Hirkan
Hirkan (əvvəlki adı: Avrora) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Avrora qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Avrora şəhər tipli qəsəbə Hirkan şəhər tipli qəsəbə, Avrora qəsəbə inzibati-ərazi vahidi Hirkan qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır.[2]
Hirkan | |
---|---|
38°40′05″ şm. e. 48°47′47″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ4217[1] |
|
Tarixi
SSRİ dövründə bura Lənkəranın ən çox çay istehsal edən sovxozu olmuşdur. SSRİ dövründə "Avrora Çay Sovxozu" adlandırılmışdır. 1930-cu ildə Sovet hakimiyyəti dövründə şəhər tipli qəsəbə olaraq yaradılmışdır.
1934-cü ildə Baltik donanmasının "Avrora" kreyserinin şərəfinə "Avrora" çayçılıq sovxozu əsasında Avrora adlandırılmışdır və beləliklə qəsəbənin əsası qoyulmuşdur. Dağatəyi düzənlikdədir. 1964-cü ildə Hirkana şəhər tipli qəsəbə statusu verilmişdir.[3]
Xanbulançay su anbarı bu qəsəbədədir. Çayçılıq sahəsinin inkişafı 1970–1980-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon m³ (kubmetr) olan Xanbulançay su anbarı Bəşəru çayının üzərində inşa olunmuşdur, bu böyük bənd bu günə kimi hələ də öz möhkəmliyi ilə seçilir. Bəndin tikintisinə 1967-ci ildə başlanmış, 1977-ci ildə istifadəyə verilmişdir. Onun suyundan yayda süni suvarmada geniş istifadə olunur. Su anbarı tikilərkən böyük bir meşəlik ərazi su altında qalmışdır, burada bir kənd tamamilə suyun altında qalmışdır. Su ilə dolan dərədə böyük bir göl əmələ gəlmişdir, bu göldə balıqçılıq da inkişaf etmişdir. Suyun səviyyəsi enəndə buradakı evlərin və onların içindəki əşyaların olduğu kimi qaldığını görəcəksiniz, sadəcə evlərin içi palçıqla doludur. Həmçinin suyun altında qalan köhnə traktorlar və başqa texnikalarda vardır. Burada qəbiristanlıqda var, sadəcə bənd tikilərkən buradakı cəsədləri çıxarıb, başqa yerdə dəfn etmişlər. Yalnız qəbirlərin başdaşları qalmışdır. Minlərlə ağac suyun altında qalmış və qəribə görünüş almışdır.
Qəsəbədə həmçinin ruslar da yaşamışlar, amma onların əksəriyyəti qəsəbəni tərk etmişdir. İndi də burada ruslardan izlər görmək olar. Onların SSRİ zamanında tikdiyi evlər hələ də qalmaqdadır və bu evlərin əksəriyyətində günümüzdə belə yaşayış var. Bura Azərbaycanın ən böyük çay sovxozlarından biri olub, indi isə həmin çay kollarının 99%-dən çoxunun yerində evlər tikilmiş və ya kolluqlar bitmişdir. Hal-hazırda qəsəbədə çayçılıq qismən inkişaf etmişdir. Qəsəbə caamatı daha çox sitrus bitkiləri, əkinçilik və heyvandarlıqla məşğul olur.[mənbə göstərin]
Haqqında
Burada məktəb, uşaq bağçası, xəstəxana, məscid, çay fabriki, icra nümayəndəliyi, poçt, ATS, otel, şadlıq sarayı, klub, kitabxana, marketlər və başqa obyektlər yerləşir.
1953-cü ildə burada ilk tam orta məktəb tikilmişdir. Bu məktəbdə SSRİ dağılana qədər rus sektoru da fəaliyyət göstərmişdir. 2012-ci ildə yeni məktəb binası inşa olunmuşdur. Bu məktəbdə 700-ə yaxın şagird təhsil alır. Dərslər çox yüksək səviyyədə keçirilir. Məktəbdə 70-dən çox müəllim və işçi heyəti çalışır.
1954-cü ildə burada ilk xəstəxana tikilmişdir. Bu xəstəxanada 50-dən çox həkim və işçi heyəti çalışır. Xəstəxana binası ildən-ilə yararsız hala düşür. Buna görə də yeni xəstəxananın tikilməsi haqqında layihə planlaşdırılır.
1999-cu ildə qəsəbədə ilk məscid tikilmişdir. Bu məsciddə dini icma fəaliyyət göstərir. Burada uşaq bağçasının binası olsa da, amma artıq fəaliyyətini dayandırmışdır (2004). İndiyə qədər bu bağça üç bina dəyişdirmişdir. Həmçinin kitabxana fəaliyyət göstərmişdir. Buradakı klub sakinlərin tez-tez kinolara baxmaları üçün xidmət göstərirmiş, indi isə bu bina Hirkan qəsəbə yaradıcılıq evi kimi fəaliyyət göstərir.
