I Kültəpə yaşayış yeri (Maxta, Şərur)

I Kültəpə (və ya I Maxta Kültəpəsi) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndi ərazisində Erkən Tunc dövrünə aid yaşayış yeri. Abidə 1985-ci ildə qeydə alınmışdır. Yer səthindən 2 m hündürlükdəki təpədən ibarət olub əkin sahələri, qərb tərəfdən isə kanalla məhdudlaşmışdır. 1988-1989-cu illərdə V.H.Əliyev və S.H.Aşurovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar (100 m² sahədə) nəticəsində daş və çiy kərpicdən hörülmüş tikinti qalıqları, boz rəngli qab nümunələri, dən daşları həvəng və dəstələr, obsidian və çaxmaqdaşıdan hazırlanmış oraq dişləri, obsidian ox ucluqları, sürtgəclər, ocaq qurğusunun qalıqları və sair maddi mədəniyyət nümunələri aşkar olunmuşdur.

Kəşfiyyat səciyyəli tədqiqatlar zamanı yaşayış yerindən daşdan inşa edilmiş qədim məbəd, onun içərisindən isə öz bədii gözəllikləri ilə seçilən daşdan yonulmuş bütlər aşkar edilmişdir.

2006-cı ildə qədim yaşayış yerində Azərbaycan-ABŞ birgə arxeoloji ekspedisiyası kəşfiyyat xarakterli qazıntılar aparmışdır.

2008-ci ildən isə abidədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Maxta arxeoloji ekspedisiyası" S.H.Aşurovun rəhbərliyi ilə 300 kv.m. sahədə qazıntıları davam etdirir.

İlk dəfə I Kültəpədən əldə olunmuş konusvari və dairəvi gil əşyalar (tokins) hələ e.ə.IV minilliyin sonlarından Azərbaycan ərazisində inzibati idarəetmənin və dövlətçilik ənənələrinin mövcudluğunu təsdiq edir.

Tapıntılara əsasən abidə e.ə. IV minilliyin II yarısı – e.ə. III minilliyə aid edilir.

Ədəbiyyat

  • V.Baxşəliyev, L.Ristvet, S.Aşurov. Naxçıvanda arxeoloji tədqiqatlar (II Kültəpə, I Maxta Kültəpəsi, Oğlanqala və digər abidələrdə aparılan tədqiqatların ilkin nəticələri. Naxçıvan, 2010, 15 ç.v.
  • S.H.Aşurov, S.A.Hüseynova. Maxta qədim yaşayış yeri və Naxçıvanın Kür-Araz mədəniyyəti abidələrinin tarixləndirilməsində yeni mərhələ. "Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi". (20-24 iyul 2011-ci ildə keçirilmiş beynəlxalq simpoziumun materialları). Naxçıvan-2012, səh.250-261.
  • Lauren Ristvet, Vəli Baxşəliyev, Safar Ashurov. Settlement and Society in Naxçivan 2006 Excavations and Survey of the Naxçıvan Archaeological Project. İranica Antiqua, vol.,46, 2011, p.,1-53.
  • Veli Bakhchaliyev, Lauren Ristvet, Safar Ashurov. The Chronology of Kura-Araxes Sites; 2006 Excavations at Kultepe II and Maxta I. Azerbaijan – Land between East and West. Transfer of knowledge and technology during the “First Globalization” of the VIIth – IVth millennium BC. Berlin 2009. p.,82-87
  • Safar Ashurov. An introduction to Bronze Age sites in the Sarur plainArchaologische Mitteilungen aus Iran und Turan. Berlin, band 37. 2005. p. 89-99
  • A.Q.Seyidov – Naxçıvan tunc dövründə, Bakı, 2000, səh 126
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.