II Xoyski hökuməti

II Xoyski hökuməti, İkinci hökumət kabineti və ya Müsavat-Bitərəflər hökumətiAzərbaycan Xalq Cümhuriyyətinin sayca 2-ci, Fətəli xan Xoyskinin başçılığı ilə 17 iyun 1918 tarixindən 7 dekabr 1918-ci ilədək fəaliyyət göstərmiş, müsavatçılar, müstəqillər və bitərəflərdən ibarət müvəqqəti koalisya hökuməti.[1]

II Xoyski hökuməti

Formalaşdırılma tarixi 17 iyun 1918
Buraxılma tarixi 7 dekabr 1918
Hökumətin tərkibi
Hökumət başçısı Fətəli xan Xoyski
Nazir sayı 15 (oktyabradək)
12 (oktyabrdan)
Üzv sayı 15 (oktyabradək)
14 (oktyabrdan)
Hakim partiya Müsavat Partiyası
Digər məlumatlar
Müxalif partiyalar İttihad Partiyası
Əhrar Partiyası
Müxalifət liderləri Qara bəy Qarabəyov
Aslan bəy Qardaşov

Zəmin

Azərbaycan Milli Şurası və Hökumətinin həyata keçirmək istədiyi tədbirlərin "həddindən çox demokratik" istiqamətindən narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının müəyyən dairələrinin təsirilə Nuru Paşa Azərbaycan Milli Şurası və Hökumətini şübhə ilə qarşıladı. İyunun 16-da Gəncəyə gələn Azərbaycan Milli Şurasının iyunun 17-də Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə iki iclası keçirildi.

Birinci qapalı iclas iyunun 17-də saat 12-də şəhər idarəsinin binasında toplandı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sədri Fətəli xan Xoyski söz alaraq bildirdi ki, Məhəmməd Əmin RəsulzadəMəmməd Həsən Hacınski ilə birlikdə onlar Qafqazdakı türk ordusunun komandanı Nuru Paşanın yanında olmuş və Tiflisdə yaradılmış Milli Şura və Azərbaycan Hökuməti haqqında ona məlumat vermişlər. Nuru Paşa cavabında bildirib ki, bir əsgər kimi o, mülki işlərlə kifayət qədər tanış deyil, ona görə də bu barədə onun mülki işlər üzrə müşaviri Əhməd bəy Ağaoğluna müraciət etsinlər. Əhməd bəy Ağaoğlu ilə görüşlərindən bəhs edən Fətəli xan Xoyski məlumat verdi ki, danışıq zamanı Əhməd bəy Ağaoğlu Türkiyə hökumətinin və onun Gəncədəki nümayəndəliyinin Azərbaycanın daxili işlərinə qarışmayacağını bildirdi, lakin Milli Şuranın yeni Hökumət yaradaraq özünü buraxmasını tələb etdi.[1]

İyunun 17-də saat 2-də Milli Şuranın çox gərgin şəraitdə keçən ikinci iclasında Fətəli xan Xoyski Tiflisdə təşkil etdiyi Hökumətin fəaliyyəti barədə qısaca məlumat verərək Şura üzvlərindən onun Hökumətinin istefasını qəbul etməyi xahiş etdi. Uzun və gərgin müzakirədən sonra iclas Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti Hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul etdi.[1]

Milli Şuranın buraxılması haqqındakı birinci sənəddə göstərilirdi ki, həm daxili, həm də xarici siyasət sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq, Azərbaycan Milli Şurası bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə təşkil olunmuş Müvəqqəti Hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini tezliklə çağırılacaq Müəssislər Məclisindən başqa kimsəyə güzəştə getməsin.

Müvəqqəti Hökumətin hüquq və vəzifələri haqqındakı ikinci sənəddə qeyd olunurdu ki, Azərbaycan Hökumətinə Azərbaycanın dövlət istiqlaliyyətini və mövcud siyasi azadlıqları ləğv etmək, aqrar və digər bu kimi mühüm inqilabi əhəmiyyətli qanunları dəyişdirmək səlahiyyəti verilmir. Azərbaycan Hökuməti altı aydan gec olmayaraq Müəssislər Məclisini çağırmalıdır. Hökumət qalan məsələlərdə bütün səlahiyyətlərindən istifadə etməkdə sərbəst idi.

