Kükü abidələr kompleksi

Kükü abidələr kompleksiŞahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi.

Kükü abidələr kompleksi
Ölkə  Azərbaycan
Şəhər Şahbuz
Yerləşir Kükü kəndi
Üslubu arxeoloji abidə
Kükü abidələr kompleksi (Azərbaycan)
Kükü abidələr kompleksi

I Kükü

I Kükü abidəsi Şahbuz rayonunun Kükü kəndinin girəcəyində, Küküçayın sağ sahilində yerləşən qədim yaşayış yeridir. Abidə iki hündür təpəni və onların ətəyini əhatə edir. I Kükü abidəsinin sahəsi 74 hektardan artıqdır. Abidədə aparılan kəşfiyyat işləri nəticəsində mədəni təbəqənin böyük bir hissəsinin dağıdıldığı aşkar edilmişdir. Yaşayış yerinin bəzi hissələrində uçub – tökülmüş daş yığınlarına təsadüf edilir. Binalar dağın relyefinə uyğun olaraq ensiz səkilərdə yerləşdirilmişdir. Divar qalıqları bəzi yerlərdə 50 m məsafədən izlənilir.

Yaşayış yerindən çəhrayı və boz rəngli gil küpələr, kasa və badya qırıqları tapılmışdır. Ərazidə qədim qəbirlərin olması güman edilir. Yaşayış yerindən toplanmış yerüstü materiallar e.ə. II – I minilliklər, şurfdan aşkar olunmuş materiallar isə e.ə. I minilliyin əvvəlləri üçün səciyyəvidir.[1]

II Kükü

II Kükü abidəsi Şahbuz rayonunda Küküçay ilə Zırnelçayın qovuşduğu yerdən bir qədər aşağıda İlk Dəmir dövrünə aid arxeoloji abidədir. Abidə Küküçayın sağ sahilində, hündür təpə üzərində olub, hər tərəfdən dərin dərə ilə əhatələnmişdir. II Kükü abidəsinin sahəsi 6400 m² – dir. Yaşayış yerində iri daşlardan tikilmiş bina qalıqlarına rast gəlinir. Otaqların saxlanmış qalıqlarına əsasən, müəyyən edilmişdir ki, onlar dördbucaqlı formada olmuşdur. Saxlanmış divarlar bir cərgə iri daşlardan inşa edilmişdir.

Cənub – qərb tərəfdə iki cərgə daşdan hörülmüş divar qalıqlarına təsadüf edilmişdir. Bəzən bitişik, bəzən isə bir – birindən aralı yerləşən otaqlar iri həcmli olub sahəsi 35 m² — ə çatır. Yaşayış yerindən çəhrayı rəngli gil qab qırıqları tapılmış, Küküçayın sağ sahilində xüsusi düzəldilmiş yerdə qaval daşı aşkarlanmışdır. Abidənin e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərinə aid olması güman edilir.[2]

Kükü nekropolu

Kükü nekropolu Şahbuz rayonunun Kükü kəndinin içərisində yerləşən Tunc dövrünə aid arxeoloji abidədir. Tikinti işləri zamanı abidənin qədim qəbirlər olduğu müəyyən edilmişdir. Tədqiqatlar nəticəsində birinci qəbirdən iri monoxrom boyalı küpə və boz rəngli qablar, həmçinin iri buynuzlu heyvan sümükləri aşkar edilmişdir. Bəzi yerlərdə nazik kül təbəqəsinə, daha dərinlikdə isə iri yonulmuş daşlara təsadüf olunmuşdur.Tapıntılara əsasən 3 m dərinlikdə yerləşən qəbrin (uzunluğu 2,5 m) salamat qalan hissəsinin eni, 0,6 m idi.

İkici qəbir tamamilə dağılmışdır. Salamat qalan hissəsinin uzunluğu 4 m, eni isə 0,6 m olub birinci qəbirlə eyni istiqamətdədir. Dağılmış qəbrin boz rəngli gil qablardan (küpə, kasa, badya qırıqları) ibarət məişət avadanlığının üzərini örtən kül qalıqlarına təsadüf edilmişdir. Qəbir boyu heyvan sümükləri səpələnmişdir. Qəbirdən tunc nizə ucluğu və tunc sancaqlar da tapılmışdır. Maddi mədəniyyət nümunələrinin təhlilindən Kükü nekropolunun e.ə. III minilliyin sonu – II minilliyin əvvəllərinə aid olduğu ehtimalı irəli sürülmüşdür.[3]

İstinadlar

  1. I Kükü məqaləsi, Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, səh 240
  2. II Kükü məqaləsi, Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, səh 241
  3. A. Q. Seyidov – Naxçıvan tunc dövründə, Bakı, 2000, səh 56

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.