I Təhmasibin Kartli və Kaxetiyə yürüşləri

I Təhmasibin Gürcüstan yürüşləriSəfəvi imperiyasının ikinci hökmdarı olan I Təhmasibin indiki Gürcüstan ərazisində yerləşən KartliKaxeti çarlıqlarını ərazilərinə həyata keçirmiş yürüşləri.

I Təhmasibin Kartli və Kaxetiyə yürüşləri
I Təhmasibin yürüşləri
Tarix 1541-1566
Yeri KartliKaxeti çarlıqları (indiki Gürcüstanın şərqi)
Nəticəsi Səfəvi imperiyasının qələbəsi
Ərazi dəyişikliyi KartliKaxeti çarlıqları Səfəvi imperiyasının asılılığına keçdi.
Münaqişə tərəfləri

Səfəvilər İmperiyası

Kartli çarlığı
Kaxetiya çarlığı

Komandan(lar)

I Təhmasib
Bədr xan Ustaclı
Şahqulu Ustaclı
Şahqulu Xəlifə Zülqədər
Əli Sultan Təkəli
Şahverdi sultan Ziyadoğlu-Qacar
Məhəmməd bəy Çepni
İbrahim Xəlifə Qaramanlı
Şamxal bəy Çərkəz
İbrahim bəy Alpout
Əliqulu bəy Qacar
Levan (1561-ə qədər)
Keyxosrov
Davud xan (1561-dən sonra)
Baş Açıq

I Luarsab
Kəlbəd-i Gürci
Habş
Vaxuş Gürci
Şərmazan oğlu
I Simon
Davud xan (1561-ci ilə qədər)
Levan
Qurgin

    Şah Təhmasibin mütəmadı olaraq maraqlandığı bölgələrdən biri də Gürcüstan idi.[1] Bunun səbəbləri içərisinə indiki Gürcüstanın cənubu və indiki Ermənistan ərazilərini əllərində saxlayan Ustaclı tayfasının gücünü azaltmaq dursa da, digər bir məqam yağma idi. Əsasən xristian olan gürcü torpaqlarına hücumların çox zaman motivi cihad olurdu.[2] Şah Təmasibin ilk yürüşü zamanı Tiflis yağmalanmış, onun kilsələri, gürcü zadəganların sərvətləri, uşaqları və arvadları qənimət olaraq ələ keçirilmişdi.[3] Həmçinin sonda Tiflis, Golbad kimi şəhərlərin hakimləri şiəliyi qəbul etməyə məcbur olmuşlardı. Kartli kralı I Luarsab xilas olmağı bacarmış və Təhmasibin yürüşləri zamanı gizlənmişdir.[4] İkinci yürüşün məqsədi gürcü torpaqlarında stabil qızılbaş hakimiyyətini təmin etmək idi. Yenə yağmalamalarla müşahidə edilən yürüş nəticəsində Kaxetiya kralı Levan tabe edilmiş və o, şaha tabe olacağı barədə and içmişdir.[5] Amasiya sülhündən bir il əvvəl daha bir yürüş həyata keçirlmişdir. Bu yürüşlərin hər birində xeyli sayda qənimət ələ keçirilməklə birlikdə, qızılbaşlar, çox sayıda əsir də əldə edərək geri dönmüşlərdir. Mənbələrdə bir yürüşdə 30 min əsirin ələ keçirildiyi bildirilməkdədir. Belə əsirlərdən biri də Luarsabın anası Nestan Darejandır ki, əsir götürüldükdən sonra intihar etmişdir.[6] Bu əsir götürülənlərdən bəzisi sonradan Səfəvi bürokratiyasına daxil olmağı da bacarmışdırlar.[3][7]

    1555-ci ildə Amasiya sülhünə uyğun olaraq şərqi Gürcüstan qızılbaşların hakimiyyəti altında qaldı.[8] Bundan sonrakı yürüşlərdə Şah Təhmasib özü şəxsən iştirak etmədi, bunun əvəzinə regiondakı qızılbaş hakimiyyətini Şahverdi Sultan Ziyadoğlu Qacar təmsil etməkdə idi. O, ümumilikdə Arazdan şimaldakı torpaqlara hakimlik etməkdə idi.[6] Təhmasib buradakı hakimiyyətini davamlı etmək üçün Kartli və Kaxetiya taxtına şiəliyi qəbul etmiş şəxsləri keçirməkdə idi. Bunlara misal olaraq, I Simonun qardaşı Davud xanı misal göstərmək olar.[3] Kaxetiyalı Levanın oğlu şahzadə Jesse də 1560-cı illərdə Qəzvinə gəlmiş və şiəliyi qəbul etmişdir. Bunun qarşılığında da Şah Təhmasib ona hədiyyələr və vəzifə vermişdir. Ona Qəzvində saray hədiyyə edilmiş, Şəkinin və ətraf ərazilərin hakimi təyin edilmişdir.[6] Bu gürcü şahzadələrinin şiəliyi qəbul etməsi Tiflisi geri qaytarmağa çalışan Kartli hökmdarları I Luarsaba, onnu oğlu I Simona qızılbaşlara qarşı mübarizə aparmağı davam etdirmələrinə əngəl olmadı. Bu gürcü hakimlərinin qızılbaşlarla döyüşdüyü Qarisi döyüşündə də yekun mütləq qalib müəyyənləşməmişdi.[9]

