Kürdan sülh müqaviləsi

Kürdan sülh müqaviləsi (1746) — Nadir şahla Osmanlı dövləti arasında sülh müqaviləsi. 14 sentyabr 1746-cı il tarixində imzalanmış və 1742–1746-cı illərdə davam edən Osmanlı-Əfşar müharibələrini sonlandırmışdır.[1][2]

Bu müqavilə Nadir şahın Tehran ilə Qəzvin arasında Kürdan adlanan yerdəki ordugahında Osmanlı elçisi Mustafa Nazif Əfəndi ilə Həsən Əli Hacı xan arasında imzalanmışdır.

Kürdan müqaviləsi II Qəsri Şirin müqaviləsi olaraq da bilinir. Çünki, bu müqavilə ilə Qəsri Şirin müqaviləsi sərhədlərinə geri dönülmüşdür. Kürdar müqaviləsindən sonra bu iki tərəf arasında uzunm üddət davam edən sülh yaranmışdı.[3]

Müqavilə ərəfəsində Osmanlı dövləti ilə münasibətlər

Osmanlı dövləti ilə Səfəvilər dövləti arasında bağlanan 1639-cu il Qəsri-Şirin sülh müqaviləsindən 1720-ci illərin əvvəllərinədək olan dövr nisbətən sakit keçdi. 1720-ci illərdə Səfəvilər dövlətinin böhranı, Rusiyanın Xəzərsahili torpaqlarda işğalçı siyasəti Osmanlı dövlətini də fəallaşdırdı. 1723–1727-ci illərdə Osmanlı dövlətinin hərbi əməliyyatları 1727-ci ilin oktyabrında Həmədan müqaviləsi ilə nəticələndi. 1730–1732-ci ilin əvvəllərindəki döyüşlər 1732-ci il 10 yanvarda Kirmanşah sülh müqaviləsi ilə başa çatmışdı. Lakin II Təhmasib tərəfindən bağlanan bu müqaviləni qəbul etməyən Nadir şah 1732-ci ilin sonunda hərbi əməliyyatları yenidən bərpa etmiş, 1733-cü ilin dekabrında Bağdadda müqavilə imzalanmışdı. Bu müqaviləyə görə son on ildə (1723–1733) Osmanlı dövlətinin tutduğu torpaqlar geri qaytarılmalı, sərhədlər 1639-cu il müqaviləsinə əsasən müəyyən edilməli idi. Osmanlı dövləti bu müqaviləni təsdiq etməkdən imtina etdiyinə görə, 1734-cü ilin ortalarından müharibə davam etdirildi. 1736-cı ildə Səfəvi hökmdarı III Abbası (1732–1736) devirərək hakimiyyətə gələn Nadir şah 1736-cı il 17 oktyabrda Osmanlı dövləti ilə İstanbul müqaviləsi bağladı. İki dövlət arasında sülh bu dəfə də uzun çəkmədi. 1743-cü ilin ortalarında Nadir şah osmanlılarla müharibəyə başladı. Bu müharibənin sonunda 1746-cı il 4 sentyabrda tərəflər arasında Kürdanda (Tehrandan şimal-qərbdə Soucbulaq bölgəsində) müqavilə imzalandı.[4]

Müqavilənin şərtləri

Müqavilənin preambulasında 1639-cu il Qəsri-Şirin sülh müqaviləsinin şərtləri, о cümlədən sərhədlər təsdiq olunurdu. Hər iki tərəf digər tərəfdə narazılıq oyada bilən və sülh bağlanmasına zidd gələn hər şeydən imtina etməyi üzərinə götürürdü. I maddə ilə Osmanlı hakimiyyət orqanları bütün İran zəvvarlarına kömək göstərməyi və onların BağdadSuriya vasitəsilə Məkkə yolunda təhlükəsizliyini təmin etməyi üzərinə götürürdü. II maddədə hər üç ildən bir qarşılıqlı səfirlər mübadiləsi nəzərdə tutulurdu. III maddəyə görə hər iki tərəfin bütün əsirləri azad edilməli və onlara vətənə qayıtmağa icazə verilməli idi; əsirlərin alınması və satılması qeyri-qanuni elan edilirdi. Əsas maddələrə Əlavələrdə hər iki tərəfin sərhədboyu əyalətlərinin qubernatorlarının dostluq münasibətlərinə zidd olan hərəkətlərdən imtina etməsi elan olunurdu.[5]

Müqaviləyə görə iranlılar gələcəkdə Мəkkə, Mədinə və islam ölkələrinə Türkiyədən və digər müsəlman ölkələrindən olan zəvvarlarla eyni əsasda gedə bilərdilər. Onlar həmçinin Mesopotamiyadakı müqəddəs şəhərlərə (Kərbəla və Nəcəf) də gedə bilərdilər. Əgər bu zəvvarlar özlərilə ticarət üçün mallar aparmırlarsa, qubernator və Bağdad hakim dairələri onlardan hər hansı vergi və yığmalar almamalı idi. İran ərazisindəki Türkiyə zəvvarlarına da eyni imtiyazlar verilirdi. Müqaviləni Osmanlı sultanı Mahmudun (1730–1754) adından BağdadBəsrə hakimi Əhməd paşa, İrandakı keçmiş səfir Nazif əfəndi və Nadir şah adından onun vəziri Həsən Əli xan imzalamışdılar.[6]

İstinadlar

  1. İsmail Hakkı Uzunçarsılı. Osmanlı Tarihi. IV. Ankara: Türk Tarih Kurumu Yayınları. 2007. səh. 436. ISBN ISBN 975-16-0015-4.
  2. Nicolae Jorga(tər. Nilüfer Epçeli). Osmanlı İmparatorluğu. IV. İstanbul: Yeditepe Yayınları. 2009. səh. 236. ISBN 975-6840-19-X.
  3. AMEA Tarix İnistitutu. Azərbaycan Tarixi (Yeddi cilddə). III. Bakı: Elm. 1999. ISBN 978-9952-448-36-8.
  4. Süleyman Əliyarlı. Azərbaycan tarixi. Bakı: Azərbaycan. 1996. səh. 467.
  5. Yaşar Yüce və Ali SEVİM. Türkiye Tarihi. IV. İstanbul: Türk Tarih Kurumu Yayınları. 1991.
  6. Encyclopædia Britannica Arxivləşdirilib 2011-07-24 at the Wayback Machine Arxivləşdirilib 24 iyul 2011 at the Wayback Machine

Mənbə

  • Motamen el-Molk. Recnefi des traits de L'Empire Persan avec les pays etrangers. Teheran, 1908, с. 174–195
  • Новая история Ирана. Хрестоматия. М., 1988, s.44–45.
  • Иванов М.С. Очерк истории Ирана. М., 1952
  • Сотавов Н.А. Северный Кавказ в русско-иранских и русско-турецких отношениях в XVIII в. М., 1991.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.