II Vaçe

II VaçeQafqaz Albaniyası çarı.

II Vaçe
bayraq
Qafqaz Albaniyasının VIII çarı (Arşakilər)
444 463
ƏvvəlkiYesuagen
SonrakıIII Vaçaqan
Şəxsi məlumatlar
Atası Yesuagen
Anası II Yezdəgirdin bacısı
Ailəsi Alban Arşakiləri
Dini Alban Həvari Kilsəsi

Həyatı

Moisey Kalankatlının məlumatına görə Vaçe Sasani şahənşahı I Firuzun əmri ilə onun dövründə dövlətin paytaxtı olmuş Firuzabad (Partav -Bərdə) şəhərini saldırdı. Paytaxtın Qəbələdən Bərdəyə köçürülməsi xarici-siyasi dəyişikliklərlə bağlı idi; məhz bu, ölkənin mədəni-siyasi mərkəzinin Kürün sol sahilindən sağ sahilinə keçirilməsinə səbəb olur. II Vaçenin hakimiyyət illəri Sasanilər əleyhinə baş verən dini azadlıq hərəkatları ilə əlamətdar oldu. Bunlardan Cənubi Qafqaz xalqlarının 450-451-ci illərdə erməni sərkərdəsi Vardan Mamikonyanın başçılığı ilə qaldırdıqları üsyanı, eləcə də 457-463-cü illərdə II Vaçenin özünün rəhbərliyi ilə bilavasitə Albaniyada baş qaldıran azadlıq hərəkatını göstərmək olar. Albanları və başqa Qafqaz xalqlarını bu üsyana sövq edən əsas amil Sasanilərin iqtisadi, siyasi və mədəni-ideoloji boyunduruğu olmuşdu. Bundan əlavə Sasani imperiyasındakı ara müharibələri üsyanı şiddətləndirirdi.

Hakimiyyətdən getməsi

457-ci ildə II Yezdəgird vəfat etdi; onun ölümü Sasani xanədanında hakimiyyət uğrunda mübarizəni kəskinləşdirdi. Bundan istifadə edən II Vaçe farslara qarşı çıxdı. Bu çıxış ilk növbədə özünü II Vaçenin məcburi surətdə qəbul etdiyi zərdüştilikdən əl çəkməsində göstərdi. 459-cu ildə Sasani taxtında Peroz (459-484) oturdu. Onun dövründə təbəələrin onsuz da ağır olan vəziyyəti uzunmüddətli quraqlıq, qıtlıq və Firuzun xarici müharibələri nəticəsində daha da ağırlaşdı. Bütün bunlar Albaniyada narazılığa və arasıkəsilməz üsyanlara səbəb oldu. Erməni tarixçisi Yeqişenin dediyi kimi, Sasani dövlətində müvəqqəti olaraq yaranmış əmin-amanlıq 459-cu ildə "alban hökmdarının tabe olmaqdan qəti imtina etməsi ilə" pozuldu. Çola keçidini ələ keçirən alban üsyançıları maskutların qoşunlarını ölkəyə buraxaraq, Böyük Qafqazın on bir "hökmdarı" ilə ittifaq bağladılar və onların köməyilə Albaniyaya soxulan Sasani qoşunları ilə iki il uğurlu hərbi əməliyyatlar apardılar. Farsların Vaçe ilə dəfələrlə danışıqlara girmək cəhdləri heç bir nəticə vermədi. Onda Peroz böyük muzdla tutduğu hunları – onoqurları köməyə çağırdı. Alan qapısından Albaniyaya soxulan hunlar 462-ci ildə albanlarla döyüşə girdilər, bütün ili alban hökmdarı ilə vuruşdular. Vaçenin qoşunlarının azalmasına və dağılmasına baxmayaraq hunlar onu tabe edə bilmədilər. Bu müharibə Sasani ordusunun muzdlu döyüşçüləri olan onoqurlar üçün də çox uğursuz oldu. Onların bir qismi döyüş meydanında, digərləri xəstəliklərdən həlak oldu.

Albaniyada 457-ci ildə başlayan bu üsyan yalnız 463-cü ildə yatırıldı. Sasanilərin ölkədəki mövqeyi yenidən möhkəmləndi, II Vaçe taxt-tacdan imtina etdi, arşakilər sülaləsinin hakimiyyətinə 30 illik ara verildi; ölkəni Sasanilərin canişini – mərzban idarə etməyə başladı.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.