    Arxa plan

    AzərbaycanŞərqi Anadolu mərkəzli dövlət üçün XV əsrdən və daha əvvəllərdən etibarən Gürcüstana edilən hərbi yürüşlər adi bir şeyə çevrilmişdi. Şah İsmayılın ana tərəfdən babası olan Ağqoyunlu Uzun Həsən Gürcüstan knyazlıqları üzərinə 3 dəfə — 1458, 1461 və 1476 — böyük yürüş həyata keçirmişdi.[10] Şah İsmayıl özü də hətta Çaldıran döyüşündəki məğlubiyyətdən sonra da Gürcüstan ərazilərinə ordular göndərmişdir. Bu qədər yürüş edilməsinin bir neçə səbəbi var idi və bunlardan ən əsası regionun coğrafi yerləşməsi idi. Osmanlı və Səfəvi imperiyaları arasındakı rəqabət onlara bufer zona yaratmağa sövq edirdi və belə bir bölgə də məhz Gürcüstan idi. Təhmasibin dövründəki yürüşlərin səbəblərindən biri də qızılbaş ordusu daxilində vaxtaşırı formalaşan yağma ehtiyacı idi. Lakin onun ilk yürüşünün səbəbi tamamilə başqa idi və qızılbaş yüksək komandanlığının uuğrlu hərbi yürüş həyata keçirməklə ordudakı həmrəyliyi və döyüş əhval-ruhiyyəsini yüksəltməyi hədəfləməkdə idi. Parçalanmış gürcü krallıqlarında siyasi və hərbi birliyin olmaması onları Osmanlı və Səfəvilərin daha böyük və daha mütəşəkkil orduları üçün asan hədəfə çevirirdi.[11]

    Gürcüstanın xristian əhalisi ətraf türk-müsəlman dövlətləri üçün onları legitim hədəfə çevirirdi. Bu dövlətlər öz siyasi legitimliklərini təmin edə bilmək üçün tez-tez cihad amilindən istifadə edirdilər. Bu, hüquqi nöqteyi-nəzərdən onlara qeyri-müsəlman əhaliyə vergi və xərac qoymaq imkanı verirdi. Bununla belə, "sərhəd torpaqlarında" iki imperiya arasında dini və siyasi qarşıdurma da az əhəmiyyət kəsb etmirdi; legitimlik iddialarını gücləndirmək üçün imperiya gücünün nümayişinə ehtiyac tez-tez bölgədə hərbi əməliyyatlarla nəticələnirdi. Üstəlik, bu dövrdə Səfəvi dövləti yüksək dərəcədə hərbiləşdirilmişdi və bu vəzifələri yerinə yetirən qızılbaşlar üçün müharibə təbii və ülvi bir həyat tərzi idi. Məhz müharibədə onlar öz şücaətlərini, fədakarlıqlarını və şərəflərini sübut edə bilərdilər. Müharibə həm də varlanmaq və geniş torpaq sahələrinə sahib olmaq imkanı verirdi. Təhmasp bu kampaniyalarda iştirak edən əmirləri əsas dövlət vəzifələrinə təyin edir və onlar da öz növbəsində yeni əldə etdikləri vəsaiti öz tabeliyində olanlara paylayırdılar. Bütün bunlar Qafqaza genişlənmək üçün güclü motiv idi və Səfəvi ali komandanlığı bu faydaların bölgədə Osmanlılarla birbaşa toqquşma riskindən üstün olduğuna inanırdı.[12]

    Birinci yürüş (1541)

    Şah Təhmasibin Gürcüstan ərazisinə ilk yürüşü 1541-ci ildə baş vermişdir. Bu zaman şahın 27 yaşı var idi və o, artıq bütün hakimiyyəti öz əlində cəmləşdirmiş, əyalətlərə etibarları əmirləri, qızılbaşların yüksək elitasından ona saiq şəxsləri yerləşdirmişdi. Bu yürüş başladığı zaman fəlakətli vətəndaş müharibəsi sona çatmış, 1539-cu ildə özbəklər üzərində qələbə qazanmaqla şərq sərhədlərində stabillik yaradılmış və 1533-cü ildən 1535-ci ilə qədər davam etmiş Süleymanın yürüşünün üzərindən 6 il keçmişdi. KartliKaxeti çarlıqları Səfəvi basqınlarının ən ağır yükünü Şah Təhmasibin dövründə (daha sonra isə onun nəvəsi I Abbasın hakimiyyəti dövründə) çəkdi. Digər tərəfdən, Samtsxe knyazlığı öz müstəqilliyini qoruyub saxlamaq və bilavasitə tabeliklə nəticələnə biləcək hərbi münaqişə riskindən qaçmaq üçün coğrafi uzaqlığından istifadə edərək Səfəvilərlə siyasi dialoqa getdi.[13] Sabaratiano, Saamilaxvaro və Satsitsiano kimi bir neçə muxtar dövlətə sahib olan Kartli Krallığının Baqrationilər sülaləsindən güclü bir hökmdarı var idi — Kral Konstantin Luarsabın birbaşa nəslindən olan Kral I Luarsab. O, bu dövrdə Şah Təhmasibin əsas rəqibi idi və Səfəvilərin Kartli və qonşu bölgələrdə hökmranlıq etmək cəhdlərinə şiddətlə müqavimət göstərdi.[14]

