II İzzəddin Keykavus
II İzzəddin Keykavus (XIII əsr – 1279, Krım) — Anadolu Səlcuq Sultanlığı hökmdarı, II Qiyasəddin Keyxosrovun böyük oğlu.[1] 1246-1257-ci illərdə hakimiyyətdə olmuşdur. II İzzəddin Keykavus Türk tarixi və Anadolu Səlcuq sultanlığının tarixi üçün önəmli şəxslərdən biridir. Monqolların Anadoluya hücumu II Qiyasəddin Keyxosrovun hakimiyyəti illərində baş versə də təsirləri II İzzəddin Keykavusun zamanında özünü ən ağır şəkildə göstərmişdir. Onun hakimiyyəti qarmaşıq və bir o qədər əhəmiyyətli hadisələrin başlanğıcı olmuşdur.
II İzzəddin Keykavus | |
---|---|
عز الدين كيكاوس بن كيخسرو | |
Anadolu Səlcuq sultanı | |
1246 – 1257 | |
Əvvəlki | II Qiyasəddin Keyxosrov |
Sonrakı | IV Qılınc Arslan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | Kırım |
Atası | II Qiyasəddin Keyxosrov |
Anası | Berduliyə Xatun |
Uşağı | |
Ailəsi | Səlcuqlular |
Həyatı
II İzzəddin Keykavus II Qiyasəddin Keyxosrovun Bərduliyə Xatunla evliliyindən olan oğlu idi. O 1235-ci ildə anadan olmuşdur. Anası Bərduliyə Xatun keşiş qızı olduğu üçün uşaqlıqdan xristian dinindən təsirlənmişdir. II Qiyasəddin Keyxosrov ölərkən oğlu Məlik İzzəddini Atabəyi ilə birgə Burqulu (Uluborlu) valisi olaraq təyin etmişdi. Lakin vali olaraq hansı illər ərzində fəaliyyət göstərdiyi məlum deyildir. İzzəddin Keykavus anadan olduğu vaxtdan taxta çıxana qədər Uluborlu qalasında yaşamışdır. Bundan başqa onun uşaqlığı ilə bağlı məlumat olduqca azdır.
Taxta çıxması
Xristiyan qaynaqlarına görə II Qiyasəddin ölümündən əvvəl xanımı Gürcü Xatundan olan oğlu II Əlaəddin Keyqubadı vəliəhd təyin etmişdi. Lakin onun ölümündən sonra Vəzir Şəmsəddin Məhəmməd, Əmir Cəlaləddin Qaratay, Əmir Şəmsəddin Hasoğuz və bir sıra dövlət rəsmiləri onunn vəsiyyətini heçə sayaraq, taxta böyük oğul II İzzəddin Keykavusun keçməsinə qərar verirlər. Tarixçi İbn Bibi yazır ki, Keykavus layəqətli, cömərd bir insan olsa da, həm yaşca kiçik, həm də xaraktercə zəif olduğundan hakimiyyəti onun adından vəzir Şəmsəddin Məhəmməd idarə etmişdir. 1246-ci ildə Konyada hazırlanan mərasimlə II İzzəddin Keykavus Anadolu Səlcuqlu sultanlığının yeni sultanı olmuşdur.[2]
Daxili siyasəti
Hakimiyyətə gəldikdən sonra başlıca dövlət vəzifələri bu şəkildə paylanılır: Vəzir Şəmsəddin Məhəmməd, Naib Əmir Cəlaləddin Qaratay, Bəylərbəyi (məlikül-üməra) Şəmsəddin Hasoğuz, Səltənət atabəyi Əsədəddin Ruzbə, Pərvanəlik isə Əbu Bəkir Attar təyin olundu. Çox keçmir ki, bu dövlət adamları öz aralarında mübarizəyə başlayırlar. 1247-1249-cu illər ərzində dövləti II İzzəddin Keykuvasın adından vəzir Şəmsəddin İsfahani idarə etmişdir. Bu illər ərzində Anadolu Səlcuqlu sultanlığı iqtisadi cəhətdən yüksəliş dövrü yaşamış, ölkə ərazisində sakitlik bərqərar olmuşdu. Lakin bir müddət sonra bu sakitlik pozulur. Monqol xaqanı Güyük xan öz taxta çıxma mərasimi üçün II İzzəddin Keykavusun yanına elçi göndərək, onu Qaraqoruma bağlılıq andı içməyə dəvət edir. Lakin həm erməni və rum təhlükəsi, həm də qardaşlarının taxta çıxacağı qorxusu ilə o Qaraqoruma getməkdən imtina edir və yerinə qardaşı IV Qılınc Arslanı göndərir. Bundan xəbər tutan Güyük xan dəvətinin rədd edilməsi səbəbilə sultan İzzəddin Keykavusun taxtdan endirilməsinə, vəzir Şəmsəddin İsfahaninin öldürüməsinə qərar verir. Bu Keykavusun Monqollarla mübarizəsinin başlanğıcını qoyan hadisə olmuşdur.[2]
Türk Əhməd və Uc Türkmənlərinin üsyanı
Daxili sabitliyi pozan bir digər səbəb isə Səlcuqlu məliki Türk Əhməd ilə Uc Türkmənlərinin üsyanı idi. Türk Əhməd adlı bir şəxs özünün I Əlaəddin Keyqubadın oğlu elan edərək taxt tac uğrunda üsyan qaldırır. Mənbələrdə Əlaəddin Keyqubadın Türk Əhməd adlı oğlu olması haqqında heç bir məlumat yoxdur. 3 ay davam edən bu üsyanda ona uc tərəflərdə yaşayan Türkmənlər dəstək olmuşlar. Əhməd,20 min türkmənlə birgə sultanın xəzinəsinin yerləşdiyi Konya şəhərinə hücum etmiş, Konya ətrafı kəndləri çapıb talamışdı. Nəticədə üsyan yatırılsa da ölkəyə böyük miqdarda maddi ziyan vurmuşdur.