Tərkibi

Azərbaycan Milli Şurası iyunun 17-də Fətəli xan Xoyskinin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabinəsinin tərkibini təsdiq etdi.[1] 19 iyun 1918-ci il tarixində hökumət üzvləri arasında müvəqqəti portfel paylanması baş tutdu. Bu postlar nazirlərin ilk iclasınadək müvəqqəti hesab olunurdu. Bundan əlavə Xudadat bəy Məlik-Aslanov müvəqqəti olaraq poçt və teleqraf naziri, Ağa Aşurov ərzaq naziri, Məmmədhəsən Hacınski isə dövlət nəzarətçisi vəzifəsinə təyin olunmuşdur.[2]

1918-ci il sentyabrın 15-də Azərbaycan və türk hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Bakını azad etdi. Sentyabrın 17-də isə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıya köçdü. Bakı müstəqil Azərbaycanın paytaxtı elan olundu.

Bununla da bütün Şimali Azərbaycan ərazisi Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin hakimiyyəti altına keçdi.

Vəzifəsi Şəkli Başlama tarixi Bitmə tarixi Fraksiya (Partiya)
Nazirlər Şurasının sədri

Fətəli xan Xoyski
17 iyun 1918
7 dekabr 1918
Bitərəflər fraksiyası
Daxili işlər naziri

Behbud xan Cavanşir
17 iyun 1918
6 oktyabr 1918
Bitərəflər fraksiyası
Dövlət nəzarəti naziri

Məmmədhəsən Hacınski
17 iyun 1918
6 oktyabr 1918
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası
Ədliyyə naziri

Fətəli xan Xoyski
17 iyun 1918
6 oktyabr 1918
Bitərəflər fraksiyası
Əkinçilik naziri

Xosrov bəy Sultanov
17 iyun 1918
6 oktyabr 1918
Müsavat və bitərəflər fraksiyası
Bitərəf
Ərzaq naziri

Ağa Aşurov
17 iyun 1918
6 oktyabr 1918
Bitərəflər fraksiyası
Xalq maarifi və dini etiqad naziri

Nəsib bəy Yusifbəyli
17 iyun 1918
6 oktyabr 1918
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası
Xarici işlər naziri

Məmmədhəsən Hacınski
17 iyun 1918
6 oktyabr 1918
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası
Maliyyə naziri

Əbdüləli bəy Əmircanov
17 iyun 1918
6 oktyabr 1918
Bitərəflər fraksiyası
Poçt və teleqraf naziri

Xudadat bəy Məlik-Aslanov
17 iyun 1918
6 oktyabr 1918
Fraksiyasız
Səhiyyə və sosial təminat naziri

Xudadat bəy Rəfibəyli
17 iyun 1918
6 oktyabr 1918
Bitərəf
Ticarət və sənaye naziri

Ağa Aşurov
17 iyun 1918
6 oktyabr 1918
Bitərəflər fraksiyası
Yollar naziri

Xudadat bəy Məlik-Aslanov
17 iyun 1918
6 oktyabr 1918
Fraksiyasız
Portfelsiz nazir

Əlimərdan bəy Topçubaşov
17 iyun 1918
6 oktyabr 1918
Fraksiyasız
Portfelsiz nazir

Musa bəy Rəfiyev
17 iyun 1918
6 oktyabr 1918
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası
Portfelsiz nazir

Xəlil bəy Xasməmmədov
17 iyun 1918
6 oktyabr 1918
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası

Dəyişiklik

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıya köçdükdən sonra, 1918 il oktyabrın 6-da Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci Hökumətdə dəyişikliklər edildi və vəzifələr yenidən bölüşdürüldü.[3]

Azərbaycan hökumətinin 1 noyabr 1918-ci il tarixli digər bir qərarı ilə Azərbaycan hökuməti yanında Hərbi nazirlik təsis edilmiş, Nazirlər Şurasının sədri hərbi nazir təyin edilmiş, Səməd bəy Mehmandarov isə hərbi nazirin müavini təyin edilmişdi.[4]

Vəzifəsi Şəkli Başlama tarixi Bitmə tarixi Fraksiya (Partiya)
Nazirlər Şurasının sədri

Fətəli xan Xoyski
6 oktyabr 1918
7 dekabr 1918
Bitərəflər fraksiyası
Daxili işlər naziri

Behbud xan Cavanşir
6 oktyabr 1918
7 dekabr 1918
Bitərəflər fraksiyası
Dini etiqad naziri