    Dövrün Səfəvi mənbələri gürcü çarlıqları arasında heç bir fərq qoymur; bu mənbələrdə bölgə üçün ümumi təyinat "Gürcistan" terminidir. Lakin hökmdarlar və ya tanınmış şəhərlər (məsələn, Qori və ya Tiflis) arasında fərq qoymaqla konkret hansı krallıqdan bəhs edildiyini müəyyən etmək olar. Bu mənbələrə görə, bu kampaniyaların başlamasının əsas motivi kafirlərə qarşı "müqəddəs müharibə"dən (qəzavat və cihad) başqa bir şey deyildi. Salnaməçi Həsən-bəy Rumlu yazır: "İmanın müdafiəçisi Şah İslamın qələbəsi və Peyğəmbərin dininin möhkəmlənməsi naminə… qorxmaz qoşunlarla Gürcüstana yürüş etdi. " Digər tərəfdən, erməni salnaməçisi Zakaria Kanakertsi yazır ki, ilk işğalın səbəbi məhz gürcülər olub, onlar "Tiflisə gələn istənilən iranlıya hücum edib qarət ediblər". 1541-ci ildə qızılbaş qoşunları Qarabağdan şimala, kral Luarsabın hakimiyyəti altında olan Kartli çarlığının paytaxtı Tiflisə doğru irəlilədilər. Səfəvi işğalından cəmi iki il əvvəl Gürcüstandan keçən Venesiya elçisi Mişel Membray yazırdı:

    " “Onun (Kral Luarsabın) əyanlarının sayına görə təxminən 5000 nəfərdən ibarət aznavurlar adlanan atlıları var... adı çəkilən Tiflis şəhəri çox böyükdür, lakin çoxlu müharibələr nəticəsində onun böyük hissəsi dağıdılıb. Adı çəkilən kral Luarsab Sofiyə (yəni Şah Təhmasp) illik 1000 dukat xərac ödəyir.[14] "

    Membrenin məlumatına görə, Kaxetiya çarlığı ən azı 1538-ci ilə qədər Səfəvi imperiyasına xərac vermişdir. Şah Təhmasibin Gürcüstana təşkil etdiyi bu ilk yürüşündə iştirak etmiş Həsən bəy Rumlu günümüzdə mövcud olan digər qaynaqlarla nisbətdə daha ətraflı məlumat verir. Onun yazdıqlarına görə, qızılbaş ordusu Tiflis şəhərinı gecə ikən çatdı və dərhalda şəhərə hücum təşkil edildi. Luarsabın sərkərdələrindən biri olan Kəlbəd-i Gürci öz döyüşçüləri ilə birlikdə Tiflis şəhərində idi və müqavimət göstərmək niyyətində idi. Sonda o, məğlub edildi, şəhər qızılbaşlar tərəfindən ələ keçirildi. Qarət edilən şəhər qarət edildi, insanlar isə əsir götürüldü. Bir digər gürcü sərkərdəsi Habş Bartis qalasına qaçdı və sonda məğlub edildi. İslamı qəbul edənlərin, o cümlədən sərkərdə Kəlbədin canı sağ qaldı, dinindən dönməyənlər isə dərhal edam edildi. Qızılbaş qoşunu Luarsabı və onun camaatını ələ keçirmək üçün Kür çayının sahili boyunca yürüşə başladı. Qoşun tezliklə qənimət və çoxsaylı əsirlərlə Təbrizə qayıtdı. Bu yürüşlərin nəzərə çarpan xüsusiyyəti gürcü knyazlıqlarında qalaların mühasirəyə alınmasıdır. Əslində, hərbi hücumun hər raundunun müvəffəqiyyəti əraziyə nəzarət edən qalalar zəncirinin tutulmasından asılı idi. Daş qala gürcü hərbi aristokratiyasının qüdrətinin simvolu — onların siyasi və inzibati aparatının mərkəzi, eləcə də bu ərazidə hərbi qüdrətinin əsası idi. Yəni bölgəyə hakim olmaq üçün ilk öncə o bölgənin mərkəzi qalasına sahib olmaq gərəkməkdə idi. Qala bu yürüşlər zamanı Səfəvi qoşunlarının gürcü kəndlərində rastlaşdıqları ən güclü, təhdidedici və hakim struktur idi.[15] Qalanın ələ keçirilməsi gürcü silahlı qüvvələrinin hər hansı konkret ərazidə qüdrətini qırmaq üçün tamamilə zəruri idi və bu yürüşlərdə mühüm yer tuturdu.[16]