"3-lü səltənət" dövrü
1249-cu ildə Monqolustandan qayıdan IV Qılınc Arslan Sivas şəhərinə gələrək monqol xanından aldığı yarlığa əsasən özünü sultan elan edir. Onun səltənəti Ərzincan və Sivas da daxil olmaqla Kayseri, Malatya, Harput və Amid şəhərlərində də tanınır. Cəlaləddin Qaratayın məsləhəti ilə üç qardaş: II İzzəddin Keykavus, IV Qılıncarslan, II Əlaəddin Keyqubad üçü birdən dövləti idarə etməyə başlamışlar. Bu səbəbdən bu dövr üçlü səltənət dövrü adlanmışdır. Əslində isə ölkəni II İzzəddin Keykavus idarə etmişdir. Xütbə, pul və kitabələrdə sıra ilə adları zikr edilsə də bəzən sadəcə II İzzəddin Keykavusun adı yazılırdı.II İzzəddin Keykavus və IV Qılıncarslanla birgə naib Cəlaləddin Qaratay da ölkə işlərində fəal iştirak etsə də, Qaratay sonradan Səltənət atabəyi vəzifəsinə təyin olunmuşdur.[3] Bəhs edilən dövrdə vəzir Naxçıvanlı Kadı Nəcməddin olmuşdur. Cəlaləddin Qaratayın ölümündən sonra qardaşları arasında münasibətlər yenidən pisləşir və tərəflər arasında 1254-cü ildə Əhmədihisar döyüşü baş verir. Döyüş nəticəsində IV Qılıncarslan məğlub və həbs edilmişdir. Bununla da ortaq səltənət dövrü sona çatmışdır. 1254-1256-cı illərdə II İzzəddin Keykavus dövləti tək başına idarə etmişdir.[2]
Xarici siyasəti
II İzzəddin Keykavus Kösədağ döyüşündən sonra monqollarla mübarizə aparan ilk və tək Səlcuq hökmdarı olmuşdur. Sultan Hanı döyüşündə qardaşı IV Rüknəddin Qılıncarslan Monqollar tərəfindən döyüşmüşdür. 1254-cü ildə II İzzəddin Keykavusun göndərdiyi heyət Monqol xanı Batı xanın hüzurunda olmuş və monqollara olan bağlılıqlarını bildirmişlər. Batı xan isə II İzzəddinin hakimiyyətini təsdiq edən yarlıq vermişdir. Çox keçmədən bu yarlıq Baycu xanın narazılığına səbəb olmuşdu. Çünki İzzəddin vergiləri vaxtı vaxtında ödəmir, itaət göstərmirdi. Nəticə də 1256-cı ildə monqollar böyük bir ordu ilə II İzzəddinin üzərinə yürüş edirlər. II Keykavsun ordusu Türkmənlər və Rum rəhbərliyi altındakı qüvvələrdən ibarət idi. 12 oktyabr 1256-cı ildə baş verən döyüşdə Səlcuqlu ordusu Monqol komandiri Baycu tərəfindən darmadağın edilmişdir. II İzzəddin Keykavus isə taxtdan endirilmişdir.[4] Həmçinin İznik Rum imperiyası ilə münasibətlər qurulmuş və tərəflər bir birilərinə hərbi yardım göstərmişdilər. Sultan Hanı döyüşündə məğlubiyyətdən sonra II İzzəddin Keykavus ailəsi ilə birgə İznik imperatoru Teodoras Laskarisə sığınmışdır. O Teodoras Laskarisə göndərdiyi məktubda monqollara qarşı Laskarisdən yardım istəmiş, Laskaris isə bu xahişi qəbul etmişdir.[3]
Ölümü
İznik Rumlarından aldığı dəstək ilə qısa müddətli yenidən hakimiyyətə gəlmiş 1260-cı ildə isə Kırıma sürgün edilmişdir. 15 il burada yaşayan sultan 1279-cu ildə Kırımın Kafe digər adıyla Feodosiya şəhərində Məngü Timurun sarayında vəfat etmişdir.
Həmçinin bax
- Qubadoğulları əmirliyi
İstinadlar
- Məmmədov, Eldəniz. Səlcuq sülaləsi. Bakı: Mütərcim nəşriyyatı. 2006.
- II. İZZEDDİN KEYKAVUS VE ZAMANI
- Yazıcı, Nesimi. İlk Türk-İslam Devletleri tarihi. Ankara: Ankara Üniversitesi ilahiyyat fakültesi yayınları. 1992.
- "Türkiye Selçuklu Devleti Tarihinde Bir Dönüm Noktası; II. İzzeddin Keykavus Dönemi" (PDF). 2018-07-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-10-08.