Köln kafedralı

Köln kafedralı (lat. Ecclesia Cathedralis Sanctorum Petri et Mariae, rəsmən Hohe Domkirche St. Petrus) — Almaniyanın Köln şəhərində yerləşən Roma-Katolik kilsəsidir. Kafedral həm də Köln arxiyepiskopunun iqamətgahı və yeparxiyanın inzibati binası kimi istifadə olunur. Alman katolisizminin və qotik memarlığın ən məşhur abidələrindən biri olan tikili, həm də UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.[1] Hər gün 20,000-dən çox insanın ziyarət etdiyi kafedral Almaniyanın ən məşhur turistik obyektlərindən birdir.[2]

Köln kafedralı
alm. Kölner Dom
Kafedralın qərb fasadının görünüşü
50°56′29″ şm. e. 6°57′30″ ş. u.
Ölkə  Almaniya
Şəhər Köln
Yerləşir Köln
Aidiyyatı Roma-Katolik kilsəsinin Köln arxiyeparxiyası
Memar Memar Cerard
Tikilmə tarixi 1248—1880
Üslubu Qotika
Hündürlüyü 157 m
Uzunluğu
  • 144,5 m
Eni 86,25 m
Sahəsi
  • 258 ha
Vəziyyəti Bərpa olunub.
Rəsmi sayt koelner-dom.de
TipiMədəni
Kriteriyai,ii,iv
Təyin edilib1996
İstinad nöm.292
DövlətAlmaniya
RegionAvropa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Köln kafedralının inşasına 1248-ci ildə başlanılmış və 1473-cü ildə tikinti işləri tam başa çatmamış dayandırılmışdır. XIX əsrdə yenidən başladılan tikinti işləri orijinal plan əsasında 1880-ci ildə tamamlanmışdır. 144.5 metr (474 ft) uzunluğu və 86.5 m (284 ft) eni olan kafedralın qüllələrinin hündürlüyü 157 m (515 ft)-dir.[3] Şimali Avropanın ən böyük qotik kilsəsi olan Köln kafedralı həm də dünyada Ulm kilsəsindən sonra ən hündür kilsədir. İki nəhəng qüllə kilsəyə dünyada ən böyük kilsə fasadlarından birinə malik olmaq imkanı vermişdir. Kilsə xoru bütün orta əsrlər kilsələri arasında böyük ölçülərə (3.6:1) malikdir.[4]

Kölnün orta əsr memarları Üç Kral məbədi relikviyası üçün inşa etdikləri bu nəhəng məbədin həm də Müqəddəs Roma imperiyası imperatorunun ibadət yeri olacağını nəzərə almışdılar. Orta əsrlər dövründə yarımçıq qalmasına baxmayaraq, Köln kafedralı, “müstəsna həqiqi dəyərinə görə şah əsər” kimi dəyərləndirilmiş və “orta əsrlərdə, elə də də müasir dövrdə Avropada güclü xristian inancının simvollarından biri” olması bildirilmişdir.[1]

Tarixi

Qədim dövr

1248-ci ildə Köln kafedralının inşa olunması haqqında qərar verildikdə, onun inşa olunmasının planlaşdırıldığı yerdə müxtəlif tikililər var idi ki, onlardan da ən qədiminin Merkuri Avqust tərəfindən inşa edilmiş Roma məbədinin yerində tikilmiş buğda dükanı olduğu güman edilir. IV əsrdən etibarən ərazi xristianlar tərəfindən məskunlaşmışdı, ərazidə çoxsaylı xristian binaları, o cümlədən, “qədim kafedral” adlandırılan və Köln yepiskopu Maternusun sifarişi ilə inşa edilmiş, dördbucaqlı quruluşa malik bir kilsə də var idi. VI əsrdə inşa edilmiş vəftizxana isə kilsənin şərq tərəfində yerləşirdi. IX əsrdə köhnə kafedralın inşası üçün vəftizxana sökülmüşdü. Hazırda vəftizananın və səkkizguşəli vəftizmalın qalıqları qalmaqdadır.[5] Qədim kafedral adlandırılan ikinci kilsə 818-ci ildə tamamlanmışdı. Yeni kafedralın tikintisi üçün sökülmələrin həyata keçirildiyi 1248-ci ildə 30 aprel günü baş vermiş yanğın ikinci kafedral binasını da dağıtmışdı.

Orta əsrlərdə

Yarımçıq qalmış kafedralın 1856-cı ildə görünüşü.