    Səfəvilərin 1541-ci il yürüşü uğurlu oldu. Bu nəticə özündən xeyli sayda üstün olan Osmanlı ordusu ilə yaşanan çətin döyüşlərdə qızılbaş ordusunun əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb oldu. Müvafiq olaraq, bu qələbə Təhmasibin özünə böyük şəxsi fayda gətirdi, çünki onun silahlı qüvvələrinin gözündə artan qüdrətini və nüfuzunu əks etdirirdi. Nəzərə almaq lazımdır ki, bu dövrdə Şah Təhmasibə öz şəxsi nüfuzunu yüksəltmək və mərkəzi hakimiyyəti gücləndirmək üçün hərbi uğura ehtiyacı var idi. Nəticdəə bu yürüşdə qazanılmış uğur qızılbaş əmirlərinin şahlarına olan sədaqətlərinin yüksəlməsinə səbəb olmuş və onnu güclü bir lider olduğuna inandırmışdı. Şübhəsizdir ki, bu hərbi qələbədən Şah Təhmasib üçün siyasi qələbələr də doğmuşdu. Buna görə də, ŞahTəhmasib yürüşün tam zəfərə çatmamasına rəğmən, onun nəticələrindən razı qalmalı idi.[16]

    İkinci yürüş (1547)

    6 il sonra — 1547-ci ilin qışında Şah Təhmasib Gürcüstana, Kaxetiya çarlığının üzərinə yeni yürüşə başladı. Görünüşə görə, bu qərarın verilməsində Şah Təhmasibin ögəy qardaşı Əlqas Mirzənin üsyan qaldırması və Osmanlının üçüncü yürüşündə iştirak etməsi faktı önəmli rol oynamışdır.[16] Əlqas Mirzənin üsyan qaldırması xəbəri 1546-cı ildə şah Qəzvində olduğu zaman ona çatdı. Şahın elçisi Əli ağa qapıçıbaşı onu razı salmaq məqsədi ilə Əlqasın iqamətgahı olan Şirvana göndərildi. Elçinin cəhdləri nəticəsiz qaldı. Bundan sonra Şah Təhmasib ordunun başında özü olmaqla birlikdə Şirvana yürüşə çıxma qərarı verdi. Şahın ordu ilə gəlməsini eşidən Əlqas Mirzə təhlükəni hiss edərək anasını və oğlu Əhməd Mirzəni şah sarayına göndərərək bağışlanmasını istədi. Şah təklifi qəbul etdi və özünün yüksəl rütbəli məmurları olan Şahqulu Xəlifə Möhürdarı, Sevindik bəy QorçubaşınıBədr xan Ustaclını Əlqas Mirzənin birdə üsyan qalxmayacağı barədə Quranın üzərinə and içməsini təşkil etmək üçün Şirvana göndərdi. Əlqas Mirzə gəlinən razılığa görə ildə şahın xəzinəsinə ildə min tümən vergi verəcəyini, müharibə halında min nəfər döyüşçü göndərəcəyini və taxta ölənə qədər sadiq qalacağına and içdi. Bütün bu olanlardan Şah Təhmasib o qədər də razı qalmasa da, şimala doğru yürüşünü davam etdirərək Səhənddən Təbrizə gəldi.[17]

    Çox gümanki Əlaqas Mirzənin tabe olmağa razılıq verməsi sadəcə vaxt qazanmaq üçün edilən bir taktiki gedişat idi. Çünki and içməsindən qısa müddət sonra öz andından imtina etdi, öz adına sikkə zərb etdirməyə, xütbə oxutmağa başladı. Bununla o, yəqinki Osmanlı sultanının yardım edəcəyini dəqiqləşdirmək üçün vaxt qazanmaq istəyirdi. Bundan sonra Əlqas Mirzə Şamaxıya, oradan da Dərbəndə getdi. Samur çayını keçdikdən sonra onun dəstələri Şahverdi Sulan Ziyadoğlu-Qacar, Məhəmməd bəy Türkman, Süleyman bəy Çələbi və Məhəmməd bəy Şirbəxt oğlu Talışın komandanlığı altındakı qızılbaş dəstəsi ilə toqquşdular və məğlub edildilər.[17] Onların növbəti toqquşması isə Şahqulu Xəlifənin komandanlıq etdiyi qızılbaş ordusu ilə oldu və yenə məğlub edildilər. Qızılbaşları məğlub edə bilməyəcəyini görən və döyüşdən qaçan Əlqas Mirzə Osmanlı torpalarına gedərək Sultan Süleymana sığınmaq qərarına gəldi.[18]