Musa bəy Rəfiyev
6 oktyabr 1918
7 dekabr 1918
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası
Ədliyyə naziri

Xəlil bəy Xasməmmədov
6 oktyabr 1918
7 dekabr 1918
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası
Əkinçilik və dövlət əmlakı naziri

Xosrov bəy Sultanov
6 oktyabr 1918
7 dekabr 1918
Müsavat və bitərəflər fraksiyası
Bitərəf
Ərzaq naziri

Nəsib bəy Yusifbəyli
6 oktyabr 1918
7 dekabr 1918
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası
Hərbi nazir

Fətəli xan Xoyski
1 noyabr 1918
7 dekabr 1918
Bitərəflər fraksiyası
Himayədarlıq naziri

Musa bəy Rəfiyev
6 oktyabr 1918
7 dekabr 1918
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası
Xalq maarifi naziri

Nəsib bəy Yusifbəyli
6 oktyabr 1918
7 dekabr 1918
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası
Xalq səhiyyəsi naziri

Xudadat bəy Rəfibəyli
6 oktyabr 1918
7 dekabr 1918
Bitərəf
Xarici işlər naziri

Əlimərdan bəy Topçubaşov
6 oktyabr 1918
7 dekabr 1918
Fraksiyasız
Maliyyə naziri

Məmmədhəsən Hacınski
6 oktyabr 1918
7 dekabr 1918
Müsavat və bitərəflər fraksiyası
Müsavat Partiyası
Poçt və teleqraf naziri

Ağa Aşurov
6 oktyabr 1918
7 dekabr 1918
Bitərəflər fraksiyası
Ticarət və sənaye naziri

Behbud xan Cavanşir
6 oktyabr 1918
7 dekabr 1918
Bitərəflər fraksiyası
Yollar naziri

Xudadat bəy Məlik-Aslanov
6 oktyabr 1918
7 dekabr 1918
Fraksiyasız
Hərbi işlər üzrə müvəkkil

İsmayıl xan Ziyadxanov
6 oktyabr 1918
7 dekabr 1918
Bitərəf
Dövlət müfəttişi

Əbdüləli bəy Əmircanov
6 oktyabr 1918
7 dekabr 1918
Bitərəflər fraksiyası

Fəaliyyəti

Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci Hökumət Gəncədə çox çətin və mürəkkəb bir şəraitdə fəaliyyətə başladı. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclasında Fətəli xan Xoyski demişdi:

" "Hökumətimiz öylə bir zamanda təşkil edilmişdi ki, bir kənddən o biri kəndə getmək qorxulu idi. Gecə yatanda sabaha çıxmağa ümid yox idi. Heç kəsin irzi, namusu, canı, malı əmniyyətdə deyildi... Poçt-teleqraf yox idi. Bir kağız yollamaq belə mümkün deyildi. O vaxt idi ki, maliyyatdan Hökumət əlində heç bir şey yox idi. Hökumətə lazım olan idarələrin hamısı başdan-başa dağılmış, xidmətçilər qaçmışdılar. İdarələrin adı var idisə də, özü yox idi. Hərə başına beş-on adam yığıb bir Hökumət, bir qanun düzəltmişdi". "

Yaranmış çətin və mürəkkəb şəraitdə Fətəli xan Xoyski Hökumət aparatının təşkili işini davam etdirdi. Nazirlər Şurası və ayrı-ayrı nazirliklərin idarə aparatı yaradıldı. İyunun 27-də Fətəlixan Xoyski Hökuməti tərəfindən Azərbaycan dili dövlət dili elan olundu. Avqustun 28-də tədris müəssisələrinin milliləşdirilməsi haqqında qərar qəbul edildi. Fətəli xan Xoyski Hökumətinin Gəncədə 1918 il iyunun 19-da qəbul etdiyi ilk qərar bütün Azərbaycanda hərbi vəziyyətin elan edilməsi oldu. Avqustun 11 -də ümumi səfərbərlik elan edildi. 1894–1899 illərdə anadan olmuş kişi cinsindən bütün müsəlman vətəndaşlar orduya çağırıldı.