1164-cü ildə Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix Barbarossa Milandakı Sant Eustorco bazilikasından əldə etdiyi Üç kral relikviyasını Kölnə gətirərək arxiyepiskop Reynald fon Dasselə təqdim edir. Böyük dini əhəmiyyətə malik olan relikviya bütün xristian aləmindən gələn zəvvarlar tərəfindən ziyarət edilirdi. Dəyərli dini artefaktın düzgün yerləşdirilməsi kilsə xadimləri üçün olduqca mühüm idi, buna görə də Amiyen kafedralının nümunəsində yeni qotik kafedralın inşaat işlərinə start verilmişdi.

Kafedralın təməl daşı 15 avqust 1248-ci ildə arxiyepiskop Konrad fon Hoxştaden tərəfindən qoyulmuşdur. Kilsənin şərq qanadının inşası 1322-ci ildə memar Gerhard fon Rile tərəfindən tamamlanmış, və digər hissədə inşaat işlərinin davam etdiyi müddətdə inşaatın tamamlandığı hissənin istifadə edilməsi üçün tamamlanmış hissə müvəqqəti divarla ayrılmışdır. Binanın bu mərhələsində səksən dörd asma xor stulu quraşdırılmışdı. XIV əsrin ortalarında qərb qanadında inşaat işləri memar Mayklın rəhbərliyi altında aprılmışdır. Lakin, 1473-cü ildə cənub qülləsində işlər zənglərə qədər çatdıqda inşaat dayandırıldı və 400 il ərzində Kölndə istiqamət göstərən obyekt kimi inşaat zamanı quraşdırılmış kran sökülmədi.[6]

Sonradan sağ və sol qanadlar arasında nefin inşası bir müddət davam etdirilsə də, XVI əsrdə bütün inşaat işləri dayandırılmışdı.[7]

XIX əsr tamamlanması

Tamamlanmış kafedralın qərb fasadının 1911-ci il görünüşü.

XIX əsrdə, orta əsrlərə qarşı marağın artdığı bir mühitdə, kilsənin orijinal fasad planının aşkarlanmasından sonra protestant Prussiya rəhbərliyi kilsədə inşaat işlərinin tamamlanmasına qərar verdi. Bu nəticə vətəndaşların səyi nəticəsində əldə edildi; 1842-ci ildə əsası qoyulmuş “Central-Dombauverein” adlı qeyri-hökumət təşkilatı inşaat işləri üçün lazım olan xərcin üçdə ikisini topladı, qalan xərclər isə Prussiya hökuməti tərəfindən ödənildi. Dövlət bunu 1815-ci ildə qazandığı çoxsaylı katolik əhali ilə ünsiyyət qurmağa bir vasitə kimi görürdü.

1842-ci ildə başlanan inşaat işlərində orta əsrlərin plan və təsvirləri tamamilə qorunub saxlansa da, dəmir tavan atmaları kimi müasir inşaat materaiallarından istifadə olunmuşdur. Neflər tamamlanmış, qüllələrin inşaati yerinə yetirilmiş və 1870-ci ildə zənglər quraşdırılmışdı.

İnşaat işlərinin başlanmasından 632 il sonra, 14 avqust 1880-ci ildə Almaniyanın ən böyük kilsəsinin inşaat işlərinin tamamlanması ümummilli bayram səviyyəsində qeyd edildi.[8] Bayram tədbirlərinə imperator I Vilhelm də qoşuldu.

II Dünya Müharibəsi və müharibədən sonrakı dövr

Köln kafedralının qarşısında məhv edilmiş Pantera tankı və ABŞ əsgəri.

II Dünya Müharibəsində Kölnün bombalanması zamanı, kafedral on dörd bomba zərbəsi aldı. Ciddi dağıntılara məruz qalsa da, məbəd tamamilə məhv olmuş şəhərin mərkəzində ucalmağa davam edirdi. Müharibənin sonrakı illərdə kafedralın böyük qoşa qüllələri Almaniyanın içərilərinə doğru irəliləyən düşmən qüvvələrinin istiqaməti müəyyənləşdirməkdə istifadə etdikləri əsas obyekt kimi sitifadə edilmişdir və ola bilsin ki, kafedralın tamamilə dağıdılmamasının (Frauenkirxanın dağıdılması kimi) da əsas səbəbi bu idi. 1945-ci ildə isə kafedral ABŞ əsgərləri tərəfindən döyüş sığınacağı kimi istifadə olunmuşdu.[9]