    Əlqas Mirzə ilk tabelik nişanələri göstərdiyi zamandan etibarən qızılbaşların əsas ordusu Təbriz şəhərində idi və döyüş üçün tam hazır vəziyyətdə idi. Əlqas tabe olacağını bildirdikdən və vergi, qoşun göndərəcəyinə and içdikdən sonra Təbrizdə hazır vəziyyətdə olan ordu ilə Kaxetiya üzərinə hücuma keçilməsi barədə qərar qəbul edildi. Lakin Şah Təhmasib öz xatirələrində Əlqas Mirzənin yenidən üsyan qaldırdığı xəbərini alan zaman artıq Gürcüstana Ləvəntin ardıyca getdiyini yazmaqdadır. Beləliklə, şah Gürcüstan üzərinə yürüş etmə qərarını hər bir halda Əlqasın bağışlanması ilə yenidən üsyan qaldırması arasında etdiyi ortaya çıxır. Şah Təhmasib qoşunları ilə 1547-ci ilin qışında Ağşəhərə çatdı. Gürcü qoşunlarının məğlubiyyəti və bölgənin viran qalması ilə nəticələnən şiddətli döyüş baş verdi. Sonra qoşun Ağşəhərdən Təbdiyə yola düşdü, Levənd-bək və onun rəqibi Baş Açıq öz sədaqətlərini ifadə edərək şahın düşərgəsinə çatdılar. Şah onları yaxşı qarşıladı və onlara fəxri paltarlar verdi. Tezliklə onlar öz mülklərinə qayıtdılar. Bu zaman ordu Gəncəyə doğru yürüş edərək Bulaq yaxınlığında müvəqqəti düşərgə saldı.[18]

    Üçüncü yürüş (1551)

    Cənubi Gürcüstana üçüncü yürüş 1551-ci ildə baş verdi. Bədr xan Ustaclı, Şahqulu Ustaclı və Şahqulu Xəlifə Möhrdarın komandanlığı altındakı qızılbaş ordusu Ləvənt bəyin komandanlığı altındakı gürcü dəstələrinin də yardımı ilə Şəkiyə toplandı və onun hakimi Dərviş Məhəmməd xan məğlub edildi.[19] Ordunun əsas hissəsi Şəkidə dürərgə salarkən gürcü hakimlərindən biri olan Keyxosrov Təhmasibə müraciət edərək Luarsaba qarşı yardım istədi. Çünki Luarsab və Vaxuşa Gürci onun torpaqlarının bir hissəsini ələ keçirmişdi. Bu zaman Osmanlı ordusu İsgəndər paşanın komandanlığı altında indiki Gürcüstanın qərb bölgəsinə daxil oldu. Çox güman ki, gürcü hakimi Luarsabla Osmanlı ordusunun ittifaq formalaşdırmasına əngəl ola bilmək üçün qızılbaş ordusu Bədir xan Ustaclı, Əli Sultan Təkəli, Şahverdi xan Ziyadoğlunun (Şahverdi xan bu yürüşdə həlledici rol oynamışdır) komandanlığı altında Kartlidə yerləşən Luarsabın əsas qalası üzərinə yürüşə başladılar. Onlar Malinkub (Mankub Darfar və ya Manaskub Darqard deyə də mənbələrdə keçməkdədir), Darzbad və adı çəkilməyən monastrı ələ keçirsələr də, Luarsabın əsas qoşunlarını yaxalaya bimədilər və onlar qaçıb canlarını qurtara bildilər. Qənimətlər ələ keçirən qızılbaşlar monastrı yağmaladılar və oradakı din adamlarından 20-i həyatını itirdi.[20]

    1551-ci ilin payızında qızılbaş komandanları Luarsabımn əsas ordusunu məhv etmək üçün Kaxetiyanın içlərinə doğru daha bir yürüş həyata keçirdilər. Lakin bu dəfə də kiçik, lakin yaxşı təşkil edilmiş Luarsabın ordusuna qarşı mütləq qələbə əldə etmək mümkün olmadı, çünki Luarsab yenə də həlledici döyüşdən yayındı. Lakin qızılbaşlar xeyli qənimət və əsir əldə edərək, Barat Ali də daxil olmaqla ətraf bölgələri yağmaladılar.[20] Qışın gəlişi ilə Səfəvi ordusu Qarabağa çəkildi. Səfəvi mənbələri bu basqınlar zamanı bölgənin tam xarabalığa çevrildiyini və yerli əhalinin böyük bir hissəsinin qırğına məruz qaldığını açıq şəkildə bildirir və xüsusilə bu kampaniyanın son dərəcə amansız aparıldığına heç bir şübhə yeri qoymurlar. Həsən bəy Rumlu da toqquşmaları ətraflı təsvir edən məlumatlar vermişdir. Siyasi baxımdan Səfəvilər bir neçə mühüm məqsədə nail oldular. Bu yürüşlə Şah Təhmasib Keyxosrov kimi yeni vassal hökmdar əldə etdi. Həmçinin Keyxosrov Şah Təhmasibə Tumak qalasının, Ağşəhəri və ətrafındakı əraziləri ələ keçirməyə yardım etdi. Tanınmış gürcü əsilzadələrindən olan Vaxuş Gürcü və onun Keyxosrovun torpaqlarını tutmuş müttəfiqi Şarmazanoğlu ələ keçirilib edam edildilər. Onların torpaqları isə paylaşdırıldı. Lakin əsas rəqib gürcü ordusunun komandanı olan Luarsabı ələ keçirmək mümkün olmadı. Elə buna görə də, yerli əhaliyə qarşı qızılbaş ordusu tərəfindən cəzalandırma tədbirləri həyata keçirildi.[21]

