 23 fevral tarixində ABŞ çoxmillətli qüvvələrlə koalisiyada İraqa qarşı müharibəyə başlayır və fevralın 27-də İraq qoşunlarını Küveytdən çıxmağa məcbur edir, Küveytin müstəqilliyi bərpa olunur.

2006-cı ilin 4 aprel tarixində Küveytdə keçirilmiş bələdiyyə seçkilərində ilk dəfə olaraq, qadınların namizədliyi irəli sürülmüş və 2 qadın namizəd seçkidə iştirak etmişdir. Planlaşdırma Nazirliyinin kompüter proqramçısı vəzifəsində çalışan Cinan Buşəhri ikinci yeri tutaraq, Ramisiyyə Quberniyasından Bələdiyyə Şurasına üzv seçilmişdir. 2006-cı ilin 21 may tarixində hökumətlə Millət Məclis arasında yaranmış gərginlik ölkə başçısı Əmir Şeyx Sabah Əl-Əhməd Əl-Cəbir Əl-Sabah tərəfindən Parlamentin buraxılması ilə nəticələndi. ölkə başçısı Əmir Şeyx Sabah Əl-Əhməd Əl-Cəbir Əl-Sabah 2009-cu ilin martında Nazirlər Kabineti ilə Millət Məclisi arasında davam edən gərginlik nəticəsində Hökuməti buraxmağa və yeni seçkilərə getməyə məcbur oldu. Küveytdə yeni parlament seçkiləri 2009-cu ilin 16 may tarixində keçirildi. Seçkinin nəticələrinə görə, Küveyt parlamentindəki 50 yerdən 29-nu köhnə, 21-ni isə yeni deputatlar tutdu. Körfəz ölkəsinin tarixində ilk dəfə olaraq parlamentə 4 qadın da seçildi. Ümumilikdə isə deputatlıq uğrunda mübarizə aparan 210 namizəddən 16-sı qadın idi. Parlamentə seçilən qadınlar 2005-ci ildə ölkənin ilk qadın Səhiyyə naziri olmuş Küveytdə azlıqda olan şiələrin nümayəndəsi Məsumə Mübarək, liberal fəallar Asil əl- Avadhi və Rola Dahti və universitet müəllimi Salva əl-Yassardır. 2010-il ərzində Küveyt Millət Məclisinin (Parlament) islahatçılar qrupunun Nazirlər kabinetinə qarşı iddiaları və xüsusilə də Baş nazir Nasir Əl-Məhəmməd Əl-Əhməd Əl- Cabir Əl-Sabahın parlament dinləmələrinə çağırılması tələbləri, ötən illərdə də olduğu kimi, Parlament – Hökumət münasibətlərinin gərginləşməsinə gətirib çıxarmışdır.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.