Hipofiz

Hipofiz və ya beyin artımı (lat. hypophizus s. glandula pituitaria) — lobya böyüklükdə girdə ya oval formada tək üzvdür. Əsas sümüyün türk yəhəri çuxurunda (lat. fossa hypophyseos) yerləşmişdir və nazik qıf – lat. infundibulum vasitəsilə beyinin aşağı səthində olan boz qabar – lat. tuber cinereum ilə rabitədədir. Sağital ölçüsü 5–10 mm, kındələn öılçüsü 12–15 mm, şaquli ölçüsü 6–7 mm və çəkisi 0,35–0,65 q-dır. Hipofizin çəkisi orqanizmin böyümə dövrü ərzində xeyli dəyişir; yenidoğulmuşda çəkisi 0,1–0,15 qolur, 10 yaşında iki dəfə artır, 0,3 q-a çatır və həddi-büluğ dövründə sürətlə inkişaf edərək böyüklərdə olan ölçüyə çatır.

Daxili sekresiya vəziləri
Epifiz və hipofiz vəzinin beyindəki yeri
Epifiz və hipofiz vəzinin beyindəki yeri
Qrey subyekt 275 1275
Sistem Endokrin
Üzv Daxili sekresiya vəziləri
Arteriya superior hypophyseal artery, infundibular artery, prechiasmal artery, inferior hypophyseal artery, capsular artery, artery of the inferior cavernous sinus[1]
Vena Venoz qan mağaralı və mağaraarası ciblərə və böyük beyinin böyük venasına toplanır.
Sinir Daxili yuxu kələfindən gələn sekretor və vazomotor sinir lifləri.
Limfa Hörümçək torunabənzər qişaaltı boşluğa axır.
Embrional sinir və ağız ektoderması; ing. Rathke's pouch
MeSH Pituitary+Gland
Dorlands/Elsevier Pituitary gland
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Quruluşu

Hipofiz kiçik yarıq vasitəsilə bir -birindən ayrılmış iki paydan ibarətdir; ön pay ya da adenohipofiz (vəzili hipofiz) lat. lobusanterior s. adenohipophysis və dal, sinir payı lat. lobulus posterior s. neurhypophysis. Bunlar rənglərilə bir-birindən fərqlənir – ön pay damarlar ilə zəngin olduğu üçün qırmızımtraq rəngdə, dal pay isə boz-sarı rəngdə olur. Ön payın yuxarı hissəsi – qıf hissə – lat. pars infundipularis və dal paya keçən hissə – ara hissə – lat. pars intermedia adlanır. Paris nomenklaturasına görə ön payda digər iki hissə də ayırd edilir: distal hissə – lat. pars distalis və udlaq hissə – lat. pars pharyngea. Hipofiz xaricdən lifli qişa – kapsul ilə əhatə olunmuşdur; bu qişa beyinin sərt qişasının türk yəhəri çuxuruna doğru ardını təşkil edir və eyni zamanda hipofizi (türk yəhəri çuxurunu) üstən əhatə edir; sərt qişanın bu hissəsinə türk yəhəri diafraqması – lat. diaphraqma sellae deyilir; bunun ortasında qıfa məxsus dəlik vardır.

Ön payı

Hipofizin ön payı nazik birləşdirici toxumadan təşkil olunmuş, qan və limfa damarları ilə zəngin tordan ibarətdir. Bu toru təşkil edən atmalar arasında vəzi hüceyrələri qrupları yerləşmişdir; burada olan hüceyrələr iki növdür: 1) xrom ilə boyanmayan dənəsiz baş hüceyrələr və 2) xrom ilə boyanan böyük dənəli xromafin hüceyrələr.

Arxa pay

Arxa pay neyroqliyadan təşkil olunmuşdur; burada sinir lifləri və böyük çıxıntılı hüceyrələr yerləşmişdir; bu hüceyrələrin tərkibində yaşıl-sarı piqment vardır.

Ara hissə

Ara hissə tam inkişaf etmiş dövrdə bir sıra bazofil və çoxçıxıntılı hüceyrələrdən ibarətdir; bunun daxilində kolloid maddə ilə dolu kiçik boşluqlar vardır; bundan əlavə buraya dal paydan qliya elementləri daxil olub, ön paya belə keçir. Böyüklərdə ara hissə reduksiyaetmiş rudiment halda olur. Ara hissə ilə dal payın hormonları beynin üçüncü mədəciyinə keçir və beyin-onurğa beyni mayesinə qarışır.

İnkişafı

Hipofiz iki mənbədən inkişaf edir, odur ki böyrəküstü vəzilər kimi heterogen üzvlərdən hesab olunur. Bunun ön payı udlaq zarının önündə ilk ağız boşluğunun arxa divarından ektodermal epiteldən kisəcik şəklində inkişaf edir. Bu maya Pamke cibi adıyla yavaş-yavaş beynin üçüncü mədəciyinin dibinə doğru inkişaf edir, belə ki hamiləliyin dörd həftəliyində dal payın mayasına çataraq onun ön səthinə bitişir. Ön payın mayası ilk dövrdə meydana çıxdığı mənbə – ektoderma ilə epitel zolaq – axacaq – lat. ductus craniopharyngens vasitəsilə rabitədə olur; sonradan bu axacaq reduksiya edir, belə ki, kisəciyəbənzər maya ektodermadan tamamilə ayrılır. Bu kisəciyin divarlarını təşkil edən epitel törəyib artmağa davam edir, belə ki, kisəcik daxilindəki mənfəzi tamamilə doldurur; hamiləliyin üç aylığında bu boşluq tamamilə itir, beləliklə hipofizin ön payı hasil olur.

