I Yekaterina
I Yekaterina və ya Yekaterina Alekseyevna (Rusca: Екатери́на Алексе́евна Миха́йлова) (d. 15 aprel 1684, Latqale – ö. 17 may 1727, Sankt-Peterburq) — Rus imperatoru I Pyotrun ikinci xanımı və Rusiya imperatriçası.
I Yekaterina | |
---|---|
Marta Helena Skowrońska | |
![]() | |
22 oktyabr 1721 – 8 fevral 1725 | |
Əvvəlki | Yevdokiya Lopuxina |
Sonrakı | II Yekaterina |
8 fevral 1725 – 17 may 1727 | |
Əvvəlki | I Pyotr |
Sonrakı | II Pyotr |
Şəxsi məlumatlar | |
Doğum adı | Марта Скавронская |
Doğum tarixi | |
Doğum yeri | Latqale, Latviya |
Vəfat tarixi | (43 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | |
Fəaliyyəti | monarx |
Atası | Samuel Skavronski |
Anası | Elizabet Moris |
Həyat yoldaşı | I Pyotr |
Uşaqları |
Anna Petrovna Yelizaveta Petrovna |
Dini | Lüteranlıq, Şərqi pravoslav kilsəsi, Şərqi pravoslav kilsəsi, şərqi ortodoks xristianlıq |
|
|
![]() |
|
![]() |
Həyatı
Köləlik illəri
Fransız tarixçisi Volterə görə, Yekaterinanın həyatı ən az əri Pyotrun həyatı qədər maraqlıdır. Əsli və sülaləsi haqqında dəqiqi məlumatlar yoxdur. 15 aprel 1684-cü ildə Latviyanın Latqale vilayətinə bağlı Vişki kəndində dünyaya gəlmişdir. İlk adı Marta Helena Skavronskaya idi. Atası polyak kəndli Samuel Skavronski, anası isə alman əsilli Elizabet Morisdir.
Martanın ailəsi 1689-cu ildə vəba epidemiyası səbəbilə vəfat etdi və geridə 5 övlad buraxdı: Kristina, Anna, Karol, Fridrix və Marta. Ən məşhur versiyaya görə, 3 yaşlı Marta bibisi tərəfindən alındı və şimali Latviyaya göndərildi. Burada məşhur teoloq və din xadimi İohan Erns Qlukun evində sığıntı və xidmətçi olaraq qaldı. Məşhur bir din xadiminin yanında xidmət etsə də, ömrü boyunca heç bir təhsil almadı.
Marta çox gözəl bir gənc qız idi. Hətta evində qaldığı Qluk ailəsinin gənc oğluyla aralarında şayələr yayılmağa başlamışdı. Bu səbəblə 17 yaşında ikən İsveçli hərbçi İohan Krusla evləndirildi. Ancaq nigahdan 1 həftə sonra rus qoşunları bölgəni işğal etdi və gənc Yekaterinanın əri öldürüldü. Ev sahibi İohan Qlukun general Boris Şeremetevin xidmətinə girməsi nəticəsində gənc Yekaterina da Moskvaya aparıldı.
Yol boyunca rus ordusunda xidmətçi olaraq istifadə edilən Martanın, şayələrə görə, bu müddət ərzində bir çox ordu generalıyla münasibəti oldu. Ancaq bu söyləntilərin qaynağı hələ də bilinmir. Moskvaya gətirildikdən sonra general Şeremetevin evinə xidmətçi olaraq alınır. Daha sonra Çar Pyotrun ən yaxın adamlarından olan Aleksandr Menşikovun xidmətinə verilir. Məhz çarla da bu evdə ikən tanışmışdır. Bu görüşün 1703-cü ildə baş tutduğu məlumdur. Belə ki, 1704-cü ildə Marta artıq çarın saray heyətində öz yerini tutmuş, hətta ilk övladı olan Pyotru dünyaya gətirmişdi. 1705-ci ildə pravoslavlığı qəbul edən Marta, Yekaterina Alekseyevna adını aldı.
