Kültəpə (Babək)

Kültəpə (əvvəlki adı: Gültəpə) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kərimbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Gültəpə kəndi Kültəpə kəndi adlandırılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndi Kərimbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kültəpə kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]

Kültəpə
Ölkə
Əhalisi
Əhalisi
  • 1.798 nəf. (2009)

Toponimikası

[4]

Tarixi

1951-ci ildə Azərbaycan ЕА Tarix İnstitutunun arxеoloji ekspedisiyası О. H. Həbibullayevin rəhbərliyi ilə I Kültəpədə sistemli tədqiqat işlərinə başlanmışdır. 1951–1964-cü illərdə aparılan tədqiqatlar zamanı müxtəlif dövrlərə aid dörd mədəni təbəqə aşkar edilmişdir. Nеolit təbəqəsində aparılan tədqiqatlar zamanı 5 tikinti qatı aşkar olunmuşdur. Üçüncü tikinti qatınta aşkar olunan evlər dördkünc formalıdır. Eneolit dövründə tikintilər əsasən dairəvi formada, çay daşları və möhrə ilə inşa edilmişdir. Evlərin qızdırılması üçün otağın mərkəzində yerləşdirilmiş ocaqdan, yаxud gil manqallardan istifadə edilmişdir. Diametri orta hesabla 7 metrə çatan, 35–55 sm qalınlığında divarları olan belə evlər çox hallarda arakəsmələrlə ayrı-ayrı hissələrə bölünmüşdür. I Kültəpənin Eneolit dövrü materialları içərisində daş alətlər çoxluq təşkil edir. Alətlərin çoxu dəvəgözü daşından (obsidian) hazırlanmışdır. Onların nukleusları da tapılmışdır. Alətlər bu nukleuslardan qəlpələmə üsulu ilə hazırlanmışdır. Kültəpədən çaxmaq daşından hazırlanmış alətlər, ox ucluqları,300-dən çox oraq dişi əldə edilmişdir. Bazalt daşlardan isə əsasən baltalar, pazlar, gürzlər, çəkiclər, toppuzlar və s. hazırlanmışdır. Kültəpənin sümük məmulatı içərisində qaramal sümüyündən hazırlanmış qaşovlar, pardaxlayıcı alətlər çoxluq təşkil edir.

Misdən hazırlanmış alətlər isə sancaqlardan, muncuqlardan, tiyələrdən, nizə ucluqlarından və s. ibarətdir. Bu əşyalar təmiz misdən hazırlanmışdır. Bu əşyaların bəzisinin tərkibində cüzi miqdarada mərgümüş qatışığı da var. Kültəpənin Eneolit dövrünün gil qablarıının əksəriyyəti enli ağızlı və yastı oturacaqlıdır. I Kültəpədən həmçinin yüksək texnoloji üsulla hazırlanmış, dövrünün gözəl sənət nümunəsi sayılan boyalı qablar da əldə edilmişdir. I Kültəpənin NeolitEneolit dövrü təbəqəsində 85 qəbir açılmışdır. Buradan çıxan skletlər ölülərin bükülü vəziyyətdə və ya böyrü, yaxud da arxası üstə, özü də müxtəlif istiqamətdə dəfn edildiyini göstərir. Bəzi skletlərin üstünə qırmızı oxra səpilmişdir. İki qəbirdən it skleti, bir qisim qəbirlərdən isə gil qablar, cürbəcür muncuqlar və dəvəgözü daşından hazırlanmış əşyalar tapılmışdır. Belə qəbir Babadərviş və digər abidələrdə də aşkar edilmişdir.

İlk Tunc dövrü

I Kültəpənin II təbəqəsi İlk Tunc dövrünə aiddir. Bu təbəqənin qalınlığı 9,5m olub, abidənin üzərindən 3,5–4,5–12,3–13m dərinlikdə yerləşir. Bu təbəqədən Kür-Araz mədəniyyətinə aid müxtəlif maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. Qazıntı zamanı ikinci təbəqədə 14 tikinti qatı öyrənilmişdir. Binalar əsasən dairəvi formada, bəzən isə düzbucaqlı tikilmişdir. Onlar daş özül üzərində möhrədən və ya çiy kərpicdən inşa edilmişdir. О. H. Həbibullayevin tədqiqatları zamanı müəyyən olmuşdur ki, dairəvi binalar konusvari, dördkünc binalar isə yastı örtüklə tamamlanmışdır. İkinci təbəqədə aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının bir qismi obsidian (dəvəgözü) və çaxmaq daşından hazırlanmış oraq dişləri, qaşov və s. alətlərdən ibarətdir. Kür-Araz mədəniyyəti üçün хarakterik olan tapıntıların əksəriyyəti gil məmulatından ibarətdir.

Orta Tunc dövrü

I Kültəpənin III təbəqəsi isə Orta Tunc dövrünə aiddir. Burada çiy kərpicdən hörülmüş dördkünc formalı evlərə məxsus divar qalıqları, monoxrom və ploixrom gil qablar, daş alətlər və yalnız bir ədəd tunc əşya tapılmışdır. Evlərin döşəməsi əvvəlki dövrlərdən fərqli olaraq daşdan olub, bir-birinə ağ rəngli gəcə oxşar maddə ilə bərkidilmişdir. Bu təbəqənin daş alətləri dəvəgözü, tuf, bazalt tipli daşlardan yüksək zövqlə hazırlanmışdır. Bunlar əsasən iti ağızlı, bıçaq şəkilli lövhələrdən, dən daşlarından, sürtkəclərdən və s. ibarətdir.

Son Tunc dövrü

I Kültəpədən Orta Tunc və Son Tunc dövrünə aid iki qrup gil qablar əldə edilmişdir. Bunlar boyalı və sadə gil qablardır. Qablar çeşidlərinə görə də iki qismə-mətbəx və süfrə qablarına bölünür.

Dördüncü təbəqə abidənin üzərindən 1,5–2,5m dərinliyədək davam edir. Bu təbəqə Erkən Dəmir dövrünə aid edilmişdir. Bu təbəqədən aşkar edilmiş tapıntılar əsasən gil məmulatından ibarət olub, çəhrayı və boz rəngdə bişirilmişdir. Bu dövrə həmçinin О. H. Həbibullayevin dördüncü tipə aid etdiyi boyalı qablar da aiddir.

Tarixi abidələri

Kültəpə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
33 I Kültəpə yaşayış yeri[5] Eneolit-Tunc dövrü Kültəpə kəndi Axeoloji Dünya

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999[6] 1527 740 787
2009[7] ↗1798 ↗881 ↗917

Mədəniyyəti

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil

Kənddə Kültəpə kənd tam orta məktəbi fəaliyyət göstərir.[8]

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

  1. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 106" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-15.
  2. "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  3. "Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  4. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX.
  5. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 2" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-17.
  6. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 37.
  7. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 36". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  8. "Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi. Babək rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri haqqında MƏLUMAT (tehsil.nmr.az)". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.

Xarici keçidlər


Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.