    Dördüncü yürüş (1554–1557)

    Sultan Süleymanın hakimiyyəti dövründə sonuncu Osmanlı hücumu olan və 1553–1554-cü illəri əhatə edən yürüşdən dərhal sonra qızılbaş ordusu Kartli üzərinə yeni yürüşə çıxdı. Bundan əvvəlki Osmanlı hücumlarının hər biri kimi bu Osmanlı yürüşü də hər iki tərəfə xeyli ziyan vurması ilə birlikdə, onlara heç bir üstünlük qazandırmamışdı. Elə buna görə də, yürüşün sonlanmasından dərhal sonra sülh danışıqları başladıldı və 1555-ci ildə Amasiya sülhü ilə nəticələndi. Bu hadisələri 70 il sonra yazan və onları retrospektiv şəkildə qiymətləndirmək imkanı əldə edən İsgəndər bəy Münşi Gürcü çarlıqlarının Osmanlılar tərəfindən Səfəvilər arasında bölünməsini Amasiya müqaviləsinin tərkib hissəsi hesab edirdi. Onun sözlərinə görə, hər iki tərəf Samtsxe, Kartli və Kaxeti ərazilərinin Səfəvilərin yurisdiksiyasında qalmasına, osmanlıların isə Başı Açıq, Dadian və Kuriyana (İmeretiya, MeqreliyaQuriya) nəzarət etməsinə razılaşdılar.[22]

    Bu arada Kartli kralı I Luarsab Səfəvi-Osmanlı qarşıdurmasından yenidən daha böyük muxtariyyət iddiası üçün istifadə etdi. Osmanlı təhlükəsindən qurtulan Şah Təhmasib buna cavab olaraq etibarlı sərkərdəsi Şahverdi Sultan Ziyadoğlu Qacarın köməyi ilə Luarsabın ərazisini işğal etdi. Luarsab Şah Təhmasibin Osmanlı ordusuna qarşı istifadə etdiyi döyüş taktikasını onun özünə qarşı istifadə etdi və onunla həlledici döyüş meydanına çıxmaqdan yayındı. Lakin daha yaxşı ərbi strategiya hazırlayan qızılbaş ordusu onu məğlub etməyi və tədricən paytaxtına yaxınlaşmağı bacardılar. Nəticədə 1554-cü ildə Qori şəhərini ələ keçirdilər.[22] Döyüşlər zamanı Məzrut, Parsatan və Aydın qalaları ələ keçirilsə də, o zamanlar padşah Luarsabın anasının iqamətgahı olan Aydın qalası inadkar müqavimət göstərdi. Bu yürüşün ən amansız döyüşü bu qalanın mühasirəsi zamanı baş verdi, burada Luarsab döyüşçülərinin çoxu qızılbaşların hücumlarını dəf etmək üçün inadkar müqavimət göstərdilər. Sonda qala divarında yarmalar açıldı və müdafiəçilərin müqaviməti yatırıldı. Səfəvi qoşunları çoxlarını qılıncdan keçirdilər və çoxlu adamları, o cümlədən Luarsabın anasını əsir götürdülər. Sonrakı bir neçə həftə ərzində onlar böyük qənimətə, mal-qaraya və yeni əsirlərə sahib olaraq bölgədəki digər müqavimət ocaqlarını əzdilər. Səfəvi mənbələri padşahın anasının sonrakı taleyi haqqında heç nə demir. Səfəvi salnamələri yekdilliklə bildirirlər ki, məhz bu yürüş zamanı Səfəvi qoşunları 30 mindən çox gürcü əsir götürərək Səfəvi ərazisinə köçürüblər. Qazi Əhmədin dediyinə görə, qızılbaş ordusu qışı Qori yaxınlığında keçirib, yanvarda Qarabağa gedib. Fevralda şahın sarayı və ordusu cənuba doğru hərəkət edərək Gəncəyə tərxis və burada onun valisi Şahverdi Sultan Ziyadoğlu Qacar ​​uğurlu yürüşün şərəfinə şah sarayına ziyafət və səkkiz günlük şənliklər verdi. Bundan sonra şahın qoşunu Bərdə əyalətinə getdi.[23]