Çarla evliliyi
Heç bir tarixi mənbədə qeyd edilməsə də, Yekaterina və Pyotr 1707-ci ilin sonlarında Sankt-Peterburqda gizlicə evləndi. Bu evlilikedən çarın 12 övladı olsa da, bunlardan yalnız ikisi yetkinlik çağına qədər yaşadı: Anna və Yelizaveta.
Cütlük 19 fevral 1712-ci ildə Müqəddəs İsaak Kafedralında rəsmi bir mərasimlə nigahlandı. Beləliklə, Yekaterina Çar Rusiyasının rəsmi çariçası elan edildi. Ancaq o, Pyotrun ilk xanımı deyildi. Çar boşandıqdan sonra xanımını monastırda qalmağa və rahibə olmağa məcbur etdi. Çarın bu evlilikdən 3 övladı olsa da, bunlardan yalnız vəliəhd Aleksey Pyotroviç yetkinlik yaşına çatmışdı.
Səltənət illəri
1724-cü ildə Yekaterinanın rəsmi tacqoyma mərasimi keçirildi və ölkənin ikinci hakimi olaraq Rusiya imperatriçası elan edildi.
Vəfatından bir il öncə, Pyotrla xanımının münasibəti pisləşdi. Səbəb isə imperatriçanın bəzi dövlət adamlarını dəstəkləyərək siyasi məsələlərə qarışması idi. Bu işdə onun ən yaxın köməkçisi isə çarın keçmiş məşuqələrindən Anna Monsun qardaşı Vilyam Mons idi. O və sarayda yerləşdirdiyi digər bacısı Martyo vasitəsilə dövlət məsələriylə məşğul olan Yekaterinanın bu vərdişləri çarı narahat edirdi. Ancaq bu siyasi qrup çox keçmədən çarın qəzəbinə gəldi və Vilyam Mons edam olundu. Bacısı isə sürgün edildi. Çarla Yekaterina isə bir neçə ay danışmadılar. Çariçayla Vilyam Mons arasında bir sevgi münasibətinin olması barədə şayələr yayılsa da, bu heç vaxt sübut edilmədi.
8 fevral 1725-ci ildə Çar Pyotr geridə vəliəhd buraxmadan vəfat etdi. Dövlət strukturunun qarşı çıxmasına baxmayaraq, Yekaterina saray məmurlarının və bəzi ordu generallarının dəstəyilə taxta çıxdı. Dövlət işlərini, ərinin vaxtilə yaratdığı 6 nəfərlik dövlət komitəsinə həvalə edən Yekaterina dövlət məsələlərindən tamamilə uzaqlaşdı.
Çox keçmədən vərəm xəstəliyinə tutulan çariça qısa zaman sonra Sankt-Peterburqda vəfat etdi. Cənazəsi burada dəfn olundu.
Övladları
- Pyotr Pyotroviç (1704) — Ölü doğulmuşdur.
- Pavel Pyotroviç (1705) — Ölü doğulmuşdur.
- Yekaterina Petrovna (d. dekabr 1706 - ö. iyun 1708)
- Anna Petrovna (d. 27 yanvar 1708 - ö. 15 may 1728)
- Yelizaveta Petrovna (d. 29 dekabr 1709 - ö. 5 yanvar 1762)
- Mariya Petrovna (d. 20 mart 1713 - ö. 27 may 1715)
- Marqarita Petrovna (d. 19 sentyabr 1714 - ö. 7 iyun 1715)
- Pyotr Pyotroviç (d. 15 noyabr 1715 - ö. 19 aprel 1719)
- Pavel Pyotroviç (13 yanvar 1717) — Ölü doğulmuşdur.
- Nataliya Petrovna (d. 31 avqust 1718 - ö. 15 mart 1725)
- Pyotr Pyotroviç (7 oktyabr 1723) — Ölü doğulmuşdur.
Mənbə
- History of the Russian Empire Under Peter the Great (Vol. I 1759; Vol. II 1763).
- Five Empresses: Court Life in Eighteenth-Century Russia Praeger Publishers; Connecticut, 2004
- Royal Babylon: The Alarming History of European Royalty Broadway; New York, 2001
İstinadlar
- Екатерина I // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.