Hindistan bayramları
Hindistan çoxmillətli və multikultural bir ölkə olduğundan burada müxtəlif dini bayramlar qeyd olunur. Dini bayramlarla yanaşı hazırda 3 rəsmi milli bayram: Hindistanın Müstəqilliyi Günü, Respublika Günü və Qandinin anadan olduğu gün[1][2] qeyd olunur. Müxtəlif xalqların, etnosların, dinlərin, təriqət və məzhəblərin cəmləşdiyi Hindistanda bayramların çoxluğu tarixən burada bərqərar olmuş rəngarəngliyin nəticəsidir. Hətta ayrıca vilayətin, hər bir dini təriqətin, inancın bayramları vardır. Hindistanın saysız-hesabsız bayramları arasında "Pateti" (Zərdüştlərin Hindistana gəlmələrinin ildönümü) Zərdüştün ad günü, Caisalmerdə Çöl festivalı, Ahmedabadda Beynəlxalq Uçurtma Festivalı Keralada fillərin nümаyişi, Naqaurda dəvə nümayişi, Rishikeshdə beynəlxalq yoqa festivalı, Elephanta аdasında fil bayramı, Ladakhda "Hemis", Caypurda "Teej", Saharanpurda "Manqo" festivalı, Ellora festivalı, Qoa karnavalı, Koçində Beynəlxalq Ədviyyat festivalı (Koçin), Khajurahoda rəqs festivalı, Caypurda "Qanqaur" bаyrаmı, "Qovardhana" inək bayramı, Puşkar Dəvə Yarmarkası (Racəstan) və s. vardır.
Mövsümi bayramlar
Hindistanda əksər bayramlar fəsillərin dəyişməsi, əkinçilik, maldarlıq, sənətkarlıq və s. sahələrlə bağlı olsa da zaman keçdikcə dini motivlə zənginləşmiş, dini mahiyyət daşımağa başlamışdır. Sevgi tanrısı Kamanın şərəfinə keçirilən, indi "Holi" adı ilə tanınan yeni il bayramı (və ya məhsul bayramı) yaz gün bərabərləşməsi zamanı başlayır, həmin gün evdə təmizlik aparılır, evin ətrafı təmizlənir. Bütün kənd icmasının qoşulduğu bayram zamanı kasta fərqləri unudulur, insanlar küçələrə çıxaraq bir-birinin üstünə toz səpir, yaxud rəngli su tökürlər. Bir zamanlar bu məhsul bayramı bir-birinin üzərinə bəzən qan çilənməsi ilə müşayiət olunurdu, sonralar bu adət qan qırmızı toz və rəngli su ilə əvəz edilmişdir. Bayram zamanı bütün məhdudiyyətlər, sevgi qadağaları aradan qaldırılır.
Hind yeni ilinin birinci ayında ("çaytra", mart-aprel ayları) kənd sakinləri birinci şumlamanı bayram edirlər. Yaz günəşinin şərəfinə kəllər qoşulan, parlaq bəzədilən arabalar küçələrə çıxarılır, yürüşlər təşkil olunur.
"Ruhlar anasının" şərəfinə "Bhutamatr" bayramı keçirilir. Bu bayramın əsas personajı kəndin yaxınlığındakı çayda və ya göldə yaşayan ikicinsli varlıq sayılır. Ona görə də qadınlar kişi paltarı, kişilər də qadın paltarı geyinirlər, bu zaman hər cür sevgi münasibətləri məhdudlaşdırılır.
Magik rituallar əkinçilik və maldarlıq təsərrüfatının bütün mərhələlərini əhatə edir. Kəndlilər dualar oxuyaraq məhsulu heyvanlardan və həşəratlardan qorumağa çalışır, məhsul yığımı və döyülməsi zamanı eyni ritualları təkrarlayır.
Musson yağışlarının başlanması bayram və mərasimlərlə müşayiət olunur. Əgər yağışlar ləngiyirsə, yağış çağırılması üçün dualar oxunur, 12 gün oruc tutulur. Mərasimlərin keçirilməsində hər hansı qaydanın pozulmasının insanlara bədbəxtlik və uğursuzluq gətirəcəyinə inanılır.
Qupta imperiyası dövründən Şiva tanrısının arvadı Parvatinin təzahürlərindən olan Durqa tanrısına həsr olunan xüsusi bayram keçirilmişdir. Tanrının şəkli zənglər və güzgü kimi parlaq metal lövhələrlə bəzədilmiş araba ilə gəzdirilirdi.
Hindistanda hər gün bayramdır. Burada bazar günü Günəş (Surya), birinci gün Ay, ikinci gün Mars, üçüncü gün Merkuri, dördüncü gün Yupiter (Dyaus), beşinci gün Venera, şənbə günü Saturn günü sayılır. Hər gün üçün müəyyən mərasimlər və "puci" həyata keçirilir.
Dini bayramlar
Təsərrüfat həyatı, eposlar hind bayramlarında mühüm yer tutsa da, Hindistanda hinduizm, caynizm, buddizm, islam, xristianlıq, siqhizm və s. dinlər, dini təlimlər bayramlar və mərasimlərin keçirilməsində həlledici rol oynayır. Hinduizm inancına görə, tanrı Vişna hər bir varna üçün 4 başlıca bayram müəyyənləşdirmişdir. Həmin inanca görə, brahmanlar "Rakhi Purnima", kşatrilər "Dasera", vayşalar "Divali", şudralar "Holi" bayramını qeyd etməlidirlər. Hindistаn da islam bayramları və əlamətdar günləri də qeyd olunur. Orucluq ayı (Ramazan bayramı, yəni Raya İdul Fitr), Qurban bayramı (İdul Аdhа) və Aşurа günləri Hindistanda rəsmi tətildir. Bundan başqa, Hindistan müsəlmanları Qədr gecəsi (Əhya gecəsi), Mövlud Nəbi (Məhəmməd peyğəmbərin mövludu), Məhəmməd peyğəmbərin “İsrа Merаc gecəsi” təntənə ilə keçirilir, məscidlərdə, meydаnlаrdа nаmаz qılınır, dualar охunur, müsəlman ənənələri, ritualları yerinə yetirilir.
Bütün bunlardan başqa, Hindistanda 26 yanvar Respublika günü, 15 avqust Qurtuluş günü, 2 oktyabr Qandi Cayanti günü (Mahatma Qandinin ad günü) və s. rəsmi bayramlar təntənə ilə qeyd olunur.
İstinadlar
- "National holidays". 2015-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-22.
- "National and Public holidays". 2015-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-22.