    1557-ci ildə Luarsab Qorini geri aldıqdan və 1557-ci ildə təsirli ordu topladıqdan sonra Səfəvi qarnizonunu bölgədən qovdu. Bundan xəbər tutan Qarabağ bəylərbəyi Şahverdi Sultan Ziyadoğlu Luarsabın cəhdlərinə birdəfəlik son qoymaq üçün yürüşə çıxdı. Lakin onun süvariləri yolda ikən tələyə salındı. Qızılbaş ordusu ağır itkilər verərək geri çəkilməyə məcbur olarkən Şahverdi xanın dəstələrindən birinə komandanlıq edən Məhəmməd bəy Çepni Luarsabın dəstəsinin sıralarını yarıb keçməyi bacardı və onun dəsətsindən bir döyüşçü Luarsabla döyüşə girərək onu öldürdü. Yaranmış xaosdan istifadə edən Məhəmməd bəy Çepni Luarsabın atının yüyənini tutaraq oradan uzaqlaşmağı bacardı.[24] Luarsabı öldürməyi bacaran qızılbaş döyüşçüsü isə Luarsabın döyüşçüləri tərəfindən qətlə yetirildi. Luarsabın yerinə oğlu I Simon hakimiyyətə keçdi və qıılbaşlara qarşı mübarizəni davam etdirdi.[25]

    Beş il sonra Simon Kaxetiya çarı Levan ilə hərbi müqavilə bağladı və bu müqavilə Levanın qızı Nestan Darejanla evlənməsi ilə möhkəmləndi. Simonun məqsədi böyük bir ordu toplamaq və Tiflisi Səfəvilərdən geri almaq idi. Koalisiyaya Levanın oğlu Georgi ilə birlikdə, bir çox digər nüfuzlu əyalət zadəganları da qoşulmuşdu. Müasir bir salnaməçinin dediyinə görə, "qısa müddətdə o qədər döyüşçü toplandı ki, qədim səmaların baxışları o səltənətdə əsrlər boyu belə bir şey görməmişdi".[25]

    Beşinci yürüş (1561)

    Şah Təhmasib Qarabağ bəylərbəyi olan Şahverdi Sultan Ziyadoğluna yenidən gürcülər üzərinə hücum edib üsyanlarını yatırmağı əmr etdi. O, Qarabağ döyüşçüləri ilə birlikdə Gəncədən çıxaraq onların üzərinə yeridi və iki ordu 1 may 1561-ci ildə üz-üzə gəldi. Gürcü ordusu yüngül silahlarla silahlanmış qızılbaş süvariləri qədər sürətli deyildi. Tezliklə gürcülər məğlub oldular və döyüş meydanından qaçdılar. Kartlinin məğlub olan qoşunları şimala, Qori şəhərinə çəkildi. Levanın oğlu Qurgin min döyüşçüsü ilə birlikdə amansızcasına qılıncdan keçirildi. Kartlinin saray xronikalarından birində bu hadisənin nəticələri belə qeyd edilmişdir:[25]

    " Levan oğlunun ölümü xəbərini eşitdiyi zaman ürəyindəki odun alovları göylərə ucaldı və gözlərindən çıxan qan ətrafı basdı. Bütün gürcülər qara yas paltarı geyindilər. "

    Bu döyüşdəki məğlubiyyətin uzunmüddətli nəticələri oldu. Kaxetiyanın ümumi bayrağı altında siyasi və hərbi birliyə nail olmaq ümidlərə son qoyuldu. Üstəlik, bu, nəinki kaxetiyalıların müstəqillik arzularını sarsıtdı, həm də Kartlinin kral ailəsinə dərin ruhdansalıcı təsir göstərdi. Simon Səfəvi hökmranlığını inadla rədd etməkdə davam edərkən, qardaşı XI David Kartlidə davam edən vətəndaş qarşıdurmasından və qeyri-sabit siyasi vəziyyətdən qorxaraq ona xəyanət etdi və Səfəvi tərəfinə keçdi. O, 1561-ci ildə tərəfdarlarının müşayiəti ilə Qəzvindəki saraya gəldi və Şah Təhmasibə beyət etdi. İslamı qəbul etdi və sonra Davud xan kimi tanındı. Şah Təhmasib onu Tiflisin hakimi kimi tanıdı və məhdud hakimiyyətlə mükafatlandırdı. İsgəndər bəy münşinin bildirdiyinə görə o, Səfəvi şahının hakimiyyəti altında hakimlik edə bilirdi və "bu zamandan etibarən qızılbaş əmirlərindən biri Tiflis qalasının komendantı kimi xidmət edir və Davud xanın məsləhətçisi və mentoru kimi çalışırdı".[26]

    Altıncı yürüş (1566)