Xoyski Hökumətinin Gəncə dövründə qəbul etdiyi ən mühüm qərarlardan biri də 1918 il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması idi. Bu qərara əsasən Birinci dünya müharibəsi (1914–18) illərində Cənubi Qafqaz ərazisində yerli müsəlman əhalisinə qarşı törədilmiş vəhşiliklər və onların əmlaklarına qəsd ilə bağlı məsələlər araşdırılmalı, bu işdə günahkar olan şəxslər aşkar olunub, cinayət məsuliyyətinə cəlb edilməli idilər.[5]

Bakıya köçdükdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti istər ictimai-siyasi, istərsə də təsərüfat və mədəni quruculuq sahəsində daha mühüm tədbirlər həyata keçirməyə başladı. Müəssislər Məclisinin çağırılması işinin təşkili üçün Nazirlər Şurasının sədri, daxili işlər və xalq maarifi nazirlərindən ibarət komissiya yaradıldı. 1918-ci il noyabrın 9-da Azərbaycan Hökuməti Fətəli xan Xoyskinin təqdimatı ilə ölkənin üçrəngli bayrağını təsdiq etdi.[6]

Hökumət kabinetinin buraxılması

1918 il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da Bakıda yenidən fəaliyyətə başladı. İlk iclasda çıxış edən Fətəli xan Xoyski Milli Şura üzvlərinə müraciət edərək bildirdi ki, Hökumətin Müəssislər Məclisini çağırmaq işinin təşkilinə vaxtı çatmadığı üçün Milli Şuradan bu işin icrasını öz üzərinə götürməsini xahiş edir. Bu təkliflə razılaşan Milli Şura özünün noyabrın 19-da Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçən iclasında 120 nəfərdən ibarət Parlament yaratmaq haqqında Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən təqdim olunmuş qanun layihəsini qəbul etdi. Milli Şuranın sədri tərəfindən imzalanmış " Bütün Azərbaycan əhalisinə!" müraciəti noyabrın 29-da dərc edildi. Həmin qanuna əsasən 1918 il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsindəki (indiki İstiqlaliyyət küçəsi) qız məktəbinin (indiki Əlyazmalar İnstitutu) binasında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclası keçirildi. İclas Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin giriş nitqi ilə açıldı. Parlamentin rəhbər orqanları seçildikdən sonra Hökumətin fəaliyyəti barədə məruzə üçün söz Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sədri Fətəli xan Xoyskiyə verildi. O, öz Hökumətinin çox mürəkkəb tarixi şəraitdə gördüyü işlər barədə geniş hesabat verdi. Fətəli xan Xoyski məruzəsinin sonunda dedi.

" "Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, Hökumətin nöqsanları ilə bərabər, yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: Millətin Hüququ,İstiqlalı, Hürriyyəti! Fəaliyyətimizdə xətalar işlətmişiksə də, həmişə fikrimiz bu olmuşdur. Hökumət çalışmışdır ki, öz nüfuzunu millətin gözündə itirməsin". "

Fətəli xan Xoyski öz Hökumətinin istefasını qəbul etməyi yeni yaranmış parlamentdən xahiş etdi. Parlament 2-ci hökumətin istefasını qəbul etdi. Yeni —III Hökumət kabinəsinin təşkili və ona rəhbərlik yenə də Fətəli xan Xoyskiyə tapşırıldı. Parlamentin sədr müavini Həsən bəy Ağayevlə Fətəli xan Xoyskinin arasında gedən yazış malardan da görünür ki, Fətəli xan Xoyski yeni Hökumətin təşkilindən imtina etmiş, yalnız Həsən bəy Ağayevin təkidli xahişindən sonra o, bu işə razılıq vermişdir.[1]

Mənbə

  • II Xoyski hökuməti // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I. Bakı: "Lider". 2004. səh. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti. ISBN 9952-417-14-2.

İstinadlar

  1. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament. (stenoqrafık hesabat), c.1–2, B., 1998
  2. Азербайджанская Демократическая Республика: 1918-1920: законодательные акты (PDF). Bakı: Azərbaycan Nəşriyyatı. 1998. səh. 190. 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-29.
  3. Азербайджанская Демократическая Республика: 1918-1920: законодательные акты (PDF). Bakı: Azərbaycan Nəşriyyatı. 1998. səh. 331. 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-29.
  4. Азербайджанская Демократическая Республика: 1918-1920: законодательные акты (PDF). Bakı: Azərbaycan Nəşriyyatı. 1998. səh. 355. 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-29.
  5. Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001; Aдpec-календары Aзepбaйджанской Pecnyблики нa 1920 год, Б., 1920
  6. Aзepбaйджанская Демократическая Pecnyблика (1918–1920). Законодательные акты (сборник документов), Б., 1998.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.