Müharibədən sonra kafedralın təmir işləri 1956-cı ildə tamamlanmışdı. Şimal-qərb qülləsində, kafedralın yanında dağıdılmış binadan götürülmüş kərpiclərlə düzgün aparılmayan bərpa işləri aydın seçilən kobud görüntünün meydana çıxmasına səbəb olmuş və bu vəziyyət 2005-ci ilə kimi müharibənin xatirəsi kimi saxlanılmışdı, lakin sonradan uyğun materiallarla aparılan inşaat-bərpa işləri kafedralı əvvəlki vəziyyətinə qaytarmağa kömək etmişdir. Kərpic əlavələrini binanın sağ tərəfində də görmək mümkündür.

Külək, yağış və çirklənmə məbədin fsada daşlarını daimi zədələdiyindən, mütəmmadi olaraq binanın fasadında təmizləmə, bərpa və təmir işləri aparılır, buna görə də kafedralın bəzi hissələrində təmir pilləkənləri heç vaxt sökülmür. Kafedralın inşası və təmiri üçün yaradılmış “Dombauhütte”də Reyn vilayətinin ən yaxşı daş ustaları xidmət göstərir. Kölndə geniş yayılmış zarafata görə “Dombauhütte”nin rəhbəri olan “Dombaumeister”in (rəhbər memar) katolik olması və başının gicəllənməməsi vacibdir. Hazırda Dombaumeister Maykl Hakdır. Təmir bərpa işlərinə tələb olunan xərclərin yarısı hələ də Dombauverein tərəfindən ödənilir.

25 avqust 2007-ci ildə kafedralın cənub transpert pəncərəsində yeni vitraj quraşdırılmışdır. 113 kv. metr (1.220 kv. ft.) böyüklüyündə olan vitrajın müəllifi alman rəssamı Cerard Riçterdir. Rəngarəng xalçaya oxşayan bu əsər 11500 eyni ölçülü, rəngarəng şüşə parçalarından yığılmışdır. İkinci Dünya Müharibəsində kafedralın orijinal pəncərəsinin itirilməsindən sonra uzun müddət həmin pəncərə adi şüşə ilə örtülmüşdü.[10] Kafedralın arxiyepiskopu, Kardinal Yoahim Meysner vitrajın açılışında iştirak etməmişdir.[11]

Dünya Mədəni İrsi

1996-cı ildə kafedral UNESCO-nun Mədəni baxımdan dəyərli əsərlər siyahısına daxil edilmişdir. Yaxınlıqda çoxmərtəbəli binanın tikilməsinə görə 2004-cü ildə abidə “Təhlikədə olan Ümumdünya irsi” siyahısına daxil edilmişdir, baxmayaraq ki, kafedralın yalnız qərb hissəsi üçün təhlükə ola bilərdi. 2006-cı ildə Almaniya hökumətinin kafedral ətrafında ondan daha hündür binanın tikintisini qadağan etməsindən sonra abidə təhlükə siyahısından çıxarılmışdır.

Ümumdüünya irsi siyahısına daxil olması və yerləşdiyi əlverişli məkana görə Köln kafedralı Almaniyanın ən çox turist qəbul edən məkanlarından biridir və gələn turistlərin böyük bir hissəsini dini məqsədlə ziyarətə gələnlər təşkil edir.

Ziyarətçilərə 509 spiralvari daş pilləkənlə yuxarı qalxaraq 98 m (322 ft) hündürlükdə yerləşən müşahidə meydançasından şəhərin mənzərəsini izləməyə icazə verilir. Platformadan Reyn sahilinə gözəl mənzərə açılır.

2005-ci il Dünya Gənclər Günü festivalları ilə əlaqədar dünya turnesi çərçivəsində, Almaniyaya apostolik səfəri zamanı Roma papası XVI Benedikt 18 avqust 2005-ci ildə Köln kafedralını ziyarət edib. Həmin dövrdə kafedral təxminən bir milyondan çox ziyarətçi qəbul etmişdi. Həmçinin kafedral Dünya Gənclər Günü ilə əlaqədar olaraq gala gecəsinə də ev sahibliyi etmiş və gecədə Ser Gilbert Levinin idarə etdiyi Kral Filarmoniya OrkestriLondon Filarmoniya Xoru tərəfindən BethoveninMissa Solemnis” messası ifa edilmişdi.