    1566-cı ildə Simon Tiflisi ələ keçirmək üçün yürüşə çıxdı və demək olar ki, buna nail də olurdu. O, İbrahim Xəlifə Qaramanlının komandanlığı altındakı azsaylı qızılbaş ordusunu məğlub etməyi bacardı. Belə nəticənin ortaya çıxmasında görünür ki, Tiflisdəki gürcü döyüşçülərinin Davud xanın qızılbaşlara yardım etmə əmrinə itaət etməməsi mühüm rol oynamışdır. Lakin Simon Tiflis qalasını ələ keçirə bilmədi və bir neçə günlük mühasirədən sonra geri çəkilməyə oldu. Bu kiçik məğlubiyyət Simonun artan qüdrəti ilə Səfəvi sarayını təşvişə saldı. Növbəti il Şah Təhmasib Davud xana öz üsyankar qardaşının yaratdığı problemləri birdəfəlik həll etməyi əmr edir. Bu məqsədlə ona hərbi yardım göndərilir. Bu hərbi yardıma qızılbaş komandanlarından Şamxal bəy Çərkəzin, İbrahim bəy Alpoutun və Əliqulu bəy Qacarın komandanlığı altında göndərilmişdi. Bu ordu Simonu döyüş meydanında əsir edərək Qəzvindəki şah sarayına gətirməyi bacardı.[26] Şah Təhmasib Simonu məşhur Qəhqəhə qalasında həbsdə saxlanılmasını əmr etdi. 1578-ci ilə qədər bu qalada əsirlikdə qalan Simon bu ildə həbsdən azad edilib, lazimi şeylərlə təchiz edildikdən sonra hücuma keçən Osmanlılarla döyüşmək üçün göndərildi.[27]

    Nəticə

    KartliKaxeti çarlıqlarına olan yürüşlər uzun müddət davam etmişdir. Amasya sülh müqaviləsi ilə də bu ərazilərin Səfəvi imperiyasının nüfuz dairəsində olması Osmanlı imperiyası tərəfindən tanınmışdır. Bölgəyə durmadan yürüşlər edən qızılbaş tayfaları gürcü çarlıqlarındakı çarları öz adamları ilə əvəz etmiş, bir çarı taxtdan salıb yerinə başqasını taxta çıxartmış və vaxtaşırı əsirlər aparmışdır. Həmçinin, Gürcüstan ərazisinin çətin keçilən meşə və dağlarla örtülü olması bölgədəki müqavimət ocaqlarının tamamilə ortadan qaldırılmasına əngəl olmuşdur.

    Mənbə

    İstinadlar

    1. Savory, 2007. səh. 64
    2. Savory, 2007. səh. 65; Panahi, 2015. səh. 52.
    3. Hitchins, 2001
    4. Maeda, 2021. səh. 129
    5. Panahi, 2015. səh. 46
    6. Maeda, 2021. səh. 130
    7. Roemer, 2008. səh. 246
    8. Mikaberidze, 2015. səh. xxxi
    9. Roemer, 2008. səh. 245
    10. Khafipour, 2013. səh. 184
    11. Khafipour, 2013. səh. 185
    12. Khafipour, 2013. səh. 186
    13. Khafipour, 2013. səh. 189
    14. Khafipour, 2013. səh. 190
    15. Khafipour, 2013. səh. 191
    16. Khafipour, 2013. səh. 192
    17. Khafipour, 2013. səh. 193
    18. Khafipour, 2013. səh. 194
    19. Khafipour, 2013. səh. 195
    20. Khafipour, 2013. səh. 196
    21. Khafipour, 2013. səh. 197
    22. Khafipour, 2013. səh. 199
    23. Khafipour, 2013. səh. 200
    24. Khafipour, 2013. səh. 203
    25. Khafipour, 2013. səh. 204
    26. Khafipour, 2013. səh. 205
    27. Khafipour, 2013. səh. 206

    Ədəbiyyat

    • Roger M. Savory. Iran Under the Safavids. Cambridge: Cambridge University Press. 2007. ISBN 9780521042512.
    • Keith Hitchins, (2001). "GEORGIA ii. History of Iranian-Georgian Relations". Encyclopædia Iranica, online edition. New York. GEORGIA ii. History of Iranian-Georgian Relations. New York: Encyclopædia Iranica. 2001.
    • Maeda Hirotake. Against all odds: the Safavids and the Georgians (In Matthee, Rudi (ed.). The Safavid World.). New Yor: Taylor & Francis. 2021. 125–144. ISBN 9781000392876.
    • Abbas Panahi. Shah Tahmasb I's Military Campaigns' Consequences to Caucasus and Georgia. Historical Reaserch of Iran and Islam. 2015. 47–64.
    • H. R. Roemer. "THE SAFAVID PERIOD". The Cambridge History of Iran - The Timurid and Safavid Periods. 6. Cambridge: Cambridge University Press. 2008. 189–350. ISBN 978113905498.
    • Alexander Mikaberidze. Historical Dictionary of Georgia. Maryland: Rowman & Littlefield. 2015. ISBN 9781442241466.
    • Hani Khafipour. The Foundations of Safavid State: fealty, patronage, and ideals of authority (1501-1576). Chicago: The University of Chicago. 2013. 254.
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.