Hipofizin dal payı görmə qabaraltı nahiyədə qıfabənzər çıxıntı şəklində üçüncü mədəciyin dibindən (ara beyindən) inkişaf edir. dal payın mayası inkişaf etdikcə ventral tərəfə doğru yerini dəyişir və nəhayət ön payın mayası ilə birləşir. İlk dəfə dal pay mayasının daxilində də mənfəz olur, sonradan isə bu mənfəz tutulur, ancaq hipofiz bütün həyat boyu qıf – lat. infundibulum vasitəsilə beynin aşağı səthi ilə (boz qabar ilə) rabitədə qalır.

Anomaliyaları

Hipofizin anomaliyalarından əlavə hipofizi – lat. hypophysis accessoria göstərmək olar. Bu növ əlavə artımlar türk yəhəri çuxuru dibində – lat. canalis craniopharyngeus daxilində, ya əsas sümüyü cisminin aşağı səthində və udlağın selikli qişasında təsadüf olunur; son halda udlaq hipofizi – lat. hypophysis pharyngea adlanır.

Vaskulyarizasiyası və innervasiyası

Hipofiz, xüsusən onun ön payı damar ilə zəngindir. Ön və dal pay beynin arterial dairəsindən və daxili yuxu arteriyasından çıxan, beyin qişaları arteriyalarından gələn şaxələr ilə qidalanır; ön və dal paylara daxil olan damarlar ara hissə sahəsində anastomozlaşır. Hipofizdən venoz qan mağaralı və mağaraarası ciblərə və böyük beynin böyük venasına toplanır. Hipofiz bir çox perivaskulyar (damarətrafı) və hüceyrəarası sahələrə malikdir. Bu sahələrə toplanan limfa hörümçək torunabənzər qişaaltı (subaraxnoidal) boşluğa axır.

Hipofizin ön payı sekretor və vazomotor sinir liflərini simpatik daxili yuxu kələfindən alır. dal paya sinir lifləri görmə çarpazı üstündə olan və görmə qabaraltı nahiyədəki nüvələrdən gəlir. Hipofizi simpatik liflər ilə beyin yumuşaq qişası kələfləri də təchiz edir.

Vəzifəsi

Hipofiz müxtəlif vəzifə ifa edir. Ön payı vücudun inkişafına, boyatma prosesinə təsir edən somatotrop hormon ifraz edir. Bundan əlavə ön pay qonadotrop adlanan hormon ifraz edir; bu hormon cinsiyyət üzvlərinin diferensasiyasını stimulə edir; qadınlarda bu hormon prolan adı ilə yumurtalıqlarda follikulların və sarı cismin inkişafını stimulə edir. Bundan başqa ön pay qalxanabənzər vəziyə məxsus tireotrop hormon, böyrəküstü vəzilərin qabıq maddəsinə məxsus adrenokortikotrop hormon, pankreasa məxsus pankreatrop hormon, süd vəzilərinə məxsus mammatrop hormon və s. ifraz edir.

Dal payın ifraz etdiyi hormonlar – pituitrin ya hipofizin su mübadiləsini tənzim edir və adrenalin kimi simpatik sinir sistemi vasitəsilə saya əzələləri, xüsusilə uşaqlıqsidiklik əzələlərini qıcıqlandırır (oksitosin), eyni zamanda damarları daraldır, beləliklə, qan təzyiqini artırır (vazopressin), böyrəklərin borucuqlarında suyun rezorbsiyasını (geriyə sorulmasını) tənzim edir (antidiuretik hormon).

Hipofizin dal payı bir də neyrosekresiya deyilən prosesdə iştirak edir. Görmə qabaraltı (lat. hypothalamus) neyronların ifraz etdikləri xüsusi neyrosekretor kimyəvi maddələr (xemomediatorlar) onların aksonları üzrə qıf vasitəsilə neyrohipofizə çatır və buradan vazonevral sinaps vasitəsilə damarlara (qana) keçir.

Hipofizin ayrı-ayrı paylarının vəzifəsi pozularkən orqanizmdə bu və ya başqa patoloji əlamətlər meydana çıxır. Ön payın hipofunksiyasından (az miqdarda hormon ifraz etdikdə) orqanizm boyatmadan qalır – cırtdan boyluluq (lat. nanismus), ətrafın zəif inkişaf etməsi (lat. micromelia) və infantilizm deyilən hal meydana çıxır. Həmin payın hiperfunksiyasında (artıq miqdarda hormon ifraz etdikdə) boyatma prosesi pozulur; əgər bu hadisə boyatma dövründə olarsa, o zaman divlik (giqantizm), yetişmiş dövrdə olarsa akromeqaliya deyilən hal meydana çıxır (bu zaman üz skleti, burun və dodaqlar, ətrafların distal hissələri, yəni əl və ayaqlar nəhayət dərəcədə böyüyür).

Dal payın hipofunksiyasında uşaqlarda ifrat piylənmə, ara hissəsinin hipofunksiyasında – şəkərsiz diabet (lat. diabetes incipidus) meydana çıxır.

Mənbələr

İstinadlar

  1. Gibo H, Hokama M, Kyoshima K, Kobayashi S. "[Arteries to the pituitary]". Nippon Rinsho. 51 (10). 1993: 2550–4. PMID 8254920.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.