Memarlıq xüsusiyyətləri

Ümumi planı, stili və mərkəzi nefin hündürlüyü baxımından Köln kafedralının dizaynı əsasən Amiyen kafedralı əsasında hazırlanmışdır. Əksər qotik kafedrallarda olduğu kimi Köln kafedralının da planı latın xaçı formasındadır. Onun hər iki tərəfində yerləşdirilmiş girişlər, təxminən böyük bir hissəsi dağılmış Buve kafedralı hündürlükdə olan dünyanın ən böyük qotik tağlarından birini saxlamağa kömək edir. Xaricdən isə həmin tağlar fransız manerası ilə işlənmiş kontrofortlara söykənir. Kafedralın şərqində bir ambulatoriya yerləşir, ikinci dəhliz isə yeddi şapelin arasından keçir.

XIX əsr binaları ilə müqayisədə orta əsrlər xoru daha fərqli quruluşa və daha az mexaniki detallara malik idi. Fransız stilində tərtib olunmuş çox hündür sıratağlar, incə, dar triforium şəbəkəli pəncərələrdən süzülən rəngarəng şüalarla işıqlandırılır. Yuxarı pəncərələr çox hündürdə yerləşir və onların aşağısında hələ də bəzi qədim fiqurativ şüşələr saxlanmışdır. Pəncərələr tağvari tikilmə ilə tamamlanır və pəncərə tağları mərkəzə gələrək çatmatağlarla birləşir. Çatmatağlar isə dörd tərəfə haçalanaraq tarazlanmanı təmin edir.

Xorun bir çox orijinal detalları, o cümlədən orijinal fittinqləri və oyma kioskları olduğu kimi saxlanmışdır və təəccüblüdür ki, məbədi təhqir edən Fransa İnqlab Ordusu da onları dağıtmamışdı. Məbədin orta əsr girişinin üstündə yerləşdirilmiş böyük Müqəddəs Kristofer heykəli yuxarıdan aşağı baxır.

Nef bir çox XIX əsr vitrajları ilə bəzədilmişdir. Onlardan cənub tərəfdə yerləşən və “Bayernfenster” adlanan beş dəst vitraj Bavariya kralı I Lüdviqin kafedrala hədiyyəsidir və həmin dövrün alman rəssamlığının xüsusiyyətlərini daşıyır.

Ulm, VyanaRegensburq kafedralları kimi, Köln kafedralı da xarici görünüşcə, xüsusilə uzaq məsafədən baxdıqda, şiş ucların dominantlığı fonunda sırf alman memarlığının cizgilərini daşıyır.[12]

Ölçülər

Cənub qurtaracağında yerləşən
xorun XIX əsr kəsiyi
Kafedralın ümumi xaçvari planı
Ümumi hündürlük144.58 m (474.3 ft)
Ümumi en86.25 m (283.0 ft)
Qərb fasadının eni61.54 m (201.9 ft)
Transept fasadın eni39.95 m (131.1 ft)
Nefin eni (dəhliz interyeri ilə birgə)45.19 m (148.3 ft)
Cənub qülləsinin hündürlüyü157.31 m (516.1 ft)
Şimal qülləsinin hündürlüyü157.38 m (516.3 ft)
Turel silsiləsinin hündürlüyü109.00 m (357.61 ft)
Transept fasadın hündürlüyü69.95 m (229.5 ft)
Dam silsiləsinin hündürlüyü61.10 m (200.5 ft)
Nefin daxili hündürlüyü43.35 m (142.2 ft)
Binanın sahəsi7,914 m² (85,185.59 kv ft)
Pəncərələrin yerüstü sahəsi10,000 m² (107,639.10 sq ft)
Damın yerüstü sahəsi12,000 m² (129,166.93 sq ft)
Kontrforslarsız ümumi həcm407,000 m³ (14,400,000 ku ft)

Xəzinələri

Kafedralın incilərindən biri 1322-ci ildə quraşdırılmış Yüksək Altardır. O, dikinə ucaldılmış 15 fut (4.6 m) hündürlükdə bərk qara mərmərdən inşa edilmişdir. Ön və yanlarda yerləşdirilmiş ağ mərmər nişlərin üzərində “Bakirənin tacqoyması” səhnəsindən fiqurlar vardır.[13]

