I Səadət Gəray

I Səadət Gəray (təq. 14921538 və ya 1539) — VII Krım xanı.[1]

I Səadət Gəray
may 1524 may 1532
ƏvvəlkiI Qazi Gəray
SonrakıI İslam Gəray
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1492
Vəfat tarixi 1538 və ya 1539
Dəfn yeri
Fəaliyyəti Xan
Atası I Mənqli Gəray
Həyat yoldaşı Gövhərxan Sultan
Uşağı Sultanzadə Əhməd Paşa
Ailəsi Gəraylar
Dini sünnilik

Krım xanı I Məngli Gərayın oğludur. 1492-ci ildə anadan olmuşdur. Haqqındakı ilk məlumat isə Osmanlı sultanı II Bəyazidin oğulları arasındakı taxt mübarizəsində iştirakıyla bağlıdır. Belə ki, Krım xanı olan atası Şahzadə Səlimi dəstəkləyirdi. Üstəlik 2 ailə arasında evlilik əlaqələri də var idi. Şahzadə Səlim Krım xanının qızı Ayşə Xatunla evlənmiş, öz qızı Gövhərxan Sultanı isə xanın oğlu Səadət Gərayla evləndirmişdi. Məhz Səadət Gərayın rəhbərliyi ilə bölgəyə gələn 350 nəfərlik süvari birliyinin köməyilə Şahzadə Səlim hakimiyyəti ələ ala bildi.

Yavuz Sultan Səlimin səltənəti dövründə Səadət Gəray onun ən yaxın adamı olmuş, Anadoluda çıxan üsyanların yatırılması, eləcə də Səfəvilərlə mübarizədə fəal iştirak etmişdir. Onun ardından taxta çıxan oğlu Sultan Süleymanın dövründə İstanbulda fəxri girov olaraq saxlanılan Səadət Gəray sarayla yaxın əlaqədə idi. Ancaq Krım xanı olan qardaşı I Mehmed Gərayın 1524-cü ildə noqaylar tərəfindən qətlə yetirilməsi, ardından bölgəyə soxulan noqayların şəhər və qalaları yağmalaması Krımda yenidən siyasi tarazlığı pozdu. Üstəlik hakimiyyəti ələ almağa çalışan qardaşı oğlu I Qazi Gəray atasının qətlində ittiham olunurdu və bu səbəblə yerli əyanlar tərəfindən səltənəti qəbul edilmirdi.

Nəticədə Şirin qəbiləsinin də dəstəyini qazanan Səadət Gəray Osmanlı sultanı Sultan Süleyman tərəfindən 1524-cü ilin mayında xan elan edildi. Dərhal əmrinə verilən yeniçəri birliyi ilə Krıma yola düşən Səadət Gəray öncə gəmiylə Kəfəyə gəldi. Əmisinə qarşı mübarizə aparan I Qazi Gəray, Mamay xanın da vasitəçiliyi ilə bir müddət sonra yeni xana tabe oldu. Təmin edilən sülhlə I Qazi Gəray yeni Krım xanının kalqayı elan edildi. Qardaşı Baba Gərayla birlikdə Bağçasaraya gələn I Qazi Gəray burada əmisinin hüzurunda qətlə yetirildi. Qardaşları Baba Gəray və Çoban Gəray isə həbs edildi və 3 ay sonra edam olundu. I Hacı Gərayın nəvəsi və Özteymur Gərayın oğlu Özbək Gəray (ö. 1525) kalqay elan edildi. Onun bir il sonra ölümündən sonra isə xanın qardaşı Sahib Gəray kalqay elan olundu.

Hakimiyyəti ələ aldıqdan sonra saray bürokratiyasında dəyişiklik edən Səadət Gəray tatar ordusunu yenidən nizamladı. Tamamilə süvari birliklərindən ibarət olan Krım ordusunda piyada və topçu birlikləri yaratdı. Yerli əyanlarla münasibətləri yaxşılaşdırmaq adına, qardaşı Əhməd Gərayın Şirin qəbiləsindən olan dul xanımıyla evləndi. Ancaq 1531-ci ildə bu qəbilənin tərtiblədiyi bir sui-qəsdin üstü açıldı və Səadət Gəray bu sui-qəsddə adı çəkilən qardaşı oğlanları Bucaq Gərayla Yusif Gərayı bir çox Şirin qəbiləsi bəyiylə birlikdə edam etdirdi. Yerinə isə özünə sadiq olan başqa bir bəyi qəbilənin rəhbərliyinə gətirdi.

Buna baxmayaraq Osmanlılarla olan yaxınlığı və ətrafına topladığı türk əyanları tezliklə yerli əsilzadələri ondan narazı saldı. Nəticədə bu əsilzadələrin dəstəklədiyi mərhum qardaşının oğlu İslam Gəray hakimiyyət iddiasıyla ayaqlandı. Uzun illər davam edən bu mübarizənin nəticəsi olaraq İslam Gəray taxtın varisi (kalqay) elan olundu.

Ancaq 1532-ci ildə noqayların və rusların dəstəyini qazanan İslam Gərayın yenidən ayaqlanmasının ardından Səadət Gəray könüllü olaraq taxtdan çəkildiyini elan etdi. İstanbula qayıdan Səadət Gəray qalan ömrünü burada keçirdi. Sultan Süleymanın Səfəvilər üzərinə tərtiblədiyi səfərlərdə iştirak edən Səadət Gəray 1538-ci ildə vəfat etdi.

Mənbə

  • Henry Hoyle Howorth, History of the Mongols, 1880, Part 2, page 565
  • Халим Гирей-султан «Розовый куст ханов, или история Крыма», Симферополь, «Стилос», 2008 г. ISBN 978-966-8518-91-1
  • Desaive Dilek, « Le khanat de Crimée dans les archives ottomanes », dans Cahiers du monde russe et soviétique, 1972, cilt 13, n° 13-4, s. 560-583

İstinadlar

  1. Oleksa Gaivoronsky «Повелители двух материков», Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.