Qəsəbənin üç böyük küçəsi var:
- A.Quliyev küçəsi, Ələt-Astara yolunun qəsəbə ərazisindən keçən hissəsində yerləşir.
- R.Ağayev küçəsi, Hirkan-Mamusta-Siyavar yolunun qəsəbə ərazisindən keçən hissəsində yerləşir. Bu küçəyə Aprel Döyüşləri şəhidinin adı verilmişdir. Yerli əhali buranı "Qabaq küçə" adlandırır.
- İqbal Bayramov küçəsi, bu küçəyə İkinci Qarabağ müharibəsinin şəhidinin adı verimişdir. Küçənin uzunluğu 1 kilometrdən çoxdur. Yerli əhali buraya "Arxa küçə" deyir.
700-dən çox evi var.
İstifadə olunmayan bağça binasının bir hissəsində hal-hazırda Hirkan qəsəbə bələdiyyəsi fəaliyyət göstərir. Qəsəbədə hətta çörək zavodu da fəaliyyət göstərmişdir. İllərdir ki, bu bina istifadəsiz vəziyyətdə qalmaqdadır. Bu ərazidə böyük çay fabriki də fəaliyyət göstərmişdir. Hal-hazırda isə bu fabrikdə tikinti materialları satışı ilə məşğul olunur.[mənbə göstərin]
Əhalisi və ərazisi
2020-ci ildə olan məlumata görə qəsəbənin 3.126 nəfər əhalisi var. Əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Ötən əsrin əvvəllərində burada demək olar ki, qəsəbənin yarısında talış dilində danışılırdı, amma indi isə talış dilindən çox az istifadə olunur. SSRİ dövründə bura Lənkəranın ən az talış dilində danışılan ərazisi olub, hətta indi də elədir.
Qəsəbənin ərazisi Lənkəran rayonunun digər kənd və qəsəbələrinə nisbətən daha böyükdür. Ərazisinin bu qədər böyük olmasının səbəbi keçmişdə, SSRİ dövründə burada çayçılığın inkişafı üçün geniş imkanların olduğu nəzərə alınaraq, buraya ətraf kəndlərin ərazilərindən verilmişdir. Hal-hazırda ərazisinin əksəriyyətini boş sahə və meşəliklər əhatə edir. Ərazisinin böyüklüyü 5,3 km²-dir. Əhali sıxlığı hər km²-ə 59 nəfər düşür, beləliklə Lənkəranda dağlıq əraziləri çıxmaq şərti ilə bura rayonun ən seyrək məskunlaşmış ərazi vahidi sayılır.[mənbə göstərin]
Təbiəti və təsərrüfatı
Ərazidə yayı quraq keçən mülayim isti iqlim tipi hakimdir. Payız mövsümündə yağan aramsız yağışlar rütubətin dərəcəsini artırır. Bu da əkinçiliyin, sitrus meyvəçiliyinin, çayçılığın və çəltikçiliyin yüksək inkişaf etməsinə əlverişli imkanlar yaradır.
Qəsəbə Hirkan Milli Parkına çox yaxındır. Qəsəbədə böyük bir sahəni əhatə edən meşə var. Bu meşəni yerli əhali "Moskva meşəsi" adlandırır. Meşənin sahəsi 1 km²-dir, burada palıd ağacları qorunur. Meşədə ağaclar sıx olduğuna görə insanlar orada yolunu aza bilir.
Burada SSRİ dövründə çay sahələri çox geniş olmuşdur, Çoxlu sayda suvarma üçün qazılmış göllər (rus. vodayom) indi təhlükə yaradan bataqlığa çevrilmiş və ya qurumuşdur. Bu göllərdə qoyulmuş böyük və qalın dəmirdən olan su çəkən motorların çəkisi ağır olduğuna görə nasaz vəziyyətdə hələ də göllərin çoxunda qalmaqdadır.
Çəltikçilik bir müddət təzəcə inkişaf etmişdir. Sonralar maraq olmadığına görə əkini dayandırıldı. Çəltik bataqlıqları o ərazilərdə hələ də var və təhlükə yaratmaqdadır. Maldarlıq əkinçilik zəiflədikdən sonra yüksək inkişaf etmişdir. Amma bu sahəyə də maraq ildən-ilə azalır.[mənbə göstərin]
İstinadlar
- http://www.azerpost.az/?options=content&id=188.
- "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- Мельников С. А., Ибрагимов Ч. Г. (сост.). Azərbaycan SSR inzibati ərazi bölgüsü Arxivləşdirilib 2018-11-27 at the Wayback Machine. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1979.