Kafedralda saxlanan ən qiymətli sənət əsəri Köln arxiyepiskopu Filipp fon Heynsberqin sifarilşi ilə 1167-1191-ci illərdə Verdunlu Nikolas tərəfindən hazırlanmış Üç Kral məbədi relikviyasıdır. Ənənəvi inanca görə bu dəyərli sənət əsərinin içində I Fridrix Barbarossa 1164-cü ildə Milanı tutmasından sonra ələ keçirərək Kölnə gətirdiyi, Milad ulduzu arxasınca Yerusəlimə gəlmiş üç maqın qalıqları saxlanılır. Bürünc və gümüşdən bazilika formasında hazırlanmış məbəd, memarlıq detalları və fiqurativ heykəlciklərlə bəzədilmişdir. Məbədin üzərində emalla çəkilmiş çoxlu naxışlar və daş qaşlar var. 1864-cü ildə açılmış məbədin içərisindən sümük və paltar qalıqları aşkarlanmışdır.

Müqəddəs qabların saxlandığı otaq yaxınlığında orta əsrlərə aid olan, palıd ağacından yonulmuş, üzərində boya və qızıl izləri olan Gero xaçı yerləşir.[14] 960-cı illərdə arxiyepiskop Geronun sifarişi ilə hazırlandığına inanılan xaç, şimali Alp ərazisində hazırlanmış ən qədim xaç olmaqla, həm də Şimali Avropanın orta əsrlərə aid müstəqil dayanan ilk və ən böyük heykəllərindən biridir.[15]

Gizli şapeldə yerləşən “Mailänder Madonna” ("Milan Madonnası") 1290-cı illərdə hazırlanmış taxta heykəldir və heykəldə Xeyirdua almış Madonna və Körpə İsa təsvir olunmuşdur. Kilsənin altarı isə rəssam Stefan Loxner tərəfindən internasional qotika üslubunda işlənmişdir. Altarda həm də Müqəddəs İrmenqardanın relikviyası saxlanılır.

Yəhudi lövhələri

Kilsənin interyer divarlarında bir neçə tablet yerləşdirilmişdir ki, həmin tabletlərdə də arxiyepiskop II Engelbert (1262-1267) tərəfindən müəyyənləşdirilmiş qayda yazılmışdı. Həmin qaydaya görə yəhudilərə Kölndə yaşamağa icazə verilirdi.[16]

Kilsə musiqisi

Kilsədə “Klais Orgelbau” şirkəti tərəfindən istehsal olunmuş iki orqan vardır. Transept orqan 1948-ci ildə, nef orqanı isə 1998-ci ildə quraşdırılmışdır. Kafedralın orqanistləri Cozef Zimmermann, Klemens Qanz (1985-2001) və Uinfrayd Boniqdir (2001).

Zənglər

Kafedralın on bir kilsə zəngi var ki, onlardan da dördü orta əsrlərə aiddir. Onlardan birincisi 1418-ci ildə hazırlanmış, 1437-ci ildə quraşdırılmış və 1880-ci ildə təmir edilmiş 3.8 ton çəkisi olan “Üç Kral Zəngi”dir (Dreikönigsglocke). Digər iki zənglər, Pretiosa (10.5 ton çəkisi olan zəng Qərbdə ən böyük kilsə zəngidir) və Speciosa (5.6 ton) isə 1448-ci ildə quraşdırılmışdır və bu günə kimi yerində qalmaqdadır.

XIX əsrdə kafedralın inşası tamamlanarkən, kilsə zənglərinin sayının da artırılmasına qərar verildi. I Vilhelmin bu məqsədlə 1870-1871-ci illərdə ələ keçirdiyi fransız bürüncündən topu kilsəyə bağışlaması bu işi daha da asanlaşdırdı. 22 parçadan ibarət olan artilleriya silahı 11 may 1872-ci ildə kafedralın həyətində nümayiş etdirildi. 19 avqust 1872-ci ildə Andreas Hamm Frankenthalda həmin hissələrdən 27.000 kq çəkisi olan zəngin hazırlanmasında istifadə etdi. Ton harmonik olmadaığından 13 noyabr 1873-cü ildə daha bir cəhd edildi. Zəngin hazırlanması xərclərini öz öhdəsinə götürmüş Mərkəzi Kafedral Asossasiyası həmin zəngdən imtina etdi. 3 oktyabr 1874-cü ildə daha bir cəhd edildi. Nəhayət 13 may 1875-ci ildə Kölnə gətirilən nəhəng zəng kilsədə quraşdırıldı. 1918-ci ildə Almaniyanın hərbi əməliyyatlarının dəstəklənməsi məqsədi ilə zəng kilsədən söküldü.

1922-ci ildə quraşdırılmış 24 ton çəkisi olan Müqəddəs Pyotr zəngi (Petersglocke) həm də dünyanın ən böyük azad-yellənən zəngidir.

Müqəddəs Pyotr zəngi, zəngin sağ tərəfində dayanmış insan zəngin ölçüsünü anlamağa kömək edir.
Kiçik qüllə zəngləri
  • Gecə zəngi (Mettglocke) 0.280 ton
  • Consecration Bell (Wandlungsglocke) 0.425 ton
  • Angelus zəngi (Angelusglocke) 0.763 ton
Cənub helezonunda əsas zəng dəstəsi
  • Salam zəngi (Aveglocke) 0.830 ton
  • Fəsil zəngi (Kapitelsglocke) 1.400 ton
  • Müqəddəs İosif zəngi (Josephglocke) 2.200 ton
  • Müqəddəs Ursula zəngi (Ursulaglocke) 2.550 ton
  • Üç Kral zəngi (Dreikönigsglocke) 3.800 ton
  • Speciosa 5.600 ton
  • Pretiosa 10.500 ton
  • Müqəddəs Pyotr zəngi (St. Petersglocke,Almaniyanın ən böyük zəngi) 24.000 ton

İstinadlar

  1. "UNESCO World Heritage Sites, Cologne Cathedral". Whc.unesco.org. 2009-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01 avqust 2014.
  2. A Little Closer to Heaven Arxivləşdirilib 2010-09-14 at the Wayback Machine, the official movie, Cologne Cathedral website. Retrieved 01 avqust 2014.
  3. "Cologne Cathedral official website". Koelner-dom.de. 2016-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 01 avqust 2014.
  4. Banister Fletcher, A History of Architecture on the Comparative Method
  5. Kafedralın yanında yerləşən vəftizmal qalıqları
  6. Wim Swaan
  7. Wim Swaan son tarix olaraq 1560-cı ili göstərsə də, əksər alimlər 1520-ci ilin son inşaat tarixi oldmasını qəbul edirlər.
  8. Fallows, Samuel, redaktor Progress. The University Association. 1895. səh. 468. 9 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2011.
  9. Monate im Dunkeln, Dr. Heinrich Schneider, 1955 (Dissertation)
  10. http://www.spiegel.de/kultur/gesellschaft/neugestaltetes-fenster-gerhard-richter-digitalisiert-koelner-dom-a-501994.html Arxivləşdirilib 2022-04-05 at the Wayback Machine, spiegel.de, 25.08.2007, Yoxlanılıb: 01 Avqust 2014
  11. Fortini, Amanda. "Pixelated Stained Glass". The New York Times. 9 December 2007. ISSN 0362-4331. 29 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01 avqust 2014.
  12. Wim Swaan, Banister Fletcher
  13. Joan Holladay, Iconography of the High Altar in Cologne Cathedral, (1989)
  14. Arthistory Arxivləşdirilib 2021-10-31 at the Wayback Machine, Pensilvaniya Universiteti
  15. Howard Hibbard
  16. A social and religious history of the Jews, Salo Wittmayer Baron, 2nd Edition, Columbia University Press, 1965, p. 174

Ədəbiyyat

  • Wim Swaan, The Gothic Cathedral, Omega Books (1969), ISBN 0-907853-48-X
  • Banister Fletcher, A History of Architecture on the Comparative Method.
  • Howard Hubbard, Masterpieces of Western Sculpture, Thames and Hudson, ISBN 0-500-23278-4
  • Wolff, Arnold, Cologne Cathedral. Its History – Its Works of Arts, Verlag (editor) Kölner Dom, Cologne: 2nd edition 2003, ISBN 978-3-7743-0342-3

Həmçinin bax

Xarici keçidlər

Sələfləri 
Ruan kafedralı
Dünyanın ən hündür tikilisi
1880-1884
157.38 m
Xələfləri 
Vaşinqton abidəsi
Sələfləri 
Ruan kafedralı
Dünyanın ən hündür binası
1880–1890
157.38 m
Xələfləri 
Ulm kilsəsi
Sələfləri 
Ruan kafedralı
Avropanın ən hündür binası
1880–1890
157.38 m
Xələfləri 
Ulm kilsəsi

П:  Almaniya portalı П:  Memarlıq portalı П:  Xristianlıq portalı

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.